Milli Ordusu olmayan dövlətlər
Dünyanın
bəzi ölkələri sülhsevər qonşularına
arxalanaraq, yaxud qoşun saxlamağa imkanı
olmadığı üçün Silahlı Qüvvələrə
malik deyil. Adətən hərbi təhlükə zamanı belə
dövlətlər beynəlxalq müqavilələr əsasında
ayrı-ayrı qurumlar və hərbi bloklar tərəfindən
qorunur. Modern.az saytı daimi ordusu olmayan 10 dövlətin
siyahısını təqdim edir.
1. Nauru Respublikası. Sakit okeanın şərqində
eyniadlı adada yerləşən Nauru dövləti 1968-ci ildən
müstəqildir. 10 min nəfər əhalisi olan ada-dövlətinin
sahəsi cəmin 21,3 kv.km-dir. Naurunun öz ordusu yoxdur.
1940-cı ildən bəri əldə olunan razılığa
əsasən, Avstraliya Naurunun təhlükəsizliyini təmin
edir. Ölkə daxilində asayişi isə azsaylı milli
polis qüvvələri həyata keçirir.
2. Lixtenşteyn Knyazlığı. 160 kvadrat
kilometrlik cırtdan ölkə Avropanın mərkəzində
İsveçrə və Avstriya arasında yerləşir.
Lixtenşteynin daimi əhalisi 36 min nəfərdən çox
olsa da, 1868-ci il etibarən silahlı qüvvələrdən
könüllü imtina olunub. Eyni zamanda Lixtenşteynin təhlükəsizliyinə
heç bir dövlət cavabdehlik daşımır. Əvəzində
cırtdan knyazlıqda 120 polis işçisi
çalışır.
3. Marşal Adaları Respublikası. 181 kvadrat
kilometr əraziyə və 53 min nəfər sakinə malik
Marşal Adaları Respublikası da Sakit okeanda yerləşir.
Ölkənin daimi ordusu olmasa da, Müstəqil Assosiasiya
haqqında müqaviləyə əsasən, Amerika Birləşmiş
Ştatları adanın təhlükəsizliyinə təminat
verir. Bundan başqa, ada-dövlət Amerikanın icazəsi
olmadan heç bir 3-ü dövlətlə hərbi əməkdaşlıq
edə və öz ərazisində təlim keçirə
bilməz.
4. Qrenada. 1974-cü ildə Böyük
Britaniya müstəmləkəsindən azad olan Qrenada Karib dənizində
yerləşən kiçik ada dövlətidir. Ərazisi 344
kvadrat kilometr, əhalisi 89 min nəfər olan ölkə
1983-cü ildə Amerika əraziyə qoşun yeridənə
qədər öz ordusuna malik idi. Lakin Amerikanın müdaxiləsindən
sonra ordu buraxıldı. Hazırda Qrenada da daxili asayişi
qoruyan 500 nəfərlik polis dəstəsi olsa da, xarici təcavüzə
qarşı zamin rolunu Amerika oynayır.
5. Andorra.
Fransa və İspaniya
arasında yerləşən Andorra
knyazlığı 468 kvadrat kilometr əraziyə və 76 min
vətəndaşa malik növbəti ordusuz dövlətdir. Cırtdan dövlətin
polis istisna olmaqla heç bir silahlı qüvvəsi yoxdur.
Beynəlxalq razılığa əsasən, ölkə Fransa, İspaniya və
NATO tərəfindən mühafizə olunur.
6. Palau.
Filippin dənizində
yerləşən və 328 adadan ibarət
olan Palau dövlətində
21 min nəfər yaşayır. Öz ordusu olmayan Palau Marşal
Adaları Respublikası kimi Müstəqil
Assosiasiya haqqında müqaviləyə üzvdür və bu əsasda
Amerika tərəfindən qorunur.
7. Samoa.
Sakit okeanın cənubunda yerləşən
Samoa ada-dövləti də orduya malik deyil.
Digər cırtdan dövlətlərdən fərqli
olaraq ərazi və əhali
baxımından daha geniş
olan Samoa bununla belə, könüllü
olaraq silahlı qüvvələrdən imtina edib. 2832 kv/ km əraziyə malik dövlətin 188 minlik
əhalisini Yeni Zellandiya
qoruyur. 1962-ci ildə iki
tərəf arasında “Dostluq haqqında”
müqaviləyə əsasən, Yeni Zellandiya Samoanın istənilən
çağırışına yadım etməlidir.
8. Kosta-Rika Respublikası. Mərkəzi
Amerikanın ən kiçik dövlətlərindən
sayılan Kosta-Rika 51 min
kvadrat kilometr əraziyə
malikdir. 4 milyon 200 min nəfərin yaşadığı
dövlət orduya malik
deyil. 1948-ci il
dekabrın 1-dən ordu ləğv olunmuş vəziyyətdədir. 1947-ci ildə
Qarşılıqlı Yardım haqqında müqaviləyə
əsasən, Kosta-Rikanın təhlükəsizliyini ABŞ, Kuba, Çili və s. qitə dövlətləri icra
edir. Son illər hərbi
sahəyə diqqətini artıran Kosta-Rika
təxminən 10 min nəfərlik hərbiləşdirilmiş
dəstələrə də malikdir.
9. Solomon Adaları. Sakit okeanın növbəti cırtdan təmsilçisi
Solomon adaları da öz ordusuna malik olmayan dövlətlərdəndir.
Ölkə 992 adadan və 515 min nəfər sakindən ibarətdir. 1998-ci
ildə tayfalararası qarşıdurmaların baş
qaldırdığı Solomon adaları öz daimi ordusu
olmadığına görə qonşu
dövlətlərdən yadım almışdı. Avstraliya, Yeni Zellandiya, Papua-Yeni Qvineya , Fici və Tonqa “Solomon adalarına regional yardım kampaniyası” çərçivəsində
ölkənin daxili təhlükəsizliyin
təmin edir.
10. Kiribati.
Sakit okeanda 812 kvadrat kilometrlik ərazidə
yerləşən Kiribatinin əhalisi 103 min nəfərdən ibarətdir. Öz ordusu olmayan ölkənin təhlükəsizliyini Avstraliya və Yeni Zellandiya dövlətləri təmin edir. Daxili asayişi
isə 152 nəfərdən ibarət Kiribati
polisi nəzarətdə saxlayır.
İki
sahil.- 2014.- 1 iyul.- S.14.