Azərbaycan tarixində
inkişaf və tərəqqi illəri
Heydər
Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründən
45 il keçir
14 iyul
1969-cu ildə hakimiyyətə gələn ulu öndər
Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində
1970-1980-ci illər baş verən dəyişikliklərin
miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların
səviyyəsinə və xalqın maddi rifah halının
keyfiyyətcə yeni mərhələyə
keçməsinə görə Azərbaycanın quruculuq
salnaməsində, sözün həqiqi mənasında, ən
parlaq səhifələri təşkil edir
Bu gün müstəqil
Azərbaycanın uğurlarından geniş bəhs edərkən
tarixi paralellər aparmağa böyük zərurət duyulur.
Bu fakt inkaredilməzdir ki, Azərbaycanı müstəqil
dövlət quruculuğuna aparan yol məhz 1969-cu ildən, yəni
ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
başlanıb. O dövrdə Azərbaycan
müttəfiq respublikalar arasında ən geridə qalanlar
sırasında idi. İqtisadiyyat inkişaf etmirdi, kənd təsərrüfatının
inkişafı üçün lazımi tədbirlər
görülmürdü, sənaye istehsalı isə
aşağı səviyyədə idi.
Məhz ulu öndər
Heydər Əliyevin fəaliyyəti nəticəsində 13 il
ərzində Azərbaycan keçmiş ittifaq miqyasında ən
qabaqcıl ölkə oldu. Əgər o dövrdə iki
respublika özünü təmin edə bilirdisə, onlardan
biri Azərbaycan idi. Bir sözlə, 1970-ci illər
Azərbaycan tarixində inkişaf və tərəqqi illəri
kimi qaldı. Təbii ki, ölkəmiz müstəqil deyildi,
amma bütün bu uğurları o vaxt mövcud ideoloji çərçivələr
daxilində əldə etmək mümkün olmuşdur.
Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra o illərdə əldə
olunan nailiyyətləri belə dəyərləndirmişdir:
“O dövrdə yaranmış iqtisadi potensial da bizim
böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın
tam sərbəst, heç bir dövlətdən asılı
olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz
müstəqilliyimizi tam bərqərar etdikdən sonra ölkəmizin
bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın
hər bir vətəndaşı görəcək və bunun
sayəsində şən, firavan yaşayacaqdır.”
70-ci illərdən
başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş
Azərbaycanı özünün iqtisadi inkişafının
növbəti mərhələsi kimi tarixən zəruri
azadlıq mübarizəsinə də daxilən
hazırlamışdır. 80-ci illərin sonu 90-cı illərin
əvvəlində müstəqillik hərəkatının
geniş vüsət alması ulu öndər Heydər
Əliyevin hakimiyyətinin birinci dövründəki həmin
iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən
dərhal bəhrələnməyə hazır milli
mübarizlik ruhunun təşəkkül tapması sayəsində
mümkün olmuşdur. Həmin
dövrün ictimai-siyasi, sosial-iqtisadi mənzərəsinin təhlili
fonunda deyə bilərik ki, hakimiyyətə gələn yeni rəhbərin
qarşısında respublikada iqtisadi potensialın
dağılmasının, ictimai-siyasi həyatda
yaranmış tənəzzülün qarşısını
almaq kimi mühüm vəzifə dayanırdı. Milli kadrların hazırlanması, milli dilin inkişaf
etdirilməsi və istifadə olunması, dövlət idarəetmə
strukturlarında çalışan məmurların azərbaycanlı
olmasına diqqət yetirilməsi istiqamətində nəinki
ciddi addım atılmır, hətta bu yöndə edilə
bilən təşəbbüslərin qarşısı
alınırdı. Dahi şəxsiyyət Heydər
Əliyev uğurlu addımları sayəsində bu problemlərin
həllinə nail olundu. Ulu öndər bu fikri hər zaman
önə çəkirdi ki, millətin siyasi müstəqilliyinin
əsasını onun iqtisadi cəhətdən
azadlığı şərtləndirir.
