Azərbaycan sülhsevər
siyasət həyata keçirir
Yeni
Azərbaycan Partiyasının beynəlxalq əlaqələr
şöbəsinin müdiri,
Milli
Məclisin deputatı Asəf Hacıyevin www.yap.org.az
saytına müsahibəsi
- Asəf müəllim, son illər Azərbaycanda mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi ənənə halını alıb. Sizcə, bu, hansı amillərlə əlaqədardır?
- Hazırda dünyada, eləcə də regionumuzda
ciddi proseslər baş
verməkdədir. Təbii ki, belə bir zamanda düzgün
siyasət yeridərək milli
maraqlarımızı qorumaq ən
başlıca məsələdir. Bu mənada Prezident
İlham Əliyev tərəfindən çox uğurlu siyasət
həyata keçirilir ki,
bu siyasət nəinki milli
maraqlarımızı təmin edir, eyni zamanda Azərbaycanın
beynəlxalq nüfuzunu əhəmiyyətli
dərəcədə artırır. Prezidentimizin
Avropa Şurası Parlament
Assambleyasında çıxışı hər birimizdə qürur hissi doğurdu. Əsas məqam o
idi ki, cənab Prezident Azərbaycanın tam
müstəqil ölkə olduğunu bütün Avropaya nümayiş etdirdi. Yəni
Azərbaycan heç kimin
təsiri altında qərarlar qəbul etmir,
bizim üçün
«böyük qardaş»
anlayışı yoxdur. Azərbaycan,
işğalçı Ermənistan istisna
olmaqla, bütün
dövlətlərlə normal, bərabərhüquqlu
əməkdaşlıq edir.
Təbii ki, Azərbaycanın inkişafı, mövcud olan sabitlik və əminamanlıq beynəlxalq təşkilatların
öz tədbirlərini Azərbaycanda
keçirməyə sövq edir. Bakıda ATƏT Parlament
Assambleyasının yay sessiyası, ondan bir neçə gün əvvəl isə NATO-nun
tədbirinin keçirilməsi buna sübutdur. Həmin tədbirlərdə Azərbaycan
nümayəndələri ölkəmizi layiqincə təmsil
etdilər. Onlar Azərbaycanın
inkişafını təbliğ etməklə yanaşı,
ölkəmizə qarşı ikili standartlara qarşı etirazlarını bildirib, eləcə də, Ermənistanın
işğalçılıq siyasətini beynəlxalq tədbir
iştirakçılarının diqqətinə
çatdırıblar.
- Qeyd etdiniz ki, belə bir şəraitdə hələ də ölkəmizə qarşı ikili standartlar mövcuddur. Bu ədalətsizliyə qarşı hansı addımlar atılmalıdır?
- Təbii ki, ölkəmizə qarşı ikili stanldartlar var və bunun səbəbləri
mövcuddur. Keçmiş
SSRİ dağıldıqdan sonra
respublikamız informasiya blokadasında idi. Dünya birtərəfli informasiya
alırdı. Amma Ulu
öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra müstəqil
ölkəmiz ayağa qalxmağa
başladı, iqtisadiyyat inkişaf
etdi, müasir informasiya texnologiyalarından səmərəli
istifadə olundu və s.
addımlar atıldı. Artıq informasiya
müharibəsində Azərbaycan
işğalçı Ermənistanı üstələyib. Bunun nəticəsidir ki, bəzi
beynəlxalq təşkilatlarda, ölkələrin parlamentlərində
Dağlıq Qarabağ problemi
ilə bağlı obyektiv sənədlər
qəbul edirlər.
Azərbaycan doğru yol tutub və bu yol ilə gedir. İndi dünyada gücə
hörmət edirlər. 100 il öncə güc tank-top, təyyarə
idisə, bu gün güc iqtisadiyyatın, informasiya-kommunikasiya
texnologiyalarının inkişafında özünü
ifadə edir. Bu
baxımdan, Azərbaycan doğru
yoldadır. Cənubi Qafqaz regionunun
iqtisadiyyatının 75-80 faizi Azərbaycana
məxsusdur. Amma bununla
arxayınlaşmaq olmaz. Əsas odur ki, Azərbaycan inkişaf edir. Prezident İlham
Əliyevin siyasəti Azərbaycanı böyük
addımlarla irəli aparır. Azərbaycan dünyanın ən
inkişaf edən ölkələri
sırasındadır. Azərbaycanın əsas hədəfi odur ki, inkişaf
etmiş ölkələrin
sırasına qoşulsun. Yoxsulluğun
səviyyəsi 49 faizdən 5 faizə enib.
Dünyada, xüsusilə Asiyada
ölkəmizin bu nəticəyə gəlib
çıxmasını təəccüblə
qarşılayır və bizim inkişaf modelimizdən istifadə etməyə
çalışırlar.
