Jurnalistikamız müstəqillik
ruhunun daşıyıcısı kimi
çıxış edir
Mətbuat
Şurasının sədri Əflatun Amaşovun www.yap.org.az
saytına müsahibəsi
- Şanlı tarixi keçmişimizin yaşantılarını canlandıran Azərbaycan milli mətbuatı iyulun 22-də növbəti ildönümünü - 139 yaşını qeyd edəcək 139 yaşın üstünlükləri nələrdən ibarət olub? Mətbuatımızın ictimai həyatımızdakı missiyasının nə kimi özəllikləri var? Bu və digər məqamlarla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbətləşdik.
- Azərbaycanda mətbuatın
yarandığı dövr ictimai həyatın nisbətən
durğun vaxtına təsadüf edir. Həmin mərhələdə
çar Rusiyasında müəyyən canlanmaların baş
verməsinə baxmayaraq, prosesin milli ucqarlarda geniş əks-səda
doğurduğunu birmənalı qaydada söyləmək
mümkün deyil. Əlbəttə, o zaman üsyan zəminində
gerçəkləşmiş bəzi hərəkatları
unutmaq olmaz. Hər bir halda mətbuatın, qəzetçiliyin
tam şəkildə ictimai-siyasi, sosial-iqtisadi həyatın
aktivliyi fonunda meydana çıxdığını, bilavasitə
cəmiyyətin sosial sifarişi olaraq
yarandığını demək yerinə düşmür.
Müqayisəli
yanaşsaq, Avropada orta əsrlərdə qəzetçiliyin
formalaşmasını iqtisadi amillər zərurətə
çevirmişdisə, yəni ticarət, əmtəə-pul
münasibətlərinin genişlənməsi öz təsirini
göstərmiş və mövcud xüsusda informasiyanın
yayılmasına ehtiyac yaranmışdısa, Azərbaycanda
tamamilə fərqli yol
gedilmişdi. Mətbuat iqtisadi münasibətlərin
artım tepminin doğurduğu reallıq kimi yox, sırf
maarifləndirici missiya daşıyan, özü də bu
işi çox incə şəkildə etmək məcburiyyətində
qalan mərkəz kimi təşəkkül
tapmışdı. Düşünürəm ki, bu cəhət
mətubatımızın sonrakı strukturuna, iş ahənginə
təsirsiz ötüşmədi. Fəaliyyət dəst-xəttindəki
incəlik ona tarixin ən sərt sınaqlarından
çıxmaq imkanı verdi.
Digər tərəfdən,
indinin özündə də mətbuatımızın
kommersiya yükü olduqca zəifdir. Əlbəttə,
hazırkı mənzərədə obyektiv amillər öz
sözünü deyir. Amma ilk növbədə
mətbuatımızın təbiətinə xas cəhətləri,
məxsusilikləri vurğulamaq lazımdır. 139
yaşın gətirdiyi dividentlərə nəzər salarkən
onlardan, ilk növbədə maarifçiliyə, məfkurəçiliyə
söykənən məqamlardan söz açmaq lazımdır.
O məqamlardan ki, xalqı qəflət yuxusundan
ayıltdı, milli şüurunu oyatmaqla ona öz
haqlarını qaytardı və ən nəhayət
insanları müstəqilliyə səslədi. Bu onun
şübhəsiz üstünlüyüdür.
1875-ci ildə Həsən
bəy Zərdabi «Əkinçi» qəzetinin çapına
başladıqdan 43 il sonra Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması ilə son dərəcə böyük tarixi
missiya reallaşdırılmış oldu. Bunu ona görə
qeyd etdim ki, həmin zaman kəsiyinə diqqət yetirsək, cəmiyyətin
avanqard qüvvəsi qismində məhz ayrı-ayrı mətbuat
orqanlarının fəaliyyətini ön plana
çıxarmaq zərurəti yaranır. Onların hər
biri eyni hədəfə doğru aparan yolun ən müxtəlif
istiqamətlərini cızırdılar. Hansındasa satirik dəst-xətt,
hansındasa tənqid güclüydü, bir başqası
sırf ideoloji mərkəz funksiyası
daşıyırdı.
Mətbuatımız
totalitar sovet hakimiyyəti illərində ənənələrə
sadiqliyini qorudu. Azərbaycanın ikinci dövlət müstəqilliyinə
aparan yolu da müəyyənləşdirən başlıca
qüvvə oldu. Bütün bunlar və
sadalamadığım bir çox cəhətlər ötən
139 ili şanlı tarixi keçmişimiz kimi anmağa imkan
verir.
