Syam festivalı ilk dəfə bütünlüklə

Azərbaycan musiqisinə həsr olunmuşdur

 

Azərbaycanın mədəni dəyərlərini fransızlara yaxından tanıtmaq istiqamətində layihələr həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ölkənin Jura dağlarında yerləşən qədim Syam qəsrində təşkil olunan eyni adlı festival Fransada ilk dəfə bütünlüklə milli musiqimizə həsr edilmişdir.

Təntənəli mərasimi açan festivalın əsas təşəbbüsçüsü və rəhbəri, Azərbaycan musiqisevərlərinə yaxşı tanış olan, “Xocalı 613” əsərinin müəllifi Pyer Tilloy ölkəmizə dəfələrlə səfərlər etdiyini xatırlatmış, Azərbaycanın zəngin musiqi tarixinə və irsinə malik olduğunu bildirmişdir. O, festivalın təşkilinə yaxından köməklik göstərən Heydər Əliyev Fonduna və onun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, eləcə də fəal dəstəyinə görə ölkəmizin Fransadakı səfirliyinə təşəkkür etmişdir.

Dünyanın müxtəlif ölkələrindən 100-dən artıq bəstəkarın, ifaçının və musiqiçinin iştirak etdiyi festivalda 47 əsərin ifa ediləcəyini vurğulayan P.Tilloy bu möhtəşəm tədbirdə Azərbaycan musiqisinin ilk dəfə qonaq qismində təmsil olunduğunu və bunun təsadüfi xarakter daşımadığını bildirmişdir. Fransız bəstəkarı bu hadisəni Azərbaycanın bu ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqələndirmişdir.

Səfirliyin müşaviri Elmar Məmmədov Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə son illər Fransanın müxtəlif regionlarında və şəhərlərində ölkəmizin tanıtmaq istiqamətində keçirilən layihələr nəticəsində musiqimizin fransız tamaşaçılarında böyük maraq doğurduğunu xüsusi vurğulamışdır. O, Syam festivalının bütünlüklə Azərbaycan musiqisinə ithaf edilməsində xüsusi əməyi olan P.Tilloya minnətdarlığını bildirmişdir.

Festivalın ilk günündə Azərbaycan və fransız musiqiçilərinin ifasında məşhur bəstəkarlarımızdan Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Vaqif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Musa Mirzəyevin, Firəngiz Əlizadənin və digərlərinin əsərlər səsləndirilmişdir.

Festivalda Qreta Komur-Tilloyun və Erika Eskribanın ifasında səslənən mahnılar, Silvia Gareddunun tütəkdə, Stefan Rüriyenin skripkada və digərlərinin müxtəlif musiqi alətlərində ifaları, P.Tilloyun ölkəmizdə olarkən milli musiqimizin təsiri altında bəstələdiyi “Abraxas” əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Festival çərçivəsində Azərbaycanın Xalq Artisti Murad Hüseynovun pianoda ifa etdiyi musiqi nömrələri, caz ustası Emil Əfrasiyabın çıxışı böyük marağa səbəb olmuşdur. Gənc xanəndələrdən Arzu Əliyevanın və Ehtiram Hüseynovun muğam, onları müşayiət edən Elşən və Malik Mansurov qardaşlarının, Hüsaməddin Əzizovun ifaları da tamaşaçıların sürəkli alqışları ilə qarşılanmışdır.

Festival iyulun 11-dək davam edəcəkdir.

 

İki sahil.- 2014.- 8 iyul.- S.31.