Heydər
Əliyevin Azərbaycanın gələcəyini
düşünərək uzaqgörənliklə
atdığı addımlardan biri də azərbaycanlılardan
ibarət gənclərimizi gələcəyin müstəqil
ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən
ötrü keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi
kimi dəyərli təhsil ənənəsinin əsasını
qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və
kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli
mənəvi, əxlaqı dəyərlərinin təbliği
də həyata keçirilirdi. Milli hərbçi kadrların
hazırlanması da xalqın müstəqil gələcəyini
görən ulu öndər Heydər Əliyev
üçün xüsusilə böyük əhəmiyyətli
məsələ idi. Məhz C.Naxçıvanski adına hərbi
liseyin əsası 70-ci illərdə qoyulmuşdur. Hazırda
orduda xidmət edən zabitlərin böyük əksəriyyəti
ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində
yaradılan həmin liseyin yetirmələridir.
Dahi
şəxsiyyət Heydər Əliyevin gələcəyin
müstəqil Azərbaycanını nəzərdə tutaraq,
milli məfkurənin yüksəlişi və xalqın milli
dövlətçilik arzularının daha da güclənməsi
üçün dövlət quruculuğu sahəsində
gördüyü mühüm işlərdən biri də Azərbaycanın beynəlxalq
aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin
genişləndirilməsi üçün səylər
göstərməsi idi. Bu məqsədlə Bakıda ittifaq və
beynəlxalq əhəmiyyətli tədbirlər təşkil
olunduğu kimi, müttəfiq respublikalarda da Azərbaycan mədəniyyəti
və incəsənəti günləri keçirilirdi. Bütün bunlar son nəticədə Azərbaycanın
xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla
əlaqələrinin qurulması üçün zəmin
yaradır, azərbaycanlıların özünəməxsus
tarixi, mədəni ənənələri olan xalq olaraq
tanınmasını, Bakının isə həmin dövrdə
dünya miqyasında tanınan bir elm və mədəniyyət
mərkəzinə çevrilməsini təmin edirdi.
Ulu öndər Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı Azərbaycanın
tarixində yeni bir mərhələnin əsasını qoydu.
Tarixi paralellər apardıqda ümummilli liderin hakimiyyətinin
hər iki dövründə bir amal, məqsəd
özünü qabarıq şəkildə büruzə
verir- Doğma xalqına sədaqətlə xidmət etmək.
Heydər Əliyev ictimai-siyasi quruluşdan asılı
olmayaraq bütün dövrlərdə Azərbaycanın
inkişafına çox böyük töhfələr
vermişdir.
Müstəqilliyimizin
ilk illərində Azərbaycanın yaşadığı
ağır durum yaddaşlardadır. Dövlət başçısı
İlham Əliyev daim bu fikri xüsusi qeyd edir ki, müstəqilliklə
bağlı təbliğata daha geniş yer verilməlidir. Azərbaycanın
gənc müstəqil dövlət olduğunu qeyd edən
Prezident İlham Əliyev bildirir ki, buna baxmayaraq, öz
maraqlarını müdafiə etməyə qadirdir, dünya
miqyasında özünə layiqli yer tuta bilib. “Müstəqillik
mövzusu daim gündəlikdə olmalıdır və tarixi
paralellər aparılmalıdır. Buna da böyük ehtiyac
vardır” söyləyən möhtərəm Prezidentimiz onu
da bildirir ki, müstəqillik sadəcə dövlət
atributları deyildir. Müstəqillik müstəqil həyatdır,
müstəqil siyasətdir, dövlətin və milli
maraqların qorunmasıdır. Qeyd etdiyimiz kimi, tarixi paralellər
aparıldıqda Azərbaycanın müstəqillik tarixində
hansı çətinliklərlə üzləşdiyinin və
onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın
müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə
bu günü müqayisə etdikdə müstəqilliyin
saxlanılmasının, qorunmasının onun əldə
edilməsindən nə qədər çətin olduğunu
görürük. Bu gün Azərbaycan müstəqil
dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu
möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli
çərçivələrdə əlaqələri
inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə
çevrilmişdir.
