Mən Heydər Əliyev kimi insanla
birgə
çalışdığım üçün qürur
duyuram
və bu, həyatımın ən
mənalı hissəsini təşkil edir
Yeni
Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
partiyanın Səbail rayon təşkilatının
sədri,
professor Zahid Qaralovun üüü.yap.org.az saytına
müsahibəsi
- Zahid
müəllim, 80 yaşınız tamam olur. Bu
münasibətlə Sizi təbrik edirik. 80
illik yubileyinizi hansı əhval-ruhiyyədə
qarşılayırsınız?
- Əslində, 80 il hər
gün, hər saat fəaliyyətdə olub bu yaşa
çatmaq insan üçün böyük şərəfdir.
Mənim həyatım son dərəcə sadə
olub. 1934-cü il iyulun 10-da
Gürcüstanın Başkeçid rayonunun (indiki Dmanisi)
Ormeşən kəndində çoxuşaqlı ailədə
dünyaya gəlmişəm. 1937-də atamı
həbs etdilər, o, Türkiyədə ruhani təhsili
almışdı. Evimizdə Nizaminin və
digər ədəbiyyat adamlarının ərəb əlifbasında
olan əsərləri var idi. O zamankı hökumət
isə bunları «Quran» hesab edib evimizdən
aparmışdılar. Atamla yanaşı, kəndimizdə
9 nəfər sayılıb-seçilən azərbaycanlını
da həbs etdilər. Yəni bununla demək
istəyirəm ki, bizim ailə ağır şəraitdə
yaşayıb. Mən də bu şəraitdə
yaşayıb böyümüşəm, işləmişəm.
Daha sonra İkinci Dünya müharibəsinə
görə kəndimizdə məktəb bağlandı, biz 7
kilometr uzaqda yerləşən Qızılkənd məktəbinə
hər gün gedib-gəlirdik. Həm
də o kəndin yolu meşənin içi ilə,
eniş-yoxuşlu idi. Dərslərimiz
ikinci növbə olanda isə hətta elə olurdu ki,
qaranlıqda məktəbə gedib-gəlirdik. Belə bir şəraitdə orta məktəbi
bitirmişəm. Sinifdən sinifə
keçirildiyim üçün 16 yaşında məktəbi
bitirdim. Bunun özü də bir zəhmətdi.
Orta məktəbi oxuya-oxuya kotanla əkin əkirdik.
Amma buna baxmayaraq, oxumağa çox meyilli
olmuşam. Orta məktəbi bitirdikdən
sonra 1952-ci ildə Bakıya gəldim və Dövlət
Pedaqoji İnstitutuna qəbul olundum. 1956-cı
ildə institutu bitirdikdən sonra mənim təyinatımı
Gürcüstana, bitirdiyim məktəbə verdilər. Hələ dərslər başlamamış
tanışlıq üçün məktəbə gəldim,
direktorla görüşdüm. Sonra məni
rayon partiya komitəsinə çağırdılar. O
vaxt Başkeçid rayonunun birinci katibi Sosialist Əməyi Qəhrəmanı
Mahmud Quliyev idi. O, çox güclü şəxsiyyət idi.
M.Quliyevlə Gürcüstanın birinci katibi Vasili
Pavloviç Javanadze yaxın dost idilər. Javanadze
də SSRİ-nin baş katibi N.Xruşşovla bacanaq idi.
Beləliklə, M.Quliyevin N.Xruşşova
birbaşa çıxışı var idi. Görüşümüz zamanı M.Quliyev
partiyanın Siyasi Bürosunun qərarını mənə
çatdırdı. Həmin qərara əsasən, iki
illik təhsili olanlar məktəb direktoru ola
bilməzdi, məktəb direktorları yalnız ali təhsillilər
olmalıdır. Birinci katib dedi ki, səni məktəb
direktoru göndərəcəyik. Məsləhət
oldu ki, elə öz məktəbimizdə direktor işləyim.
