Milli birliyin və milli
özünüdərkin bayramı
Hər bir xalqın, millətin taleyi onun milli mənlik
şüurunun xarakterindən, milli mənəvi dəyərlərinin
sabitliyi və dayanıqlığından xeyli dərəcədə
asılıdır. Bu baxımdan, Azərbaycan xalqı tarix
boyu çox məhrumiyyətlər, keşməkeşli
yollardan keçsə də, zaman- zaman siyasi müstəqilliyini
itirsə də mənəvi bütövlüyünü,
özünəməxsus mentalitetini qoruyub saxlaya bilib. Milli
özünüdərkin, milli azadlığın
qazanılması və qorunub saxlanması baxımından XX əsrin
son onillikləri xalqımızın tarixində müstəsna
yerə malikdir.
Ötən əsrin 80-ci illərinin
sonlarından başlayan milli azadlıq hərəkatı təkcə
keçmiş Sovet Azərbaycanında yaşayan azərbaycanlıların
deyil, müxtəlif səbəblərdən müxtəlif
ölkələrdə məskunlaşmış azərbaycanlıların
da milli oyanışına, milli birliyinin yaranmasına təkan
verdi. Bu baxımdan, artıq rəsmi olaraq 21-ci ilini qeyd
etdiyimiz Dünya azərbaycanlılarının Həmrəylik
günü müstəsna tarixi əhəmiyyət
daşıyır.
1989-cu ilin soyuq dekabr
günlərində Naxçıvanda o zamankı
Sovet- İran sərhədlərinin
sökülməsi ilə başlayan proses, sonrakı dövrdə ümummilli
lider Heydər Əliyevin bilavasitə təşəbbüsü
və təşkilatçılığı ilə bütün Dünyada yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini
özündə ehtiva edən tarixi bayrama çevrildi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Heydər Əliyevin təklifi ilə 31 dekabr həmrəylik günü
kimi qəbul edildi. Bu bayramın dövlət səviyyəsində
keçirilməsi də ümummilli liderin adı ilə bağlıdır. Beləki, ulu öndər Heydər
Əliyev xalqın tələbi ilə Azərbaycanın rəhbərliyinə
gəlişinin elə ilk ilində- 1993- cü ilin dekabr
ayında 31 dekabrın bütün Dünya Azərbaycanlılarının Həmrəylik
gününün rəsmi bayram
kimi qeyd olunması barədə
fərman imzaladı.
Əlbəttə,
milli həmrəyliyin yaradılması
naminə görülən işlər bununla
yekunlaşmadı. Mühüm tarixi hadisə kimi 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin
nümayişinin ən yüksək zirvələrindən
biri oldu. Ümummilli lider Heydər
Əliyevin 2001-ci il mayın 23-də
imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın və
həmvətənlilərimizin müstəqil Azərbaycan
Respublikası ilə əlaqələrinin daha
da möhkəmləndirilməsi, dünya azərbaycanlıları
arasında birliyin, həmrəyliyin təmin
olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət
və birliklərinin fəaliyyətinin gücləndirilməsi
və əlaqələndirilməsi üçün
şərait yaratdı. Bu qurultayın
keçirilməsi milli idealların, azərbaycançılıq
ideyalarının gerçəkləşməsi yolunda mühüm
addım idi. Qurultay həm
də müstəqil Azərbaycanın və eləcə də
bütün dünya
azərbaycanlılarının həyatında tarixi
ictimai-siyasi hadisə kimi
yadda qaldı.
Qurultayda ən yaddaqalan məqam
isə ümummilli lider
Heydər Əliyevin proqram xarakterli
çıxışı oldu. Qurultayın tarixi əhəmiyyətini
xüsusi vurğulayan
ümummilli lider deyirdi: “Əmin ola bilərsiniz
ki, müstəqil bir
dövlət kimi Azərbaycan on ildir ayaq
üstə möhkəm durubdur. Ötən
dövrdə biz Azərbaycanın müstəqilliyini
inkişaf etdirmişik
və bu gün bəyan
edirəm ki, Azərbaycanın
müstəqilliyi əbədidir, dönməzdir və daimidir. Əziz dostlar,
müstəqil Azərbaycan həmişə sizin
dayaq yeriniz olacaq, pənah gətirdiyiniz yer
olacaqdır və təbiidir ki, Azərbaycanda
biz də sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə
arxalanırıq, sizi
özümüzə dayaq hesab
edirik. Müstəqil Azərbaycan dövləti
gənc olduğu kimi,
Azərbaycanın həmrəyliyi də, dünya
azərbaycanlılarının birliyi də,
müxtəlif ölkələrdəki Azərbaycan
icmaları da gəncdirlər. Ancaq indi biz
yeni bir mərhələ
keçmişik. Biz
formalaşırıq, müstəqilliyimiz möhkəmlənir,
xarici ölkələrdə yaşayan azərbaycanlılar daha
sürətlə təşkilatlanır və bizim
hamımız birlikdə azərbaycançılığı
yaşadacağıq, daimi edəcəyik,
əbədi edəcəyik.”
Ulu öndər Heydər Əliyev bütün
fəaliyyəti boyu dünya
azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi,
Azərbaycan dövləti ilə dünya
azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi,
Azərbaycan dilinin və milli-mənəvi
dəyərlərimizin
qorunub saxlanılması, inkişaf
etdirilməsi ilə bağlı boyük
işlərə imza atdı. İndi, heç
şübhəsiz ki, milli
həmrəylik bayramımızdan danışarkən bu Böyük Azərbaycanlının
hörmətlə xatırlanmaması mümkün
deyil.
Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq
ideyaları bu gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin
başçısı dünya azərbaycanlılarının
həmrəyliyinə verdiyi töhfələrlə,
ölkə hüdudlarından kənarda yaşayan
soydaşlarımızda milli ruhun yüksəldilməsinə
çalışmaqla, bu sahədə məqsədyönlü
fəaliyyətin ideoloji-siyasi
konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən
addımları ilə bütün dünya azərbaycanlılarının dərin
rəğbətini qazanmışdır. Prezident İlham
Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı
ilə 2006-cı il martın 16-da Bakı
şəhərində Dünya Azərbaycanlılarının
II qurultayının keçirilməsi diaspor
quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə
yeni təkan verməklə ötən illərin
əlamətdar hadisələrindən biri
kimi yadda qalmışdır.
Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş milli dövlət quruculuğu
ənənələri bu gün
də uğurla davam etdirilir. Müasir qüdrətli
Azərbaycan dövləti bütün Dünyada yaşayan azərbaycanlıların
həm qürur yeri, həm
də etibarlı dayağı, güclü
istinad məkanına çevrilmişdir.
Taleh Turqut
İki sahil.- 2014.- 31 dekabr.- S.8.