- Əflatun müəllim, Avropada qəzetçiliyin formalaşması ilə Azərbaycanda mətbuatın yaranma səbəbləri arasında müqayisələr apardınız. Qərbdə mətbuatın kommersiya yükü üzərində dayandınız. Mətbuatı müəyyən iqtisadi münasibətlərdən doğan reallıq kimi xarakterizə etdiniz. Azərbaycanda əlbəttə, fərqli yol seçilmişdi və bu yolu müəyyənləşdirən şəxsiyyətlər də var idi…
Həmin şəxsiyyətlərdən
birinin adını çəkdik. Milli mətbuatımızın
qurucusu Həsən bəy Zərdabi Moskva Universitetinin namizədlik
diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın
ilk universitet təhsilli alim və müəllimi, İslam
dünyasının ilk təbiətşünas alimi
olmuşdu. «Əkinçi» qəzetini min əziyyətlər
bahasına başa gətirmişdi. Əli bəy
Hüseynzadə bütövlükdə türk
dünyasının böyük şəxsiyyəti,
türkçülüyün atası sayılır. Əhməd
bəy Ağaoğlu «Difai» təşkilatını,
«İrşad» qəzetini yaratmaqla millətçi fikirlərdən
və sosial inqilabi düşüncələrindən təşvişə
düşən erməni daşnaklarının təhdidlərinə
cavab vermişdi. C.Məmmədquluzadənin
“Molla Nəsrəddin” jurnalında təbliğ etdiyi dərin
demokratizm və azadlıq ideyaları nəşrə
ümumxalq məhəbbəti, eyni zamanda beynəlxalq aləmdə
böyük nüfuz qazandırmışdı. Bu mənada əlbəttə,
şəxsiyyət amili üzərində dayanmaq
mümkündür. Adlarını çəkdiyim şəxsləri
sanki Tanrı özü xalqımıza müəyyən
tarixi mərhələni gerçəkləşdirmək
üçün bəxş etmişdi.
Ümumən Azərbaycanın
ictimai fikir tarixində, milli dövlətçilik
ideologiyasının formalaşmasında ziyalılar,
düşüncə adamları həmişə böyük
rol oynayıblar. Azərbaycanın XIX əsrin sonu XX əsrin əvvəllərindəki
vəziyyətinə diqqət yetirməklə bu rolun tarixi əhəmiyyəti
barədə söz açmaq mümkündür. Həmin dövrdə
insanların həyatına mənfi təsir göstərən
imperiya idarəçilik üsulu xalqın milli
özünüdərk meyllərinin qarşısını
alır, mövcud istiqamətdəki azacıq inkişafı
belə əngəlləyirdi. Hər cür çətinliklərə
baxmayaraq, ziyalılar nəsli də yetişir və həmin nəsil
imperiya daxilində baş verən proseslərdə xalqın mənfəətini
ön plana çıxara bilirdi. Bu mənada 1875-ci ildə
«Əkinçi» qəzetinin nəşrini həyata keçirməklə
Azərbaycanda milli mətbuat ənənələrinin əsasını
qoymuş Həsən bəy Zərdabinin böyük fədakarlığını
qeyd etməyə xüsusi ehtiyac var. Həsən
bəy Zərdabinin «Əkinçi»də məişət zəminində
ortaya qoyduğu reallıqlara sosial-ictimai məzmun gətirən
sonrakı ziyalı nəslinin nümayəndələri
qısa zaman kəsiyində istiqlal məfkurəsi
davasının öncüllərinə çevrildilər.
Onların özlərinin birbaşa əməyi
nəticəsində yaranmış dövri nəşrlər
Azərbaycan həyatına ictimai nəfəs verdi. İstiqlal
yollarına bir növ, hənirti gətirən həmin nəfəs
adlarını çəkdiyim parlaq şəxsiyyətlərin
yaradıcılıqlarının qayəsini təşkil
etdi. Xalqın milli oyanışı zəminində baş verən
proseslərdə 1918-ci ilin dövlət müstəqilliyinə
aparan yol müəyyənləşdi.
Həmin
dövr tarixi şəxsiyyətlərimizin dərin
dünyagörüşünə əsaslanmış həyat
və fəaliyyətləri Azərbaycanın XX əsrin
sonlarına doğru ikinci dəfə dövlət müstəqilliyinə
qovuşmasında misilsiz istiqamətverici örnək rolunu
oynadı. Hazırkı dövrdə isə bu adamların
keçdikləri ömür yolunun təbliği müstəqil Azərbaycanın
həm tarixi keçmişini yaşatması, həm mətbuatın
quruculuq proseslərindəki missiyasını ön plana
çəkmək, həm milli vətənpərvərlik
ideyalarının təbliği, həm də dövlətçilik
ənənələrimizə ehtiram baxımdan önəmlidir.
