YENİ ƏSRİN LİDERİ
Prezident
İlham Əliyevin daxili və xarici siyasətinin
başlıca məqsədi Azərbaycanı müasirləşdirmək,
dünyanın inkişaf etmiş ölkələri
sırasında görmək, beynəlxalq aləmdə
nüfuz və söz sahibinə çevirməkdir
Tarixi nailiyyətimiz olan dövlət müstəqilliyimizin
bərpasından 23 ildən artıq vaxt keçib. Möhtərəm
Prezidentimiz İlham Əliyevin Milli Mətbuat Günü
münasibətilə jurnalistlər üçün inşa
olunmuş binanın mənzillərinin paylanması mərasimində
söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik:
“Müstəqilliklə bağlı olan
mövzulara daha da geniş yer verilməlidir. Müstəqilliyin üstünlükləri nədən
ibarətdir. Düzdür, bu mövzularla
bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək
olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir.
Çünki bu mövzu daim gündəlikdə
olmalıdır. Müstəqilliyin
üstünlükləri, müstəqilliyin əlamətləri
və gələcək həyatımızla bağlı
fikirlər, mülahizələr, fikir mübadiləsi
çox vacibdir. Çünki bir daha demək
istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi
ondan ibarətdir ki, biz müstəqil dövlətdə
yaşayırıq. Bizdən əvvəlki
nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil,
azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı
kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik
və müstəqilliyi hər şeydən üstün
tutmalıyıq. Müstəqillik, dediyim
kimi, sadəcə olaraq dövlət atributları deyildir.
Müstəqillik müstəqil həyatdır,
müstəqil siyasətdir, dövlətin və milli
maraqların qorunmasıdır.” Azərbaycanın
dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi
dahi şəxsiyyət Heydər Əliyevin adı ilə
bağlıdır. 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdan ulu öndər
Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə
Azərbaycanı həmin dövrün bəlalarından,
çətinliklərindən xilas etdi, müstəqilliyinin
daimiliyini, sarsılmazlığını şərtləndirən
bütün amillərin mövcudluğuna səy göstərdi,
bir sözlə, dünya xəritəsində bir müstəqil
dövlət olaraq varlığını təsdiqlədi. Məhz bu gün Azərbaycan möhkəm təməl
üzərində biri-birindən əhəmiyyətli
uğurlara imza atır, yeni-yeni hədəfləri gerçəkləşdirməklə
inkişaf etmiş ölkələr sırasında
addımlamaq istəyini ortaya qoyur.
2003-cü ildən sonrakı dövrün
Böyük Yolun davamı kimi dəyərləndirilməsi də
səbəbsiz deyil. Möhtərəm Prezidentimiz İlham
Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində
bu inamı böyük qətiyyətlə ifadə
etmişdir: “Azərbaycan gələcəkdə çox zəngin
və qüdrətli ölkəyə çevriləcəkdir.
Neft strategiyasını davam etdirərək,
qısa müddət ərzində ölkəmizi hərtərəfli
inkişaf etdirəcəyik.” Bu fikirlərin
davamı olaraq o da qeyd edilmişdir ki, bizdə bütün
imkanlar vardır - Təbii sərvətlər, insan
potensialı, ən önəmlisi, xalqın iradəsi. Biz hamımız birləşərək və bir
nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli
dövlətə çevirəcəyik.
2003-cü ildə səsləndirilən
proqram xarakterli bu fikirlər növbəti illərdə
görüləcək işlərə işıq saldı. Cənab
İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində
“Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin”
sualını belə cavablandırmışdır: “Həm
asan, həm də çətin. Asan o mənadı
ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli
inkişaf etdirmək üçün gözəl zəmin
yaranıbdır. On bir il ərzində
Heydər Əliyevin siyasəti Azərbaycanda çox
güclü bir təməl qoyubdur. Bu təməlin
üzərində gözəl binanın inşa edilməsi
asan görünə bilər. Amma eyni
zamanda, həyat yerində durmur. Yeni tələblər
çıxır, qarşımıza yeni vəzifələr
çıxır. Əlbəttə, yəqin
çətinliklər də olacaqdır. Amma
mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir
hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim.
