NAXÇIVANIN MUXTARİYYƏTİ TARİXİ,

İQTİSADİ VƏ SİYASİ FƏXRİMİZDİR

 

Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında özünəməxsus yeri və sözü olan, çox böyük strateji ərazidə yerləşən bölgələrimizdən biri də Naxçıvan Muxtar Respublikasıdır. Hətta keçmiş ittifaq miqyasında belə xarici siyasət üçün mühüm əhəmiyyət daşıyan bölgə kimi Naxçıvan Muxtar Respublikası özünün hərətərfli strateji əhəmiyyəti ilə seçilmişdir.

 

Hazırkı dövrdə də müstəqil Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olmaq etibarı ilə xarici siyasətin tənzimlənməsində, sosial-iqtisadi inkişafın təmin olunmasında, ictimai-siyasi nailiyyətlərin qazanılmasında və s. amillərdə Naxçıvan Muxtar Respublikasının tarixi siyasi mahiyyət və əhəmyyəti daha da artmaqdadır. Belə ki, Naxçıvan Muxtar Respublikası etibarlı və səmimi qonşuluq siyasətinin formalaşması və inkişafına böyük təkan olmaqdadır.

Naxçıvan Muxtar Respublikası ərazicə kiçik torpaq olsa da sanki, İlahi tərəfindən ərmağan olunan böyük bir üstünlüyüvar. Bu üstünlük isə ölkəmizin hərtərəfli inkişafındakı müstəsna rolu ilə seçilməkdədir. Xalqımıza bəxş etdiyi ümummilli lider Heydər Əliyev kimi nəhəng siyasətçi məhz ərazilərin böyüklüyünün təkcə onun həcminə görə deyil, eyni zamanda mənəviyyatının çox böyük ola biləcəyi ilə də bağlılığını dünyaya bəyan və sübut etdi. Göstərdi ki, ən kiçik ərazilər belə bütünlükdə dünyanın nəbzini sağlamlaşdıra bilər, cahanda sülhün təminatçısı olmağı bacarar, aparıcı dövlətlərə nümunə olacaq tədbirlərə imza atar. Məhz ölkəmizin keçmiş SSRİ məkanına daxil olduğu dövrlərdən üzü bəri müasir müstəqillik tarixində də əldə etdiyi hər bir nailiyyətin ulu öndərin uzaqgörən müəllifliyi ilə təmin olunduğu bunlara əyani sübutdur.

Naxçıvan Muxtar Respublikasının ölkəmizin hərtərəfli inkişafındakı rolunu qiymətləndirmək, onun təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi, eyni zamanda da siyasi əhəmiyyətini dəyərləndirmək sözün həqiqi mənasında çox mühüm tarixi addımdır. Bu baxımdan da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsini özündə əks etdirən sərəncam imzalaması bu kiçik əraziyə böyük diqqətin göstərilməsini bir daha təsdiq etdi. Bu bir daha göstərdi ki, artıq Azərbaycanda mükəmməl idarəetmə strategiyasına söykənən mütərəqqi, müdrik bir siyasət yeridilirbu siyasət hər qarış torpağına sahib çıxır, bunu bacarır və mərdliklə qorunmasına xidmət etməkdədir.

Söz vaxtına çəkər... 1992-ci ildə bu fevral ayının beləcə soyuq günlərində məhz erməni qaniçənləri tərəfindən törədilən Xocalı soyqırımında Azərbaycan körpələrinin qəddarcasına və vəhşiliklə dərisini üzərək qətlə yetirilməsini sevinc hissi ilə etiraf edən daşnak Zori Balayan kimi xainlərin hərəkətlərinə qarşı tarixi cavabdır. “Ekspress” qəzeti daha da ehtiyatlı olaq deyə 1998-ci il 5-7 dekabr tarixli nömrəsində bu insanlıqdan kənar şəxsin “Naxçıvan da bizimdir” adlı şər-şamatalarla dolu məqaləsini biz oxuculara təqdim etmişdir. Qəddar Balayan utanıb xəcalət çəkmədən Naxçıvanın guya ermənilərə aid ərazi olduğunu iddia edərək yazır: “Qarabağ hərakatı bizi qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi qaytardı, başlıcası isə bizi Naxçıvan haqqında düşünməyə məcbur etdi. O Naxçıvan ki, onsuz Ermənistanın gələcəyi yoxdur...”

