Həyat və fəaliyyəti
gənclərə
örnək neftçi
qadın
Firuzə Rüstəmzadə — 100
Bu gün Azərbaycan
dünyada qədim neft ölkəsi kimi tanınır. Təbii
ki, bu imicin formalaşmasında ölkəmizin neft-qaz
ehtiyatlarına malik olması faktoru ilə yanaşı, digər
mühüm amillər də böyük rol oynayır.
Dünya neft sənayesinə mühüm töhfələr
verən Azərbaycan iqtisadiyyatın bu sahəsində bir
çox ilklərə imza atıb. Belə ki, hələ XIX əsrdə
dünyada ilk dəfə neft sənaye üsulu ilə məhz
ölkəmizdə çıxarılmağa başlanıb.
Bundan sonra neftin boru kəmərləri, tankerlərlə
daşınması sahəsində də ilk addımları Azərbaycan
atıb. 1949-cu ildə dünya praktikasında ilk dəfə
açıq dənizdə-Neft Daşlarında hasilata
başlanması da ölkəmizin adına yazılmış
tarixi müvəffəqiyyətdir. Sözsüz ki, əldə
olunan uğurlarda mərd, qorxmaz neftçilərimizin
böyük rolu var.
XX əsrdə Azərbaycanda
neft hasilatının ən çox olduğu dövrlərdən
biri Böyük Vətən müharibəsi illərinə təsadüf
edir. Bu da əbəs deyil. Çünki o vaxt müharibənin
əsas iştirakçılarından biri olan SSRİ-nin yanacaq
tələbatı məhz Azərbaycan nefti hesabına ödənilirdi.
Bu mənada SSRİ-nin alman faşizmi üzərində qələbə
qazanmasında Azərbaycan “qara qızılı”nın və
neftçilərinin böyük rolu var. Bu il 100 illik yubileyi
tamam olan Firuzə Əbdül-Əziz qızı Rüstəmzadə
də belə neftçilərdən biri olub. Onun keçdiyi
zəngin və şərəfli həyat yoluna nəzər
saldıqda bu həqiqətin şahidi oluruq.
Firuzə
Əbdül-Əziz qızı Rüstəmzadə 1914-cü
ildə Şamaxı şəhərində, tacir ailəsində
anadan olub. 1921-ci ildə Bakı şəhərində yerləşən
33 saylı orta məktəbdə təhsil almağa
başlayıb. 1930-cu ildə orta təhsilini başa vuraraq elə
həmin ildə də M.Əzizbəyov adına Azərbaycan
Neft-Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) daxil olub. 1936-cı ildə həmin institutu
müvəffəqiyyətlə bitirərək, neft emalı
üzrə kimyaçı-texnoloq mühəndisi ixtisasına
yiyələnib. Artıq təhsil müddətində tələbələr
arasında ilk azərbaycanlı olmaqla, dözüm və iradə
göstərməklə Firuzə xanım tezliklə rusdilli
mühitə uyğunlaşıb. O vaxtkı gənc azərbaycanlı
qızların əksəriyyəti kimi Firuzə Rüstəmzadə
də müsəlman ənənələri ilə idarə
olunan mühafizəkar ailədə tərbiyə
almışdı. O, orta məktəbdə Azərbaycan dilindən
ali məktəbdə rus dilinə keçidlə bağlı
maneələri dəf edib, öz mühitinə aid stereotipləri
qıraraq müharibəqabağı çətin dövrlərdə
gənc mütəxəssis kimi sənaye məsələlərinin
həllinə fəal qoşulub.
Sovet dönəmində
çoxları, o cümlədən qadınlar təhsilə
və respublika üçün prioritet sahələrdən
olan neft sənayesində işləməyə hazır
deyildilər. Firuzə xanım o vaxtkı yeni nəslə
örnək olan Azərbaycanın qəhrəman
qadınlarından biri kimi respublikanın ilk qadın
neftçilərindən olub. İnstitutu bitirdikdən sonra o,
1936-cı ildə sənaye sahəsində-Budyonnı adına
Neftayırma Zavodunda layihəçi-mühəndis vəzifəsində
işə başlayıb. Şəxsi, işgüzar keyfiyyətlərinə
və hədsiz dərədəcə məsuliyyətliliyinə
görə xidməti pillələrdə tez yüksəlib.
