Almaniyada ilk dəfə Azərbaycan mədəniyyətinə həsr olunmuş kitab

 

Almaniyada ilk dəfə olaraq alman və ingilis dillərində Azərbaycanın milli mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitab işıq üzü görəcək.

 

 Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən layihənin məqsədi Azərbaycanın milli mədəniyyətini, qədim ənənələrini, zəngin irsini və mətbəxini avropalılara tanıtmaqdır.

 

Bu məqsədlə Almaniyanın tanınmış fotoqraflarından biri, bu sahədə 40-dan artıq kitabın müəllifi Barbara Lutterbek artıq 10 gündən çoxdur Azərbaycanda fotoşəkillər çəkir, lazımi materialları toplayır. İlk dəfə Azərbaycanda olan Barbara Lutterbek Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailovanın müşayiəti ilə Bakı, Quba, Lahıc, Xınalıq, Qəbələ, Şəki, Şamaxı və digər bölgələrin zəngin mədəniyyəti, ənənələri, mətbəxi ilə yaxından tanış olub və bütün bunları fotokameranın yaddaşına köçürüb. Bu tamlardan dadmaq imkanı da qazanan alman xanımın ən çox bəyəndiyi yemək isə Azərbaycan mətbəxinin şah əsəri olan yarpaq dolması olub.

 

Fotoqrafın ölkəmizə həsr etdiyi kitabda Azərbaycan tarixini, mədəniyyətini, adətlərini, mətbəxini əks etdirən fotolar və qısa məlumatlar, həmçinin milli mətbəximizin bəzi nümunələrinin hazırlanma qaydası da yer alacaq. Kitabın bu ilin sonunadək Almaniyada çap olunması, hər iki ölkədə isə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

 

Barbara Lutterbek 17 illik fəaliyyəti dövründə Mərakeşdən Nepala qədər onlarla ölkənin mədəniyyəti ilə yaxından tanış olub və maraqlı kitablar ərsəyə gətirib.

 

 

İki sahil. -2014. – 26 avqust. S. 18.