Əslində Naxçıvanın MR-in tarixi Azərbaycan ərazisi olmaq etibarı ilə Ermənistanın gələcəyinin olmamasını düzgün anlayan daşnaq yenə də vəhşiliklə məğrurluğu, təcavüzlə qeyrəti bir birində ayıra bilmir.

Məhz belə bir anda Naxçıvan tarixinə diqqət edilməsi, onun Azərbaycanın tarixi ərazisi olmasının əsaslandırılması baxımından rəsmi tədbirlərin həyata keçirilməsi çox zəruri idi. Bu baxımdan da ölkə başçısının yuxarıda göstərilən sərəncamının çox böyük tarixi əhəmiyyəti vardır. Hələ Naxçıvan MR Ali Məclisi Sədrinin 1998-ci il 27 noyabr, milli liderin isə 1999-cu il 4 fevral tarixində imzaladıqları müvafiq sərəncam və fərmanlarla Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirləri böyük coşğu ilə qeyd edilmişdir. Bu mənada cənab Prezidentin 90 illik yubiley tədbirlərinin keçirilməsi haqqındakı məlum sərəncamı yenə də vətənə və müdrik siyasətə sadiqliyin ən yüksək təzahürü kimi ifadə olunmalıdır. Muxtar Respublikamız da, onun ölkəmizə və xalqımıza bəxş etdiyi qürurlu balası da 90 ildir ki, bu dövlətin qüdrətlənməsinə və daha da inkişafına xidmət etməkdədir.

Naxçıvan Muxtar Respublikası bu günə qədər-yəni 1924-2014-cü illəri əhatə edən 90 illik dövrdə ümumilikdə ölkəmizin tarixi iqtisadi-siyasi həyatında müstəsna rol oynamışdır. Statistik rəqəmlərə diqqət edərkən görürük ki, muxtar respublika təşkil edildiyi ildə burada şəhər əhalisinin sayı 11 min, kənd əhalisinin sayı 79 min nəfər olmaqla, ümumi əhalinin sayı 90 min nəfər (ilin sonuna) olmuşdur. İqtisadiyyatın inkişaf istiqamətlərinin hələ ilk müəyyənləşdirildiyi ildə sənaye məhsulunun həcmi (faktiki qiymətlərlə) 0,1 milyon manat, xam ipək 2 ton, duz 18,5 min ton təşkil etmişdir.

Zaman keçdikcə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən inkişaf yönümlü hadisələr burada yeni mərhələnin də başlanmasına əsaslar yaratmaqda idi. Xüsusən də bütünlükdə ölkəmiz miqyasında (hətta keçmiş SSRİ məkanında inkişaf tempinə görə) ən məhsuldar dövr kimi tarixə həkk olunanmilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin birinci dövrü ilə bağlı olan 1970-ci-1980-ci illərin böyük tərəqqi və yüksəlişini Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf sahələrində görmək mümkündür.