Beləliklə, gedib həmin məktəbdə işləməyə
başladım, yay mövsümlərində isə müəllimlərdən
briqada təşkil edib kənddə, sonra da Şindi
dağına ot biçməyə gedirdik.
Çünki kolxoz-sovxoz dövrü idi ki, biz
bu sahədə də özümüzü göstərməli
idik. Fəaliyyətim rəhbərlik tərəfindən
də müsbət qiymətləndirildi və 1957-ci ildə mən
Gürcüstan müəllimlərinin 1-ci qurultayına
nümayəndə seçildim. Həmin
qurultayda da ilk medalla - «Əməkdə fərqlənməyə
görə» medalı ilə təltif olundum. Eduard
Şevardnadze ilə də həmin tədbirdə tanış olmuşdum. 1959-cu ildə
isə Başkeçid rayonunda komsomolun birinci katibi
seçildim. Bu vəzifəni
daşımaqla yanaşı, rayon partiya komitəsinin büro
üzvü və şəhər sovetinin deputatı, eləcə
də, bir neçə komissiyasının rəhbəri vəzifəsini
daşıyırdım. Eyni zamanda, tez-tez
kolxozlara təhkim olunurduq. Bütün
bunlar isə məni yormağa başladı.
Mən elmi fəaliyyətlə məşğul
olmaq arzusunda idim, ona görə də, Bakıya gəldim və
aspiranturaya daxil oldum. Aspiranturanı bitirdikdən
sonra təyinatımı Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutuna verdilər və uzun müddət bu institutun
direktoru vəzifəsində çalışdım. Ta Milli Məclisə deputat seçilənədək
burada, eyni zamanda, müəyyən müddət maarif nazrinin
müavini işlədim. 1995-ci ildən
2005-ci ilədək parlamentin üzvü olmuşam, Milli Məclisin
daimi komissiyasının sədri vəzifəsində
çalışmışam. Bu işlərlə
paralel partiya işindən də kənarda qalmamışam.
Bu gün də partiya işindəyəm, həm
də elmi fəaliyyətlə məşğul oluram. Ümumiyyətlə, mən sadə həyat
sürmüşəm.
3 övladım, 7 nəvəm var.
Övladlarımdan razıyam, müxtəlif işlərdə
çalışırlar. Bütövlükdə,
həyatımdan razıyam. Zəhmət
içərisində yaşamışam, ona görə də,
şöhrətpərəst olmamışam. Belə həyat tərzi yaşamışam və bu
yaşayışım da məni qane edir. Ömrüm
boyu heç kimə nə xəyanət, nə də pislik etməmişəm.
- 80 illik
həyatınızda elmi-pedaqoji fəaliyyət nə kimi yer
tutur?
- Əlbəttə ki, bu sahə
həyatımda mühüm yer tutur. Dediyim kimi,
1956-cı ildə ali məktəbi
bitirmişəm. Məktəb direktoru işləyə-işləyə
aspiranturaya hazırlaşırdım. Komsomolun
birinci katibi olduğum üçün qiyabini
seçmişdim. Amma sonradan əyani
şöbəyə keçib oxudum. Aspiranturada
oxumaq üçün Bakıya gizli gəldim. Çünki rayonumuzun rəhbəri Mahmud Quliyev məni
buraxmayacaqdı. Xəbər tutanda da məni
danladı ki, səni öz yerimə hazırlayırdım.
Sonra məni rayon İcraiyyə Komitəsinin sədri
vəzifəsinə çağırsalar da, getmədim.
1956-cı ildə elmi işlə məşğul
olmağa başladım, rayon qəzetində çoxlu elmi
yazılarım nəşr olundu. 1961-1964-cü
illərdə aspirantura təhsili aldım. Elmi rəhbərim isə Abbasqulu Abbaszadə idi.
Məndə əsasən təbiət-riyaziyyat
elmləridir, fizika-riyaziyyat müəllimiyəm və bu sahə
üzrə də elmlər doktoruyam. Bununla
belə, pedaqoji-psixoloji ədəbiyyata çox yaxın
adamam. Həmişə də tədqiqat
aparmışam. Adətən, institut
direktorları elmi-tədqiqat işindən azad olunurdular.