Təbii ki, belə bir şəraitdə
Azərbaycanın güclənməsini istəməyən xarici qüvvələr var
ki, ikili standartlardan istifadə edir,
ölkəmiz haqda mənfi rəy yaratmağa cəhd göstərirlər. Amma onlar istədiklərinə
nail ola bilmirlər və
bizim dinamik
inkişafımız belə qüvvələrə tutarlı
cavabdır.
- ATƏT PA-nın Bakıda keçirilən yay sessiyasında erməni deputatlar sülh şəraitində yaşamağın zəruriliyini vurğulayıblar. Sizcə, onlar bu fikirlərində nə qədər səmimidirlər?
- Bir
neçə il əvvəl ermənilər
deyirdi ki,
Dağlıq Qarabağ ya
Ermənistana birləşdirilməli, ya da müstəqil olmalıdır. Amma indi belə fikirlər
səslənir ki, sülh
şəraitində yaşamaq istəyirik.
Yəni bir tərəfdən, Ermənistan
çox ağır vəziyyətdə
yaşayır, digər tərəfdən bilirlər ki, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafa qoşulmaq lazımdır. Təbii ki, insanların düşüncəsini dəyişmək
zaman tələb edir.
Çünki bugünkü
Ermənistan rəhbərliyi Dağlıq Qarabağ
münaqişəsi üzərində hakimiyyətə gəlib.
Ermənilər başa düşürlər
ki, dünya
Dağlıq Qarabağın nə müstəqilliyini, nə
də Ermənistana birləşməsini qəbul etmədi. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Ona görə də, Ermənistan cəmiyyətində
anlayırlar ki, apardıqları siyasətin
sonu yoxdur. Bakıda
ATƏT PA-nın sessiyasında «biz sülh şəraitində yaşamalıyıq»
mesajı da bunun
göstəricisidir. Bütün bunlara baxmayaraq biz öz haqq
işimizi davam etdirməliyik.
ATƏT PA-nın sessiyasına gəlincə, ATƏT-in fəaliyyətdə
olan sədri özünün
geniş çıxışının böyük hissəsini Ukrayna
məsələsinə həsr etdi.
Dağlıq Qarabağ probleminə gəlincə
isə bir neçə kəlmə söz dedi. O bildirdi ki, «Minsk
qrupu işləyir, kompromis
olmalıdır, xalqlar birbirinə
yaxın olmalıdır» və s. Yəni bu ümumi sözləri tez-tez eşidirik. Nə kompromis olmalıdır? Prezidentimiz
deyib ki, Azərbaycan ərazisində
ikinci erməni dövlətinin
yaradılmasına imkan verilməyəcək,
heç kimə bir
qarış torpağı verilməyəcək. ATƏT PA-nın keçmiş
sədri Joao Suareş
isə çıxışında haqlı olaraq
Azərbaycanın ərazi bütövlüyünün
təmin olunmasının vacibliyini
vurğuladı. İclasdan sonra ona yaxınlaşıb
bu çıxışına görə
təşəkkür etdim O isə mənə
dedi ki, bu məsələdə heç kimin tərəfini
tutmayıb, sadəcə, reallıqları ifadə edib. Göründüyü
kimi Avropada obyektiv düşünən insanların
sayı artmaqdadır. Ona görə də,
Avropanın siyasi mühiti
ilə işimizi davam
etdirməliyik ki, belə insanların
sayı daha da
artsın. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb, ölkəmizə hörmətlə
yanaşırlar. Bu, neft
və qaza görə deyil,
ölkəmiz Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynasa da, həmçinin, dünya tərəfindən qəbul olunan siyasət həyata keçirir.
Azərbaycan sülhsevər siyasət həyata keçirir. Ona görə
də, bizim beynəlxalq əlaqələrimiz
güclənir.
- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin bugünkü səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Partiyamız bir neçə istiqamətdə beynəlxalq əlaqələrini
inkişaf etdirir. İlk növbədə, deyim
ki, YAP Avropanın müxtəlif siyasi təşkilatları ilə əməkdaşlıq
edir. Onlardan biri də Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatıdır. Bundan əlavə, partiyamızın Avropa Xalqları Partiyası ilə də
yaxşı münasibətləri var. Biz hər iki təşkilatla
sıx əməkdaşlıq edirik.
Asiya istiqamətində isə Asiya Siyasi
Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) üzvüyük. İCAPP-a
350-yə yaxın siyasi partiya
daxildir. Onlar həm
müxalifəti, həm də iqtidarı təmsil edirlər.
