Azərbaycan qlobal proseslərdə söz sahibi
olan aparıcı ölkələr sırasına daxil
olub
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəblinin www.yap.org.az saytına müsahibəsi
- Hadi müəllim, bu gün Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. Bu inkişaf prosesində ölkəmizdə həyata keçirilən sosial siyasətin üstünlükləri nədən ibarətdir?
- İqtisadi sahədə
keçid dövrünü uğurla başa vuran Azərbaycan
sosialyönümlü bazar iqtisadiyyatının
formalaşması sahəsində böyük müvəffəqiyyətlər
əldə edib, əhalinin bütün təbəqələrinin
həyat səviyyəsinin
yaxşılaşdırılması məqsədilə
mümkün zəruri tədbirləri addım-addım
reallaşdırıb. Son 11 ildə inkişaf tempinə
görə dünyanın lider ölkələrindən birinə
çevrilən, rifahlı cəmiyyət, müasir dövlət
quruculuğunun geniş vüsət aldığı, həmçinin
tolerantlığın təkrarsız nümunəsi kimi
dünyada böyük nüfuz qazanan Azərbaycan artıq
mühüm əhəmiyyət kəsb edən qlobal proseslərdə
söz sahibi olan aparıcı ölkələr
sırasına daxil olub.
Belə bir möhtəşəm
nailiyyətin əldə olunmasında əsas faktor lider
amilidir. Hər hansı bir ölkənin uzun onilliklər boyu əldə
edə biləcəyi bu tarixi nailiyyətlər Ümummilli
lider Heydər Əliyevin vətənimizin firavan gələcəyinin
qurulmasına xidmət edən müdrik strategiyası əsasında
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən və ölkəni böyük perspektivlərə
doğru aparan uğurlu siyasətin, beynəlxalq aləmdə
gedən proseslər fonunda Azərbaycanın maraq və mənafelərini
daha dolğun şəkildə təmin etmək
üçün atılan qətiyyətli və məqsədyönlü
addımların nəticələridir.
Prezident İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü siyasi kurs cəmiyyətin
sosiomədəni bazisinin mərhələlərlə
postindustrial dəyərlər və ənənələr məcrasına
transformasiyasına imkan yaratdı, milli tərəqqinin
sabitliyini və davamlılığını təmin etdi,
ölkəni beynəlxalq münasibətlərin obyektinə
yox, aparıcı subyektinə çevirdi. Dövlət
başçısının iqtisadi sferada həyata
keçirdiyi siyasətin indi də özünü qabarıq
göstərən ən önəmli cəhətlərindən
biri hər zaman sosialyönümlülük faktorunun ön
plana çəkilməsidir. Bu mənada Prezident İlham Əliyevin
dövlət başçısı kimi fəaliyyətə
başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar
sırasında ölkəmizin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlərin
xüsusi yer tutması təbii xarakter daşıyırdı.
Digər tərəfdən, elmi-nəzəri, iqtisadi əsaslara
söykənən, sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi
cənab İlham Əliyevin bu sahədə həyata
keçirdiyi siyasətin səciyyəvi cəhətlərini
təşkil edir. Prezident İlham Əliyevin 2003-cü il 15
oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlar
sırasında yer alan “Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” fərmanı və Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafına dair dövlət
proqramları ölkə iqtisadiyyatının daha intensiv
inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə
etibarilə sosial rifah halının getdikcə yüksəlməsinə
xidmət etdi.
“Azərbaycanda
heç kim yoxsulluq şəraitində
yaşamamalıdır. Yoxsul insan olmamalıdır” deyən
dövlət başçısının bu məqsəd
naminə apardığı uğurlu siyasətin nəticəsidir
ki, yoxsulluq səviyyəsi son 11 ildə azalaraq 5 faizə
düşüb. Bu mənada ölkəmiz insan inkişafı
indeksinin orta illik artım tempinə görə MDB məkanında
ilk yerlərdə qərar tutub. Ümumiyyətlə,
2003-2014-cü illərdə İnsan İnkişafı
İndeksinin artım sürətinə görə Azərbaycan
orta dünya göstəricisini iki dəfə qabaqlayaraq
planetin ilk 15-liyinə daxil olub.
- Bu gün Azərbaycanın müasirləşməsi, modernləşməsi prosesində sosial prioritetlər nə kimi əhəmiyyət kəsb edir?
