Ağdaş davamlı inkişafdadır

 

2013-cü il Ağdaşda sosial-iqtisadi və mədəni sahələrin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülməsi ilə yadda qaldı

 

2013-cü il ərzində sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri bir daha göstərir ki, Ağdaşda inkişaf və yüksəliş dinamik xarakter daşıyır, bütün sahələri əhatə edir. Bütün bunlar barədə bu günlərdə rayonda ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına nəzər salsaq bunu bir daha aydın görmək olar. Son illər Ağdaş rayonunda xeyli tikinti-quruculuq, abadlıq işləri görülüb.

Həyata keçirilən sosial-iqtisadi layihələr rayonun simasını dəyişdirərək gözəlləşdirib, insanların gün-güzəranı daha da yaxşılaşıb. Hər bir ağdaşlı yaxşı bilir ki, bütün bu nailiyyətlərin arxasında dövlətin, ilk növbədə Prezident İlham Əliyevin yetərli diqqət və qayğısı dayanır. Ağdaşlılar da dövlət dəstəyini böyük şükranlıq və minnətdarlıq duyğuları ilə qarşılamaqla yanaşı, daha əzmkar və işgüzar olmağa çalışırlar. Ağdaşın daha sürətli inkişafı, daha iri hədəfləri hələ qarşıdadır. Yeri gəlmişkən, elə burada bəzi fakt və göstəriciləri bir daha yada salmaq istərdik.

Ötən il ərzində Ağdaş şəhərində yeni inzibati mərkəzin yaradılması istiqamətində görülən tədbirlər - yeni inzibati mərkəzdə Heydər Əliyev Mərkəzinin, “Bayraq” meydanının, rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və Yanğından Mühafizə hissəsi üçün inzibati binaların tikintisi davam etdirilir. Bu işlər rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun rəhbərliyi ilə aparılır. Dövlət başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına rayonun 11 yaşayış məntəqəsini birləşdirən, 20 min nəfərin istifadə etdiyi 34.0 km uzunluğunda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Ləki qəsəbəsində yeni dəmir yolu vağzalının tikintisində son tamamlama işləri görülür.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, il ərzində Ağdaş şəhərinin Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri davam etdirilib. Parkda ana və uşaq otağı, kölgəlik, gənclər kafesi, 5D kinozal, elektron oyunlar, tir atıcılıq mərkəzi, açıq fitness, 200 metr uzunluqda dəmiryolu üzərində qatar, “Şeytan çarxı” və digər attraksionlar qurulub. Parkın ətrafı 900 metr məsafədə hasara alınaraq, əyləncəli rəsmlərlə boyadılıb, işıqlandırma sistemi yenidən qurulub, ümumilikdə 15 minədək gül kolu, 18 minədək dekorativ ağac əkilib, 30 min m2 ərazidə yaşıllıq qazonları salınıb.

2013-cü ildə rayonda 303.7 milyon manatlıq - 2012-ci ildəkindən 20.9 faiz çox ümumi məhsul, 7 milyon 32 min manatlıq - 0.1 faiz çox sənaye məhsulu, 112.5 milyon manatlıq - 2.1 faiz çox kənd təsərrüfatı məhsulu istehsal olunub. Rayonda aparılan tikinti işlərinin həcmi 48.8 milyon manat artaraq 108.7 milyon manat təşkil edib. Son 10 ildə rayonda 20278 yeni iş yeri açılıb ki, bunların da 7420-si daimi iş yerləridir. 2013-cü ildə 844-ü daimi olmaqla 2534 iş yeri açılıb.

Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Rayonda da sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülüb. Belə ki, 2013-cü ilin avqust ayında rayonda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir və kredit yarmarkası keçirilərək 24 sahibkara 333.0 min manat güzəştli kredit verilib. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə rayonun Ərəbocağı kəndi ərazisində 1200 başlıq heyvandarlıq kompleksinin və 80 başlıq atyetişdirmə məntəqəsinin, yeni beton zavodunun, meyvə qurusu istehsalı sahəsinin, “Şirvan-göl” istirahət mərkəzinin tikintisi başa çatıb, həmçinin qarışıq yem zavodunun tikintisi davam edir.

Aqrar sahənin inkişafı ilə bağlı ölkədə davamlı olaraq məqsədyönlü tədbirlərin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, məhsul istehsalının artmasına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olub. Ağdaş rayon İcra Hakimiyyətindən verilən məlumatda o da bildirilir ki, ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində ardıcıl tədbirlər görülüb. Bir faktı da xüsusi vurğulamaq yerinə düşər ki, son zamanlar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələrinin ayrılması barədə rayon İcra Hakimiyyətinə hüquqi və fiziki şəxslər tərəfindən çoxsaylı müraciətlər edilir.

