Milli musiqi mədəniyyətimizin
elçiləri
Böyük Dəhnə böyük bir kənddir. Ərazisinin böyüklüyü və əhalisinin çoxluğu kənd anlayışı ilə bir araya gəlməsə də o, “kənd” adlanır. Burada yaşayan əhalinin davranışı, həyat və məişət tərzi də çoxdan kənd anlayışını ötüb keçib. Bu münasibətlər, adətən kəndlərdə olduğu kimi, yalnız qohumluq və qonşuluq prinsiplərinə deyil, cəmiyyətin birgəyaşayış qaydalarına əsaslanan mədəniyyət üzərində bərqərar olub.
Yüz illər boyunca burada
yaşayıb yaradan, artıb-çoxalan
və bir-birini əvəzləyən nəsillərin
öz torpağına, öz
ailəsinə və nəsil- köklərinə bağlı
olması onların kəndin hüdudlarından kənarlara
çıxmasına, daha geniş
cəmiyyətin fəal üzvlərinə çevrilməsinə
heç
zaman mane olmayıb. İndi Dəhnədə doğulub
boya-başa çatmış
insanların nəinki Azərbaycanın müxtəlif bölgələrində,
hətta dünyanın bir çox
ölkələrində yaşaması və
çalışması da heç kimi təəccübləndirmir.
Və bəlkə də artıq elə bir
ailə yoxdur ki, onun digər bölgələrdə və ya bəzi xarici ölkələrdə
yaşayan üzvləri olmasın. Bununla yanaşı, onların Dəhnəyə
bağlılığı, orada yaşayan ailə üzvlərinə və həmyerlilərinə
istiqanlılığı da heç zaman azalmayıb. Bunun da səbəbi var. Bu kənddən çıxanlar bu
toplumun sağlam ənənələr
üzərində yetişdirdiyi mədəniyyətin
daşıyıcıları kimi öz elinə, öz
yaxınlarına sədaqətli olmağı, öz
yurdunu və elini sevməyi,
dədə-baba yurduna etibarlı
olmağı öyrəniblər. Bu
sevgini, bu etibarı onlara aşılayan, təlqin edən
onların əsl-nəcabətindən gələn yurd sevgisidir, əvvəlki
nəsillərdən əxz etdikləri ailə ənənələridir.
Böyük Dəhnə özü
bir yaşayış məntəqəsi kimi sakinləri ilə bir-birindən azacıq
fərqlənən məhəllələrdən ibarətdir.
Hər məhəllənin heç bir sənəddə yazılmamış öz adı var və bu ad bir
çox hallarda
kökləri keçən əsrlərdə
yaşamış bir ailəyə gedib çıxan bir nəslin
soyadı ilə bağlıdır. Və ən
maraqlısı da budur
ki, şəcərə
davamçıları təkcə öz əcdadlarının
və ulu babalarının
soyadlarını deyil, həm də
onların həyat tərzini, fəaliyyət sahələrini,
sənətkarlıq və yaradıcılıq ənənələrini
davam etdirməyə üstünlük
verirlər.
Özünəməxsus
özəllikləri ilə seçilən belə məhəllələrdən
biri də Zakir kişinin yaşadığı Salahlılar məhəlləsidir.
Təkcə Dəhnədə yox, bölgədə
və ölkədə adı böyük
ehtiramla çəkilən Zakir kişi və onun nəsil davamçılarının
timsalında bu daha
aydın görünür.
Hələ 70-ci illərdə
SSRİ mədəniyyət Nazirliyinin rəhbərliyi
altında Şəki Xan Sarayının bərpası üçün
diqqətlə seçilmiş bərpaçılardan
biri də elə Zakir
kişi olmuşdu. 200
yaşlı unikal bir
abidənin bərpa işlərini icra edən
adam isə sadə bir
bərpaçı deyil, bu
sənəti, bu nadir
memarlıq abidəsini sevən və onun
sirlərinə yaxşı bələd olan
mahir bir sənətkar
ola bilərdi. Zakir kişinin bu məharəti
onu dülgərlik səviyyəsindən
xalqın və hətta dövlətin də qəbul etdiyi sənətkar səviyyəsinə
yüksəltmişdi. Amma Zakir
kişinin istedadı bununla
da məhdudlaşmırdı. O təkcə
tətbiqi sənətin və tarixi
memarlığın sənətkarı deyildi.