Təbii ki, bu
uğurlar möhtərəm Prezidentimiz İlham Əliyevin
qeyd etdiyi kimi, göydəndüşmə deyil, böyük səylərin,
qətiyyətin nəticəsidir.
Müstəqilliyimizin
ilk illərində Azərbaycan parçalanmaq, dünyanın
siyasi xəritəsindən silinmək təhlükəsi ilə
üz-üzə qalmışdır. Bir tərəfdən
həmin dövrün iqtidarının səriştəsizliyi,
idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi
maraqlarını dövlət maraqlarından üstün
tutmaları sayəsində ölkədəki mövcud olan
xaos, anarxiya, özbaşınalıq, digər tərəfdən
silahlı qüvvələrin torpaqlarımızın
deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə
çevrilməsi fonunda ərazilərimizin erməni
işğalçıları tərəfindən
işğalına imkan yaradılması xalqımızn səbir
kasasını doldurmuşdur. Belə
ağır durumda xalq öz xilaskarına - Heydər Əliyevə
üz tutdu. Ümummilli lider Heydər Əliyev xalqının
səsinə səs verərək, tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi
müstəqilliyimizin qorunmasına, möhkəmləndirilməsinə
səy göstərdi. Dahi şəxsiyyət
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
əsası qoyulan inkişaf, tərəqqi yolu bu gün
uğurla davam edir. Çünki xalqına, Vətəninə
böyük məhəbbətlə bağlı olan ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiya, onun ideyaları Azərbaycanın gələcəyinə
hesablanıb.
Dahi
şəxsiyyət Azərbpaycanı sabitlik diyarına,
investisiyalar məkanına çevirdi. 1994-cü il mayın
12-də atəşkəs sazişinin, onun ardınca
sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi
daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın
dünya birliyində yeri və roluna öz müsbət təsirini
göstərdi. Sabitliyin yaradılması fonunda ölkə
iqtisadiyyatına sərmayə qoymaq istəyən dövlətlərin,
şirkətlərin tərəddüdləri aradan qalxdı,
iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin
sayı artdı. Baxmayaraq ki, Azərbaycan hər zaman yerləşdiyi
coğrafi məkana, malik olduğu təbii resurslara görə
dünyanın diqqətində olub, bu marağın 1994-cü
ildən sonra sürətlə artdığı inkaredilməzdir.
İqtisadi tərəqqi
Azərbaycanın beynəlxalq münasibətlər sistemində
yeri və roluna da öz müsbət təsirini göstərdi.
Ulu öndər Heydər Əliyevin xarici ölkələrə
səfərləri, Azərbaycanın malik olduğu resurslar
barədə ətraflı məlumatları ölkəmizə
diqqəti daha da artırdı. Uğurlarımızın
biri-birini əvəzləməsi xaricdə yaşayan
soydaşlarımızın da fəaliyyətinə təsirsiz
olmadı. Hər zaman dünyanın
müxtəlif ölkələrinə səpələnmiş
soydaşlarımızı bir amal, məqsəd - azərbaycançılıq
ideyası ətrafında birləşməyə
çağıran ulu öndər Heydər Əliyevin səyləri
nəticəsində ayrı-ayrı ölkələrdə Azərbaycan
cəmiyyətlərinin, mərkəzlərinin
yaradılmasına nail olundu. Sonra onların vahid mərzəkdən
idarə olunmasının vacibliyi önə çəkilərək,
ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında
2001-ci ildə Dünya Azərbaycanlılarının I
qurultayı keçirildi. Dahi şəxsiyyət Heydər
Əliyev ən yüksək tribunalardan bəyan edir ki, Azərbaycan
bütün dünya azərbaycanlılarının tarixi vətəni,
ata-baba ocağıdır. Hər bir vətəndaş Vətənimizin,
xalqımızın taleyi ilə yaşamalıdır.
