Açılmayan həqiqətlər,

cavablandırılmayan suallar

 

Sumqayıt hadisələrindən xeyli vaxt keçir. Bu günədək nə sözügedən hadisəyə əsl hüquqi-siyasi qiymət verilib, nə də günahsız cəzalandırılanlar bəraət alıb. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

 

Bu hadisələrə səbəb nə idi? 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları “ Ermənistanı türklərdən təmizləməli”, “ Ermənisatn yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman burda Sumqayıt faciəsinin ssenarisi hazırlanırdı. Həmin o Sumqayıt hadisələrinin... Amma zaman sübut elədi ki, Sumqayıtda, hə, məhz Sumqayıtda o məlum hadisələri törədənlərin başında da elə...erməni dururmuş: Eduard Qriqoryan.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıtda baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Əslində az sonra, Azərbaycan müstəqillik edəndən sonra məlum olmuşdu ki, bu hadisələr SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb.

Sonralar Levon Ter-Petrosyan öz müsahibələrinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü.

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi.

Əslində Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türkünün əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də “ölü zona” adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meyilli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən iğtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü.

Amma... Amma ən maraqlısı odur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini Lila Melkumyan bildirirdi ki, Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı... Hadisələrdə iştirak etmiş bir gənc isə istintaqa bildirirdi: Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, Edik Qriqoryan onu çılpaq vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”. İstintaq materiallarının başqa bir yerində göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır.

Bu cür faktlar çoxdur. Görəsən, bu vəhşiliklərin, zorakılıqların əsl səbəbi nə idi? İnsanlara qarşı misli görünməmiş amansızlıqlar nəyə xidmət edirdi?

Zaman keçdikcə aydın oldu ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini güdmüşdür.

Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı da ağır cəzadan qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə 12 il verildibir neçə ildən sonra azadlığa buraxıldı.

Həmin vaxt keçirilən məhkəmədə dövlət ittihamçısı olan Aslan İsmayılov Qriqoryan üçün ömürlük istəsə də, bu, qəbul olunmayıb və Qriqoryan təşkilatçı kimi cinayəti tamamilə sübuta yetirildiyi halda, 12 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Ardınca isə o cəzasını “çəkmək” üçün Rusiyaya aparıldı. Bundan sonra cinayətkar E.Qriqoryanın taleyinin necə olması bəlli deyil.

 

Fəxriyyə İkramqızı

 

İki sahil.- 2014.- 28 fevral.- S.20.