Qəbələdə antik
dövrə aid maddi-mədəniyyət
nümunələri aşkar edilib
Azərbaycan-Koreya
Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən qədim
Qəbələdə genişmiqyaslı arxeoloji tədqiqatlar,
bərpa-konservasiya işləri davam etdirilir.
Tədqiqatlar zamanı Qəbələnin Soltannuxa kəndində antik dövrə aid qəbiristanlıq aşkara çıxarılıb. Tədqiqatların maraq doğuran nəticələrindən biri bu kəndin ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərin aşkarlanmasıdır. İlkin kəşfiyyat işləri zamanı ərazidən 7 qəbir tapılıb.
Qəbələ arxeoloji
ekspedisiyasının rəhbəri Ceyhun Eminli AzərTAc-a bildirib ki, tapılan qəbirlər zənginliyinə
və xüsusi dəfn adətlərinə
görə seçilirlər. Burada diqqəti
cəlb edən məqamlardan biri isə ölmüş insan bükülü vəziyyətdə qəbirə
qoyularaq ətrafına 40 ədəd
saxsı qabın düzülməsidir. Qablarla
yanaşı, qəbirə dörd ədəd
bütöv qoç da qoyulub. Skeletin
yanında nizə, bıçaq, oraq,
üzərində xeyli sayda
bəzək əşyaları və muncuq
düzümləri vardır. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf edilir. Ehtimal edilir ki, bu
varlı təbəqəyə aid olan mərhumun xidmətçisi olub. Bununla yanaşı, qeyd olunan qəbiristanlıqda
digər zəngin qəbirlərə də rast
gəlinib. Bir qəbirdə üzbəüz
dəfn olunmuş iki skelet, həmçinin digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti maraq
doğuran məqamlardan biridir.
Qəbiristanlıqda aparılan arxeoloji tədqiqatların
nəticələri ilə yanaşı, aşkar
edilən qəbirlərin olduğu kimi Qəbələ Dövlət Tarix Bədii Qoruğunun
muzeyində nümayiş etdirilməsi də
nəzərdə tutulub.
İki sahil. -2014. - 21 avqust. S. 5.