Ulu öndər Heydər
Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi
xüsusiyyətlərindən biri də tariximizin öyrənilməsinə,
araşdırılmasına diqqətin göstərilməsi
idi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra ilk görüşü məhz
ziyalılarla oldu. O, tarixçilərin qarşısında
araşdırmaların aparılmasını, tariximizin təhrifinə
yol verilməməsini ən ümdə məqsəd kimi qoydu.
Məhz həmin illərdən başlayaraq Azərbaycan həqiqətlərini
özündə əks etdirən xeyli sayda kitablar
yazılıb, erməni vəhşilikləri faktlar əsasında
dünya ictimaiyyətinin diqqətinə
çatdırılıb. “Tariximizin hər bir səhifəsi
bizim üçün əzizdir” söyləyən ulu öndər
Heydər Əliyev bildirirdi ki, gərək biz tariximizi
heç vaxt unutmayaq, onun hər bir səhifəsinə
hörmətlə, ehtiramla yanaşaq. Heydər
Əliyev bu reallığı da hər zaman
çıxışlarında bildirirdi ki, əgər XX əsrin
əvvəlində xalqımız milli azadlıq, dövlət
müstəqilliyi yolunda ilk dəfə böyük addım
atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət
müstəqilliyinə tam nail olub. Müstəqilliyimizin
qorunması, əbədiliyinin təmin edilməsi
üçün həmrəy olmalıyıq.
Dövlət
müstəqilliyimizin yenidən bərpa olunmasının 23 ilə
yaxın dövründə böyük inamla qeyd edirik ki, bu
gün Azərbaycan, sözün əsl mənasında,
artıq tam müstəqil ölkədir. Ölkəmizdə
gerçəkləşdirilən siyasət daim Azərbaycan
xalqının
maraqlarına xidmət göstərir.
Təbii ki, ulu öndər
Heydər Əliyevin Azərbaycan dövləti, xalqı
qarşısındakı xidmətlərini bir yazı çərçivəsində
qeyd etmək mümkün deyil. Bugünkü
reallıqlarımız Heydər Əliyev siyasətinin təntənəsidir.
Tarixi müstəqil Azərbaycanın tarixi kimi
dəyərləndirilən Yeni Azərbaycan Partiyası ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır. 1992-ci ildə təsis konfransını 550
nümayəndənin iştirakı ilə keçirən
YAP-ın sıralarında bu gün 600 mindən artıq
üzvün birləşməsi məhz Heydər Əliyev
ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin gələcəyinə inamın
göstəricisidir.
Yeni Azərbaycan
Partiyasının əsas məqsədi Heydər Əliyev
ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycanın
inkişafının davamlılığını təmin
etməkdir. 22 illk tarixi dövrdə Yeni Azərbaycan
Partiyası bu missiyanı layiqincə yerinə yetirib. YAP
taleyinə uğurlar yazılmış bir siyasi təşkilatdır.
22 il ərzində Yeni Azərbaycan Partiyasını
uğurlar, nailiyyətlər müşayiət edib. Bu,
yalnız Yeni Azərbayan Partiyasının deyil, eyni zamanda
müasir Azərbaycanın taleyidir. Bu uğurlar sadəcə
bir təşkilatın əldə etdiyi uğurlar deyil, eyni
zamanda Azərbaycan xalqının, dövlətinin əldə
etdiyi uğurlardır. Yeni Azərbaycan Partiyasının əldə
etdiyi uğurlar ümumilikdə ölkənin
inkişafında, tərəqqisində özünü təsdiqləyən,
əks etdirən uğurlardır. Yeni Azərbaycan
Partiyasının V qurultayında ölkə Prezidenti, cənab
İlham Əliyev bir daha bəyan etmişdir ki, Yeni Azərbaycan
Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir,
azərbaycançılıqdır, müasirlikdir,
inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır.