Mən məsuliyyətə də, çətinliklərə
də hazıram. Əminəm ki, Azərbaycan
xalqının dəstəyi ilə qarşıda duran
bütün vəzifələri ləyaqətlə yerinə
yetirəcəyəm. Demişəm, Azərbaycan
xalqı görəcək ki, mən Azərbaycan
üçün, xalqımız üçün yaxşı
Prezident olacağam.”
Möhtərəm İlham Əliyev
Prezidentliyinin ilk dövründə (2003-2008) gördüyü
işlərlə bir daha hər vədinin arxasında konkret əməli
işin dayandığını nümayiş etdirdi. Qeyd olunan müsahibəsində də bu fikri bəyan
etmişdir ki, hər şey iqtisadiyyat üzərində
qurulub. Ölkənin iqtisadiyyatı möhkəm olarsa,
bütün məslələri həll etmək
mümkündür: “Hesab edirəm ki,
iqtisadiyyatımızın növbəti mərhələsi məhz
özəl sektorun daha fəal iştirakından asılı
olmalıdır və bu istiqamətdə bizim üzərimizə
düşən vəzifələri yerinə yetirməyə
hazırıq.”
Möhtərəm İlham Əliyev qarşıya
qoyduğu məqsədə yüksək səviyyədə
nail olmaq üçün regionların malik olduğu
potensialdan səmərəli istifadə məqsədilə
regional inkişaf Proqramının qəbulunu zəruri bildi.
Xatırlasaq, həmin proqramda 2004-2008-ci illər ərzində
600 min yeni iş yerinin açılması qarşıya mühüm
vəzifə kimi qoyulmuşdu. Artıq sənədin
icrası başa çatdıqda bu rəqəm 700 mindən
çox idi. Bu onu göstərdi ki, məqsəd
uğurlara nail olmaq üçün stimulverici amildir. Möhtərəm Prezidentimiz İlham Əliyevin
jurnalistlərə ilk müsahibəsində də
vurğuladığı kimi, zaman dəyişir,
qarşıya yeni-yeni tələblər qoyulur. Məhz bu tələblər yeniləşməni,
modernləşməni daha da aktuallaşdırır. Birinci proqramın uğurlu icrası ikinci sənədin
qəbulunu zərurətə çevirdi. Artıq
cari ildən üçüncü Dövlət
Proqramının icrasına başlanılıb. Regional
inkişaf proqramlarının icrası nəticəsində
hazırda yeni iş yerlərinin sayı bir milyon 300 mindən
çoxdur. Bunların 900 mini daimi iş yeridir. Son on ildə
iqtisadiyyat 3,4 dəfə, sənaye
istehsalı 2,7 dəfə, kənd təsərrüfatı
1,5 dəfə artıb. Yoxsulluq 49 faizdən 5,3
faizə enib. İşsizlik 5 faiz təşkil
edir. Ölkəmizə 160 milyard dollar
investisiya cəlb olunub. Təkcə cari
ilin ötən dövründə iqtisadiyyata 19 milyard dollar sərmayə
qoyulub ki, bunun da 11 milyard dolları daxili sərmayədir.
Müqayisə üçün qeyd edək ki,
2003-cü ildə ölkə iqtisadiyyatına yatırılan
sərmayələrin həcmi 15 milyard dollar təşkil
edirdi. Dövlət başçısı İlham
Əliyev bu faktı çıxışlarında daim diqqətə
çatdırır: “Heç kəsə sirr deyil ki, sərmayələr,
xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə
qoyulur. Çünki hər bir sərmayədar o qədər
də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan
sərmayə qoyuluşu üçün çox münasib
ölkədir. Azərbaycanda hökm
sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin
cəlb olunması istiqamətində böyük addımlar
atmağa imkan veribdir.”
