Memarlığa həsr
edilən ömür
İyulun 18-də Beynəlxalq Muğam Mərkəzində əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi keçirildi. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlərinin foto-sərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərləri nümayiş etdirildi.
AzərTAc xəbər
verir ki, dövlət və hökumət rəsmilərinin,
Milli Məclisin deputatlarının, mədəniyyət və
incəsənət xadimlərinin iştirak etdikləri mərasimi
açan Memarlar İttifaqı idarə heyətinin sədri
Elbay Qasımzadə yubilyarın Azərbaycan mədəniyyətinə
verdiyi dəyərli töhfələrdən
danışdı.
Bildirdi ki, Rasim
Əliyev onlarla gözəl memarlıq əsərinin, bu
gün abidə statusuna layiq olan binaların müəllifidir.
O, həm də gözəl rəssamdır. Rasim Əliyevin rəng
seçimi, rəssamlıq texnikası, tablolarında əks
etdirilən lirika onun öz xarakterindən irəli gəlir.
Qeyd olundu ki, görkəmli
memarın böyük tələbə ordusu var. Rasim
Əliyev bu gün də Memarlar İttifaqının fəal
üzvüdür, tədbirlərində yaxından iştirak
edir. O, nəinki Azərbaycanda, xarici ölkələrdə də
tanınır. E.Qasımzadə memarlığı əbədi
səslənən musiqi, Rasim Əliyevi isə bu musiqini səsləndirən
bənzərsiz sənətkar adlandırdı.
Tədbirdə
görkəmli sənətkar haqqında çəkilmiş
“Memar” filmindən fraqmentlər göstərildi. Filmdə memar
öz ailəsi, sənətə gəlişi haqqında
danışır. “İnsan hansı peşənin sahibi olursa
olsun, öz peşəsini təmənnasız sevməlidir”
deyən Rasim Əliyev bildirir ki, memarlıq onun peşəsi
deyil, həyatıdır və o, memarlığı təbiətlə
insanın vəhdəti kimi görür. Filmdə memar həmçinin
ulu öndər Heydər Əliyevin ona peşəsi ilə
bağlı verdiyi tövsiyələri xatırlayır, bu məsləhətlərin
onun həyatında mühüm əhəmiyyətini qeyd edir.
Filmin nümayişindən
sonra yubilyara Memarlar İttifaqının diplomu təqdim edildi.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin
2014-cü il 16 iyul tarixli sərəncamı ilə Rasim
Əliyevin “İstiqlal” ordeni ilə təltif edildiyini
vurğulayaraq mədəni ictimaiyyətimiz adından dövlətimizin
başçısına dərin minnətdarlığını
bildirdi.
Qeyd olundu ki, Rasim
Əliyev haqqında danışarkən onun istedadlı memar,
fırça ustası olması ilə yanaşı,
böyük yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı
kimi fəaliyyətini də vurğulamaq lazımdır.
Bakının, eləcə də ölkəmizin bölgələrində
yerləşən tarixi abidələrimizin bugünkü
görkəmində məhz Rasim Əliyevin dəst-xətti
görünür.
Görkəmli
ziyalı, akademik Həsən
Əliyevin ailəsində dünyaya göz açan Rasim
Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində
memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq
Aeroportunun və Naxçıvan Hava limanının,
Bakının bir neçə metro stansiyasının, şəhərin
əsas parklarının, Azərbaycanın Türkiyədəki
səfirliyinin binasının və digər memarlıq sahəsində
özünəməxsusluğu və bənzərsizliyi ilə
seçilən layihələrin müəllifi və həmmüəllifidir.
O, 1965-ci ildə Bakının baş memarı təyin olunub və
23 il müddətində bu vəzifəni şərəflə,
ləyaqətlə yerinə yetirib.
R.Əliyevin
gördüyü işlər həmişə dövlətimiz
tərəfindən yüksək qiymətləndirilib. O,
2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə Azərbaycanda memarlıq sənətinin
inkişafında xidmətlərinə görə “Şərəf”
ordeni ilə təltif edilib.
Yubilyarın uzun illər
həmkarı olan heykəltəraş, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər
Eldarov Rasim Əliyevin
memarlığa, rəssamlığa vurğun insan olduğunu
söylədi, təbiətə sevgisini isə onun həyatının
ikinci məhəbbəti kimi səciyyələndirdi.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar bildirdi ki, Rasim Əliyev öz
peşəsində xüsusi yeri olan memardır.
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin rektoru, Milli Məclisin
deputatı Gülçöhrə Məmmədova
yubilyarın gənc nəslin yetişməsindəki rolunu
vurğuladı.
Mərasimdə Rusiya
Memarlıq və İnşaat Elmləri Akademiyasının
prezidenti Aleksandr Kudryavtsevin adından memara xüsusi mükafat
təqdim edildi, Rusiya Memarlar İttifaqının prezidenti
Andrey Bokovun və başqalarının təbrik məktubları
oxundu.
Əməkdar memar
Rasim Əliyev tədbirin təşkilində əməyi olan
hər kəsə dərin təşəkkürünü
bildirdi. O, öz həyatında,
yaradıcılığında ulu öndər Heydər
Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etdi. Memar, Prezident
İlham Əliyevə və ölkənin birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya memarlıq sahəsinə göstərdikləri
böyük diqqət və qayğıya görə öz dərin
minnətdarlığını bildirdi.
Tədbirə
toplaşanlar Rasim Əliyevi təbrik etdilər, ona can
sağlığı, fəaliyyətində yeni
yaradıcılıq uğurları arzuladılar.
İki sahil.- 2014.- 19 iyul.- S.24.