Böyük fəxrlə
qeyd edirik ki, 2003-cü ildən sonrakı dövr Böyük
Yolun davamıdır. Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı cənab İlham Əliyev uğurlu
addımları ilə Azərbaycanı daha da zirvələrə
yüksəldir. Möhtərəm Prezidentimiz
İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, əgər
bugünkü vəziyyəti təhlil etsək və gələcək
planlarımızı buna əlavə etsək, görərik
ki, Azərbaycan bundan sonra ancaq inkişaf yolu ilə gedəcək:
“Bizim artıq güclü dövlətimiz vardır- müstəqil
Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız,
inkişaf proqramımız vardır. Bu proqramların
reallaşması nəticəsində Azərbaycan inkişaf
etmiş ölkələrin sırasına daxil ediləcəkdir.
Əgər gələcəklə bağlı fikirlərimizi
bir cümlə ilə ifadə etsək deməliyik: Biz
inkişaf etmiş ölkəyə çevrilməliyik!
İnkişaf etmiş ölkələrin meyarları
vardır. Bunları bilirik və biz hər bir istiqamət
üzrə o meyarlara çatmalıyıq- həm siyasi,
iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə.”
Heydər Əliyev
ideyaları Azərbaycanın qarşısında yeni-yeni
imkanlar açır. Ulu öndər Heydər Əliyevin
irsinin öyrənilməsində və təbliğində
Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 5 illiyi münasibətilə keçirilən
təntənəli mərasimdə söylədiyi bu fikirlər dahi şəxsiyyətin dövlətimiz,
xalqımız qarşısındakı xidmətlərinə
bir daha işıq salır: “Ölkəmizin hər bir vətəndaşı
ömrünün böyük hissəsini, mənalı və
yetkin çağlarını bu insanın rəhbərliyi
altında yaşamışdır. Bu rəhbərlik təkcə
yüksək vəzifə borcu kimi qalmadı, özünü
insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənsevərliyə,
iradəyə, qüdrətə köklənmiş mərd
ata və müdrik ağsaqqal qayğısı idi. Söhbət
XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı,
müasir, müstəqil Azərbaycan Respublikasının
banisi və qurucusu unudulmaz Prezident Heydər Əliyevdən
gedir. Heydər Əliyevin həyatı böyük bir
epoxanın aynası kimi ölkəmizin sevincli- kədərli
günlərini və anlarını, Azərbaycanın bu tarix
yollarını özündə əks etdirir. Məhz Heydər
Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki,
əlçatmaz xəyalların və arzuların
reallaşması insan fenomeninin gücünə
mümkündür... Böyük və nadir insanlar
doğulduqları andan ömrün sonuna qədər yüksək
və ali missiyanın daşıyıcıları olurlar.
Onlar millətlərinin və ümumiyyətlə bəşər
tarixinin inkişafında və tərəqqisində müstəsna
və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə
insanların ömrü elə bu səbəbdən alov
parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə
qədər böyük bir məqsədə xidmət edir və
əbədi mübarizəyə həsr olunur. Belə insanlar
tarixin mürəkkəb anlarında bütün çətinlikləri
dəf edərək həmişə zəfər
çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin
nəticəsi müasir, müstəqil Azərbaycan
Respublikası və onun bugünkü nailiyyətləridir.”
Azərbaycan möhkəm
təməl üzərində ucalan binaya bənzəyir. Məhz düzgün qurulan siyasətin nəticəsidir
ki, uğurlar biri-birini əvəzləyir, Azərbaycan beynəlxalq
münasibətlər sistemində söz sahibinə
çevrilir. 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilən ölkəmiz
haqqın, ədalətin tərəfdarı olduğunu
dünyaya nümayiş etdirdi. Ölkəmizin gələcəyinə
inamı təsdiqləyən bu mühüm hadisə gənc
müstəqil dövlət üçün böyük
diplomatik və siyasi uğurdur. Möhtərəm Prezidentimiz
İlham Əliyevin qeyd etdiyi kimi, bu, ölkəmizin imicini,
qısa müddət ərzində nə qədər
böyük yol keçdiyini göstərir.