Göründüyü kimi, Azərbaycan
sabitlik diyarına çevrilib, ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft stregiyasının
uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində
dayanır. Azərbaycanın etibarlı tərəfdaş
kimi qəbul olunmasında da iqtisadi uğurlar, sabitlik diyarı
kimi nüfuz qazanması, eyni zamanda demokratik inkişafı həlledici
rol oynayır. Ulu öndər Heydər Əliyev bildirirdi
ki, sabitlik, iqtisadi tərəqqi, ictimai-siyasi əmin-amanlıq
olmasa, təbii ki, demokratiyanın ömrü uzun ola bilməz. Son on bir ildə bu
siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurlu davamı Azərbaycanın demokratiya təcrübəsinin
digər ölkələrə nümunə göstərilməsi
ilə təsdiqlənir. Möhtərəm
Prezidentimiz İlham Əliyev bildirir ki, iqtisadi və siyasi
islahatların vəhdətliyi Azərbaycanın hərtərəfli
inkişafı üçün əsasdır. İstər
insan hüquqlarının qorunması, istər azad mətbuatın
inkişafı, istər seçkilərdə vətəndaşlara
sərbəst seçim hüququnun verilməsi, istər
çoxpartiyalı sistemin yaradılması, istərsə də
seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi
istiqamətində atılan addımlara diqqət yetirsək,
bir məqsəd, amal özünü təsdiqləyir ki,
atılan bu addımlar möhtərəm Prezidentimiz İlham
Əliyevin vurğuladığı kimi, hansısa dövlətə,
təşkilata xoş gəlmək deyil, Azərbaycanın
uğurlu gələcəyi üçündür. Beynəlxalq əməkdaşlıq fonunda qəbul
olunan qanunlara edilən əlavə və dəyişikliklər,
yeni qanunların qəbul olunması Azərbaycanın bu
gününə və gələcəyinə xidmət
göstərir.
Dünyaya inteqrasiya siyasətini həyata
keçirən Azərbaycan beynəlxalq əməkdaşlığa
bütün sahələrdə önəm verir. Məhz ulu
öndər Heydər Əliyevin qətiyyəti sayəsində
1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə beynəlxalq əməkdaşlığa
açılan yol bu gün uğurla davam edir. Cari ilin 20
sentyabrında “Əsrin müqaviləsi”nin
20 illiyində “Cənub” qaz dəhlizinin təməlinin
qoyulması da bunun bariz nümunəsi, eyni zamanda 20 ildə
görülən işlərin zirvəsi kimi dəyərləndirildi.
Vaxtilə çoxlarına əfsanə kimi
görünən BTC və BTƏ neft-qaz kəmərlərinin
istifadəyə verilməsi Azərbaycan dövlətinin qətiyyətini,
iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan bu gün təşəbbüsləri
gerçəkliyə çevirən ölkə kimi nüfuz
qazanıb və beynəlxalq münasibətlər sistemində
yeri və rolunu möhkəmləndirib.
Təbii ki, Azərbaycanın
uğurlarından bəhs edərkən ulu öndər Heydər
Əliyevin uzaqgörənliklə yaratdığı Dövlət
Neft Fondunun fəaliyyətini xüsusi qeyd etməliyik. Möhtərəm
Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən
andiçmə mərasimində bu inamı da ifadə
etmişdir: “Gələcəkdə Azərbaycan öz iqtisadi
potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni
neft yataqları kəşf olunandan sonra, BTC neft kəməri
istismara veriləndən sonra, əlbəttə, ölkəmizin
imkanları daha da artacaqdır. Hər il Azərbaycana
milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə
Azərbaycanda bütün sahələrdə quruculuq işləri
aparılacaq, sosial problemlərin həlli istiqamətində
böyük işlər görüləcəkdir.” 2003-cü ildə aktivlərinin həcmi 800 milyon
dollar olan Dövlət Neft Fondunda bu gün toplanan vəsaitlərin
həcmi 36 milyard dollardan çoxdur. Dövlət
siyasətinin prioritetlərini müəyyənləşdirən
Fondun vəsaitləri hesabına reallaşdırılan
sosial-iqtisadi layihələr Azərbaycanın hərtərəfli
inkişafına xidmət edir.
Güclü sosial siyasətlə tamamlanan
iqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması
Azərbaycanı dünyaya sosial dövlət kimi təqdim
edir. Vətəndaş amilinin dövlət siyasətinin
önündə saxlanılması ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli
tədbirlərdə, həmçinin beynəlxalq
qurumların hesabatlarında təqdir olunur. Möhtərəm
Prezidentimiz İlham Əliyev bildirir ki, həyata keçirilən
uğurlu sosial-iqtisadi islahatlar bir məqsədə xidmət
edir- Ölkənin hərtərəfli inkişafı təmin
edilsin, insanlar daha rahat və yüksək rifah şəraitində
yaşasın. Bir əsas məqamı da qeyd etməliyik
ki, 2009-cu ildə keçirilən referendumda Konstitusiyaya edilən
əlavə və dəyişikliklər arasında “Dövlətin
ali məqsədi” maddəsinə edilən əlavə bir daha
dövlətin siyasətində insan amilinə verilən
önəmi təsdiqlədi. Həmin əlavəyə əsasən
dövlətin ali məqsədi insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu
gün Azərbaycanın ev sahibliyi etdiyi
beynəlxalq əhəmiyyətli tədbirlərdə də
insan amilinə verdiyi önəm xüsusi qeyd edilir, Azərbaycan
təcrübəsinin öyrənilməsinin gərəkliyi
vurğulanır.