Amma mən 20 ildən çox institut direktoru oldum, hər il özümə iş
götürürdüm. Mənim elmi fəaliyyətimin
ana xəttini pedaqoji-psixoloji elmlər üzrə ən
müasir, aktual mövzuların tədqiqi təşkil edib.
Xeyli sayda elmi kitablarım, o cümlədən dərsliklərim
nəşr olunub.
Mən çox tədqiqatlarımı fənlərin
qarşılıqlı əlaqəli öyrədilməsinə
yönəltmişəm. Mənim
bir ideya-planım vardı və o, indi də qüvvəsindədir.
Bu da ondan ibarətdir ki, orta məktəblərdə
maksimum 14-15 fənn saxlamaq lazımdır. Çoxfənlilikdən
azfənliliyə keçmək lazımdır. Bu da inteqrasiya yolu ilə olmalıdır. Ümumi biliyə, dünyagörüşünə
zərər yetirmədən biliklərin inteqrasiyası əsasında
onu 8-ci sinifə qədər gətirmişəm. Əgər bununla maraqlansalar, hesab edirəm ki, bu,
yaxşı nəticələr verə bilər.
- Amma
Sizin siyasi yönümdə olan kitablarınız da az deyil. Bu sahədəki fəaliyyətiniz
haqqında nə deyə bilərsiniz?
- Siyasi məqalələrimi, kitablarımı isə
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
qayıdışı ərəfəsində genişləndirməyə
başladım. Məsələn, «Səs» qəzetində
«Heydər dağına kölgə salmaq olmaz» adlı
böyük yazım dərc olundu. 1994-cü
ildə isə «Hər dövrün bir kitabı var» kitabım
nəşr edildi. Ulu öndər Heydər
Əliyev bu kitabı oxumuşdu və Onun xoşuna gəlmişdi.
İnstituta zəng edərək kitab haqqında
fikirlərini bildirdi və kitabın üz qabığında
verilən Özünün fotoşəklini haradan əldə
etdiyimi soruşdu. Dedi ki, həmin şəkil heç məndə
yoxdur. Mən də bu məsələni Ulu
öndərimizə danışdım. Məsələ
belə olmuşdu ki, 1986-cı ildə Elmi-Tədqiqat Pedaqoji
Elmlər İnstitutunun direktoru işlədiyim zaman məni
maarif naziri yanına çağırıb dedi ki, institutun
binasında Siyasi Büronun üzvlərinin portretlərinin
arasından Heydər Əliyevin portretini götürüm. Soruşdum, niyə? Dedi ki, Mərkəzi Komitədən
belə göstəriş veriblər. Belə
olan təqdirdə, mən Siyasi Büronun üzvlərinin və
namizədlərin hamısının portretlərini divardan
götürdüm qoydum kitabxanaya. Heydər
Əliyevin portretini kabinetimdə saxladım. Həmin kitabı yazarkən də bu portretdən
istifadə etdim. Yəni o zaman indiki kimi
texnologiya inkişaf etməmişdi, hər şeyi asan əldə
etmək olmurdu. Mən bu hadisəni Heydər
Əliyevə danışdım.
Mən deputat seçiləndən sonra isə
Ulu öndərimizlə münasibətlərimiz daha geniş
oldu. Bir sıra kitablarımı Ona həsr
etdim. «Hər dövrün bir kitabı var»
kitabım isə Ulu öndərimizin istəyi ilə ikinci dəfə
nəşr olundu. Xatırladım ki, ötən ilin
aprel ayında mənim «Heydər Əliyevin elmi irsi: Nəzəriyyə
və təcrübə» ikicildlik kitabımın təqdimat mərasimi
keçirildi. Hal-hazırda da Ümummilli
liderimiz haqqında bir kitab üzərində işləyirəm.