- Hazırda nəinki
bölgənin, hətta dünyanın ən aparıcı
ölkəsinə çevrilmək iddiasını ortaya qoyan
Azərbaycan bu niyyətini gerçəkləşdirmək
üçün siyasi, sosial və iqtisadi prioritetləri tam
olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində
ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni
gücə çevirməyi bacarıb. Nəticə isə
çox qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi
ilə dünyada nümunə göstəriləcək bir
inkişaf modeli formalaşıb: Bu, modern Azərbaycan dövləti
modelidir.
Prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyətliliyi ondadır ki, onun mövcud istiqamətləri var. Belə ki, birinci istiqamətində sosial müdafiənin elementi olan müavinət sistemindən sığorta sistemi ayrıldı. Prezidentin modern sosial siyasətində ikinci mühüm addım regionlarla idarəetmədir. Üçüncü istiqamət, cənab İlham Əliyevin sosial müdafiənin ayrı-ayrı sahələrini dəqiq dövlət proqramları ilə inkişaf etdirməsidir. Dördüncü istiqamət, bu, çox mühüm faktdır və məhz sosial problemləri yaradan səbəblər aşkarlanır. Çox təəssüf ki, hələ də dünyanın bir çox ölkələrində bu gün də problemlərin həllində nəticə ilə mübarizə aparırlar. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı xüsusi dövlət proqramları mövcuddur. Prezident İlham Əliyevin modern dövlət modelində sosial siyasətinin beşinci istiqaməti qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunmasıdır. Bunun fonunda ən böyük aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu artıq dünya miqyasına çıxıb və xeyriyyəçiliklə, sosial müdafiənin təşkili ilə məşğul olur. İlham Əliyevin sosial siyasətinin digər bir önəmli istiqaməti milli-mənəvi dəyərlərə hörmət göstərilməsi və insanlarda xeyriyyəçilik ruhunun, humanistliyin tərbiyə olunmasıdır.
- Azərbaycanda davamlı olaraq pensiya islahatları həyata keçirilir. Bu baxımdan, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyasının əhəmiyyəti nədən ibarətdir?
- Bu gün ölkəmizdə
həyata keçirilən modern sosial siyasət malik olduğu
konkret parametrlərlə diqqət cəlb edir. Həmin
parametrlərdən bəhs edərkən görərik ki,
burada əsas cəhətlərdən biri sosial müavinət
sisteminin sığorta-pensiya sistemindən ayrılması
istiqamətində həlledici addımların atılması,
buna xidmət edən “Əmək pensiyaları haqqında” və
“Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikası qanunlarının qəbuludur. Ölkə rəhbərinin
4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq
edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında
pensiya təminatı sisteminin islahatı Konsepsiyası” isə
növbəti mərhələdə sığorta-pensiya
sistemində yeni islahatların aparılmasını, sosial ədalətin
gücləndirilməsini, yeni institutların
formalaşdırılmasını və digər önəmli
dəyişiklikləri özündə əks etdirir. Bu sənəd
ölkəmizdə pensiya təminatı sisteminin
formalaşmasında beynəlxalq inkişaf
tendensiyalarının nəzərə alınması və
pensiya təminatının daim yenilənən müasir tələblərə
uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin
bu sahədə təcrübəsindən istifadə edilməklə
uzunmüddətli dövr üçün
pensiyaçıların etibarlı sosial müdafiəsinə
nail olması məqsədi daşıyır. Konsepsiyanın həyata
keçirilməsi nəticəsində təyin olunan pensiya məbləği
ilə ödənilən sığorta haqqının məbləği
uyğunluq təşkil edəcək, pensiya təminatı
sisteminin yığım potensialı güclənəcək,
qanunvericilikdə sığortaya dair prinsiplər, sosial
sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcək.
- 3 dekabr tarixi hər il dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bir neçə gün öncə bununla bağlı ölkəmizdə də bir sıra tədbirlər keçirildi. Təbii ki, sağlamlığı məhdud olan insanlar sosial müdafiəyə ehtiyacı olan əsas təbəqələrdən biridir. Bu baxımdan, ölkəmizdə əlillərə göstərilən qayğı hansı səviyyədədir?
- Hər bir ölkədə
elə qrup insanlar var ki, onlara münasibət daha böyük
diqqət və həssaslıq tələb edir. Bunlar daim
sosial və eləcə də mənəvi qayğıya
ehtiyacı olan əlillərdir. Əlillik anadangəlmə də
ola bilər, sonra da yarana bilər. İstənilən halda bu
insanlar cəmiyyətin ayrılmaz hissəsidir. Onların
reabilitasiyası, cəmiyyətə inteqrasiyası
mühüm sosial vəzifələrdən biridir. Hazırda
dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən
qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların
20 faizi inkişaf etməkdə olan ölkələrdə
yaşayır. Azərbaycanda isə əhalinin 5,6 faizi, yəni
530 min nəfər əlilliyi olan şəxslər və
sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycanda
əlilliyin səviyyəsinin digər ölkələrə
nisbətən aşağı olmasının səbəblərindən
biri ölkə əhalisinin gənc olmasıdır. Ölkəmizdə
əlilliyin artmasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin rolu olub.
