“Dini abidələrdə
tarixin izləri”
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu layihələrin
keçirilməsinə başlayır.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, ilk layihə “Dini abidələrdə tarixin izləri” adlanır. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscid, ziyarətgah, kilsə, sinaqoq və məbədlərdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri həyata keçiriləcək.
Layihənin keçiriləcəyi ilk məkan Bərdə İmamzadə məscidi olacaq.
Azərbaycan ərazisində qədim abidələrdən olan Bərdə İmamzadə kompleksinin tarixinin dərindən öyrənilməsinə, daş kitabələrin oxunmasına, bərpa işlərinin aparılmasına ehtiyac var.
Bərdə İmamzadəsinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Ramazan Hüseynov layihənin əhəmiyyətini vurğulayıb: “Azərbaycandakı ziyarətgahlarda tarixin izləri gizlənib. Onları dəqiqliklə oxumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq olduqca faydalı işdir. Bu layihənin həyata keçirilməsində lazım olan köməyi göstərməyə hazırıq”.
“Dini abidələrdə tarixin izləri” layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq. İlk mərhələdə tarixçi alimlər, din xadimləri və Bərdə ziyalılarının iştirakı ilə “Bərdə İmamzadəsi keçmişdə və bu gün” mövzusunda “dəyirmi masa” keçiriləcək, elmi praktik konfrans təşkil olunacaq.
Layihənin əsas məqsədi Azərbaycanda və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.
Bilik Fondu
yaxın gələcəkdə müxtəlif istiqamətlərdə
layihələr həyata keçirməyi
planlaşdırır. Bunlardan “Ustad və şəyird”, “Azərbaycan elmi bu gün
xaricdə”, “Dünya elmi
bu gün Azərbaycanda”,
“Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin
yaradılması”, “Epizodlar”, “Auditoriya +”, “Qardaşlaşmış məktəblər”
layihələrinə hazırlıq prosesi
gedir.
İki sahil. -2014. - 9 avqust.
S. 11.