Bu gün yeganə
problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsidir. Xalqımız tam əmindir ki, dövlətimizin
uğurlu siyasəti nəticəsində bu problemimiz də
öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi
bütövlüyü təmin ediləcək,
soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Azərbaycanın diplomatik xidmət orqanları
rəhbərlərinin beşinci müşavirəsində
ölkəmizin xarici siyasət sahəsində
qazandığı uğurlara diqqət yönəldən
dövlət başçısı İlham Əliyev bu fikri
böyük qətiyyətlə bildirmişdir ki, dünyada
gedən proseslərin inkişafı onu göstərir
ki, biz hər il, hər ay öz məqsədimizə
yaxınlaşırıq və məqsədimiz ərazi
bütövlüyümüzü bərpa etmək, Azərbaycan
bayrağını Şuşada, Xankəndidə
qaldırmaqdır: “Budur bizim əsas vəzifəmiz və bu məqsədə
çatmaq üçün nəinki diplomatlar, bütün cəmiyyət
öz səylərini birləşdirməlidir, birləşdiribdir.
Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ
yoxdur və bu məqsədə çatmaq üçün
biz hər gün çalışırıq və
çalışacağıq.”
Hər
bir məsələnin həllində beynəlxalq hüququn
norma və prinsiplərinin əsas götürülməsinin
vacibliyini bəyan edən möhtərəm Prezidentimiz
İlham Əliyev bu reallığı da diqqətə
çatdırır ki, beynəlxalq hüquqda tarixi amillər
öz rolunu oynayıb, presedent hüququ vardır. Erməni lobbisi çalışır
ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş
şəkildə çatdırsın: “Biz isə
çalışmalıyıq ki, real faktları dünya
ictimaiyyətinə çatdıraq, o cümlədən
İrəvan xanlığı ilə bağlı olan həqiqətləri
çatdırmalıyıq.”
Möhtərəm
Prezidentimiz Dağlıq Qarabağ probleminin gündəlik
işimiz olmasını qarşıya mühüm vəzifə
kimi qoyur. Bu gün hər bir Azərbaycan ziyalısının
qarşısında duran əsas vəzifə məhz faktlara əsaslanan
təbliğata dəstək olmaq, gənclərimizin vətənpərvərlik
hisslərini daha da artırmaqdır. Bakı Dövlət
Universitetində “Qafqaz xalqları tarixi” nəzdində “Erməni
araşdırmaları” laboratoriyası fəaliyyət göstərir.
Biz ermənilərin tariximizi təhrif etmək cəhdlərinə
hər zaman tutarlı, faktlara söykənən tədqiqatlarımızla
cavab verməliyik.
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında Heydər
Əliyev Fondu xidmətlərini xüsusi vurğulamaq
lazımdır. Heydər Əliyev Fondu tərəfindən
hazırlanan vəsaitlər - kitablar, albomlar, video disklər
dünyanın müxtəlif ölkələrində erməni
yalanlarının ifşasında, həqiqətlərimizin
faktların dili ilə təbliğində böyük dəstəkdir.
İctimai-siyasi fəaliyyətə başladığı
gündən cəmiyyətin bütün təbəqələrinin
diqqət mərkəzində olan Mehriban xanım Əliyeva
haqqında belə təsəvvür formalaşıb - O, səmimidir,
məsuliyyətlidir, həssasdır, işgüzardır və
xeyirxahdır. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali ideyalarına xidmət sahəsində
yüksək nailiyyətlərinə görə Mehriban
xanım Əliyeva bir sıra beynəlxalq mükafatlara layiq
görülüb.
