ƏSRİN SOYQIRIMI

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində soyqırımı cinayəti belə müəyyənləşdirilir: “Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə”.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə məhz Dağlıq Qarabağın yaşayış məntəqəsi Xocalıda məhz belə bir soyqırımı baş vermişdir. Həmin gecə Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları və Sovet ordusunun 366-cı motoatıcı alayının ağır döyüş texnikası və canlı qüvvəsi ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinlərini büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan əsil soyqırımı aktını törətmişlər.

Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca, yalnız, azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və yandırmışlar.

Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi. Lakin çox təəssüflər olsun ki, bu faciənin qarşısının alınması üçün respublikanın həmin dövrdəki rəhbərliyi tərəfindən, nəinki zəruri tədbirlər görülmədi, hələ bu azmış kimi, faciə haqqında düzgün məlumatlar ictimaiyyətə çatdırılmadı, ondan gizlədildi.

Həmin dövrün rəsmi dövlət qəzetlərində çap olunan məlumatlarda Xocalıda cəmi 2 nəfər sakinin həlak olması göstərilirdi (?!).

Haqlı olaraq, ümummilli lider Heydər Əliyev demişdir: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Bəli, həmin vaxtdan artıq 22 il keçir və hamını belə bir haqlı sual düşündürür: Bu faciənin qarşısını almaq mümkün idimi?!

Cavab birmənalıdır: Ölkəmizin ağır günlərində dahi şəxsiyyət Heydər Əliyev respublika rəhbərliyində olsaydı, nəinki Xocalı faciəsinin, hətta bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin, torpaqlarımızın 20 %-nin itirilməsi, bir sözlə, xalqımızın başına zaman-zaman gətirilmiş digər faciələrin də, şübhəsiz ki, qarşısı alınmış olardı.

Xocalı faciəsi kimi, kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.

Çox təəssüflər olsun ki, XX əsrin sonlarında Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, qonşu dövlətə torpaq iddialarını həyata keçirmək üçün işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, Xocalı soyqırımı kimi, dəhşətli cinayətlər törətməsinə dünya birliyi biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün təsirli beynəlxalq tədbirlər görməmişdir. Qəsbkar dövlət olan Ermənistan ətrafında yaradılmış bu cəzasızlıq mühitinin nəticəsidir ki, indiyədək ölkəmizin ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan çox azərbaycanlı yerindən-yurdundan didərgin salınmışdır.

Ümumiyyətlə, Erməni təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20%-i işğal edilərək 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi ələ keçirilmiş və bütün var-dövləti orada qalmışdır. Respublikamıza təxminən 30 milyard ABŞ dollarından artıq məbləğində ziyan dəymişdir.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü il tarixdə hakimiyyətə qayıtdıqdan sonra, ölkə başçısı kimi, bütün xarici səfərlərində dövlət rəsmiləri ilə, iş adamları ilə, ictimaiyyətin nümayəndələri ilə görüşlərində yorulmaq bilmədən xəritə ilə əyani surətdə Qarabağ həqiqətlərini onlara çatdırmış və beynəlxalq aləmdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması, bu ərazinin tarixən Azərbaycan torpaqları olması haqqında obyektiv fikrin formalaşdırılmasına nail olmuşdur.

Ümummilli lider Heydər Əliyev demişdir: “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”.

Biz inanırıq ki, Heydər Əliyev idarəçilik məktəbinin layiqli nümayəndəsi, onun məqsədyönlü, müdrik, uzaqgörən daxili və xarici siyasətinin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız, işğal altında olan torpaqlarımızın sülh yolu ilə və beynəlxalq normalara uyğun azad olunmasına nail olacaqdır. Ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, torpaqlarımızın sülh yolu ilə azad olunması mümkün olmazsa, bu torpaqların müharibə yolu ilə geri qaytarılması xalqımızın ayrılmaz, təbii və konstitusion hüququdur.

Ümummilli lider Heydər Əliyevin imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, sükut dəqiqəsi elan edilməsi qərara alınmışdır.

Respublika ictimaiyyəti əmindir ki, Azərbaycan dövləti mövcud imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.

Bu ağır matəm günü ərəfəsində biz Xocalı soyqırımı qurbanlarının ailə üzvlərinə və yaxınlarına, xalqımıza dərin hüznlə başsağlığı verir və şəhidlərimizə “Allah rəhmət eləsin” deyirik.

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının

baş müəllimi-hüquq üzrə fəlsəfə doktoru

 

İki sahil.- 2014.- 19 fevral.- S.9.