Azərbaycanda davamlı olaraq
sosial islahatlar həyata keçirilir
Milli Məclisin
Sosial siyasət komitəsinin sədri, YAP Siyasi
Şurasının üzvü Hadi Rəcəblinin
www.yap.org.az saytına müsahibəsi
- Hadi
müəllim, ölkəmizdə ardıcıl olaraq sosial
islahatlar həyata keçirilir. Bu islahatların
yeni mərhələsi haqqında nə deyə bilərsiniz?
- Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən
yaradılmış müasir və modern dövlət modeli Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. İlham Əliyevin 2003-cü
ildən başlanan prezidentlik fəaliyyətilə Azərbaycan
Respublikasının sosial-iqtisadi, siyasi və mədəni
inkişafında yeni nailiyyətlər əldə olundu.
Cənab İlham Əliyevin dövründə əsası
Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi
sosial islahatlar davam etdirilib və daha da dərinləşdirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
əmək münasibətlərinin tənzimlənməsi sahəsində
ciddi tədbirlər hazırlanıb həyata keçirilib.
Onların içərisində minimum aylıq əməkhaqqının
mütəmadi olaraq artırılması qeyd oluna bilər.
Qeyri-məşğul əhalinin işlə təmin
olunması, müasir məşğulluq sisteminin
formalaşdırılması, yeni iş yerlərinin
açılması diqqət mərkəzində olub.
2003-2013-cü illərdə 1 milyon 200 mindən çox yeni
iş yeri açılıb ki, onların da mütləq əksəriyyəti
daimi iş yerləridir. Bu iş yerlərinin böyük hissəsi
də qeyri-neft sektoru və regionlara aiddir.
“Azərbaycan Respublikasının Demoqrafik İnkişaf
Konsepsiyası”nın yerinə yetirilməsi
də uğurla davam etdirilib, ölkədə təbii
artım, o cumlədən əmək qabiliyyətli yaşda
olan əhalinin sayının artması davamlı xarakter
alıb, uşaq ölümü səviyyəsi
aşağı düşüb. Sosial siyasət
sahəsində ən mühüm addımlardan biri sosial
yardım sisteminin dünya təcrübəsinə
uyğunlaşdırılması olub. Belə ki,
2006-cı il iyul ayından ünvanlı
sosial yardım sisteminin tətbiqinə başlanıb. Sığorta-pensiya sisteminin dövlət sosial
yardım sistemindən ayrılması və sosial
pensiyaların müavinətlərlə əvəz edilməsi
də yeniliklərdəndir. Azərbaycan
Respublikasında vahid sığorta-pensiya sistemi
pensiyaçıların sosial müdafiəsini daha da gücləndirib.
Azərbaycan Respublikası Milli Məclisində
sosial siyasət xəttinə uyğun olaraq qanun
yaradıcılığı prosesi də davam etdirilib, “Dərman
vasitələri haqqında”, “Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslərin
sosial adaptasiyası haqqında” qanunlar qəbul edilib. Bununla birgə,
Azərbaycan Respublikasının Əmək və Ailə məcəllələrinə,
“Gənclər siyasəti haqqında”, “Sosial sığorta
haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial
müavinətlər haqqında” və başqa qanunlara dəyişikliklər
və əlavələr olunub.
- Ölkəmizdə
regionların inkişafına xidmət edən iki dövlət
proqramı həyata keçirildi. Sizcə, bu
proqramlar insanların sosial rifahının yüksəlməsinə
nə dərəcədə təsir göstərdi?
- Heydər Əliyev siyasi kursunun bir
bölümü də Azərbaycanın regionları ilə
bağlıdır. Prezidentimiz cənab İlham
Əliyevin 2003-cü ildəki seçki öncəsi təbliğat
kampaniyasını məhz rayonlardan, kəndlərdən
başlaması da təsadüfi deyildi. O zaman kənd əhalisinin
sosial sifarişləri, Prezidentimiz tərəfindən siyasi
texnologiyalarda sınaqdan çıxmış “maraqların
aqreqasiyası” metodu ilə dəqiq müəyyənləşdirilmişdi.
İlk beş ilə 600 min iş
yerinin yaradılması ideyası dəqiq əsaslandırmalarla,
real perspektivlər nəzərə alınmaqla ortaya
çıxarılmışdı. Seçkiqabağı
platformada daha çox əmək tutumlu müəssisələrin
açılmasına, xüsusən aqrar bölmədə
işlərin canlandırılmasına diqqət yetirmək nəzərdə
tutulurdu.
