Xocalı soyqırımı dünyada tanınır...

 

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.”

Ulu öndər Heydər Əliyev

 

Ötən əsrin ən ağır faciəsi, qəddarlığı, amansızlığı ilə Naqasaki, Xirosima, Xatın soyqırımları ilə bir sırada dayanan Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. Xocalı bir yaradır.

Bu ermənilərin Azərbaycana qarşı törətdiyi faciələrin ən dəhşətlisi, ən ağırı, bütün türk dünyasına qarşı hazırlanan bir soyqırımdır. Dağlıq Qarabağın Azərbaycan icması Xocalını və onun sakinlərini itirməklə doğma torpaqda yeganə dayağından məhrum olmuş, erməni millətçilərinin bir vaxtlar bərəkətli diyarda törətdiyi etnik təmizləmə, faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycan icmasının soyqırımı, Xocalı qətliamı isə bu siyasətin ən müdhiş nöqtəsinə çatmışdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri ilə birlikdə keçmiş sovet ordusunun 366-cı alayının tank heyəti Xocalıya hücum edərək türk dünyasına qarşı düşmən simasını bir daha göstərdi, düşmən siyasətini bir daha həyata keçirdi... Xocalı yerlə -yeksan edildi...heç kimə aman vermədilər, heç kimə ürəkləri yanmadı...

O gecə 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 1000 nəfərdən artıq dinc əhali isə müxtəlif dərəcəli güllə yaraları almışdı. Öldürülənlərin 106 nəfəri qadın, 83 nəfəri uşaq, 70 nəfəri qoca, 76 nəfəri yeniyetmə qız və oğlan, 278 nəfəri isə gənclər olmuşdur. İtkin düşənlərin sayı-hesabı yox idi...

“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən getmək istəmədim. Bunu görən podpolkovnik Seyran Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qızın meyidinin sinəsinə basıb addımlamağa başladım.

Mənim ayaqlarım və şalvarım qan içində idi və beləcə 1200 meyidin üstündən keçdim”. Bu iyrənc, heyvana xas sözlərin müəllifi özlərini məzlum kimi aparıb yalançı soyqırım iddiaları ilə az qala dünyanı barmağına sarıyan bir toplumun cinayəti seyr edib bundan zövq alan yazıçı-jurnalisti David Xerdiyandır.

Fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü tamam olur. Ermənilər uzun illərdir dünyaya car çəkərək qondarma “soyqırım” iddiaları ilə çıxış edir və bu çətir altında dünya ictimaiyyətinin torpaqlarımızın işğalına göz yummasını təmin edirlər. Ancaq zaman göstərdi ki, düşməni sıradan çıxarmağın ən bariz nümunələrindən biri onu öz silahı ilə məhv etməkdir.

1992-ci ilin 26 fevralında ermənilərin törətdiyi Xocalı soyqırımını artıq dünya ölkələri də təsdiq etməyə başlayıb. “Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər gərək heç yerdə təkrar olunmasın” - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2008-ci il mayın 8-də “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürüb. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Artıq neçə illərdir ki, Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın onlarla ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirilir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunur, kitablar nəşr edilir, filmlər çəkilir. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyırlar. ABŞ-ın Vest Virciniya, Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.

Xocalı soyqırımının daha çox dünya dövləti tərəfindən tanınması istiqamətində hansı işlərin görülməsinə ehtiyac var? Bu işdə, dövlətlə yanaşı, xaricdə Azərbaycanı təmsil edən diaspor təşkilatları və adi vətəndaşların üzərinə nə kimi vəzifələr düşür?

Qarabağ qazisi, müharibə əlili Adil Kərimov deyir: “1992-ci ildə Xocalı faciəsi baş verəndə mənim 17 yaşım var idi. Hadisə məni çox sarsıtmışdı. Valideynlərimin narazılığına baxmayaraq yaxın dostlarımla birlikdə GQD (Gənc Qvardiyaçılar Dəstəsi) yaradaraq Qarabağa döyüşlərə qatıldım. 92-ci ilin aprelindən 94-cü ilin avqustunadək döyüşdüm. Aldığım yaralar nəticəsində cəbhə bölgəsini tərk etməli olsam da, o gündən bu günədək heç olmasa Qarabağ döyüşləri, Xocalı həqiqətləri haqqında xatirələrimdən olanların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səylərimi davam etdirirəm. SNS ATV İnternational -ın mənim ssenarim əsasında çəkdiyi Xocalı soyqırımını əks etdirən “Günəşin batdığı yer” filmi ötən il Almaniyanın Sturtgart, Solunberq və Balingen şəhərlərində çox böyük kütlədə insanlara təqdim olundu. Keçirdiyimiz toplantıda 200-dən çox disk paylanıldı. Bu haqda Almaniyada fəaliyyət göstərən “Zaman” qəzetində də məlumat yayımlandı. Bu il isə mənim alman və türk dillərində çap olunan “Xocalı həqiqətləri” kitabım artıq Avropaya yola salınıb. O vaxtlar Qarabağ həqiqətlərini, döyüşləri, Xocalı soyqırımını gözləri ilə görüb, odun-ocağın içindən keçərək cəbhənin ən ağır nöqtələrindən dəhşətli kadrları fotoaparatın yaddaşına həkk edən “General” ləqəbli fotoqrafın arxivindən hələ heç kimin görmədiyi kadrları biz bu kitaba daxil etmişik. Kitab Avropada “Dəyanət işləri Türk İslam Birliyi” və “Dünya Türkdilli Millətlər” təşkilatlarının köməkliyi ilə yayılacaq. Biz çalışırıq ki, dünya bu həqiqətləri bilsin! Dünya erməni vəhşiliyinin, qaniçənliyinin şahidi olsun və Xocalı soyqırımını tanısın!”

 

Fəxriyyə İkramqızı

 

İki sahil.- 2014.- 18 fevral.- S.15.