Dəniz yataqlarında yeni
quyuların qazmasına
start verilib
Bu
gün ölkə iqtisadiyyatının inkişafında
müstəsna rolu olan Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (ARDNŞ) respublikanın quru və dəniz
yataqlarında qazma işlərini yüksək səviyyədə
davam etdirir.
ARDNŞ-in qazma sahəsi üzrə
ixtisaslaşmış ən böyük struktur bölmələrindən
biri olan “Kompleks Qazma İşləri” Tresti şirkətə
məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə
uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan
istifadə etməklə, ətraf mühitə ziyan vurmadan,
işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz
əmək şəraitində, yüksək səviyyədə
istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə
sifarişçinin tapşırıqlarını vaxtında
və keyfiyyətlə həyata keçirməklə,
axtarış-kəşfiyyat və istismar qazma işlərini
aparır. Qazma işləri Abşeron neftli-qazlı
rayonlarında, dəniz akvatoriyası üzrə Bakı və
Abşeron arxipelaqında və s. yataqlarda həyata
keçirilir. Sifarişçilər tərəfindən təqdim
olunmuş məlumatlara əsasən, respublikada neft-qaz
hasilatının sabit saxlanılması üçün
istismar qazması işlərinin və yeni yataqların
aşkar edilməsi üçün axtarış-kəşfiyyat
qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə
trest ARDNŞ-in strukturuna daxil olan və böyük elmi
potensiala malik olan idarələrlə sıx əməkdaşlıq
edir.
Qazmaçılar ötən ay olduğu kimi,
bu aya da uğurla başlayıblar. “Kompleks Qazma İşləri”
Trestinin müdiri, təcrübəli mütəxəssis
İsgəndər Şirəlinin rəhbərliyi ilə həyata
keçirilən qazma işləri nəticəsində mədənçilərə
yeni quyular təhvil verilib. Belə ki, “Neft Daşları”
yatağındakı 1887 saylı Stasionar Dəniz
Özülündən 1908 nömrəli quyu əsaslı təmirdən
sonra istismara verilib. Quyu
IX horizontdan fontan üsulu ilə sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri “Neft
Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
İyul ayında həmçinin trest üzrə daha bir quyuda qazma
işləri başa
çatdırılıb. “Neft
Daşları” yatağında yerləşən 2521 nömrəli
meydançadan layihə dərinliyi 1490 metr, layihə horizontu QaLD3
olan 2526 nömrəli maili
istiqamətləndirilmiş istismar quyusudur. Quyunun gözlənilən
hasilatı gündəlik 10 tondur.
Hazırda quyuda mənimsəmə işləri
davam etdirilir. “Qaradağ” yatağındakı 476 nömrəli
quyu da bu
ay təmirdən sonra
istismara verilib. Məhsuldar
Qatın VII horizontunda 3379-3331 metr intervalda süzgəci
açılmış quyuya sutkada 275000 kubmetr qaz vurulur ki,
həmin qazdan da
payız-qış mövsümündə istifadə olunacaq. Quyuda istismar işləri Qaz
Anbarları İstismarı İdarəsi tərəfindən
həyata keçirilir.
Qeyd edək ki,
2014-cü ilin iyun
ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək
Müəssisələr və Əməliyyat Şirkətləri
istisna olmaqla) 9908 metr qazma işi
həyata keçirib. Bu sahədə görülmüş işlərin 9875 metri istismara, qalanı isə
kəşfiyyata aid olub.
2014-cü ilin yanvar-iyun
aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr
və Əməliyyat Şirkətləri istisna
olmaqla) 72130 metr qazma işi görülüb ki, bunun da 70502 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.
Bütün bunlarla
yanaşı, 2014-cü ilin iyul ayı ərzində “Kompleks
Qazma İşləri” Tresti
2 quyuda qazma işlərinə
start verib. Belə ki, “Neft Daşları”
yatağında yerləşən 2585 nömrəli meydançadan layihə dərinliyi 2500 metr, layihə horizontu
QÜQ olan 2592 nömrəli maili istiqamətləndirilmiş istismar quyusunda qazmaya başlanılıb. Həmçinin
Pirallahı adası yatağında yerləşən 1140
nömrəli meydançasından layihə dərinliyi 900 metr, layihə horizontu QA olan 1138 nömrəli maili
istiqamətləndirilmiş istismar quyusunda qazmaya
başlanılıb.
Nail Rəhimzadə
İki sahil.- 2014.- 12 iyul.- S.19.