Böyük Heydər Əliyev özünün siyasi fəaliyyətinə aid olan bütün dövrlərdə Naxçıvan Muxtar Respublikasının hərətərfli yüksəlişinə bitməz, tükənməz diqqət göstərmiş, ərazinin çoxşaxəli iqtisadiyyatının formalaşdırılmasını təmin etmişdir. Əraziyə və əhalinin təlabatına uyğun istehsal sahələrinin yaradılması, bununla da iqtisadiyyatın yeni mərhələyə qədəm qoyması məhz 1970-ci və 1980-ci illərin ən mühüm töhvələrindəndir.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində, onun qanunmilli dövlətçilik siyasətindən qidalanmaqla, 90 il ərzində bir əsrə sığmayan inkişaf yolu keçmişdir. Yuxarıda inkişaf istiqamətlərini və tempini ifadə edən göstəricilər həm də ona görə çox əlamətdardır ki, həmin nailiyyətlər elə həmin dövrlərdə hakim olan keçmiş SSRİ-nin zaman-zaman ölkəmizə və onun regionlarına qeyri doğma münasibətləri və məhdud qayğısı şəraitində əldə olunmuşdur. Ona görə də belə mühitdə sadalanan yüksək nailiyyətləri qazana bilmişiksə bunu yalnız ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki, istinad etdiyimiz rəqəmlərlə ifadə olunan uğurlar böyük Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci qızıl illərin nailiyyətləri əsasında mövcud olan yarım əsrə bərabər dövrdə mümkün olmuşdur.

Müasir müstəqilliyin iyirmi üçüncü ilində Naxçıvan Muxtar Respublikası özünü bütün dünyaya daha möhkəm əsaslarla inkişaf edən, tərəqqinin zirvəsinə yüksələn, iqtisadiyyatın çoxşaxəli, dayanıqlı, müqavimətli inkişafının təmin edilərək milli iqtisadi potensiala birbaşa xidmət edən, uğurlu sosial siyasətin təşəkkül tapması ilə daha da möhkəm dayaqlara söykənən, həm də öz ayaqları üzərində dayanmaqla ölkə iqtisadiyyatına dayaq olmağı bacaran XXI əsrin Naxçıvanı və Muxtar Dövləti kimi təqdim etməkdədir. 1995-ci ildən keçdiyimiz on doqquz ilə yaxın dövrdən üzü bəri müdrik siyasətdən məharətlə bəhrələnərək qətiyyətli, möhkəm iradəli, sağlam, hər bir sakininin təlabat, maraq və mənafelərini ifadə etməyi bacaran bir iqtisadiyyat quran, formalaşdıran Naxçıvan Muxtar Respublikası iqtisadi tarazlığın təşəkkül tapdığı və bununla da hər birimizin sonsuz qürur və iftixarımızla zəngin bir diyara çevrilmişdir. Müasir iqtisadi münasibətlərin, şərait və qanunların özünə kök saldığı muxtar respublikada yeni fəaliyyət mexanizmlərinin inkişafı üçün faydalı mühit yaradılmışdır. Nəticə də isə makroiqtisadi səviyyədə uğur və nailiyyətlər özünün ən geniş əhatə dairəsini formalaşdıra bilmişdir.

Artıq geridə qoyduğumuz 2013-cü ilin makroiqtisadi göstəricilərinə diqqət edərkən görürük ki, həmin ildə muxtar respublikada istehsal olunmuş ümumi daxili məhsulun həcmi 2 milyard 338 milyon 928 min manat təşkil etmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 5423 manat (6911,8 ABŞ dolları) olmuşdur.

Muxtar Respublikada stimullaşdırıcı iqtisadi siyasətin müəyyən edilməsi imkan vermişdir ki, burada ayrı-ayrı sahələrin istehsal əhəmiyyəti daha da artırılsın və milli iqtisadi inkişafda etibarlı dəstəyə çevrilsin. Fikrimizi son illərdə ərazidə ümumi daxili məhsulun strukturunda sənayenin və bu sahədəki məhsulların istehsal həcminin öndə olması da sübut edir. Belə ki, ötən ilin statistik göstəricilərində sənaye sahəsi 862 milyon 870 min manatla ikinci yerdə təşəkkül tapmışdır. Bu inkişaf digər sahələrin geriləməsi ilə deyil, sadəcə olaraq muxtar respublikada sənayenin sturktur bölmələrinin yüksəlməsinə möhkəm diqqətin bariz nəticəsidir. Bu bir daha sübut edir ki, iqtisadiyyat təkcə burada əhalisinə görə çoxluq təşkil edən kənd təsərrüfatına aid olan ərazi məhsullarından ibarət olmayıb, eyni zamanda digər sahələrin də balanslı, əlaqəli, vəhdət halında insanların iqtisadi maraqlarına xidmət edə biləcək səviyyədə inkişaf etdirilməkdədir. Bu isə təbii ki, son nəticədə ölkəmizin milli iqtisadi potensialının daha da artırılmasına münbit imkanlar açmışdır.