Artıq kitabın 9 fəslini bitirmişəm,
10-cu fəsil də yekunlaşmaq üzrədir. Onu da deyim ki, mən Heydər Əliyev haqqında
kitablarımda şərh yazmıram, Onun dediklərini sitat
kimi verirəm. Sonra da müəyyən
müqayisələr aparıram. Heydər
Əliyev haqqında həqiqi tədqiqat aparanların həmişə
hörmətini saxlamışam.
- Zahid
müəllim, Ümummilli lider Heydər Əliyevlə ilk
görüşünüz, tanışlığınız
nə zaman olub? Bu tanışlığın həyatınızda
yeri nədən ibarətdir?
- Mənim Ulu öndər Heydər
Əliyevlə ilk görüşüm 1973-cü ildə olub. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin I katibi seçiləndən sonra təhsillə
bağlı çıxışlarında respublikada təhsilin
səviyyəsinin qaldırılması istiqamətində
işlərin həyata keçirilməsinin vacibliyini irəli
sürürdü. Digər tərəfdən,
Heydər Əliyev bacarıqlı tələbələrin
dövlətimiz üçün savadlı kadrlar kimi
yetişdirilməsi məsələsini bir vəzifə kimi
qarşıya qoyurdu. Məhz bu iki məsələ
ilə bağlı Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutunun elmi işlər üzrə direktor müavini
kimi məni Mərkəzi Komitəyə dəvət etdilər.
Əvvəlcə, MK-nın Elm və təhsil şöbəsinin
müdiri Fikrət Əhmədov məni təlimatlandıraraq
dedi ki, I katib səni qəbul edəcək. Sonra Heydər
Əliyev məni qəbul etdi və təhsilin vəziyyəti
ilə bağlı xeyli suallar verdi. Sonda isə bu suallar əsasında vəziyyətlə
bağlı hesabat hazırlamağı tapşırdı.
Alimlərimizlə birlikdə 10 gün ərzində
arayışı hazırlayaraq Mərkəzi Komitəyə təqdim
etdim. Bir aydan sonra Mərkəzi Komitədən
bildirdilər ki, Heydər Əliyev səni yenidən qəbul
edəcək. O, məni qəbul etdi və
hazırladığımız arayış Ulu öndərimizin
stolunun üstündə idi. Heydər Əliyev arayışla
tanış olduğunu bildirdi və dedi
ki, Özünün də təklifləri var. Onu da qeyd edim
ki, Ulu öndər məsələlərin vacibliyindən
asılı olaraq həmin kağız üzərində
müxtəlif rəngli karandaşlarla qeydlər etmişdi.
Ulu öndər Heydər Əliyevlə ən
geniş söhbətimiz isə 1976-cı ildə məni Mərkəzi
Komitəyə işlədiyim institutun direktoru təyin etməyə
çağırarkən oldu. Heydər
Əliyev məni Akif Əlizadə ilə birlikdə qəbul
etmişdi. İçəri girərkən
gördüm ki, ikimizin də şəxsi işləri Ulu
öndərin stolunun üzərindədir. Heydər
Əliyev ilk görüşümüzü xatırladaraq “sənin
işlədiyin sahə üzrə elmi və təcrübi
savadın kifayət edər ki, instituta rəhbərlik edəsən”,-dedi.
Aparılan uzun söhbət zamanı Heydər Əliyev
təhsilin keyfiyyətinin artırılması
üçün hansı işlərin görülməsi ilə
bağlı suallar verdi. Həmin
suallara cavab olaraq bir neçə məsələni qeyd etdim.
Sonra Heydər Əliyev bizim ikimizin də təyinatını verdi və uğurlar arzuladı.
Heydər Əliyevin hadisələri, məsələləri
incələməsini, işlərin görülməsi istiqamətində
düzgün qərar verməsini Onun
çıxışları, fikirləri əsasında ictimaiyyətə
çatdırırdıq. Biz
pedaqoqlar buna tərbiyə prosesi deyirdik. Yəni
Heydər Əliyev gördüyü işlərlə, etdiyi
çıxışlarla insanları tərbiyə edirdi.
