“Mətbuat və
Azərbaycan ədəbi
dilinin qorunması”
İyunun
30-da Azərbaycan Mətbuat Şurasında “Mətbuat və Azərbaycan
ədəbi
dilinin qorunması” mövzusunda “dəyirmi masa”
keçirilmişdir.
AzərTAc xəbər verir ki, bu, “Zərdabi Mətbuat
Mərkəzi” İctimai Birliyinin (İB) Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə reallaşdırdığı “Mətbuatda
ədəbi dilin qorunmasına dəstək: problemlərin
aradan qaldırılmasında ictimai müzakirələr
başlıca amil kimi” layihəsi çərçivəsində
keçirdiyi üçüncü toplantıdır.
Dilçilik sahəsində tanınmış alimlərin,
kütləvi informasiya vasitələri rəhbərlərinin
iştirak etdikləri “dəyirmi
masa”nı layihənin əlaqələndiricisi, “Zərdabi Mətbuat
Mərkəzi” İB-nin sədri Rəhim
Hüseynzadə açaraq, rəhbərlik
etdiyi qurumun fəaliyyətindən
və layihə çərçivəsində
görülən işlərdən
danışmışdır.
R.Hüseynzadə
mart-iyun ayları ərzində gerçəkləşdirilən
layihənin məqsədinin ölkənin mətbuat
orqanlarında Azərbaycan ədəbi dilinin
normalarının qorunması ilə bağlı meylləri
müəyyənləşdirməkdən, mövcud
problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını
təmin etməkdən ibarət
olduğunu bildirmiş,
diqqəti dil probleminə kompleks
yanaşılmasının vacibliyinə cəlb etmişdir. Bu mənada Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət
Proqramı haqqında” 2012-ci il 23 may tarixli Sərəncamının
əhəmiyyətindən danışmışdır.
Vurğulamışdır ki,
sənəddə dövlətçiliyimizin başlıca rəmzlərindən
olan ana dilinin istifadəsinə və tədqiqinə
dövlət qayğısının artırılması,
ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı
surətdə yaxşılaşdırılmasını təmin
etmək əsas götürülür,
müvafiq qurumlar
qarşısında vəzifələr müəyyənləşdirilir.
Mətbu fəaliyyət dildən istifadə sahəsində ən
spesifik məqam kimi
diqqəti cəlb etməkdədir. Bu mənada
kütləvi informasiya vasitələrində
çalışanların ona xüsusi önəm verməsi əhəmiyyətlidir.
Bu layihə də bunun
üçün bir
çağırış olmaqla
yanaşı, dövlət miqyasında
başlanılmış işə dəstəkdir.
Layihədə
ekspert qismində iştirak
edən “Jurnalist Araşdırmaları Mərkəzi”
İctimai Birliyinin sədri
Seymur Verdizadə bildirmişdir
ki, son onilliklərdə
cəmiyyətimizin həyatında baş
verən ciddi dəyişikliklərlə
bağlı dilimizə külli miqdarda yeni alınma
sözlərin daxil olması təbii və
qanunauyğun haldır. Bu sözlərin çoxuna dilimizin təbii
ehtiyacı vardır. Ancaq ədəbi
dilimizdə geniş şəkildə
işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi
qarşılığının nitqimizə nüfuz
etməsinin də şahidi oluruq. Layihə bu kimi məsələlərin aradan
qaldırılmasına dəstək vermək üçün
reallaşdırılır. İndiyədək Lənkəran
və Şəkidə də eyni mövzuda tədbirlərimiz olmuşdur.
Hesab edirəm ki,
ictimaiyyət məsələyə kifayət qədər böyük dəstək verir.
“Xalq
qəzeti”nin əməkdaşı Tahir
Aydınoğlu qeyd etmişdir
ki, dilə yanaşma
məsələsində müsbət nəticələrin əldə
olunması üçün ictimai təşkilatların üzərinə
də böyük missiya
düşür. Dilimizin
pozulmasının qarşısı alınmalıdır. Bu, həyat və su qədər
vacib məsələdir. Son
vaxtlar elektron
medianın geniş şəkildə təşəkkül
tapması dil məsələlərinin arxa plana keçməsinə
şərait yaratmışdır. Dil
pozuntularının aradan
qaldırılması mətbuatımızın peşəkarlıq
səviyyəsinin yüksəldilməsi üçün
ən vacib məsələlərdən biridir.
Azərbaycan
Dillər Universitetinin professoru
Fəridə Səfiyeva dilə yanaşma
məsələsinin önəmindən bəhs edərək bildirmişdir ki, jurnalistika fakültəsində qabiliyyət
imtahanı mexanizminin tətbiqi mövcud istiqamətdə əsaslı irəliləyişlər
üçün nikbinlik
yaradır.
Mətbuat
Şurası sədrinin müavini,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
vurğulamışdır ki, dil normalarının qorunmasında dövlətin
rolu ilə yanaşı, hər bir vətəndaşın üzərinə
düşən missiya da
önəmlidir.
Digər
çıxış edənlər də “Mətbuatda ədəbi
dilin qorunmasına dəstək: problemlərin
aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsinin əhəmiyyətindən
söz açaraq mediada ana dilimizin
qorunmasına yönələn təşəbbüslərə
daim ehtiyac olduğunu vurğulamışlar.
İki
sahil.- 2014.- 1 iyul.- S.9.