Xocalı soyqırımı

erməni vəhşiliyinin

və vandalizminin nümunəsi

 

Əsrlər boyu xarici təcavüzlərə məruz qalmış, dəfələrlə yadellilər tərəfindən işğal olunmuş, ancaq bütün bunlara baxmayaraq tarixin bütün sərt sınaqlarından üzüağ çıxmış Azərbaycan və azərbaycanlıların qədim və ulu tarixinin ən qanlı, ən faciəli günlərindən birinin növbəti ildönümü ərəfəsindəyik. Çox qədim dövlətçilik ənənələrinə malik olan, böyük türk dünyasının bir hissəsi olan, öz milli mənini, adət -ənənəsini, dəyərlərini bütün təzyiqlərə, təcavüzlərə baxmayaraq qoruyub saxlamağı bacaran və bu günümüzə kimi gətirib çıxara bilən böyük, ulu millətin, qudrətli bir xalqın tarixinin qanla yazılmış günlərindən biri 26 fevral. 22 il bundan öncə 1992-ci ilin fevral ayının 25-dən 26 na keçən gecə Azərbaycanımızın ən dilbər guşəsi Qarabağımızın bir hissəsi olan Xocalımız və xocalılarımız üçün ən qanlı gecə oldu.

Sumqayıt hadisələrindən, 20 Yanvar faciəsindən başlayan erməni vəhşiliyi Xocalı soyqırımında daha dəhşətli şəkildə davam etdirildi. İmperiya ordusunun tərkibində olan erməni hərbçilərinin, daşnakların XIX- XX əsrdə törətdikləri qətliamlar içərisində amansızlığı ilə seçilən Xocalı faciəsi insanların qanlarını damarlarında donduracaq qədər dəhşətli idi.

Ötən əsrdə törədilən qətliamların ən acınacaqlısı olan Xatın, Sonqmi, Ruanda kimi soyqırımların təkrarı olan Xocalı faciəsindən 22 il keçsə də erməni -rus hərbi birləşmələrinin törətdikləri qırğının yaraları sağalmır. Bir gecədə ermənilərin və sovet ordusunun 366-cı moto-atıcı diviziyasının başıpozuq əsgərlərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi qətlə yetirilən Xocalıda əsil soyqırımı törədildi. Həmin gecə bütov bir şəhər yerlə yeksan edildi. 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın diri-diri-yandırıldı, vəhşicəsinə öldürüldü. 487 sakin əlil oldu, 1257 Xocalı sakini ermənilər tərəfindən əsir alındı, tarixdə misli görünməmiş təhqirlərə, əzab-əziyyətlərə məruz qaldı. Ancaq erməni vəhşiliklərinin qurbanlarını təkcə Xocalı faciəsi ilə hesablasaq tarix bizi qınayar, şəhid olan soydaşlarımızın ruhları sızlayar, rahatlıq tapmaz.

İmperiya tərəfindən bilərəkdən yaradılan Dağlıq Qarabağ münaqişəsində, bütünlükdə ötən əsrdə ermənilərin Azərbaycanda törətdikləri qırğınları, qətlə yetirilən soydaşlarımızı da nəzərə alsaq deyə bilərik ki, daşnaklar tərəfindən öldürülən azərbaycanlıların sayı bütünlükdə Ermənistanın əhalisi qədər, bəlkə də qat-qat artıqdır. 1905-1907, 1918- ci il qətliamlarında çar imperiyasının xeyir-duasını alan ermənilərin 4 milyondan artıq azərbaycanlını amansızcasına qətlə yetirdiyi, ata-baba yurdumuz Qərbi Azərbaycandan bir neçə dəfə təkrarlanan deportasiyalar zamanı əzab- əziyyətlərə, vətən həsrətinə dözməyərək dünyadan köçən insanlar da bu siyahılara daxil edilsə onda ermənilərin törətdikləri soyqırım qurbanlarının sayı deyilənlərdən qat-qat çox olar. Ona görə də təkcə Xocalıda yox, ötən əsrdə öldürülən bütün soydaşlarımız soyqırım qurbanları kimi dünya ictimaiyyətinə tanıdılır.