Hörmətli Prezidentimizin Dövlət
başçısı kimi fəaliyyətə
başladığı elə birinci aylarda “Regionların
sosial-iqtisadi inkişafı” Dövlət Proqramı qəbul
edildi. Bölgələrin hər
birində özünəxas coğrafi, iqlim, əmək şəraiti,
istehsalat ənənələri, təbii ehtiyatlar və digər
məziyyətlər nəzərə alınmaqla görüləcək
işlərin proqramı təsdiq olundu.
Azərbaycan kəndi bundan sonra arxada qalan
XX əsrin 70-ci illərinin intibah dövrünün dirçələn
həyatını, elə bil, yenidən daha yüksək
keyfiyyətlə yaşamağa başladı. Bu proqramın həyata keçirilməsi ilə
bağlı onlarca normativ hüquqi akt qəbul olundu.
İcra strukturları daha dəqiq və konkret iş
planları müəyyənləşdirdilər, maliyyə
orqanları və kredit təşkilatları kəndə vəsait
ayrılmasına üstünlük verdilər.
“Yeniləşən Azərbaycana yeni məktəb”
Proqramı ilə hazırda bölgələrdə çox
müasir, kompüterlərlə təchiz edilən ümumtəhsil
tədris ocaqları tikilib istifadəyə verildi.
Regionlarda yüksək tələblərə
cavab verən idman qurğuları, olimpiya kompleksləri
ucaldılıb, müasir tibbi avadanlıqlarla təchiz
olunmuş diaqnostika mərkəzləri inşa edilərək
əhalinin istifadəsinə verilib. Bölgələrdə
quraşdırılan modul elektrik stansiyaları, ən ucqar
dağ rayonlarına belə yeni asfalt örtüklü
yolların çəkilməsi regionlarda əhalinin
rifahının daha da yaxşılaşdırılmasına
xidmət edir.
Rayondaxili və kəndarası yolların
çəkilməsi və təmiri burada yaşayanları
doğma yurdlarına daha möhkəm bağlayır. Statistik məlumatlara görə son illərdə
miqrasiyanın şəhərə axın tendensiyası
azalıb. Sevindirici haldır ki, ölkə
Prezidenti müəyyənləşdirdiyi proqramların həyata
keçirilməsinə bilavasitə özü nəzarət
edir, ən ucqar rayonlarda belə dəfələrlə olur, kənd
əhalisinin qaldırdığı bütün problemlərin
həlli üçün yerindəcə, operativ
tapşırıqlar verir.
Müşahidələrimiz və elmi təhlillər
bir daha onu göstərir ki, Ümummilli liderimiz Heydər
Əliyevin regional siyasəti ölkə daxilində sosial
müdafiənin və sosial təhlükəsizliyin təmin
olunmasında ən vacib şərtlərdən biri kimi
qalmaqdadır. İndi möhtərəm
Prezidentimiz cənab İlham Əliyev həmin siyasəti fəaliyyətinin
baş xətti kimi ardıcıl olaraq daha da təkmilləşdirir.
Müasir Azərbaycan kəndində gedən
inkişaf və yeniləşmə ilə müşahidə
olunan sosial transformasiya proseslərinin bundan sonra da səmərəli
nəticələr verəcəyinə adamlarımız
möhkəm inanırlar. Bu, ondan
irəli gəlir ki, uzaqgörən Heydər Əliyev dövlət
quruculuğu modelinin mayası zaman-zaman dəyişən real
gerçəkliklərə söykənir.
Dünyaya inteqrasiya edən bir dövlətdə
kənd məhz belə bir idarəetmə kursu ilə irəli
gedə və yeni-yeni uğurlar qazana bilər. Bu siyasətin yüksələn xətlə
icrası isə Prezidentimiz İlham Əliyevin
düşünülmüş ideyaları ilə yeni keyfiyyətdə,
daha sürətlə, daha geniş miqyasda, daha cəsarətlə
həyata keçirilməkdədir. Bildiyiniz
kimi 2009-2013-cü illəri əhatə edən dövlət
proqramı da uğurla icra olundu. Artıq
yaxın vaxtlarda regionların inkişafına dair yeni dövlət
proqramının təsdiq olunacağı gözlənilir.
İnanırıq ki, bu proqram da bölgələrimizin
daha yüksək səviyyədə inkişafına öz
töhfəsini verəcək.
- Hadi
müəllim, ölkəmizdə həyata keçirilən
sosial siyasət daha hansı yenilikləri özündə əks
etdirməkdədir?
