İlham Əliyev: Azərbaycanın xarici siyasəti

prinsipiallığı müstəqilliyi ilə seçilir

 

Olduqca mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan bu gün məqsədyönlü şəkildə həyata keçirdiyi daxili və xarici siyasi kurs nəticəsində beynəlxalq aləmə sürətlə inteqrasiya edir, dünya birliyində öz yerini və rolunu möhkəmləndirir. Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxış edən Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir.

 

Dövlət başçısı bunun səbəblərini də açıqlayıb: “Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.”

Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycan xarici siyasət sahəsində bir çox uğurlara imza atıb. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini göstərməklə bu reallığı sübut etmək olar. Təbii ki, əldə olunan nailiyyətlər bununla yekunlaşmır. Dövlət başçısının sözlərinə görə, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olub: “Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir. Yəni, bu daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatiksiyasi uğurumuzdur. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti-155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir, bizə inanmışdır və bilirəm ki, bu inama görə peşman olmamışdır. Çünki biz bəyan etdiyimiz kimi, iki il ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişik. Bu gün də müdafiə edirik və hər zaman müdafiə edəcəyik.”

Sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin xarici siyasət prioritetləri sırasındadır. Ancaq təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, ikili standartlar münaqişənin həllində müsbət nəticələrin əldə olunmasına əngəl yaradır. Müşavirədə çıxışı zamanı dövlət başçısı bu məqama xüsusi olaraq toxunub: Xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənmişdir, müxtəlif səylər göstərilmişdir. Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Bizsülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik.”

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayan ölkə başçısı bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir: “Tarixihüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağdaişğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir. Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq.”

Avropaya sürətlə inteqrasiya edən Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa ölkələri Azərbaycanın ənənəvi tərəfdaşlarıdır: “Burada da ikitərəfli format hesab edirəm ki, bizim maraqlarımıza cavab verir. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Mənim Avropa ölkələrinə səfərlərim, Avropanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu əyani şəkildə göstərir. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız daha çox Avropa məkanına göndərilir. Əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanlar vardır. Burada da münasibətlər qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi islahatları dərinləşdiririk. Bu, bizim üçün çox önəmlidir. Biz Avropanın bu sahədəki müsbət təcrübəsini öyrənirik və götürürük. Çünki bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır.”

Bu gün Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Xarici siyasət kursunun mühüm bir hissəsini təşkil edən beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm mərhələyə qədəm qoyub. Diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxış edən Prezident İlham Əliyev bununla bağlı öz fikirlərini bölüşüb: “Beynəlxalq təşkilatlarla əməkdaşlığımız artıq uzun illərdir ki, aparılır. Hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatlarda çox uğurlu siyasət aparır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bunu əyani şəkildə göstərir. BMT-də bizim fəaliyyətimiz əlbəttə ki, prioritet təşkil edir. Çünki BMT yeganə təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində, beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə BMT nəzərə alınmalıdır. Bizim digər beynəlxalq təşkilatlar ilə də əlaqələrimiz uğurludur. Biz indi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirik. Bu yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi ifadə etdim, təkrar etmək istəmirəm. Eyni zamanda, ümumiyyətlə bu təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması vardır və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist, ksenofobfaşist mövqedə olan insanlardır. Belə insanlar vardır və heç kim bunu dana, inkar edə bilməz.”

Dövlət başçısı həmçinin əlavə edib ki, diaspor təşkilatları ilə səfirliklər fəal əlaqədə olmalıdır: “Bilirəm ki, bu, belədir. Əvvəlki illərdə müəyyən ziddiyyətlər olmuşdur. Diaspor nümayəndələri ilə keçirilən görüşlərimdə də, ondan sonra keçirilən qurultayda da dəfələrlə demişəm ki, diaspor təşkilatları səfirliklərlə bir yerdə olmalıdırlar. Çünki səfirlik Azərbaycanın xarici siyasətini aparan qurumdur. Diaspor təşkilatları səfirliklər ətrafında birləşməlidirlər. Öz aralarında mübahisə aparmamalıdırlar və öz fəaliyyəti ilə ölkəyə zərbə vurmamalıdırlar.”

Prezident İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycan prinsipial, ardıcıl xarici siyasət aparır: “Müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaqdır. Azərbaycanın diplomatik korpusu uğurla fəaliyyət göstərir. Sizin fəaliyyətinizdən mən bütövlükdə razıyam. Əlbəttə ki, müxtəlif nöqsanlar, çatışmazlıqlar ola bilər. Ancaq bütövlükdə Azərbaycan diplomatiyası inkişaf dövrü yaşayır.”

 

Nail Rəhimzadə

 

İki sahil.- 2014.- 11 iyul.- S.7.