Yüzlərlə, minlərlə Dəhnəlinin qəlbində
Zakir kişi
özünə daha çox
musiqi sənətkarı kimi
yer tutub. Bir zamanlar heç bir xüsusi dəvət olmadan bütün sakinlərin
üzünə açıq olan kənd
həyətlərində, səhərdən başlayıb
getdikcə şiddətlənən nağara-zurna
səsi istisnasız olaraq bütün
kənd əhlini “dədə-baba” toylarımıza
çağırardı. Bir
neçə gün davam
edəcək toyların əsas qəhrəmanları isə tarixin dərinliklərindən süzülüb
gələn bu möhtəşəm musiqini böyük həvəslə
səsləndirən kənd musiqiçiləri idi. Zakir kişi
bu musiqiçilər dəstəsinin heç vaxt dəyişməyən,
öz işini böyük zövqlə görən və həmyerliləri
tərəfindən sevilən daimi üzvü idi. Kənd əhlinin
həvəslə və xüsusi bir şövqlə rəqs etdikləri zurna havaları - Tərəkəmə, Uzundərə,
Şəki Yallısı toyların ən möhtəşəm
musiqi nömrələri hesab
olunurdu. Toya tamaşa edənlərin ən böyük
əyləncəsi isə hər dəyişən musiqiyə
uyğun olaraq
zurnaçıların və nağaraçıların
üzlərində anbaan dəyişən
mimikalarını izləmək idi. Belə anlarda Zakir
kişinin sanki musiqinin onun içindən
süzülüb gəldiyini göstərən
üz cizgiləri və əl hərəkətlərii
onun musiqiyə böyük
sevgisini, ifa edərkən
sanki xəyallarında ulu
babalarına qovuşmasını ifadə edirdi.
Bu səhnəyə tamaşa
edənlər musiqiyə müqəddəs sevginin
təzahürünü məmnuniyyətlə seyr
edirdilər. Zakir kişinin
musiqi sevgisi sözün əsl mənasında müqəddəs
bir sevgi oldu. On uşaqlı böyük bir ailənin hər bir
üzvünə sirayət etmiş bu sevgi onların da qəlbində, həyatında özünə
yer tapdı və bu gün onlar da Zakir kişinin
bu müqəddəs duyğularını
yaşamaqda və bu böyük sənəti yaşatmaqdadırlar.
Rəhimə, Gültəkin, Gülyaz,
Gülyanaq hələ məktəb illərində
məktəb bədii özfəaliyyət kollektivinin
daimi üzvləri idilər. İstər
məktəbdə, istərsə də kənd klubunda düzənlənən konsertlərdə
bu qızcığazlar artıq az qala böyük
sənətkarlar kimi
qarşılanırdı. Bu uğurlar onların adını Şəkidə
də tanıtmışdı. Şəhər mədəniyyət
şöbəsi özünün təşkil
etdiyi ən mötəbər konsertlərdə
Məmmədova bacılarının çıxış etməsini
istəyər və onları tez-tez Şəkiyə
dəvət edərdilər. Ona görə də bir gün ölkənin ən
böyük salonunda -
bu gün Heydər
Əliyevin adını daşıyan möhtəşəm Sarayda Məmmədovların ailə
ansamblı çıxış edəndə bu
Dəhnədə heç kimi
təəccübləndirmədi. Əksinə, hələ
hamının evində televizorun
olmadığı bir zamanda
Dəhnəlilər bu konserti izləmək üçün
bir-birinin evlərinə toplaşar,
konsertə tamaşa edər və öz həmyerliləri ilə ürəkdən
öyünərdilər. Kənd yollarında Zakir
kişi və Sevdayə xala
ilə rastlaşan hər bir
şəxs qızların istedadına heyran
olduqlarını bildirər, onlara daha böyük uğurlar arzulayardılar.