- Azərbaycan Prezidenti bəyan
edib ki, Azərbaycan artıq özünün sosial-iqtisadi
inkişafının yeni mərhələsinə qədəm
qoyub. Belə ki, ölkəmiz iqtisadiyyatda
keçid dövrünü başa vurdu, yoxsulluğun həddi
49 faizdən 6 faizə qədər azaldı, işsizliyin səviyyəsi
30 faizdən 5 faizə qədər azaldı. Azərbaycanın
ÜDM-si 3 dəfə, dövlət büdcəsi 10 dəfə
artıb. Azərbaycan BMT TŞ-ya üzv
oldu, kosmos dövlətləri sırasına qoşuldu. Cənab Prezidentin söylədiyi kimi artıq yeni mərhələ
başlayır. Bu yeni mərhələ Azərbaycanda
sosial dövlətin quruculuğu mərhələsidir. Sosial dövlət dünyanın inkişaf etmiş
dövlətlərindəki həyat şəraitini təmin
edəcək bir dövlətdir. Sosial
dövlət Azərbaycan əhalisinin sosial rifahının
indikindən ən azı iki-üç dəfə
yaxşılaşmasını təmin edən dövlətdir.
Sosial dövlət əhalinin təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə
inkişafı öz üzərinə götürən və
həyata keçirən dövlətdir. Bu
yöndə də artıq cənab Prezidentin real
addımları özünü göstərməkdədir.
Bildiyiniz kimi ötən ilin sentyabr ayında
büdcədən maliyyələşən təşkilatlarda
çalışanların əməkhaqları
artırıldı. Eləcə də,
2014-cü ilin dövlət büdcəsində də
artımlar nəzərdə tutulur. Belə
ki, büdcənin 30 faizə qədəri sosial xərclərə
sərf olunacaq. Eyni zamanda, “Dövlət
sosial müavinətləri haqqında” qanuna əlavə və
dəyişikliklər edildi. Bu dəyişikliyə
əsasən 5-dən çox uşağı olan ailələrə
sosial müavinət veriləcək. Yəni
demoqrafik üstünlüyümüzü davam etdirməkdən
ötrü bu siyasətdə də dövlət dəstəyinin
artırılması qarşıya məqsəd qoyulub və
hökumət tərəfindən çoxuşaqlı ailələrə
dövlət yardımı konsepsiyası işlənib
hazırlanıb.
Qeyd etdiyim kimi yaxın vaxtlarda Azərbaycanın
bütün regionlarının sosial-iqtisadi inkişafı ilə
bağlı yeni proqram qəbul olunacaq. Bu, Azərbaycan vətəndaşlarının
rifahının bütün bölgələrdə
yaxşılaşmasına gətirib çıxaracaq. Eləcə də, ölkəmizdə icbari tibbi
sığortanın tətbiq olunması da gündəlikdə
olan məsələdir. Bundan əlavə,
bütün sahələr üzrə yüksək
ixtisaslı kadrların hazırlanması prosesi də gedir.
Əhalinin bütün kateqoriyalarının həyat
səviyyəsinin yüksəldilməsi ilə bağlı
kompleks tədbirlər görülür.
İnanırıq ki, Azərbaycanda yaxın beş
ildə sosial rifah dövləti qurulacaq və bu baxımdan MDB
məkanında ilk ölkə olacaq.
- Sosial
sahənin vacib istiqamətlərindən biri də pensiya
islahatlarıdır. Bu islahatlar nə kimi nəticələr
verir?
- Ümumiyyətlə, ölkəmizdə davamlı
olaraq sosial islahatlar həyata keçirilir. Bu
işlərin ən geniş miqyaslılarından biri də
pensiya sığorta islahatlarıdır ki, bu da 1 milyon 300 minə
qədər insanın güzəranının daha da
yaxşılaşmasına xidmət edir. Prezidentimiz
İlham Əliyevin müəllifi olduğu sosial müdafiə
modeli artıq onlarla dünya dövləti üçün
örnək olub. Azərbaycanın bu
modeli, bu təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən
maraqla öyrənilir. Sevindirici haldır
ki, bu sahə ilə məşğul olan dövlət
qurumlarında elektron hökumət ideyasının gerçəkləşməsi
istiqamətində ardıcıl addımlar atılıb, məmur-vətəndaş
təması maksimum azaldılıb.
İki
sahil.- 2014.- 12 fevral.- S.8.