Yaponiya – bir
səfərin təəssüratları
"Özünə üstün gəlmək və içindəki
dəyərə sığınmaq – həqiqi insanlıq budur. Humanist olmaq və ya olmamaq – bu, yalnız
özümüzdən asılıdır".
Məqaləyə qədim
Çin mütəfəkkiri və konfutsiçiliyin banisi Konfutsinin kəlamları ilə
başlamağım heç də təsadüfi
deyil. Çünki
dindən çox etik-siyasi
cərəyan olan Konfutsi
təlimi də buddizm kimi
Yaponiyaya Çindən daxil
olmuşdur. Yaponiyada konfutsiçilik özünəməxsus ideoloji və əxlaqi təsirə malikdir. Onun etik-siyasi təlimində ən mühüm
anlayış insanpərvərlikdir.
Dünyanın
3-cü iqtisadi nəhəngi olan Yaponiya məni daha çox ekzotik nəzakəti ilə məftun etdi. Səfərim zamanı məni ancaq bir fikir
təqib edirdi: "İlahi,
bu məmləkətə nə qədər
zərif davranış nümunəsi bəxş etmisən".
Söhbət zamanı statusundan və vəzifəsindən
asılı olmayaraq bir-birilərinin
sözlərini təsdiq edərək, az qala ikiqat olaraq
biri-birilərinə təzim etmələri. Bu
təzim prosesi başa
çatdıqdan sonra, biri-birilərindən
gözlərini çəkməyərək, hətta biri digərindən daha tez qamətini düzəltməyindən belə
ehtiyat edirlər. Qaməti
qarşıdakı şəxsdən əvvəl düzəltmək
nəzakətsizlik sayıldığına görə təzim
edənlər bir-birlərini diqqətlə izləyirlər.
Hamının
üzündə təbəssüm... Əgər yapon hər hansı bir problem yaşayırsa və kədərlənirsə,
o, bunu
başqalarına hiss etdirməmək üçün gülümsəyir. O, elə
etməlidir ki, heç
kim onun keçirdiyi həqiqi iztirabları hiss etməsin. Çünki
yapon öz problemi ilə ətrafdakıları narahat etmək istəmir.
Sadəlik... Mən burada sadəlik ilə nəhəngliyin eyni zirvədə olduğunu
dərk etdim. Sanki gözümdə Yaponiya öz sadəliyi ilə
dünyanın ən nəhəngi olduğunu
sübut etmək istəyirdi. Əsasən
MDB ölkələrinin XİN əməkdaşları səviyyəsində
təşkil olunan seminarda
iştirakım zamanı Yaponiyanın Xarici
İşlər Nazirliyində və müxtəlif müəssisə
və texniki mərkəzlərdə
keçirdiyim görüşlər
zamanı mən həqiqi sadəliyin nə demək olduğunu daha
yaxşı anladım. Burada, əgər
insanın özünü təqdim etməsə,
onun bu müəssisə
və ya mərkəzlərdə rəhbər
işçi və ya
adi süpürgəçi olduğunu heç vaxt hiss edə bilməzsən.
Hətta geyindikləri uniformada da zavod müdiri
ilə adi fəhlənin biri-birindən
seçilməsi üçün fərqləndirici
heç bir element belə yox idi.
Yaponiyaya çatdığımda Narita aeroportunda məni
qarşılayan XİN əməkdaşının və bələdçinin
maşında ümumi
tanışlığımızdan sonra mənə
Yaponiya haqqında danışmağa
başladığı ilk cümləsi bu olmuşdur: "Bizim ölkədə hər hansı bir yapon yerdə zibil görərsə onu
evinə aparır". Ona sual
verməsəm də, niyə zibili
küçədəki zibil qablarına deyil, məhz evlərinə aparmaları məndə
böyük maraq doğurdu. Sonra, şəhəri
gəzdiyim zaman bu
sualın cavabını özüm
tapdım. Çünki, bu
şəhərdə yerə zibil
atılmadığına görə küçələrə
zibil qabları da qoyulmur. Səliqə-sahman, təmizliyə təkcə
Yaponiyanın mərkəzi küçələrində deyil, günlərlə insan
ayağı dəyməyən dalanlarında belə riayət
olunurdu. Toz və
palçıqdan əsər-əlamət belə yox idi.
