Azərbaycanın milli intibah dövrü

(1969-2003) və onun yeni mərhələsi (2003-2014)

 

Bu, bir həqiqətdir ki, dövlətin beynəlxalq koordinatlar sistemində tutduğu mövqeni şərtləndirən parametrlər sırasında coğrafi şərait, əhalinin sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə qüdrəti, milli əxlaq və diplomatiyanın rolu kifayət qədər böyükdür. Burada digər həqiqət ondan ibarətdir ki, bu parametrlər dövlətin statusunun təyinatında nə qədər əhəmiyyətli olsa da, heç də həlledici deyildir.  Bu statusda məhz dövlətin şəksiz lideri olan unikal şəxsiyyət fenomeni çıxış edir. Xarizmatik lider mövcudluğu təhlükə altında olan dövlətin xilaskarı funksiyasını yerinə yetirir, onun sonrakı inkişafının təminatçısı olur. Həmin funksiyanı Rusiyanın tarixində Böyük Pyotr, Prussiyanın tarixində Böyük Fridrix, ABŞ-ın tarixində C. Vaşinqton və A. Linkoln, Türkiyənin tarixində isə Böyük Atatürk həyata keçirmişdir.

Azərbaycanın çağdaş tarixində isə bu fenomen Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarmış, ümummilli fəlakətin-vətəndaş müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə nail olmuş, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.

Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. O, Xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.

O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof, akademik Ramiz Mehdiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ilini milli intibah dövrü kimi səciyyələndirmişdir. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982 və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində ulu öndərin Vətənə fədəkar xidməti və hakimiyyətinin hər iki mərhələsində ölkəmizin nəhəng miqyasda nailiyyətlər qazanması baxımından onlar oxşardırlar. Başqa sözlə, eyni missiyanın, sadəcə, iki mərhələsidirlər.

Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın” deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqqi  mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı Məişət Kondisionerləri, Salyan Plastmas Emalı zavodu, Sumqayıtda Kompressor zavodu, Üst Trikotaj fabriki, Bakıda Tikiş, Ayaqqabı hissələri fabrikləri, Şampan şərabı zavodu, Cəncədə Ət kombinatı, Qənnadi fabriki, Əlvan Metallar emalı zavodu, Lənkəranda Konserv zavodu, çay fabriki, Naxçıvanda Şüşə Qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda Yunun İlkin Emalı fabriki və s. kimi böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi.

1969-cu ildən sonra Azərbaycanda geniş tikinti-quruculuq işlərinə start verildi. Respublika sanki tikinti meydanını xatırladırdı. 1975-1985-ci illərdə ümumi sahəsi 22, 2 milyon kvadratmetr olan mənzillər inşa edildi ki, bu göstərici Azərbaycanda bütün əvvəlki illərdə tikilmiş mənzillərin 70 faizini təşkil edirdi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Bu, 1970-ci ilin müvafiq göstəricisindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə 4-cü yerə çıxdı.

Həmin dövrdə kənd təsərrüfatının dirçəldilməsi və sonrakı inkişafı sahəsində də böyük islər görüldü. Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin əvvəllərində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində qısa müddət ərzində qidalılıq balansını itirmiş torpaqlar əsl məhsuldar torpaqlara çevrildi. İlk növbədə kənd təsərrüfatının su təhcizatı yaxşılaşdırıldı. Bu məqsədlə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanallarının tikintisi başa çatdırıldı, Naxçivan Muxtar Respublikasında “Arpaçay”, Lənkəranda “Xanbulançay”, Masallıda “Viləşçay”, Şəkidə “Əyriçay”,  Şəmkir və Ağstafa su dəryaçaları, “Bəhrəmtəpə” suvarma şəbəkəsi, İsmayıllıda “Aşıq Bayram” gölü istifadəyə verildi.

Əvvəllər əsassız olaraq azaldılmış taxıl, pambıq, meyvəçilik sahələri, habelə qoyunçuluq və quşçuluq yenidən bərpa olundu. Kənd təsərüüfatı üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində də ciddi addımlar atıldı. Yalnız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasında 1970-1975-ci illərdə 40 min nəfərə yaxın ali təhsilli, respublikanın orta ixtisas məktəblərində isə 86, 4 min nəfər orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisi hazırlandı.

Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 402 min ton taxıl, 1 milyon 151 min ton pambıq, 1milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi.

Ümumən, həmin illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə artdı.

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”,-deyən möhtərəm Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.

Həmin dövrdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.

70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyuk işlər görüldü. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikildi.

Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradıldı, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açıldı. Əgər 60-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakultə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil  müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar da möhtərəm Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən  çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olduqları ölkələrdə şərəflə qoruyurlar.

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür,”-deyən ümummilli liderin qənaətinə görə, milli özünüdərkə xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. Ulu öndər başqa bir fikrində isə qeyd edirdi ki, məşhur filosof Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakıxanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqa korifeylərin adları bu mədəniyyətin çoxəsrlik tarixini bəzəyir. Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində  Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar.

Vətənsevər hər bir azərbaycanlı isə Heydər Əliyevə xalqımızın həmin görkəmli simalarının bizə miras qoyduqları mizilsiz ədəbi irsə olduqca böyük dəyər verdiyi və onları yaddaşlarda əbədiləşdirdiyinə görə minnətdar olmalıdır.

Heydər Əliyev böyük siyasi ustalıqla 59 yaşında pantürkist-millətçi ittihamı ilə Sibirə sürgün edilən dahi Hüseyn Cavidin nəşini 100 illiyində Vətənə gətirməklə əslində milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsini, ruhunu öz doğma vətənlərinə-Azərbaycana qaytarmış oldu.

Danılmaz həqiqətdir ki, 1930-cu illərdə SSRİ-nin dövlət mükafatı “Rusca-azərbaycanca lüğət”ə verilirdisə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1970-ci illərdə “Azərbaycan dili” dərsliyi eyni etimada layiq görüldü. Bu mükafatların arxasında böyük siyasi mətləblər gizlənirdi. Başqa sözlə, birinci halda rus dilinin (ruslaşdırma) təbliğinə, ikinci halda isə doğma dilimizin (milliləşmənin) inkişafına görə ali mükafat verilmişdi. Bu, ulu öndərin millətin genetik kodunun mühüm komponenti hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə bu məntiqlə də Heydər Əliyev böyük səylər hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu.

Bütün bu və digər xidmətləri ilə Heydər Əliyev ədəbi-mədəni irsimizin, dilimizin, ziyalılarımızın, ən başlıcası isə  milli özünüdərk və kimliyimizin əvəzsiz himayədarı və hamisi zirvəsinə yüksəlmiş oldu.

Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığınının bir daha şahidi olduq.

Bu, bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, ələlxüsus müsəlman dövlətlərində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri bir qayda olaraq qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belorusda fəaliyyət göstərirdi.

“Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?” - bu sözləri mərhum Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.

Ulu öndər Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeyid yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını “əsaslandırmağa” çalışırdılar. Amma H.Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Həmin vaxtdan 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdırlar.

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri  addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası əslində real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində  bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Akademik Ramiz Mehdiyev  Heydər Əliyev fenomeni ilə bağlı tədqiqatlarında çox düzgün olaraq qeyd edir ki, “akademik Aqanbekyanın M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ilkin razılıq verilməsi barədə bəyanatı və bununla da münaqişənin ilkin qığılcımının közərməsi məhz Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefasından cəmi üç həftə sonra baş verdi”.

Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasına idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.

Burada bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson  F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkolun ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolundur. Zənnimizcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkolun arasında paralel aparmalarının motivi gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin Xilaskarıdırlar.

Yuxarıda sadalanan mürəkkəb problemlərin həlli məqsədilə Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini də “yeni neft diplomatiyası” təşkil edirdi.

Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasınsa həlledici əhəmiyətə malik oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də  dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.

Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2  mlrd tondan artıq neft və 2,5-3 trln. kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyiyyət kəsb etmişdir. Təkcə “Şahdəniz” yatağında təsdiqlənmiş qaz yaraqları 1,2 trln. kubmetr təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, bu o deməkdir ki, əgər Azərbaycan ancaq öz təlabatını ödəsə və deməli xaricə qaz ixrac etməsə, bu ehtiyatlar ölkəmizə 100 ilə kifayət edər.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “yeni neft diplomatiyası”nın möhtəşəm uğurlarının yuxarıdakı natamam təqdimatı belə sübut edir ki, məhz bu dahi şəxsiyyətin inikal idarəçilik mədəniyyəti sayəsində Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.

Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Azərbaycanın qısa zaman kəsiyində demokratik inkişaf yolunda əldə etdiyi bu və sonrakı uğurların bir sıra Qərb hökumət dairələrində, xüsusilə ABŞ-da adekvat olaraq qiymətləndirilməməsi, əksinə bu istiqamətdə onların real həqiqətlərə söykənməyən bəyanatlarının meydana gəlməsi acı təəssüf doğurur. Əslində ərazisinin 20 faizi Ermənistan dövlətinin işğalı altında olan və 1 milyondan artıq məcburi köçkünü və qaçqını olan gənc Azərbaycan Respublikasından əsrlərlə formalaşmış Qərb demokratiya standartlarını tələb etməyin özü düzgün deyildir. Bunun üçün ən azı onilliklər lazımdır, çünki demokratiya permanent prosesdir. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın yarandıqdan bəri (1776-cı il) 235 illik demokratiya tarixi vardır. Təkcə Konstitusiyanı qəbul etmək üçün ABŞ-a 11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, Konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, Konstitusiyaya 19-cu düzəliş) və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964 -cü il, Konstitusiyaya 24-cü düzəliş) zaman kəsiyi lazım olmuşdur. Deməli, ABŞ-ın öz tarixi təcrübəsi göstərir ki, tam demokratik dövlət olmaq üçün Azərbaycana müəyyən vaxt lazımdır və ən əsası odur ki, respublikamızda bu istiqamətdə davamlı olaraq konkret addımlar atılmaqdadır.

Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir.

Azərbaycan xalqı artıq 11 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir.  Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu  və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 11 ildə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atmışdır. Faktların və arqumentlərin dili ilə desək, 11 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır. Həmin müddətdə 1,2  milyondan artıq iş yeri açılmışdır. İşsizliyin səviyyəsi təqribən 5 %-ə bərabərdir.

Müqayisə üçün qeyd edək ki, bir sıra inkişaf etmiş dövlətlərdə bu göstərici 15-20% səviyyəsindədir. Yoxsulluq bu müddət ərzində 5 dəfə-500% azalmışdır, yəni 49%-dən % 5,3%-ə enmişdir. Xarici borcumuz ümumi daxili məhsulun təxminən 8 %-ni təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir. Təkcə ötən ildə ölkə iqtisadiyyatına 28  milyard dollardan artıq investisiya qoyulmuşdur ki, bunun da təxminən 30%-i xarici sərmayələrdir.

Prezient İlham Əliyev ölkəmizdə qeyri-neft sektorunun inkafını iqtisadi tərəqqinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Cari ildə ölkəmizin qeyri-neft sektorunda 6-7 faiz artım gözlənilir. Ötən il artım 10 faiz artım qeydə alınmışdır. Gələn il isə iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım proqnozlaşdırılır. Prezident İlham Əliyevin bu ilin 28 noyabr tarixində Rusiyanın “Rossiya-24” informasiya kanalında müsahibəsində qeyd etdiyi kimi, “idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən üçdəbirini təşkil etməlidir. Artıq onda şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda, neft amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə 45 faizdir. Yəni, meyil azalmaya doğru gedir.”

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar  hazırlanır və onlar uğurla icra edilir. Belə Dövlət Proqramlarından “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)”) , “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər)”,  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı  Dövlət Proqramı (2011-2013-cü illər)”,  “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” və s. qeyd etmək olar. Ümumən, Azərbaycanda belə məqsədyönlü proqramların sayı 50-dən artıqdır.

Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75%-ni və demoqrafiyasının 65%-ni təmsil edən modernləşdirilmiş Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə transformasiya olunur. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 38-ci, MDB məkanında isə birinci ölkə olaraq müəyyən edilmişdir. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci mövqedədir. BMT-nin hesabatına görə, insan inkişafı indeksinə görə də ən böyük sıçrayışı məhz Azərbaycan etmişdir.

Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursuna müvafiq olaraq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları da sürətli inkişaf dinamikasına və böyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılmışdır. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və ölkədə kosmik sənayenin əsasının qoyulması tarixi hadisədir. Növbəti illərdə daha iki peykin orbitə buraxılması ilə bağlı işlər aparılır.

Azərbaycan rəhbərliyi ölkəni artıq 2021-ci ilə-müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə qədər vətəndaşların yaşayışı üçün daha firavan məkana çevirməyi qarşısına məqsəd qoymuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, “ölkəmizin daha yaxşı olması, insanların daha yaxşı yaşaması, Azərbaycanın şöhrətinin artması” üçün ediləcəkdir.

Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son dövrlərdə beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir.

Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır.

20 il əvvəl Azərbaycan beynəlxalq koordinatlar sisteminin subyekti idisə, indi onun fəal aktoruna çevrilmişdir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də  BMT TŞ-ya 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqlənmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Təkcə son iki ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III və İV Beynəlxalq Humanitar Forumların, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.

Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları  nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.

 

Elman Nəsirov,

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,

YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor

 

İki sahil.- 2014.- 9 dekabr.- S.7-11.