Azərbaycan Mətbuat Şurası bütün
bunları nəzərə alaraq XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycanın ictimai fikir tarixində müstəsna rolu
olan şəxsiyyətlər barədə “Milli mətbuatımız,
istiqlaliyyət yolumuz” silsiləsindən sənədli filmlərin
çəkilməsinə başlayıb.
- Əflatun müəllim, müasir Azərbaycan mətbuatı 139 illik tarixə malik ənənəyə sadiq fəaliyyət göstərə bilirmi?
- Sualınıza birmənalı
cavab vermək çətindir. Müəyyən obyektiv və
subyektiv cəhətlər var ki, onlara görə mətbuatımızın
hazırkı durumu bizi o qədər də razı salmır.
Amma hər cür çatışmazlıqlara və hətta
xoşagəlməzliklərə rəğmən demək
olmaz ki, mətbuatımız Zərdabi ənənələrindən
uzaqdır. Jurnalistikamız müstəqillik ruhunun
daşıyıcısı kimi çıxış edə
bilir. Düşünürəm ki, bu, son dərəcə
vacib məsələdir.
Hazırkı
dövrün reallıqlarını və tələblərini
də nəzərə almaq lazımdır. Bəzən hadisə
və proseslərin çatdırılması
üçün həddən artıq operativlik tələb olunur.
Bu cür fəaliyyət zərurətinin doğura biləcəyi
vəziyyətlərin tənzimləməsində peşəkarlıq
son dərəcə vacib göstəricidir. Medianın
transformasiyası, yəni fəaliyyət üsullarını
və vasitələrini dəyişdiyi, ənənəvi
mediadan onlayn mediaya keçidin gerçəkləşdiyi bir
dönəmdə «Azərbaycan jurnalistikası ənənələrə
sadiqdirmi?» sualı da daha çox verilir. Zənnimcə, hər
cür çatışmazlıqlara baxmayaraq, ümumən mətbuatımızın
ictimai fikir institutu kimi özünü təsdiqləməsində
tarixi sələflərimiz olan nəşrlərin
missiyaları ilə bənzərlik var. Demək, ənənələrə
sadiqlik də var.
- Bir qədər öncə peşəkarlıqdan söz açdınız. Ümumən Azərbaycan jurnalistikasının hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Məsələyə
iki aspektdən yanaşmaq lazımdır. Birincisi, əlbəttə,
hələlik istədiyimiz jurnalistikaya malik deyilik. Deyək ki, əcnəbi dildə danışa bilməmək
amili var. Azərbaycan mediasının dünyanın media məkanına
inteqrasiyası üçün jurnalistlərimizin xarici dildə
mükəmməl danışa və yaza bilmələri
şərtdir. Qarşımızda duran mühüm vəzifələrdən
biri də media təmsilçilərimizin
ixtisaslaşmalarına nail olmaqdır. Ümumən
bu sayaq məsələləri kifayət qədər sadalamaq
mümkündür və diqqət yetirsək, görərik
ki, ötən illərlə müqayisədə problemlərin
bir çoxu aradan qalxıb.
İkinci cəhət isə arzuladığımız
jurnalistikaya nail olmaq istiqamətindəki yolun müəyyənləşməsidir.
Hazırkı inkişafın səviyyəsi qənaətbəxş
olmasa da, inkişaf sürəti və işə yanaşma
göstəricisi gələcəyə inamla yanaşmaq
üçün kifayət qədər ciddi əsaslar verir.
İndiyədək görülmüş tədbirlər,
ən əsası bundan sonra görüləcək işlər
üçün ortada istəyimiz, həmçinin dövlətin
iradəsi var. Bu gün media sahəsindəki istənilən təşəbbüs
Azərbaycan dövləti tərəfindən qiymətləndirilir.
Təşəbbüslərin dəyərləndirilməsində
başlıca prioritet kimi söz, fikir, ifadə
azadlığının daha da dərinləşdirilməsi zərurəti
götürülür. Dövlətin iradəsinin
nəticəsidir ki, Azərbaycan Respublikasında «Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Kosepsiyası» kimi fundamental səciyyə
daşıyan sənəd qəbul olunub. Konsepsiyaya
uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradılıb. Fond dövlətin prioritet
kimi müəyyənləşdirdiyi sahələrə dair həm
KİV-lərin layihələrini maliyyələşdirir, həm
də ayrı-ayrı jurnalistlərin yaradıcılıq məhsullarını
qiymətləndirir, onların fəaliyyətini bir növ,
stimullaşdırır. Bütün bunlar
məsələyə sistemli yanaşmanın nəticəsidir.