Respublikamızın ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar döyüşlərdə
12 minə yaxın vətəndaşımız əlil olub.
Digər tərəfdən, ayrı-ayrı xəstəliklərin
müalicəsinin düzgün və ya vaxtında
aparılmaması onların ağırlaşaraq əlillik vəziyyətinə
çevrilməsinə şərait yaradıb. Anadangəlmə
və müalicəsi mümkün olmayan xəstəliklər,
yol qəzaları və texnogen qəzalar zamanı alınan zədələr,
Çernobıl qəzasının nəticələrinin
aradan qaldırılmasında və sovet qoşunlarının
tərkibində Əfqanıstanda hərbi əməliyyatlarda
iştirak etmək əlilliyə gətirib çıxaran səbəblərdir.
Qeyd etdiyiniz kimi dekabr
ayının 3-ü bütün dünyada Beynəlxalq Əlillər
Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının
təşəbbüsü ilə dünya miqyasında
keçirilən Beynəlxalq Əlillər Günü
1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur. Məhz
bu fakt ölkəmizdə əlillərin sosial müdafiəsi
ilə bağlı həyata keçirilən
genişmiqyaslı tədbirlərin əsasının Ulu
öndər Heydər Əliyev tərəfindən qoyulduğunu
göstərir. İnsan amilini xüsusi diqqətdə saxlayan
görkəmli dövlət xadiminin müstəqil Azərbaycana
rəhbərlik etdiyi ilk günlərdən əlillərin
sosial müdafiəsi, onların cəmiyyətə
inteqrasiyası gücləndirilib. Ümummilli lider Heydər Əliyev
tərəfindən əlilliyi olan insanlara diqqət və
qayğının 2003-cü ildən etibarən Prezident
İlham Əliyev tərəfindən yüksək səviyyədə
davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların
rifah halının yaxşılaşmasına xidmət edən
tədbirlərin ilbəil güclənməsinə şərait
yaratmışdır.
Son 11 ildə Azərbaycanda
dövlət tərəfindən bu qəbildən olan
insanların sosial rifahının yüksəldilməsi istiqamətində
mühüm addımlar atılıb, belə insanların
müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə
yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə
şəbəkəsinin bölgələr üzrə
genişləndirilməsi təmin olunub. Belə ki, bu illərdə
Naxçıvan, Şirvan, Lənkəran, Şəki,
Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində
regional bərpa mərkəzləri istifadəyə verilib. Həmçinin,
sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial
reabilitasiyası işinin gücləndirilməsi məqsədilə
Bakı və Naxçıvan şəhərlərində
uşaq bərpa mərkəzləri yaradılıb.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və
bölgələrində yerləşən 14 bərpa-müalicə
müəssisəsi fəaliyyət göstərir. Həmin mərkəzlərdə
hər il orta hesabla 8 min nəfərə yaxın əlil və
sağlamlıq imkanları məhdud uşaq dövlət
hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə
yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və
reabilitasiya vasitələri ilə təmin edilir. Əlillərin
xarici ölkələrdə müalicəsinin təşkili
daim diqqətdə saxlanılmış və hər il
yüzlərlə əlilin xarici ölkələrdə bərpa
müalicəsi, istirahət zonalarında istirahəti təşkil
olunur. Ölkəmizdə əhalinin
sağlamlığının qorunması, səhiyyə
sisteminin təkmilləşməsi sahəsində geniş
vüsət alan işlərin, yeni müalicə-diaqnostika və
bərpa müəssisələrinin yaradılmasının
daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin
artım tempinin qarşısı alınıb, reabilitasiya
göstəricisi 6 faizə qədər yüksəlib. Son illərdə
əlillərin mənzillə təminatı sahəsində də
mühüm tədbirlər həyata keçirilib. Təkcə
son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər
müharibə əlili və şəhid ailəsi mənzillə
təmin edilib. Dövlət başçısının
2014-cü il 20 iyun tarixli sərəncamına əsasən
2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə
dayanmış 5731 nəfər əlil və şəhid ailəsi
də 2014-2018-ci illərdə mərhələlərlə mənzil
və ya fərdi evlə təmin ediləcək. Eyni zamanda, əlillərə
pulsuz avtomobillər də verilir.