Bütün bunlardan sonra Zakir kişinin
qızlarının - Rəhimə, Gülyaz
və Gülyanağın bir-birinin
ardınca Asəf Zeynallı adına musiqi
məktəbinə və hamısının da
məhz muğam şöbəsinə daxil olması gözlənilən bir hal idi.
Özləri bir-birindən nə qədər fərqli olsalar
da, hamısının eyni
məktəbdə eyni ixtisası
seçməsi də təsadüfi deyildi.
Kifayət qədər ciddi
baxışlı, səssiz-səmirsiz Rəhimə, olduqca şıltaq, amma dərin
düşüncəli və zarafatcıl Gülyaz,
ərköyün və səs-küylü Gülyanaq
bacılarını bir amala
doğru istiqamətləndirən,
onları məhz musiqi sənətkarlığına
sövq edən çox
güman ki, atalarının klassik xalq musiqisini onlara sevdirə bilməsinin nəticəsi idi. Sonradan Rəhimə
ailə həyatı qurması ilə əlaqədar bu yolu davam
etdirməsə də, Gülyaz və Gülyanaq bacıları bu
sənətə ömürlük
bağlanmağı, bu sənəti həyatlarının
mənasına çevirməyi bacardılar. Hamının
arzuladığı və gözlədiyi kimi,
uğurlar özünü
çox gözlətmədi. Məmmədova
bacıları tezliklə təkcə Dəhnəlilərin və
Şəkililərin deyil, bütün
ölkənin heyranlıqla izlədiyi böyük
sənətkarlar kimi tanındılar. Böyük
fədakarlıqla xalq musiqisinin
bütün incəliklərini öyrənən
bacılar az sonra bu qədim xalq sənətinin
ecazkar gözəlliklərini ölkənin
ən böyük səhnələrindən
bütün xalqa təqdim
etməyə başladılar. Hələ
məktəbdə oxuyarkən digər şagirdlərdən
seçildikləri kimi, xanəndə kimi də öz həmkarlarından
fərqləndilər. İllər öncə, bir ailənin “Əhsən”
mükafatını, daha sonra
bir kəndin “Afərin”
alqışlarını qazanmış bacılar artıq bütün xalqın ürəyini fəth
etdilər. Bu böyük el
məhəbbətini onlara qazandıran isə
bacıların sadəliyi, əməksevərliyi, sənət
yollarında qarşılarına çıxan əzab-əziyyətlərə
fədakarlıqla qatlaşmağı və nəhayət,
sevib-seçdikləri sənətin mahir
ustadları səviyyəsinə yüksəlmələri oldu. Sənətə aludə olanlar da, bu
sənəti seçib yüksək
peşəkarlığa nail olmağa can atanlar da bunun
nə qədər çətin olduğunu
yaxşı bilirlər. Gülyaz və Gülyanaq
bacılarını şəxsən tanıyanlar, onların həyat
yoluna yaxından bələd olanlar öz
heyranlıqlarını gizlədə bilmirlər. Ölkəmizin
hər bir guşəsində onları böyük məhəbbətlə sadəcə
“bacılar” adlandırırlar. Xalq tərəfindən
onlara verilmiş bu “titul”
öz-özlüyündə dərin bir
məna daşıyır. Milyonlarla
insanın “bacıları” olmaq səadəti,
milyonlarla insan tərəfindən
bacı kimi sevilmək şərəfi heç də hamıya nəsib olan bir şöhrət deyil. Belə böyük xalq məhəbbətinin örnəyini Gülyaz və Gülyanaqdan
başqa hələlik heç
bir sənətçinin taleyində izləyə
bilmirik.