1992-ci ildə hakimiyyətdə olan səriştəsiz iqtidarın xəyanətləri, mənfur ermənilərin qəddarlığı nəticəsində törədilən qətliam tam mənası ilə açıqlanmadı. Həqiqətin aşkarlanmasına mane olan xainlərin günahı üzündən ağrı- acısı bu gün də qəlbimizi ağrıdan əsil dərdimizi dünya ictimaiyyətinə yetərincə çatdıra bilmədik. O dövrdə tək Xocalıda deyil, bütünlükdə Dağlıq Qarabağda baş verənlər, günahsız yerə öldürülənlər barədə məlumatların yayılmasını özlərinin süqutu kimi dərk edən kreslo hərisləri xalqa düzgün məlumat verməkdən çəkindilər. “Xocalıda cəmi iki nəfər öldürülüb” bəyanatı ilə insanları aldadan Kreml nökərlərinin yaratdıqları maneələr üzündən olub- bitənlər ölkə ictimaiyyətindən belə gizlədildi. Xocalı qırğınının səbəbkarlarının aşkara çıxarılması üçün yaradılan, araşdırmalara başlamamış fəaliyyətinə xitam verilən formal komissiyanın işi donduruldu.

Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra əsil günahkarların adları açıq- aşkar səsləndirildi. Bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırıldı ki, Xocalıda günahsız insanlara qarşı, ermənilərin dəst- xəttinə uyğun soyqırımı törədilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, qırğınları törədənlərin indiyədək cəzalandırılmaması ədalətsizlik və ikili standartların nəticəsidir.

Xocalı qətliamının əsil səbəblərinin beynəlxalq səviyyədə açıqlanmasında, günahkarların aşkarlanmasında milli mənəvi dəyərlərimizi, dövlətçilik maraqlarının qorunmasını ideoloji təbliğatının prioriteti kimi daim diqqətdə saxlayan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, İƏT Gənclər Forumunun rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri böyükdür. Heydər Əliyev Fondu tərəfindən hazırlanan, erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə çatdıran əyani vəsaitlər- kitablar, albomlar, video disklər dünyanın bir çox dövlətlərində Xocalı soyqırımı ilə əlaqədar keçirilən aksiyalarda təbliğat vasitəsi kimi istifadə olunur. Fondun təşəbbüsü və dəstəyi ilə təşkil olunan aksiyalarda Xocalı faciəsini əks etdirən sənədli filmlər, foto-albomlar vasitəsi ilə erməni yalanları ifşa olunur, qırğınların cinayətkar ideoloqları barədə məlumatlar beynəlxalq ictimaiyyətə açıqlanır. Dünya birliyi aydın başa düşür ki, beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşulmayan Ermənistanın əsil niyyəti yeni-yeni qətliamlar törətmək, əcdadlarının vəhşiliklərini ört-basdır etməkdir.

Erməni vəhşiliyinin ifşa olunmasında İƏT Gənclər Forumu İdarə Heyətinin Küveytdə keçirilən VI sessiyasında Forumun mədəniyyətləarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçilən Leyla Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, “ Xocalıya ədalət” kampaniyası dəstəklənərək hər il 26 fevral tarixi İƏT ölkələrində humanitar fəlakətlər qurbanlarının anım günü kimi qeyd olunur.

Bu günlərdə təqdimatı keçirilən “ Leyla Əliyeva: Xocalıya ədalət” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) kitabı təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyinə həsr olunmuş soyqırımla bağlı real faktları əks etdirən dəyərli vasitədir.

“Xocalıya ədalət” kampaniyası islam dövlətləri ilə yanaşı Avropa ölkələrində də keçirilir. Ötən illərdə Böyük Britaniyanın parlamenti qarşısında 613 Xocalı qurbanının adı yazılmış şar göyə buraxıldı. Türkiyənin Taksim meydanında 1 milyondan artıq insanın iştirakı ilə anım mərasimi kçirildi. Moskvada, Berlində, Vyanada, Cakartada, Amsterdamda anım tədbirləri təşkil olundu. TBMM binasında “Qarabağ: suallarfaktlar”, Moskvada Yuri PonomaryovunQarabağ gündəliyi” kitablarının, Amerikanın rep müğənnisi Toni Blekmənin Azərbaycanın “ Dəyirman” qrupunun birgə hazırladıqları “Xocalıya ədalət” rep layihəsinin təqdimatı keçirildi. Müasir dövrdə təbliğat üçün ən səmərəli mexanizmi kimi vebsaytların imkanlarından istifadə edilir, Xocalı qurbanlarının xatirəsi müxtəlif ölkələrdə yad olunur.

 

Könül Əfəndiyeva,

YAP Xətai rayon Qadınlar Şurasının sədr müavini

 

İki sahil.- 2014.- 25 fevral.- S.16.