Mən belə bir insanla birgə
çalışdığım üçün qürur
duyuram və bu, həyatımın ən mənalı hissəsini
təşkil edir. Hesab edirəm ki, Heydər
Əliyev nadir tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev şəxsiyyəti mərdliyin, qətiyyətin
və müdrikliyin parlaq nümunəsidir. O, fəaliyyəti
və ideyaları, Azərbaycan qarşısında xidmətləri
ilə tariximizdə silinməz iz qoyub.
- Sizin Azərbaycanda
siyasi proseslərə qoşulmağınız da Ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Elm xadiminin siyasətə qoşulması sizin
nöqteyi-nəzərinizdən hansı nəticələr
verir? Və Siz bu fəaliyyətinizdən
razısınızmı?
- Təbii ki, siyasi proseslərə
qoşulmağımdan qürur duyuram və heç zaman da
bundan peşman deyiləm. 1990-cı illərin əvvəlində
hakimiyyət Azərbaycanı çətin vəziyyətə
salmışdı və yaxşılığa doğru
heç bir ümid yox idi. AXC-Müsavat
cütlüyünün hakimiyyəti dövründə isə
respublikamızda vəziyyət daha da ağırlaşdı.
Belə bir zamanda müəyyən ziyalılar
ölkənin gələcəyindən narahatlıq
keçirirdilər və bu durumdan yalnız Heydər
Əliyevin köməkliyi ilə çıxmağın
mümkünlüyünü anlayırdılar. Amma Ulu öndər Heydər Əliyevin əleyhinə
işləyənlər çox idi. Mən
fəxr edirəm ki, o vaxt çoxları susanda
danışdım və yazdım, Heydər Əliyev şəxsiyyətinin
Azərbaycanın xilaskarı olduğunu vurğuladım.
O dövr elə idi ki, çoxları susmuşdu, bəziləri
isə dəstə-dəstə televiziya və qəzetlərdə
çıxış edərək Heydər Əliyevə «dərs
keçmək» istəyirdilər. Amma mən
xeyli uzağı görməyimlə bu gün qürur duyuram.
-
Bildiyimizə görə, Ulu öndər Heydər Əliyevi
müdafiə edən insanların bir qrupu sizin rəhbərlik
etdiyiniz Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda
toplaşırmışlar...
- Bəli, bir qrup ziyalı Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutuna yığışıb vəziyyətdən
çıxış yolunu müzakirə edirdik. Həmin insanlara isə o vaxtkı hakimiyyət təzyiq
etmək üçün dəstələr göndərirdi.
Belə bir şəraitdə mübarizəmizi
davam etdirirdik. Mövqeyimiz belə idi ki, Azərbaycanı
üzləşdiyi ağır problemlərdən yalnız
Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilər.
Yeri gəlmişkən, onu da xatırladım
ki, həmin instituta yığışıb Heydər
Əliyevi müdafiə etməyimizə bəzi elm adamları
arasında da etiraz edənlər var idi. Adını
çəkməyəcəm, həmin adamlardan biri indi 85
yaşındadır və Prezident təqaüdü alır.
Mən Heydər Əliyevə qarşı
çıxan həmin adamın bu gün Prezident təqaüdü
almasından təəssüflənmirəm, əksinə, bəyənirəm
ki, o da Heydər Əliyev siyasətindən bəhrələnir.
Və bizim Heydər Əliyev uğrunda
mübarizəmizin doğru olduğunun şahididir.
Amma 1990-93-cü illərdə Heydər
Əliyevin müdafiəsinə qalxan insanlar əsl fədakarlar
idilər. O zaman baş verən hadisələrdən
belə qənaətə gəlirdik ki, Heydər Əliyev rəhbər
gəlməsə, Azərbaycan dağılacaq. Ulu
öndərin hakimiyyətə gəlməsi üçün
də güclü, ölkəyə siyasi mədəniyyət
gətirə bilən bir siyasi partiya yaratmaq lazım idi. Ona görə də, 91 nəfər ziyalı Heydər
Əliyevə müraciət etdi. Ulu
öndərimiz “91”-ləri partiyamızın “Qızıl
Fondu” adlandırırdı. Biz
bütün təqiblərə, çətinliklərə baxmayaraq,
Yeni Azərbaycan Partiyasını yaratdıq. Partiyamız şərəfli yol keçdi və cəmisi
bir neçə ay sonra hakimiyyətə gəldi.