Onlar öz inadından
dönmədilər, hələ uşaqlıq dövründən
könüllərinə hakim kəsilmiş
sənət sevgisinə sadiq qaldılar. Etiraz və qadağalara məhəl
qoymadılar, qarşılarında duran
çətinliklərdən qorxmadılar, dönmədən öz məqsədlərinə doğru can atdılar və
nəhayət, milyonların ehtiramını və sevgisini qazandılar. Təmənnasız ümumxalq məhəbbəti çox
çətin sınaqlardan keçməklə
qazanılır. Bacılar üçün
bu sınaqlar artıq keçilmiş
yoldur. Bu yolu onlar məharətlə,
ləyaqətlə və böyük uğurlarla keçiblər. Gülyaz
özünün iyirmi
ildən artıq səhnə həyatında yorulmadan
çalışıb. Dahi Üzeyir bəyin Leylisini, “Arsın mal
alan”ında Tellini, Zülfüqar
Hacıbəylinin “Aşıq Qərib” operasında Şahsənəmi,
unudulmaz Şəfiqə Axundovanın “Gəlin
qayası”nda Gülbaharı, Ramiz Mustafayevin “Vaqif”, Üzeyir Hacıbəylinin “Koroğlu”,
Vasif Adıgözəlovun “Natavan” operalarında və eləcə də
“Rast” baletində Xanəndə qız obrazlarını böyük
uğurla yaradıb, öz
qəhrəmanlarının obrazını səhnədə öz həyatı kimi
yaşayıb. 20 ilə yaxın pedaqoji fəaliyyətlə
məşğul olan bacıların onlarla tələbələri də artıq musiqi ictimaiyyətinin və xalqın rəğbətini
qazanmışlar. Azərbaycanın bütün bölgələrindəki ən ucqar kəndlərdən tutmuş
ölkənin ən möhtəşəm saraylarına qədər
bütün səhnələri öz istedadları ilə fəth etmiş Gülyaz və Gülyanaq bacıları milli
musiqimizin ən gözəl nümunələrini
dünya paytaxtlarında
- London, Nyu-York, Paris, Frankfurt, Hanover, Berlin, Vena, Strasburq, Stokholm, Oslo səhnələrində
məharətlə səsləndiriblər. Vilnus,
Kiyev, Minsk, Kişinyov, İstanbul, Ankara, Daşkənt, Almaatı, Aşqabad, Tbilisi şəhərləri
Məmmədova bacılarını ayaq
üstə alqışlayıblar. Gülyaz
və Gülyanaq bacılarının Moskva, Sankt- Peterburq, Ekaterinburq,
Sıktıvkar şəhərlərində dəfələrlə
baş tutan konsertləri
hər dəfə anşlaqla
müşayiət olunub. Buenos-Ayres,
Braziliya kimi ölkəmizdən
çox-çox uzaqlarda
yerləşən şəhərlərin musiqisevərləri
Gülyaz və Gülyanaq
bacılarının istedadına heyran
qaldıqlarını məmnuniyyətlə söyləyiblər.
Dünyanın dörd bir tərəfində milli
mənsubiyyətindən asılı olmayaraq
bütün tamaşaçıların qəlblərini
riqqətə gətirən ecazkar muğam incilərimizi sevə-sevə təqdim
edən Məmmədova bacıları sözün
əsl mənasında Azərbaycanın musiqi
mənəniyyətinin elçiləridir. Daşıdıqları bu böyük və şərəfli
missiyanı milli musiqimizə məhəbbətlə
və ləyaqətlə həyata keçirən Gülyaz və Gülyanaq
bacıları hələ uzun illər
tamaşaçıları heyrətləndirməyi, bu məhəbbəti gənc nəslə - öz tələbələrinə
aşılamağı yorulmadan davam etdirəcəklər. Bacıların
bu nəcib işə sərf etdikləri
gərgin əmək onların milli mədəniyyətimizə
verdiyi əvəzsiz töhfə olmaqla yanaşı, həm də onların həyat
tərzi, həyat amalıdır. Əminəm ki,
bu yolda onları hələ
çox uğurlar
gözləyir. Bu günlərdə
isə ölkə Prezidentinin Fərmanı
ilə Gülyaz və Gülyanaq
Məmmədova bacılarına Azərbaycan
Respublikasının xalq artisti
fəxri adı verildi. Bütün xalqın sevimli bacılarına - musiqi
mədəniyyətimizin tədrisi və təbliği yolunda fədakarlıqla çalışan Azərbaycan
Respublikasının xalq artistləri Gülyaza və Gülyanağa
ən möhtəşəm sənət uğurları və
səadət arzuları ilə,
Cavanşir Feyziyev,
Fəlsəfə doktoru,
Milli Məclisin deputatı
İki
sahil.- 2014.- 25 dekabr.- S.17.