Babək rayonunun Naxışnərgiz

kəndi abad yaşayış

məntəqələrinin sırasına qoşulub

 

Ümummilli Liderimizin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün muxtar respublikada uğurla həyata keçirilir. Kompleks quruculuq işlərinin aparılması, yeni infrastruktur sahələrinin yaradılması kənd yaşayış məntəqələrinin inkişafına da təkan verib, insanların rahat yaşayışı təmin olunub. Həyata keçirilən bu tədbirlər Babək rayonunun Naxışnərgiz kəndini də əhatə edib. Bu il kənddə müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası Naxışnərgizin inkişafında yeni bir mərhələnin əsasını qoyub.

 

Naxışnərgiz kənd məktəbi

üçün yeni bina tikilib

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, dekabrın 8-də yeni istifadəyə verilən Naxışnərgiz kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Anar Fərzəliyev kollektiv adından minnətdarlıq edərək deyib ki, təhsil islahatlarından Naxışnərgiz kəndinə də pay düşüb. Sakinlər bu məktəb binasının istifadəyə verilməsini böyük sevinc hissi ilə qarşılayırlar. Yeni məktəb binası qarşıya savadlı, intellektli gənclər yetişdirmək kimi mühüm vəzifələr qoyur. Ona görə də kollektiv tədrisin keyfiyyətini yüksəltmək üçün səylə çalışacaq, məktəb muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından birinə çevriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxışnərgiz kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, kollektivə tədrisdə uğurlar arzulayaraq deyib: Muxtar respublikanın ümumtəhsil məktəblərinin sırasına daha bir məktəb - Naxışnərgiz kənd tam orta məktəbi əlavə olunur. Bu günə qədər Naxışnərgiz kəndində məktəb olmamış, şagirdlər qonşu kəndin məktəbində təhsil almışlar. Lakin ölkəmizin inkişafı və təhsil sahəsində həyata keçirilən tədbirlər kənddə yeni məktəbin yaradılmasına imkan verib.

Ümummilli liderimiz Heydər Əliyevin “Ölkəmizin gənclərini təhsilli etmək üçün müasir tələblərə cavab verən məktəb binalarının tikilməsi ilə məşğul olmalıyıq”, - fikrini xatırladan Ali Məclisin Sədri deyib: Ölkəmizdə müasir məktəb binalarının tikilməsi istiqamətində görülən işlər Naxışnərgiz kəndini də əhatə edib. Müasir tədris avadanlıqları ilə təmin olunan yeni məktəb binasının tikilməsi kənddə gənclərin təhsilli böyüdülməsinə imkan verəcəkdir. Məktəb işi ən vacib sahələrdən biridir. Çünki ölkənin gələcəyi məktəblərdə hazırlanır. Ona görə də məktəblərdə lazımi şərait yaradılmalı, müəllimlər tələbkarlıq, şagirdlər isə çalışqanlıq prinsiplərini əsas götürməli, məktəb işi müasir tədris metodlarından istifadə əsasında qurulmalıdır. Müəllimlər bilməlidirlər ki, onlar təhsilli və vətənpərvər gənclər yetişdirməklə ölkəmizin gələcəyinə xidmət edirlər. Gənclərimiz isə bilməlidirlər ki, onların qarşısında duran əsas vəzifə yaxşı oxumaq, vətənpərvər olmaq, qabiliyyətlərinə və bacarıqlarına uyğun peşələrə yiyələnməkdən ibarətdir. Hər bir gənc o zaman ölkəsi və xalqı üçün faydalı olur ki, o gələcəkdə hər hansısa bir peşə sahibi olsun. Ölkəmizdə, eləcə də muxtar respublikada yeni məktəb binalarının qurulmasında da əsas məqsəd ondan ibarətdir ki, gənclər yaxşı təhsil alsın, maraqlarına uyğun peşəyə yiyələnə bilsinlər.

Ali Məclisin Sədri Naxışnərgiz kənd məktəbində təhsilli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini bildirib, bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.

Bildirilib ki, məktəbdə 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, kompyuter, müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları istifadəyə verilib.

Məktəbin kitabxana fondunda 2882 kitab vardır.

Ali Məclisin Sədri ümumtəhsil məktəblərində kitabxana işinin təşkili sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb, şagirdlərdə mütaliəyə marağın artırılması və kitabxana günlərinin keçirilməsinin vacibliyini qeyd edib.

Kimya-biologiya və fizika laboratoriyalarında da lazımi tədris şəraiti vardır. Hərbi kabinəyə baxış zamanı şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinin və onların hərb sənətinə marağının artırılmasının əhəmiyyəti vurğulanıb.

Kompyuter və elektron lövhəli siniflərə baxış zamanı Ali Məclisin Sədrinə məktəbin informasiya texnologiyaları ilə təminatı barədə məlumat verilib. Bildirilib ki, bu otaqda 19 kompyuter quraşdırılıb və internetə qoşulub. Məktəbdə 3 elektron lövhəli sinif vardır. İnternetə çıxışı olan və lazımi elektron dərsliklərlə təmin edilən interaktiv lövhələr elektron təhsil mübadiləsinin aparılmasına da imkan verir. Baxış zamanı Naxışnərgiz kənd tam orta məktəbi ilə Xalq Şairi Məmməd Arazın Şahbuz rayonunun Nursu kəndindəki ev-muzeyi arasında əlaqə qurulub, “Məmməd Arazın həyat və yaradıcılığı” mövzusunda dərs keçirilib. Virtual dərsi Distant Tədris Mərkəzinə qoşulan muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin 4 minə yaxın şagirdi izləyib.