- Yeni Azərbaycan Partiyasının qurulmasında
yaxından iştirak etmiş şəxs və bir veteran kimi
partiyamızın bugünkü inkişaf səviyyəsi haqqında
fikirlərinizi bilmək də bizim üçün maraqlı
olardı...
- İlk olaraq onu deyim ki, partiyamızın
yarandığı 21 noyabr 1992-ci il tarixi
son dərəcə çətin və mürəkkəb
dövr idi. Blokada vəziyyətində olan
Naxçıvan Muxtar Respublikasının qarlı-boranlı
bir vaxtında ölkəmizin müxtəlif bölgələrindən
partiyanın təsis konfransına gedənlər, Heydər
Əliyevə pənah gətirənlər, həqiqətən,
cəsur insanlar idilər. Yeni Azərbaycan
Partiyasının yaradılması Azərbaycan cəmiyyətində
böyük sevinclə, maraqla qarşılandı. Buna görə də, qısa bir zaman kəsiyində
Azərbaycanın bütün şəhər və kəndlərində
Yeni Azərbaycan Partiyasının özək təşkilatları
yaradıldı və minlərlə insan partiya
sıralarında birləşərək həm də
Ümummilli liderimizə dərin sevgisini göstərdi. Azərbaycan xalqı öz taleyini Ümummilli
liderimiz Heydər Əliyevə və Onun sədri olduğu
Yeni Azərbaycan Partiyasına etibar etdi. Ulu
öndərimiz də 10 ildə gecə-gündüz, istirahətsiz
çalışaraq, Azərbaycanı böyük faciələrdən
xilas etdi, onu inkişaf yoluna çıxardı. Təbii ki, bu uğurların əldə
olunmasında da Yeni Azərbaycan Partiyasının xidmətləri
müstəsna olub və Ümummilli liderimiz də bunu həmişə
yüksək qiymətləndirib.
Bu gün partiyamız cənab İlham
Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini
yaşayır. Hörmətli Sədrimizin
dediyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunda ən
böyük siyasi qüvvədir. Mənim
partiya vəsiqəmin nömrəsi «4»-dür. Amma bu gün partiyamızın üzvlərinin
sayı 600 min nəfərdən çoxdur. Təkcə rəhbərlik etdiyim YAP Səbail rayon təşkilatının
üzvlərinin sayı 24 min nəfərdir. Bir partiya veteranı kimi bu, məni çox sevindirir.
Eyni zamanda, partiyamızın, onun yerli
strukturlarının maddi-texniki bazası xeyli güclənib, kəmiyyətlə
yanaşı keyfiyyət də əhəmiyyətli dərəcədə
artıb. Ən xoş olan odur ki, Azərbaycanın
sağlam, intellektual gəncliyi partiyamızın
sıralarına qoşulur və onların bütövlükdə
partiyada çəkisi artmaqdadır. YAP üzvləri
ölkəmizin inkişafı prosesində də fəal
iştirak edirlər. Bununla yanaşı,
partiyamızın beynəlxalq əlaqələri də
genişlənməkdədir. Məhz uğurlu
fəaliyyətin nəticəsidir ki, partiyamız bütün
seçkilərdə inamlı qələbə qazanır.
Mən inanıram ki, gələcəkdə də
partiyamız inkişaf edəcək, yeni-yeni uğurlar qazanaraq
xalqımızın etimadını hər zaman doğruldacaq.
-
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Azərbaycanın bugünkü
inkişafı ilə bağlı düşüncələriniz
necədir?
