Tarixdə Azərbaycan
xalqının qürur
duyacağı böyük fatehləri olub
Müsahibimiz
“Azərbaycan Nadir Əfşar dövləti”
kitabının
müəllifi Cahangir Hüseynovdur
Azərbaycanın şərəfli tarixi haqqında daha bir kitab işıq üzü gördü. Bu tarix ona görə şərəfli hesab edilir ki, bəhs edilən dövr dünya fatehi, Səfəvilərdən sonra Azərbaycanın ərazilərini dəfələrlə böyüdən və ölkəyə inkişaf gətirən Nadir şah Əfşarın həyat və döyüş yolunu əhatə edir. Kitabın müəllifi, Milli Məclisin sabiq deputatı, istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor, Qarabağ müharibəsi veteranı Cahangir Hüseynovdur. Müəlliflə müsahib olub kitabın yazılma səbəbini soruşduq.
- Cahangir müəllim, ötən ay sizin müəllifi olduğunuz “Azərbaycan Nadir Əfşar dövləti” kitabınızın ictimai təqdimatı keçirildi. Belə bir kitabın sizin tərəfinizdən yazılmasına nə səbəb oldu?
- Əvvəla deyim ki,
Əfşarların bizim
söy-kökümüzlə bağlılığı var. Sovet dövründə
Azərbaycan tarixi haqqında, xüsusən
də Nadir şah
Əfşar barədə geniş
danışmaq qadağan olunmuşdu
deyə, ortaya bu barədə
obyektiv yazı materialı
çıxartmaq mümkün deyildi. Müstəqillik qazandıqdan sonra isə tariximiz
araşdırılmağa, xalqımızın həqiqi
dostlarını və düşmənlərini, eyni zamanda, fatehlərimizi
tanımağa nail olduq.
Sovet dövrünün kitablarında Nadir İran şahı kimi tanıdılırdı və o erməni, rus və fars tarixçiləri tərəfindən azərbaycançılıqdan,
türkçülükdən kənarlaşdırılmışdı.
Nadir şahın həqiqi dəyərini
vermək üçün bu
kitabın yazılmasını istədim. Həmçinin
bu böyük fatehin 325 illik yubileyi yaxınlaşır və bu münasibətlə də bu
kitabın yazılmasını özümə borc bildim. Nadir
şah haqqında xarici
ölkələrdə - Almaniyada,
İngiltərədə, Amerikada, Rusiyada, İranda,
Türkiyə və digər yerlərdə yüzlərlə
əsərlər mövcuddur. Kitabı yazanda həmin əsərlərlə də
tanış olaraq onlara
istinad etdim. Bu tarixi yazanda
bir daha fəxr etdim ki, mən azərbaycanlıyam
və xalqımızın belə bir böyük şəxsiyyəti olub. Ona görə ki, araşdırma zamanı məlum oldu ki, XVIII əsrdə yer kürəsində Nadir
şah Əfşar qədər əzəmətli,
böyük şəxsiyyət
olmayıb.
- Nadir şah Əfşarın tarixi şəxsiyyət və böyük sərkərdəliyi barədə konkret tarixi faktlar nədən ibarətdir?
- Qeyd
edim ki, XVI əsrdə
Səfəvilər kimi böyük
bir imperiya mövcud idi və o dövrdə Azərbaycan tamamilə birləşdirilərək
vahid dövlət halına gətirildi.
Paytaxtı da Təbriz şəhəri oldu. Səfəvilərin 250 illik hakimiyyətləri zəifləyəndə
bu imperiya demək olar ki, ruslar,
əfqanlar, osmanlı və ərəb şeyxləri tərəfindən
tamamilə dağıdıldı. Onların paytaxtı İsfahana köçürülmüşdü.
İsfahan isə əfqanlar tərəfindən
tutuldu və hətta şahın anası
başda olmaqla hərəmxanası
da əsir götürüldü.
Şah Hüseyn
qaçdı və onun oğlu
İkinci Şah Təhmasib
Mazandaranda özünü
şah elan etdi. Bu dövrdə artıq Birinci Pyotr bütün şərqi
Azərbaycanı - Dərbəndi, Salyanı, Bakını tutaraq Gilana
çatmışdı. Rus çarı ikinci Şah Təhmasibə
şərt irəli sürdü ki, sən bu torpaqları
bağışlamalısan Rusiyaya və
buradakı Azərbaycan əhalisi köçürülməklə
ermənilərə həmin ərazidə çarlıq
verilməlidir. Şah Təhmasib
bu şərtlərə razılaşmaq
məcburiyyətindəykən 1722-ci ildə Nadir
Əfşar başına ordu
yığır və öz doğulduğu yeri özbəklərdən,
Məşhədi əfqanlardan azad edir. Şah onun gücünü görüb özünə ordu
komandanı təyin edir. Ordu komandanı olan Nadir qısa müddətdə osmanlılarla
müqaviləni ləğv edib onları geri oturdur, sonra
Rusiyaya ultimatum verir ki, torpaqları
qaytarmasanız sizinlə müharibə edəcəyəm. Bu artıq Pyotrun
ölümündən sonrakı çariça
Yelizavetanın dövründə idi. Ruslar anlayırlar ki, onlar Nadirlə bacarmayacaqlar.