Azərbaycanın davamlı
uğurlarına daim öz töhfələrini verən ulu
öndər Heydər Əliyevin yaradıcısı, Prezident
İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan
Partiyasının da fəaliyyət istiqamətlərindən
biri insan amilinə dəyərdən qaynaqlanan mühüm əhəmiyyətli
layihələrdir. Məhz həyata
keçirdiyi siyasətin əsasında dövlətə,
xalqa xidməti əsas tutmasının nəticəsidir ki, bu
gün Yeni Azərbaycan Partiyasının sıralarında 640
mindən artıq üzv birləşib. Bütün
fəaliyyəti dövründə ölkənin davamlı
inkişafı, əhalinin sosial rifahının daha da
yaxşılaşdırılması başlıca məqsəd
olub. Məhz bu səbəbdən 2011-ci ildə Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi
və sosial çağırışlar” mövzusunda beynəlxalq
konfrans mahiyyəti baxımından geniş təhlil olunmaqla
yanaşı, partiyanın məqsəd və məramına,
ölkədə və beynəlxalq aləmdə nüfuzuna
işıq saldı. Konfransda əsas diqqət
günün əsas problemi olan yoxsulluqla mübarizəyə
yönəldilərək bildirildi ki, Azərbaycanın bu sahədə
təcrübəsi digər ölkələrə nümunədir.
Bu fikir daha çox səsləndirildi ki, kasıb yox,
yaxşı idarə olunmayan ölkələr var.
Bildirilmişdir ki, Azərbaycan dövlətinin
düşünülmüş siyasəti sayəsində Azərbaycan
qarşılaşdığı çətinliklərdən
uğurla çıxır, hər sahədə əldə
etdiyi nəticələr diqqət çəkən olmaqla bərabər
növbəti uğurlara yol açır. Beynəlxalq maliyyə
qurumlarının hesabatlarında bu rəqəmlər hər
zaman açıqlanır, bu fonda
qarşıdakı il üçün proqnozlar verilir. Azərbaycan üçün verilən proqnozlar hər
zaman özünü doğruldur. Asiya
İnkişaf Bankının ölkəmizlə bağlı
proqnozunu xatırladaq. Qurumun Azərbaycandakı
daimi nümayəndəliyi bildirir ki, Azərbaycan
iqtisadiyyatı son illər ərzində sürətlə
inkişaf edir. 2020-ci ildə Azərbaycanda
ÜDM-nin həcminin 130 milyard dollara çatacağı
gözlənilir. Ölkə infrastrukturunun
inkişafına yatırılan investisiyanın həcmi isə
40 milyard dollara bərabər olacaq.
Ölkə iqtisadiyyatının aynası
dövlət büdcəsidir. Son on
bir ildə dövlət büdcəmizin 20 dəfədən
çox artması uğurlu sosial-iqtisadi islahatlara əsaslanır.
Möhtərəm Prezidentimiz İlham Əliyev
bildirir ki, qarşıdakı ilin büdcəsi əvvəlki
ildən daim kəmiyyət və keyfiyyət baxımından
üstün olmalıdır. Təhlillər
fonunda dövlət büdcəmizin ildən-ilə
artdığının şahidi oluruq. Artıq
cari ilin dövlət büdcəsi də təsdiqlənib.
Gələn ilin dövlət büdcəsinin gəlirləri
19 milyard manat, xərcləri isə 21 milyard manat nəzərdə
tutulub. Azərbaycan dövlət büdcəsi
ilə də Cənubi Qafqaz regionunda ən güclü
iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Qeyd edək ki, ölkəmiz region
iqtisadiyyatının 85 faizinə sahibdir.
Ölkəmizin iqtisadi və siyasi
mövqeyini möhkəmləndirməsi ən mühüm
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən
dövlətlərin və təşkilatların
sayının artması Prezident İlham Əliyevin qətiyyət
və səyinin nəticəsidir. Diplomatik
mübarizədə qələbə qazanan ölkəmizin
münaqişənin həllində hərb siyasətini
seçdiyi təqdirdə də qələbəsi şəksizdir.