İCAPP-ın rəhbər orqanı olan Daimi komitənin 22 üzvü
var ki, YAP onların
sırasındadır. Bu qurumda
həmçinin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Rusiya və s. kimi böyük ölkələrin
partiyaları var. MDB-dən isə bu təşkilatda yalnız Azərbaycan, Rusiya və Qazaxıstanın siyasi
partiyaları təmsil olunur. Təbii ki, bu amil
partiyamızın gücünün və
nüfuzunun ifadəsidir. Yəni bütün bunlar göstərir
ki, YAP-ın beynəlxalq əlaqələri
bir çox istiqamətlərdə
inkişaf etməkdədir. Sentyabr ayında Şri-Lankada
təşkilatın Baş Assambleyası
keçiriləcək. YAP nümayəndə heyəti bu tədbirdə iştirak
edəcək. Həmin toplantıda biz
çıxış edərək ölkəmizin
reallıqları, o cümlədən
Dağlıq Qarabağ problemi
ilə bağlı vəziyyəti dünya
ictimaiyyətinin diqqətinə çatdıracağıq.
Ümumiyyətlə,
Azərbaycan həm Avropa, həm də Asiya üçün çox cəlbedici ölkədir. Çünki bu gün ölkəmiz hərtərfli inkişaf edir və bu inkişaf digər
dövlətlərdə maraqla
qarşılanır. Bəzi ölkələr Azərbaycanın
inkişaf təcrübəsini öyrənməyə
çalışırlar. Bu mənada
inkişafın Azərbaycan modelini bir çox dövlətlər
öyrənmək istəyirlər. Bu
modeldən istifadə etməyə çalışırlar.
İnkişafın Azərbaycan modelinin
xüsusiyyəti ondan ibarətdir ki, hər sahədə paralel
inkişaf müşahidə olunur. Digər tərəfdən, bu modelin kökündə
xalqla hakimiyyət, partiyamız arasında
birlik dayanır. Bu birlik inkişaf prosesində
böyük sıçrayışlara gətirib
çıxarır.
- Asəf müəllim, bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirildi. Sizi AMEA-nın həqiqi üzvü seçilməyiniz münasibətilə təbrik edir, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. AMEA-nın ümumi yığıncağında qəbul olunmuş qərarlar elmin inkişafına nə dərəcədə təsir göstərəcək?
- Təbrik üçün təşəkkür edirəm.
Bilirsiniz ki,
sözügedən iclasda AMEA-nın həqiqi
və müxbir üzvlüyünə
seçkilər keçirilib.
Akademiyanın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər
namizəd irəli sürülmüşdü.
Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib. Seçkilər istər hüquqi, istərsə də texniki
baxımdan müasir tələblərə
uyğun və şəffaf şəkildə
keçirildi. Təbii ki,
seçkinin nəticələri həmn
insanların elmi fəaliyyətinə
verilən qiymətdir. Eyni zamanda
mən bir məqamı da
vurğulamaq istəyirəm ki, AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinin əksəriyyəti
Yeni Azərbaycan Partiyasının üzvləridir.
Ümumiyyətlə,
Azərbaycan elmində bu gün
canlanma müşahidə olunur.
AMEA-nın yeni rəhbərliyi
elmin inkişafı istiqamətində çox fəal şəkildə
çalışır. Ölkəmizdə elmin
inkişafına qayğının əsasını Heydər
Əliyev siyasəti təşkil edir. Çünki akademiyanın ən ağır
günlərində Heydər Əliyev demişdi
ki, Elmlər Akademiyası Azərbaycanın
milli sərvətidir, qorunub saxlanılmalıdır. Bu
gün elm sahəsində
ciddi inkişaf gedir. Prezident İlham Əliyev xüsusi
diqqəti sayəsində elmimiz uğurlar qazanmaqdadır. Bir
müddət öncə AMEA-nın yeni
kitabxanası istifadəyə verildi. Bu kitabxana müasir
standartlara tam cavab verir, orada
işləmək üçün çox gözəl şərait
yaradılıb. Bu, dövlətin elmə
qayğısının bariz göstəricisidir.
AMEA-nın ümumi yığıncağında bir sıra məsələlər müzakirə
olundu, akademiyanın yeni
nizamnaməsi qəbul edildi. Çünki bu inkişaf şəraitində nizamnamənin də
yeniləşməsi zərurət idi. Bundan əlavə, yığıncaqda “Azərbaycan
Milli Elmlər Akademiyasının 2020-ci ilə
qədər İnkişaf Konsepsiyası”
müzakirə edilərək qəbul olundu.
Konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların
prioritet istiqamətlərinin müəyyənləşdirilməsi,
yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial
təminatının yaxşılaşdırılması və
elmi infrastrukturun
müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə
tutulur. Maliyyələşdirmə
mexanizmləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
həmçinin beynəlxalq elm məkanına
inteqrasiya da konsepsiyada elmin
inkişafına xidmət edən hədəflərdəndir.
İki
sahil.- 2014.- 3 iyul.- S.8.