Təsis
etdiyi Azərbaycan Mədəniyyəti Dostları Fondunun məqsədi
də məhz budur - Mədəniyyətimizin inkişafına
kömək göstərmək, xalqımızın dəyərli
mədəniyyət nümunələrinin xaricdə təbliğini
dəstəkləmək.
Mehriban xanım Əliyevanın gənc nəslin təhsilinin
inkişafı istiqamətində atdığı addımlar
da təqdirəlayiqdir. Belə ki, Fondun “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
məktəb tikintisinə, yenidən bərpasına, dünya
standartlarına cavab verən avadanlıqlarla təchiz edilməsinə
göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən
yüksək dəyərləndirilir. Körpələrin
fiziki və əqli cəhətdən sağlam böyüməsi
üçün əhəmiyyətli tədbirlər, kütləvi
aksiyalar keçirən Heydər Əliyev Fondunun layihələrinin
başlıca meyarı uşaqlara diqqət və
qayğıdan ibarətdir. Humanizm, insanpərvərlik və
mərhəmətlilik kimi bəşəri prinsiplər
Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında
dayanır. Qarşıdakı illərdə
Mehriban xanım ölkə və beynəlxalq səviyyəli
neçə-neçə əhəmiyyətli layihələrə
imza atacaq, mədəniyyətimizin, təhsilimizin
inkişafına, həqiqətlərimizin təbliğinə
biri-birindən əhəmiyyətli töhfələr verəcək.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da həqiqətlərimizin
təbliğində ciddi səylər göstərir. Onun təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya ədalət -
Qarabağa azadlıq” kampaniyasına dəstək
böyükdür.
Diplomatik mübarizədə
qələbə qazanan Azərbaycanın hərbi sahədə
də əldə etdiyi nailiyyətlər göz
qabağındadır. Dövlət
başçısı İlham Əliyev Azərbaycanın
diplomatik xidmət orqanları rəhbərlərinin beşinci
müşavirəsində bu bəyanatı da böyük qətiyyətlə
və inamla səsləndirdi: “Əlbəttə ki, məsələnin
həlli başqa yolla da mümkündür. Biz bunu
heç vaxt inkar etməmişik və açıq bəyan
etmişik ki, hərb yolu da istisna edilmir. Çünki son
aylarda, illərdə beynəlxalq arenada müşahidə
olunan mənzərə onu göstərir ki, əfsuslar olsun,
beynəlxalq hüquq işləmir. Güc amili əsas rol
oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar
olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına
böyük zərbə vurmuşdur.”
Uğurlarımıza
qısa baxış inkaredilməz olan bu reallığı
ortaya qoyur ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı
ilə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası da ölkəmizin 20
illik müstəqillik tarixində qazandığı
uğurlara əsaslanır. Qarşıdakı on ilin əsas hədəfi
Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görməkdir. Xalq-iqtidar birliyinin möhkəmliyi,
sarsılmazlığı hər bir hədəfə yüksək
səviyyədə çatacağımıza stimul verir. Cənab
İlham Əliyev ulu öndər Heydər Əliyevin “Nə qədər
ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda
əbədi olacağam!” fikrinin davamı olaraq bildirir:
“Bütün gələcək planlarımızın həyata
keçirilməsi üçün Heydər Əliyev siyasəti
davam etməlidir. Bu gün Heydər Əliyev
siyasəti yaşayır və əbədi
yaşayacaqdır.” Azərbaycan ulu öndər Heydər
Əliyevin hakimiyyətinin birinci dövründə
yaratdığı möhkəm baza əsasında müstəqilliyini
möhkəmləndirir, dönməzliyini təmin edir.
İradə Hüseynova,
YAP Siyasi Şurasının üzvü, BDU-nun
“Qafqaz xalqları
tarixi”
kafedrasının müdiri, tarix elmləri doktoru, professor,
Azərbaycan
Respublikasının Əməkdar müəllimi
İki
sahil.- 2014.- 11 iyul.- S.8-9.