Məktəbdəki idman zalı isə şagirdlərin fiziki hazırlığının normal təşkilinə imkan verəcəkdir.

Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb, məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi barədə tapşırıqlar verərək deyib: Bu gün Naxışnərgiz kəndinin həyatında əlamətdar bir gündür. Kənddə idarəetmə strukturları və məktəb üçün yeni binalar istifadəyə verilir. Bu da tədrisin düzgün təşkilinə, bu sahədə uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Ölkənin tərəqqisi təhsildən, təhsilin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Pedaqoji kollektivin qarşısında bir vəzifə durur: Bu da dövlətimizin yaratdığı şəraitdən düzgün istifadə edərək təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Ona görə də məktəbdə tələbkarlıq artırılmalı, tədris prosesində qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilməlidir.

Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq edib, məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışacaqlarını bildiriblər.

Məktəbin həyətində də abadlıq işləri aparılıb, gül-çiçək əkilib.

 

Naxışnərgizdə kənd mərkəzi istifadəyə verilib

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu əsas vəzifələrdən biri də kəndlərin inkişafının təmin olunmasıdır. Son illər muxtar respublikanın kəndlərində müasir infrastrukturun yaradılması, yeni sosial obyektlərin inşası, xüsusilə kənd mərkəzlərinin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir.

Dekabrın 8-də Naxışnərgiz kəndində yeni kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd klubu və 54 yerlik iclas zalı yerləşir.

Rabitə evi mərkəzin birinci mərtəbəsindədir. Burada elektron ATS quraşdırılıb, poçt bölməsinin fəaliyyəti təmin edilib.

Kəndin ictimai-mədəni həyatında öz fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyası Naxışnərgiz kənd ərazi ilk təşkilatı üçün də iş otağı ayrılıb, kənd mərkəzindəki kitabxanada oxucuların istifadəsinə 7469 kitab verilib.

Baytarlıq məntəqəsinə dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulub, baytarlara nümunəvi iş şəraiti yaradılıb. Qeyd olunub ki, kənddə əhalinin əsas məşğuliyyət sahəsinin heyvandarlıq olması baytarlıq xidmətinin günün tələbləri səviyyəsində təşkilini zəruri edir. Məntəqədəki yeni avadanlıqlar profilaktik tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasına imkan verəcəkdir.

Binada feldşer-mama məntəqəsi üçün də 4 iş otağı ayrılıb, məntəqə lazımi dərman vasitələri, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunub.

Ali Məclisin Sədri kənddə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən profilaktik tədbirlərin bundan sonra da davam etdirilməsi, eləcə də hamilə qadınlara və uşaqlara vaxtlı-vaxtında tibbi xidmət göstərilməsi barədə tapşırıqlar verib.

Binada fərdi qazanxana qurulub, həyətdə abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib.

 

Kənddə yeni xidmət mərkəzinin açılışı olub

 

Həmin gün Naxışnərgiz kəndində yeni xidmət mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsib.

Binada bərbərxana, qadın gözəllik salonu, ərzaq və sənaye malları mağazaları vardır. Mağazalarda ərzaq məhsullarının, gündəlik tələbat mallarının, eyni zamanda, geyim dəstlərinin, məktəbli formalarının və təsərrüfat mallarının satışı təşkil edilib. Xidmət mərkəzində 4 nəfər işlə təmin olunub.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, son illər Naxışnərgiz kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, feldşer-mama məntəqəsi və digər dövlət qurumları yaradılıb. Bu gün isə kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Artıq Naxışnərgiz muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulub. Bu gün kənddə təsərrüfatın müxtəlif sahələri - əkinçilik, maldarlıq, heyvandarlıq, arıçılıq inkişaf etdirilir. Kənd əhalisi keyfiyyətli rabitə xidmətindən istifadə edir. Mənzillər elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunub, məskunlaşma artıb. Görülən bu işlər kəndlə şəhər arasında fərqin aradan qaldırılmasına səbəb olub. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, abadlıq, təmizlik qorunub saxlanılmalı, sakinlər kəndin inkişafına öz töhfələrini verməlidirlər. Çünki kəndlərin inkişafı həm də ölkənin inkişafı deməkdir.

Kənd ziyalısı İsmayıl Ağamalıyev sakinlər adından minnətdarlıq edərək deyib ki, bu il kənddə aparılan quruculuq işləri bütün sahələri əhatə edib. Rahat yol, kənd və xidmət mərkəzləri, məktəb binası Naxışnərgiz kəndinə qəsəbə görkəmi verib. Kənddə əhalinin məşğulluğunun təmin olunması, təsərrüfatların inkişafı, insanların rahat və firavan yaşaması üçün hər cür şərait vardır. Sakinlər göstərilən qayğının müqabilində daha səylə çalışacaq, ölkəmizin inkişafında, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəklər.

 

x           x           x

 

Naxışnərgiz kəndində abadlıq işləri də aparılıb, kənddaxili 1400 metrlik yola asfalt örtük salınıb, 12 ədəd su keçidi qoyulub, 1 körpü təmir olunub, 950 metr uzunluğunda beton kanal tikilib. Sirab kəndindən Naxışnərgiz kəndinədək 3484 və kənddaxili 200 metr fiberoptik kabel çəkilib, 2000 metrlik elektrik xətti yenilənib, 1420 metr qaz və 1050 metr içməli su xətti çəkilib.

 

İki sahil.- 2014.- 9 dekabr.- S.13.