Ona
görə də tezliklə Bakını, Dərbəndi azad edib, Gilandan
geri çəkildilər. 1732-ci ildə Təhmasibin
Osmanlı dövləti ilə müharibədə uğursuzluğa düçar
olması, müqavilə ilə Azərbaycanın qərb hissəsini
Osmanlılara verməsi Nadiri məcbur edir ki, onu
hakimiyyətdən salsın. Təhmasibi hakimiyyətdən
kənarlaşdıran Nadir onun iki yaşlı oğlunu şah elan edib özü
də onun naibi olur. Məhz 1736- cı ildə Azərbaycanın
bütün ərazisi
işğalçılardan təmizlənir. Eyni
zamanda, Nadir ruslara elə bir dərs vermişdi ki, ondan sonra ruslar
70 il Azərbaycana girməyə cəsarət
etməmişdilər.
Bu təmizləmədən sonra 1736-cı ildə bütün
İran əhlinə məktub göndərib
Muğanda-Şirvanla Muğanın kəsişdiyi
Suqovuşanda, yəni indiki
Sabirabadla Saatlının ərazisində böyük bir qurultay keçirir.
Dünyanın bir çox
yerindən qurultaya nümayəndələr
dəvət edilir. 12 min
çadır qurulur və qurultayda
iştirak edən 100 min
insana burada xidmət edilir. Qurultayda o özünü şah elan edir.
Sonra o İranı dörd bəylərbəyliyinə bölür: Burada Azərbaycan
bəylərbəyliyi, Fars bəylərbəyliyi,
İraq bəylərbəyliyi və Şərqi
Xorasan bəylərbəyliyi. Bunlardan ən böyüyü
və güclüsü Azərbaycan bəylərbəyliyi
olur və qardaşı İbrahim
xanı bəylərbəyi təyin edir.
Azərbaycan bəylərbəyliyinə Gürcüstan,
Şimali Qafqaz,
Dağıstan, Cənubi Azərbaycan və İranın xeyli hissəsi tabe idi. Bu qüdrətli bəylərbəyliyinə
məhz qardaşını rəhbər təyin etməklə
bir daha nümayiş etdirir ki, Azərbaycan ətrafında İran
dövlətini birləşdirir. Paytaxt da Məşhəd şəhərini seçir. Məşhəd şəhəri də
o dövrdə İmam
Rzanın məqbərəsi ilə bağlı şiələrin
dini mərkəzi idi.
Mən burada digər bir
faktı da qeyd etmək
istəyirəm ki, heç
bir Türk sultanı
və İran şahı başqa
xalqların dini inanclarına qarşı
olmayıb, əksinə məscidlər kimi
kilsələrin də fəaliyyətinə şərait
yaradılıb. Bu isə onların
tolerantlığının bariz nümunəsi
idi.
Nadir gücünə və hərbi
istedadına güvənən bir şəxsiyyət
olmaqla yanaşı həm də təəssübkeş
bir türk oğlu idi. O özündən
əvvəlki türkdilli şahların
hakimiyyətinə yaxşı bələd idi
və öz fəaliyyəti ilə ululardan miras qalmış ərazilərin
hamısını geri qaytara
bildi. Nəticədə doğma
Azərbaycan da Nadirin
yaratdığı nəhəng dövlətin tərkibinə
daxil olmaqla onun nüvəsini təşkil etdi.
Nadir çox güclü hafizəyə malik
olmuşdur. O bütün
sərkərdələrinin, ünsiyyətdə olduğu döyüşçülərinn
adlarını, onların xidmətlərini yadında saxlaya bilirdi.
Nadirin məşhur bir sözü də onun
böyüklüyündən xəbər verir.
O deyirdi: “Əgər mən
Çingiz xan və
Əmir Teymurla birgə yaşasaydım, Çingiz xan səltənət
başçısı, Əmir Teymur vəzarət
başçısı və mən qoşun
başçısı olsaydım bütün
dünyanı biz üçümüz
fəth edərdik.”