- Əlbəttə ki, Prezidentimiz İlham
Əliyevin fəaliyyəti haqqında ancaq xoş sözlər
demək mümkündür. Dövlətimizin
başçısı əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş siyasəti elə bir
şəkildə davam etdirir ki, hər bir addımda Azərbaycan
nailiyyətlər əldə edir. Bu
gün Azərbaycan hərtərəfli surətdə
inkişaf edir, şəhərlərlə yanaşı,
bölgələrimizdə də ciddi tərəqqi
müşahidə olunur. Bütün bunlar
isə əhalinin sosial rifahının daha da yüksəlməsinə
müsbət təsir göstərir. Prezident
İlham Əliyev Azərbaycanı dünya miqyasında da
layiqincə təmsil edir, Onun siyasəti nəticəsində
ölkəmizin beynəlxalq nüfuzu xeyli dərəcədə
artır. Eyni zamanda, dövlətimizin
başçısı nüfuzlu beynəlxalq tədbirlərdə
çıxış edərək Azərbaycan
reallıqlarını dünyanın diqqətinə
çatdırır və ölkəmizin maraqlarını qətiyyətlə
müdafiə edir.
Bütün bunlar isə
xalqımızın Prezident İlham Əliyevə
etimadını, rəğbətini daha da artırır. Məhz bunun nəticəsidir ki, 2013-cü ilin oktyabr
ayında keçirilən prezident seçkilərində cənab
İlham Əliyev parlaq qələbə qazandı. Fakt üçün deyim ki, Səbail rayonunda
seçicilərin 95 faizi səsvermədə iştirak
etmişdilər və onların da 98 faizi partiyamızın Sədrinə
səs verdilər.
Düşünürəm ki, cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
işıqlı gələcəyə doğru inamla
addımlayır. Mən bu yolda hörmətli
Prezidentimizə uğurlar arzulayıram.
- Zahid
müəllim, bir ağsaqqal olaraq Azərbaycan gəncliyinə
tövsiyəniz nədən ibarətdir?
- Mən Azərbaycan gəncliyi ilə fəxr
edirəm, gəncliyimiz çox sürətlə inkişaf
edir. Zamanında Ulu öndər Heydər
Əliyev dövlət gənclər siyasətinin əsasını
qoyub və bu siyasət hazırda Prezidentimiz tərəfindən
uğurla davam etdirilir. Mən gənclərə
tövsiyə edirəm ki, Heydər Əliyevin qurduğu Azərbaycanı
qorusunlar və bunun üçün də Prezidentimiz İlham
Əliyevin ətrafında sıx birləşsinlər.
Həyatım elm və təhsillə
bağlı olduğu üçün gənclərimizə
yüksək biliklərə, təhsilə yiyələnmələrini
də tövsiyə edirəm. Çünki
hər bir cəmiyyət yüksək biliyi, intellekti ilə irəli
gedə bilər. Prezidentimiz tərəfindən
təhsilin inkişafı istiqamətində ciddi addımlar
atılır, son illər minlərlə müasir məktəblər
tikilib istifadəyə verilib, təhsilin inkişafına xidmət
edən dövlət proqramları təsdiq olunub. Yəni dövlət başçısı səviyyəsində
siyasi iradə ortaya qoyulub. Aşağıların
üzərinə isə bu qərarları, proqramları
layiqincə icra etmək vəzifəsi düşür.
Mən hesab edirəm ki, ali təhsil alan gənclərin
təyinatla işə göndərilməsi üçün
addımlar atılmalıdır və buna imkan da var. Bu barədə
mənim fikir və planlarım var, əgər müvafiq
qurumlar istəsə, bu barədə fikirlərimi məmnuniyyətlə
bölüşərəm.
Bütövlükdə isə, gəncliyimizin
gələcəyini parlaq hesab edirəm. Hesab edirəm ki, formalaşan gənclik Azərbaycanımızın
adını hər zaman uca tutacaq.
İki
sahil.- 2014.- 8 iyul.- S.18-19.