Əlillərə
qayğıdan söhbət düşmüşkən, Heydər
Əliyev Fondu nun fəaliyyəti xüsusi
vurğulanmalıdır. Azərbaycanda bu gün vətəndaş
cəmiyyətinin ən nümunəvi elementinə
çevrilmiş Heydər Əliyev Fondu da məhz Ümummilli
lider Heydər Əliyevin sosial siyasət kursunun həyata
keçirilməsində mühüm işlər görməklə
Azərbaycan dövlətinin sosial funksiyasının
reallaşdırılmasına əməli kömək
göstərir. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara
qayğının artırılması fondun genişspektrli fəaliyyətinin
mühüm istiqamətlərindəndir. Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əlillərin
problemlərini daim diqqətdə saxlayır.
Heydər Əliyev
Fondu tərəfindən son illər həyata keçirilən
sosial islahatlar nəticəsində əlillərin sosial müdafiəsinin
hüquqi cəhətdən tənzimlənməsində
mühüm irəliləyişlər əldə edilib, bu sahədə
yeni istiqamətlər, prioritetlər və məqsədlər
müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə
bağlı fəaliyyətinin əsas istiqamətləri
onların müalicəsi və təhsil hüquqlarının
reallaşdırılmasıdır. Bu mənada Mehriban
xanım Əliyevanın təşəbbüsü, diqqət
və qayğısı sayəsində bir çox əlil evləri
əsaslı təmir olunub, müasir standartlara tam uyğun
olan yeni bərpa mərkəzləri yaradılıb.
Əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların sosial
müdafiəsi və reabilitasiyası sahəsində
görülən işlərin başlıca məqsədi
onların sosial müdafiəsinin və son nəticədə
cəmiyyətə fəal inteqrasiyasını təmin etməkdir.
- Hadi müəllim, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hazırda seçkilərin təbliğat mərhələsidir və Siz də YAP-ın səlahiyyətli nümayəndəsi olaraq seçicilərlə görüşlər keçirirsiniz. Necə hesab edirsiniz, partiyamızın proqramında sosial prioritetlər necə özünün əksini tapır?
- Azərbaycanın ən
aparıcı siyasi qüvvəsi olan olan YAP bütün
seçkilərdə qələbə qazanıb. Bu da təsadüfi
deyil. Çünki partiya öz fəaliyyətində Heydər
Əliyev ideyalarına əsaslanır. Bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan
Partiyası yeni-yeni uğurlara imza atır. Partiyamız ötən
dövr ərzində ölkənin iqtisadi
inkişafını sürətləndirmək və sosial
islahatlar aparmaq yolu ilə vətəndaşların layiqli həyat
şəraitini təmin etməyə, insanlara sağlam həyat
tərzi aşılamaq üçün məqsədyönlü
sosial siyasət yürütməyə
çalışmışdır. Partiyanın
üstünlük verdiyi sosialyönümlü iqtisadi model
sosial ədalətin və sosial müdafiənin təminatı,
eləcə də, iqtisadi-sosial həyatın humanistləşdirilməsi
məsələlərini ön plana çəkir. Bu model
radikal bazar iqtisadiyyatı ilə mərkəzləşdirilmiş
planlı iqtisadiyyat arasında aralıq mövqe tutur.
YAP-ın seçki
platformasında ölkənin sosial siyasətinin mahiyyəti
dolğun şəkildə əksini tapmışdır.
Partiya hesab edir ki, hər bir insanın yaxşı
yaşamağa haqqı vardır və zəngin təbii
ehtiyatlara malik Azərbaycan vətəndaşları
üçün layiqli həyat səviyyəsinin təmin
edilməsi ümdə vəzifədir. YAP əməkhaqqı
və pensiya təminatı sistemində islahatlar
aparılmasını, əməkhaqqının,
pensiyaların, sosial ödənişlərin
artırılmasını, yeni iş yerlərinin
açılmasını özünün başlıca vəzifələrindən
hesab edir. Bu yöndə də davamlı olaraq addımlar
atılır. Təbii ki, bu prinsiplər YAP-ın bələdiyyə
seçkiləri kampaniyasının təbliğat mərhələsində
əhalinin diqqətinə çatdırılır. Və biz
görürük ki, insanlar məhz partiyamızın
seçki proqramını, onun irəli sürdüyü ideyaları
dəstəkləyir. Bu mənada qarşıdan gələn
seçkilərdə partiyamızın namizədlərinin
böyük üstünlüklə qalib gələcəyi
şübhəsizdir.
İki
sahil.- 2014.- 6 dekabr.- S.16.