Bu gün tam əminliklə deyə bilərik
ki, Azərbaycanın çox güclü, qüdrətli, beynəlxalq
standartlara cavab verən ordusu var.
Azərbaycan hər sahədə
uğurları ilə dünyanın diqqətindədir. Möhtərəm
Prezidentimiz İlham Əliyev bildirir: “Bizim siyasətimiz,
addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin
əməkdaşlıq üzərində qurulması bizə
böyük dostlar düşərgəsi qazandıra
bilmişdir.” Azərbaycanın 2011-ci ildə 155
ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi də beynəlxalq
dəstəyin yüksək səviyyədə olduğunun
göstəricisidir. Beynəlxalq Humanitar Forumlar
üçün ideal məkan seçilən Azərbaycan
ötən il Ümumdünya İqtisadi
Forumuna ev sahibliyi etdi. Forumdakı
çıxışlarda bu fikir xüsusi qeyd olundu ki, tədbirin
Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən
həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində əldə
olunan uğurlara dəyərin təzahürüdür.
Azərbaycan 2012-ci ildə “Eurovision-2012” mahnı
müsabiqəsinə ev sahibliyi etməklə belə bir həqiqəti
də təsdiqlədi ki, hər bir dövləti dünyada
tanıdan siyasəti ilə yanaşı mədəniyyəti,
elmi potensialıdır. Bu gün böyük
inam hissi ilə qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq
aləmdə yeri və rolunu möhkəmlədirməklə
yanaşı, öz milli mənəvi dəyərlərini, tarixini,
mədəniyyətini və incəsənətini yüksək
səviyyədə qoruyan və təbliğ edən ölkələr
sırasındadır. Müxtəlif mədəniyyətlərin
və sivilizasiyaların qovuşuğunda yerləşən
ölkəmiz eyni zamanda dünyada idman ölkəsi kimi də
tanınır. Avropa Olimpiya Komitəsinin 2015-ci
ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda
keçirilməsi ilə bağlı qərarı da buna bariz
nümunədir. Prezident İlham Əliyev bu münasibətlə
Azərbaycan xalqına təbrikində bildirmişdir: “Bizim
uğurlarımız həm beynəlxalq yarışlarda əldə
etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda,
Bakıda yaradılmış müasir idman infrastrukturu da
uğurlarımızı tamamlayır. Buna Azərbaycanda
və Bakıda keçirilmiş dünya, Avropa
çempionatlarını əlavə etsək, görərik
ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə
inkişaf edir.” Azərbaycanın ev
sahibliyi etdiyi tədbirlərin hər biri mahiyyəti və
ölkəmizlə bağlı həqiqətlərin
dünyaya təqdimatı baxımından xüsusi əhəmiyyət
kəsb edir.
Qeyd etdiklərimiz Azərbaycanın son on
ildə əldə etdiyi uğurlara qısa
baxışdır. Təbii ki,
uğurlarımızın miqyası o qədər genişdir
ki, onları bir yazıda əhatə etmək
qeyri-mümkündür. Ümumiləşdirilmiş
fikir budur ki, uğurların davamlılığının təmin
olunması dövlətin siyasətində prioritet məsələdir.
Azərbaycanın 20 illik müstəqillik tarixində
qazandığı uğurların fonunda qarşıdakı
on ilin prioritetlərini müəyyənləşdirən
dövlət başçısı İlham Əliyevin sərəncamı
ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası bu məqsədə
xidmət edir. Azərbaycanı yaxın zamanlarda
inkişaf etmiş ölkələr sırasında görmək,
yüksək gəlirli ölkəyə çevirmək
başlıca hədəfdir. Ümumi
daxili məhsulun qarşıdakı on ildə daha 2 dəfə
artırılması da əsas məqsəd kimi qarşıya
qoyulur. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası davamlı inkişaf
çağırışları üçün yol xəritəsi
kimi dəyərləndirilir. Dünya
Bankının təmsilçiləri bildirmişdir ki, Azərbaycanda
2020-ci ilədək ÜDM-nin iki dəfə
artırılması böyük
çağırışdır. Bunu etmək
üçün ölkə kifayət qədər
güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan
bu yolda ciddi uğur qazanacaq. Azərbaycan bütün
dünyaya nümunə ola biləcək
yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Ölkəmizin iqtisadi inkişaf dinamikası əvvəlcə
resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin
nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə
malikdir.