Rayonda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının daha da yaxşılaşdırılması sahəsində işlər davam etdirilib. Elektrik enerjisi ilə təminatı yaxşılaşdırmaq məqsədilə hesabat ili ərzində təmir-bərpa işləri davam etdirilərək 82.4 km uzunluğunda elektrik xətti əsaslı və ya cari təmir olunub. Tikintisinə 2010-cu ildə başlanılmış 220/110 kV-luq 2x125 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasında inşaat işləri davam etdirilmiş və hazırda son tamamlama işləri görülür.

Hesabat dövründə təbii qazla təmin olunan şəhər, qəsəbə və kəndlərdə 43 min 698 poqonometr uzunluğunda müxtəlif ölçülü qaz xətləri yeniləşdirilib, 989 ədəd yeni qaz sayğacı quraşdırılıb və 20 ədəd yeni qaztənzimləyici şkaf qoyulub, 19 min 983 poqonometr uzunluğunda müxtəlif ölçülü qaz xətləri çəkilib. İl ərzində Tofiqi, Əmirmahmud, Qarağan-Saatlı, Güvəkənd, Əmirarx və Bəylik kəndlərinə təbii qaz verilişi bərpa olunub.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilə və mədəniyyətə qayğısı bütün digər bölgələr kimi, Ağdaş rayonunda da geniş nəzərə çarpır. Belə ki, son illər ərzində Heydər Əliyev Fondu tərəfindən rayonun Pirkəkə kəndində 200 yerlik yeni məktəb binasının tikintisi, Maqsud Şeyxzadə adına təbiət, texniki və humanitar fənlər təmayüllü gimnaziyanın binasının əsaslı təmiri, Habil Əliyev adına Musiqi məktəbi üçün yeni binanın inşası və ən müasir avadanlıqlarla təchiz olunması bu qayğının bariz nümunəsidir. Son 10 il ərzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində, eləcə də Heydər Əliyev Fondu tərəfindən rayonda 16 yeni məktəb binası və 7 məktəb üçün əlavə sinif otaqları inşa edilmiş, 7 ümumtəhsil məktəbinin binaları əsaslı təmir olunmuş, bütövlükdə 8 min nəfər şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. 2013-cü ildə rayonda təhsilin səviyyəsinin artırılması sahəsində işlər davam etdirilib. Hesabat dövrü ərzində rayonun Qəribli, Eymur, Cardam və Kotanarx kəndlərində ümumi şagird yeri 1160 nəfər olan 4 tam orta məktəb, Şordəhnə və Qaradağlı kəndlərində 2 ümumi orta məktəb, Qaraoğlan kəndində isə 1 ibtidai məktəb üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Bundan əlavə, 5 kənddə - Birinci Aral, Qarağan-Şıxlar, Qülbəndə, Ərəbşəki və Tofiqi kəndlərində ümumi şagird yeri 880 olan 2 tam və 3 ümumi orta məktəb binasının tikintisinə başlanılıb.

Son dövrlər bütün ölkədə olduğu kimi, Ağdaş rayonunda da məktəbəqədər təhsilin keyfiyyətinin və əhatəliliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi intensiv xarakter alıb. Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi istiqamətində dövlət vəsaiti hesabına 1 saylı körpələr evi-uşaq bağçası üçün 55 yerlik yeni bina tikilib, 11 saylı uşaq bağçasının 75 yerlik binası əsaslı təmir edilib, yerli imkanlar hesabına 9 və 12 saylı körpələr evi-uşaq bağçalarında cari təmir işləri aparılaraq istifadəyə verilib.

2013-cü ildə rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır. “Səhiyyənin gücləndirilməsi” layihəsinə uyğun olaraq, rayonun 13 yaşayış məntəqəsində ambulator poliklinika şəbəkələrinin inşası nəzərdə tutulmuşdur. Bu tədbirlərə uyğun olaraq, hesabat dövrü ərzində Qolqəti, Ərəbocağı və Tofiqi kəndlərində yeni həkim məntəqələrinin tikintisi başa çatıb.

Rayonda gənclərlə işin təşkili sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, əlamətdar tarixi günlər və bayramlar ərəfəsində gənclər siyasəti üzrə 28 tədbir, idman sahəsi üzrə 37 kütləvi tədbir keçirilib.

Əldə edilən bütün uğurlarda Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının da özünəməxsus payı var. İndiyə qədər keçirilən bütün seçkilərdə ümummilli liderimiz Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına etimad göstərən Ağdaş seçiciləri bunu keçirilən bütün seçkilərdə hər dəfə təsdiqləyiblər.

Ölkə Prezidenti İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir. Bu il bütün rayonlarımız, o cümlədən Ağdaş rayonunda ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcək.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2014.- 21 fevral.- S.12.