Ümumiyyətlə,
Nadir şah
haqqında, onun böyüklüyü,
məğlubedilməzliyi haqqında günlərlə, aylarla danışmaq olar. Onun qəhrəmanlıqlarını nəinki
bir yazıya, hətta kitablara
belə sığdırmaq mümkün deyildir. Ona görə də
mənə elə gəlir ki, Nadir Şah
Əfşarın böyüklüyünü
anlamaq üçn onun haqqında yazılmış kitabları oxumaq lazımdır.
- Cahangir müəllim, siz ixtisasca hüquqşünassınız. Amma tarixlə bağlı yazırsınız və tarixi araşdırmalar aparırsınız. Bəs peşəkar tarixçi alimlərimiz sizin bu araşdırmalarınız haqqında hansı fikirdədirlər?
-Mənim atam da hüquqşünas
olub və 1945-1950-ci illərdə Azərbaycan
Dövlət Universitetinin hüquq
fakültəsini fərqlənmə ilə bitirib.
1952- ci ildə yenidən universitetin
tarix fakültəsinə daxil
olub. Bu dövrdə atam Ulu Öndərlə bir fakültədə oxuyub.
Mən atamdan soruşanda
ki, sən hüquqşünas
idin, nə üçün
yenidən tarix fakültəsinə daxil oldun? O deyirdi ki, oğul,
hər bir vətəndaş ölkəsinin,
dövlətinin və xalqının tarixini
dərindən bilməlidir. Atam uzun müddət respublikanın müxtəlif
rayonlarında hakim işləyib. O məni
həmişə tarixi öyrənməyə,
tarixi faktlardan səmərəli
istifadəyə çağırırdı. O, tez-tez bu məşhur bir deyimi mənə
xatırladırdı: tarixini bilməyənin
gələcəyi olmaz.
Mən özüm də uzun
müddət hüquq mühafizə
orqanlarında çalışmışam, amma
tarixi öyrənməyi də
unutmamışam. 2005-ci ildə isə siyasi
fəaliyyətimə son verdikdən sonra tarixi
araşdırmalarımı davam etdirmək
imkanı qazandım. Belə ki, Azərbaycan
Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda
elmi işlər üzrə direktor müavini və Elmi Şuranın sədri oldum.
Burada tarixi
araşdırmalarımı məqalələr və kitablar şəklində hazırladım.
Xüsusən Nadir şah
Əfşar ilə şəcərə
bağlılığım məndə onun
fəaliyyətini araşdırmağa maraq
yaratdı. Sanki onun dövrü bir
ağzıbağlı, ancaq içərisi
daş-qaşla dolu zəngin
sandıq idi. Araşdırdıqca
xalqım və ölkəm adına qürur
duyacaq, fəxr ediləcək tarixi faktlarla
qarşılaşdım. Mən bu institutda türkün 4 min illik tarixini
oxudum, böyük
fatehlərimizin həyat və siyasi fəaliyyətləri
ilə yaxından tanış oldum.
Mənim Nadir şah Əfşara həsr
etdiyim kitabımın ictimai
təqdimatında iştirak edən
ölkə tarixçilərinin və ziyalılarının kitab haqqında müsbət fikirləri
söyləndi. Eyni zamanda,
mən bu kitabımı AMEA-nın
Bakıxanov adına Azərbaycan Tarix İnstitutuna, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqogi Universitetinin Azərbaycan
tarixi kafedralarına təqdim etdim. Tarixçilərimiz kitabı oxuyub böyük və
müsbət rəy yazaraq mənə zəng
edib minnətdarlıqlarını bildirdilər.
Həmçinin onlar
araşdırmalarımda yeni faktların olduğunu söyləyərək onun davamlı olmasını da
təklif etdilər. Bu gün
tarixçilərimiz ölkə mətbuatında mənim bu kitabımla bağlı xoş
ürək sözlərini yazırlar ki, bu da məni
qürurlandırır.
Mən bir mühüm faktı da qeyd etmək istəyirəm
ki, ölkə Prezidenti
cənab İlham Əliyev tariximizin
yenidən, həm də tarixi gerçəkliyə
uyğun yazılması və tariximizin saflaşması barədə alimlərimizə
dəyərli göstərişlər veribdir. Artıq tarix institutu türkiyəli tarixçilərlə
birlikdə Azərbaycan tarixini yenidən
araşdırır və yazırlar. Bizim
həqiqi tariximizə qovuşmağımız üçün diqqət və
qayğısını əsirgəməyən cənab
Prezidentə minnətdarlığımı bildirirəm.
Elçin Zaman
İki sahil.- 2014.- 11 iyul.- S.16.