Uğurlarımız bu gerçəkliyi
təsdiqləyir ki, Prezident İlham Əliyevin daxili və
xarici siyasətinin başlıca məqsədi Azərbaycanı
müasirləşdirmək, dünyanın inkişaf etmiş
ölkələri ilə bir səviyyəyə yüksəltmək,
beynəlxalq aləmdə nüfuz və söz sahibinə
çevirməkdir. Dünya dövlətlərinin,
təşkilatlarının rəhbərləri Azərbaycanın
siyasi səhnəsində Prezident İlham Əliyevə
alternativ görmür. Azərbaycana,
Prezident İlham Əliyevə bu inamı qazandıran əsas
amil düzgün qurulan siyasət və bu siyasətə
xalqın dəstəyidir. Xalqın
inamının böyük olduğu ölkədə Prezidentə
milyonların sevgisi şəksizdir. Möhtərəm
İlham Əliyevin 2008 və 2013-cü illərdə
keçirilən prezident seçkilərində təkrar qələbəsi
bunun təsdiqidir. 2013-cü ildə keçirilən
andiçmə mərasimində möhtərəm Prezidentimiz
İlham Əliyevin söylədiyi bu fikirlər gələcək
barədə aydın təsəvvür yaradır: “Bizim siyasətimiz
müstəqilliyin möhkəmləndirilməsinə istiqamətləndirilibdir.
Bu gün Azərbaycan müstəqil dünya
miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə
olmalıdır. Biz qüdrətli Azərbaycan
dövləti qururuq və əminəm ki, quracağıq.”
Azərbaycanın uğurlarının bələdçisi
olan, cənab İlham Əliyevin rəhbərliyi altında
inkişaf edib, sıralarını kəmiyyət və keyfiyyət
baxımından möhkəmləndirən Yeni Azərbaycan
Partiyası bu inkişafa, tərəqqiyə dəstək
olmaq üçün ciddi səylər göstərir. Bu gün əsas şüarı “Rifah və quruculuq
naminə” olan Yeni Azərbaycan Partiyasının ölkəmizdə
keçirilən bütün seçki proseslərində qələbəsini
təmin edən də Azərbaycanın uğurlarıdır.
Ölkəmizi qarşıdakı illərdə
daha da möhtəşəm uğurlar gözləyir.
Redaksiyadan:
Möhtərəm
Prezidentimiz!
Ümummilli lider Heydər Əliyevin şah əsəri
olan müstəqil Azərbaycan bu gün Sizin
rəhbərliyiniz ilə sürətli inkişaf
dövrünü yaşayır. Ölkəmiz
son 11 ildə ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər
sahələrdə böyük uğurlara imza atıb,
inkişaf tendensiyasını müvəffəqiyyətlə
davam etdirib. Sizin həyata keçirdiyiniz
uğurlu daxili və xarici siyasət nəticəsində
insanların rifah halı daha da yaxşılaşıb, Azərbaycan
beynəlxalq birliyin ən fəal üzvlərindən birinə
çevrilib. Bu gün ölkəmizin hər bir vətəndaşı
gündəlik həyatında Sizin qayğınızı hiss
edir. Xalqımızın Sizə olan inam və
etimadı böyükdür. Əminik ki,
Azərbaycan hələ bundan sonra uzun illər Sizin rəhbərliyiniz
ilə daha böyük uğurlara imza atacaq, milli dəyərlərinə,
dövlətçilik ənənələrinə daim sadiq
qalaraq gələcəyə doğru inamla irəliləyəcək.
Möhtərəm
Prezidentimiz!
“İki sahil” qəzetinin kollektivi olaraq
Sizi doğum gününüz münasibətilə ürəkdən
təbrik edir, Azərbaycanımızın daha da qüdrətlənməsi,
çiçəklənməsi naminə daim möhtəşəm
uğurlar, uzun ömür və möhkəm
cansağlığı arzu edirik.
Vüqar
Rəhimzadə,
YAP Siyasi
Şurasının üzvü,
“İki
sahil” qəzetinin baş redaktoru,
Əməkdar
jurnalist
İki
sahil.- 2014.- 24 dekabr.- S.8-10.