Ulu Tanrı bəşəriyyəti yaradarkən həm təbiətə, həm də cəmiyyətə xüsusi gözəllik bəxş etmişdir. Buna görə də təbiəti cəmiyyətin qida mənəyi olsun deyə yaratdı. Cəmiyyətə isə təbiətdən səmərəli yararlanaraq onu daha da gözəlləşdirsin deyə zəka verdi. Muxtar respublikanın son iyirmi ilə yaxın inkişaf tarixinə diqqət edərkən bunu açıq-aydın şəkildə görə bilirik. Hər addımda yaşıllıqların salınması, hər qarış ərazidə yeni könül oxşar müasirtipli obyektlərin tikilməsi, su və nəqliyyat kəmərlərinin istifadəyə verilməsi, bir sözlə, təbiətlə cəmiyyətin vəhdətini təsdiq edən amillərin özünə yer tapması elə qeyd etdiklərimizi birə-bir təsdiq etməkdədir. Ölkəmizin sosial siyasətinin etibarlılığının göstəricisi olan bu tədbirlər muxtar respublikanın böyük tikinti meydançasına çevrilməsi ilə daha da geniş vüsət almışdır. Təsadüfi deyildir ki, ötən ilin sosial-iqtisadi inkişaf xronikasına diqqət edərkən təkcə 2013-cü ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 1 milyard 37 milyon 748 min manat həcmində investisiya qoyulduğu məlum olur. Bütün bunların da yaratdığı əlverişli imkanlar nəticəsində muxtar respublikada 2013-cü ildə 592 müxtəliftəyinatlı obyektlər ya tikilmiş, ya yenidən qurulmuş, yaxud da əsaslı təmir edilmişdir. Təbii ki, əldə olunan uğurlar bunlarla bitmir. Muxtar Respublikanın mövcud gözəlliyinə əlavə gözəllik qatacaq tədbirlər gələcəkdə də davam edəcəkdir. Çünki, hazırda da 157 müxtəliftəyinatlı obyektin inşası və ya əsaslı təmiri davam etməkdədir. Heç şübhəsiz bunların hamısı muxtar respublikada insan amilinin üstün tutulmasını təsdiq edir. İnsanların içməli suya olan təlabatının qarşılanmasına, nəqliyyat infrastrukturundan faydalı yararlanmasına, təhsil səviyyəsinin yüksəldilməsinə və məşğulluq potensialının artırılmasına və digər amillərin inkişafına yönələn xidmət bu qəbildəndir. Yaradılmış sağlam və əlverişli iqtisadi mühit nəticəsində təkcə keçən il 349,7 kilometr uzunluğunda içməli su xətti çəkilmiş, 163,9 kilometr uzunluğunda avtomobil yolları salınmış, 30-a yaxın məktəb binasının yenidənqurma və ya əsaslı təmir işləri həyata keçirilmiş, 1 oktyabr 2003-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək qədər olan müddətdə burada 59369 yeni yeri açılmışdır ki, bunun da 42890-nı daimidir. Qeyd edək ki, təkcə 2013-cü ildə açılan yeni yerlərinin sayı 2260 olmaqla, daimi yerləri isə 2092 təşkil etmişdir. Həyata keçirilən məqsədyönlü, düşünülmüş, uzaq gələcək üçün hesablanmış tədbirlər muxtar respublikamızın böyük inkişaf mənzərəsini yaratmışdır.

 

CAVADXAN QASIMOV,

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun

İqtisadiyyat şöbəsinin müdiri, İqtisad üzrə fəlsəfə doktoru

 

İki sahil.- 2014.- 12 fevral.- S.9.