İnsanlar bir-birilərinə böyük
hörmət və səbir nümayiş
etdirərək və növbə qanununa ciddi əməl edərək növbədə
dayanırlar. Sanki bir-birilərini narahat edəcəklərindən ehtiyatlanaraq bir-birilərindən üzr istəyirlər. Budur
mədəniyyətin nümunəsi.
Səfər zamanı
bir hadisənin başıma gəlməsi
bəlkə də mənim bu xalqı daha yaxından tanımağım üçün verilmiş
bir imkan oldu. Surətli qatar vasitəsilə
Hirosimadan Kyotoya gəldikdən
və bir müddət şəhəri gəzdikdən
sonra əl telefonumu qatarda unutduğumu
anladım. Çox pis
olmuşdum. Çünki,
telefonda Hirosimada
çəkdiyim çoxlu fotoşəkillər
var idi. Məlumat üçün hadisəni bələdçiyə
danışdım. O, məni səbirlə dinləyərək,
telefonu tapmağa
çalışacağını deyərək harasa zəng etdi və məlumatı
oraya çatdırdı. Amma
tapılacağına söz vermədi. Çünki söz vermək
yapon xalqı üçün
bir anddır. Əgər söz
verdilərsə öz həyatları
bahasına da başa gəlsə verdiyi
sözə sadiq qalmağı bacaran xalqdır yaponlar. Məlumat
verilən vaxtdan bir saat keçməmiş bələdçimiz
mənə telefonun
tapıldığını dedi. Biz səhəri
gün Tokioya getmək
üçün vağzala
gəldikdə bələdçimiz gedib
müəyyən yerdən telefonu gətirərək
və dəfələrlə məndən üzr
istəyə-istəyə səliqə ilə bəzəkli zərfə
qoyulmuş halda mənə
təqdim etdi. Budur
yaponların qurduğu sistem.
Heç bir yapon başqasının malına göz dikməz, onun
olmadığı bir şeyə həsədliklə
baxmazlar.
Yaponiyaya nəzərdə tutulmuş
müddət ərzində səfərim və gördüklərim
məndə çox dərin və unudulmaz iz
buraxdığı qədər də narahatlıq hissi də yaratdı. Çünki,
bu gün Qərb bütün dünyaya öz mədəniyyətini təlqin edir və az qala bu mədəniyyəti qəbul etməyənləri
cəzalandıracağı ilə hədələyir. Qərbin
dünyada yalnız öz
dəyərləri əsasında yaratdığı model isə fərqli sivilizasiya
daşıyıcıları üçün
qəbuledilməz görünür. Soyuq,
etinasız insani münasibətlər,
xristianlıqdan başqa digər dinlərə
qarşı düşmən mövqe, fərqli
mədəniyyətləri dəyər yox,
dəyərsizlik kimi qəbul edən Qərb
bəşəriyyəti harmoniyaya deyil toqquşmalara
aparır. Halbuki, Şərqdə bir çox təlim və
cərəyanlar ilk növbədə humanist münasibətlər və
qarşılıqlı hörmət üzərində qurulmuşdur. Bu
qarşılıqlı hörmət hələlik Qərbin dominant olduğu münasibətlər
sistemində özünə yer
tapmadığı üçün, dünyada münaqişələrin, qanlı
müharibələrin davam etməsi
ehtimalı da böyüyür.
Qərb bəşəriyyətin nicatını istəyirsə,
başqalarının da dəyərlərini
qəbul etməyi və hörmət etməyi
bacarmalıdır.
Bəlkə,
əsrlər boyu Yaponiya
öz mənəvi dəyərlərini
çirkinliklərdən qorumaq üçün qapılarını dünyaya bağlamışdır... Çünki xalq öz milli ruhunu
və mənəvi dəyərlərini qoruyub
yaşadanda, inkişaf
etdirib gələcək nəsillərə
çatdıranda böyük və qüdrətli olur.
Səadət Rəhimli
İki
sahil.- 2014.- 18 fevral.- S.14.