- Əflatun müəllim, Azərbaycan mediası
hazırkı səviyyəsi etibarilə söz və ifadə
azadlıqlığının başlıca atributu kimi cəmiyyətə
nə dərəcədə örnəkdir?
- Məsələyə iki aspektdən yanaşmaq istərdim.
Birincisi, Azərbaycanda media orqanları tam
azaddır. Onları istədikləri
mövzunu gündəmə gətirmək sərbəstliyinə
malikdirlər. Bəzən mövzu rəngarəngliyinin
ifrat nəticələr doğurduğunun da şahidi oluruq.
Hər bir halda düşünürük ki,
azad cəmiyyətdə yaşayırıqsa, belə hallar da
olmalıdır. İkinci aspekt nəyin
olmamasına söykənir. Söz və
ifadə azadlıqlarının verdiyi imkanların
düzgün dəyərləndirilməsində yetərincə
çətinliklər var. Xüsusən də internet
medianın geniş vüsət aldığı indiki
dövrdə problemlər özünü daha qabarıq şəkildə
göstərir.
Azərbaycan mətbuatı ildən-ilə
irəliyə gedir. Ölkəmiz özü də
inkişafdadır. Əsas məsələ
medianın inkişafının dinamikasındadır. Mətbuatımız bir ictimai institut olaraq ölkənin
ümumi axarına adekvat reaksiya vermək gücündədirmi?
Onun ümumi iqtisadi tərəqqidən
götürdüyü pay rifahı təmin edə bilirmi? Məncə, bu gün üzərində dayanmalı
olduğumuz əsas məqamlar bunlardır. Mövcud müstəvidəki problemlər aradan
qalxdıqca mediamızı cəmiyyətə örnək edən
göstəricilər də çoxalacaq.
- Bu
göstəricilərin artması üçünsə əlavə
tədbirlərə ehtiyac var. Sizcə, hazırkı dövrdə
mətbuatımız qarşısında duran və həlli
vacib olan vəzifələr hansılardır?
- Bir sıra problemlərdən söz açdıq. Görülmüş işlərdən də həmçinin.
Jurnalistlərin həyat şəraitinin
yaxşılaşdırılması önəmlidir. Bu
mənada ötən il Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
əsasında jurnalistlər üçün
yaşayış binasının tikintisi böyük hadisə
idi. Düşünürəm ki, gələn il
tikilməkdə olan yeni binanın istifadəyə verilməsi
qələm sahiblərinin sosial yükünün
azaldılması nöqteyi-nəzərdən mühüm əhəmiyyət
daşıyacaq.
Ümumən medianın iqtisadi cəhətdən
özünü təmin edə bilməməsi, bu xüsusda
reklam bazarının zəifliyi, jurnalistlərin sosial təminat
səviyyəsinin aşağılığı. Bunlar medianı asılı hala salır, jurnalistin
özünü ayrıca götürsək, onun
yaradıcılıq imkanlarını da məhdudlaşdırır.
Əlbəttə, görüləsi
işlər çoxdur. Hesab edirəm ki, «Azərbaycan
Respublikasında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası»nda nəzərdə tutulan məsələlərin
sistemli şəkildə həyata keçirilməsi ilə əsaslı
irəliləyişlərə nail olmaq mümkündür.
Jurnalist peşəkarlığından
söz açdıq. Peşəkarlığı
doğuran başlıca cəhət peşəyə sevgidir.
Mövcud anlamda 2013-cü ilin noyabrında
dövlət başçısının jurnalistlərlə
keçirdiyi görüşdə səslənmiş təkliflərin
həyata keçirilməsinə yönələn işlər
böyük əhəmiyyətə malikdir. Artıq ali məktəblərin jurnalistika fakultələrinə
qəbulda qabiliyyət imtahanı tətbiq edilir. Düşünürəm ki, bu işin gələcəkdə
daha sistemli şəkil almasına ehtiyac var. Eyni zamanda
jurnalistikanın tədrisi sahəsində islahatların
aparılması da aktual səciyyə daşımaqdadır.
Azərbaycanda diffamasiyaya görə
azadlıqdan məhrum edilən jurnalist yoxdur və bu, müsbət
haldır. Ancaq hər bir halda jurnalistin
yazdığı materiala görə həbsin nəzərdə
tutan müddəaların Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində qalmasını istəməzdik.
Buna görə də diffamasiya ilə
bağlı fəaliyyətin davam etdirilməsi də vacibdir.
İki
sahil.- 2014.- 22 iyul.- S.12.