İslam
qanunlarının hökm sürdüyü, kifayət qədər
zəngin ailədən olan qızdan xüsusi coşqu və fədakarlıq
gözləmək çətin idi. Lakin 1938-1940-cı illərdə
o artıq qurğu rəisi, 1940-1946-cı illərdə sex rəisi,
“Azərqaz” Trestinin 1 saylı Qazolin Zavodunda böyük və
baş mühəndis, 1946-1948-ci illərdə “Azneftzavod”
Birliyində baş mühəndis işləyib və 1957-ci
ilə kimi respublikanın neft sənayesində
çalışıb.
Firuzə Rüstəmzadə
Kommunist Partiyasının üzvü, partiyann Mərkəzi
Komitəsinin gələcək nomenklatur işçisi kimi
İkinci Dünya müharibəsi illərində müdafiə
əhəmiyyətli obyektlərdə rəhbər vəzifələrdə
çalışıb, müharibədən sonra da
respublikanın neft sənayesində işləməklə
xalq təsərrüfatı planlarının yerinə yetirilməsində,
ölkənin ictimai həyatında fəal iştirak edib.
Ağır müharibə illərində neft sənayesinin rəhbər
işçisi kimi yetişib və müharibənin sonuna kimi
SSRİ-nin əsas hərbi ehtiyacını böyük həcmdə
yanacaqla təmin edən respublikanın mühüm obyektlərindən
birinin baş mühəndisi işləyib.
Fədakar, yorulmaz
Firuzə xanım səmərəli əmək fəaliyyətinə
görə, SSRİ Ali Soveti Rəyasət Heyətininin fərmanı
ilə yüksək hökumət təltifi olan Lenin ordeni
(1944) ilə, “Qafqazın müdafiəsinə görə”
(1944), “Əməkdə fədakarlığa görə”
(1946) medalları və s. medal və nişanlarla təltif
edilib. O, 1957-1969-cu illərdə Azərbaycan Nazirlər
Sovetinin Dövlət Plan Komitəsində böyük, sonra isə
aparıcı mühəndis vəzifələrində işləyib.
1969-cu ildə təqaüdə çıxdıqdan sonra da o,
10 il müddətində öz kollektivi ilə fəal əlaqə
saxlayaraq Dövlət Plan Komitəsində vaxtaşırı
çalışıb.
Bu gün Firuzə
Rüstəmzadəni tanıyanlar onunla bağlı xoş
sözlər söylənir, maraqlı xatirələri yada
salırlar. Firuzə xanımın övladı Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və
Mərkəzi Nəbatət Bağının direktoru,
AMEA-nın müxbir üzvü Validə Rüstəmzadə
bizimlə söhbətində bildirir ki, təvazökar və
qayğıkeş insan kimi o, Dövlət Plan Komitəsinin əməkdaşları
arasında layiqli nüfuzuna görə bu aparatın partiya
qeydiyyatında olub, uzunmüddətli və qüsursuz işinə
görə minnətdarlıq qazanıb. Firuzə xanım
1975-ci ildə “1941-ci-1945-ci illərdəki Böyük Vətən
Müharibəsinin 30 illiyinə görə” medalı ilə təltif
olunub.
Validə Rüstəmzadə
qeyd edir ki, Firuzə xanımın xarakterində gənclik illərindən
formalaşmış cəsarətli xüsusiyyətlər həyatının
növbəti mərhələsində də əsas olub. Həyat
yoldaşını erkən itirən, əziyyət və məhrumiyyətlərdən
keçsə də o, heç vaxt öz prinsiplərini,
qüsursuz dürüstlüyünü dəyişməyib,
heç bir halda həyatdan şikayət etməyib. Firuzə
xanım bütün həyatını işinə, ailəsinə
və öz timsalında tərbiyə etdiyi uşaqlarına həsr
etmiş gözəl insan nümunəsidir.
Qeyd etdiyimiz kimi, bu il
Firuzə Rüstəmzadənin 100 illik yubileyi tamam olur.
Əslində onun keçdiyi şərəfli ömür
yolu gənclərə örnəkdir, onlar üçün həyat
məktəbidir. İnsan üçün ən önəmli
şey öz kökünə, milli dəyərlərinə
bağlı olmaqdır. Firuzə xanım da həmişə
bu prinsipləri rəhbər tutaraq öz yolunda qətiyyətlə
addımlayıb. Bu mənada həyat və fəaliyyətini xalqına,
dövlətinə həsr edən belə insanlar heç vaxt
yaddaşlardan silinməyəcək, hər zaman ürəklərdə
yaşayacaq. Elə Firuzə Rüstəmzadə tək...
Nail Rəhimzadə
İki sahil.- 2014.- 27 dekabr.- S.21.