Azərbaycan
metallurgiyasının flaqmanı – “Baku Steel Company”
əsaslı yenidənqurmadan sonra istehsalı dörd
dəfə artırıb
İyulun 22-də “Baku Steel Company” zavodunda əsaslı
yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz
olunmuş istehsalat sahələri istifadəyə verilib.
Bu münasibətlə
zavodda təntənəli açılış mərasimi
keçirilib. Müəssisədə aparılan əsaslı
yenidənqurma istər məhsul buraxılışının
artırılması, istərsə də ixrac
potensialının genişlənməsi baxımından diqqəti
cəlb edir. İndi burada Almaniya, ABŞ, Fransa, İtaliya və
Türkiyənin aparıcı şirkətlərinin
istehsalı olan avadanlıqlar quraşdırılıb.
Əlamətdar hadisədir
ki, “Baku Steel Company”də yenidənqurma işlərinin əsas
mərhələsinin yekunlaşması Prezident İlham
Əliyevin elan etdiyi “Sənaye ili”nə təsadüf edir.
Dövlətimizin başçısının sənayeləşmə
siyasətinə uyğun olaraq ölkəmizdə rəqabətqabiliyyətli,
ixracyönümlü, çoxşaxəli, innovativ
iqtisadiyyatın formalaşdırılması, yeni və modern
sənaye müəssisələrinin yaradılması istiqamətində
intensiv iş aparılır. Artıq Azərbaycanda müasir
standartlara uyğun, rəqabətqabiliyyətli və
ixracyönümlü məhsullar istehsal edən, qabaqcıl
texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri
yaradılır. 2001-ci ildən fəaliyyətə başlayan
“Baku Steel Company” bu sahədə nümunə göstərərək,
ölkənin qeyri-neft sektorunun inkişafına dəyərli
töhfələr verir. Qafqazda analoqu olmayan, hətta Avropada
bir çox məşhur müəssisələrlə
müqayisə edilən “Baku Steel Company” müasir
texnologiyalardan və ən son yeniliklərdən bacarıqla bəhrələnir.
Bu və digər yeniliklər barədə zavodun yenidən qurulan istehsalat sahələrinin açılışı münasibətilə keçirilən tədbirdə məlumat verildi.
“Baku Steel
Company”nin
həyatında
yeni mərhələ
“Baku Steel Company” MMC-nin müşahidə
şurasının sədri Rasim Məmmədov Qafqaz regionunda
birinci müasir poladəritmə müəssisəsi, ölkədə
ilk özəl metallurgiya zavodu olan şirkətin 13 il əvvəl
ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə
başladığını xatırlatdı. Qeyd etdi ki,
ötən müddətdə zavodda istehsal olunmuş 3,5 milyon
ton məhsulun 1 milyon tonundan çoxu xarici bazarlara ixrac edilib.
Bu gündən etibarən isə şirkətin həyatında
tam yeni bir mərhələ başlayır. Həyata
keçirilən yenidənqurma nəticəsində zavodun
istehsal gücü 250 min tondan 1 milyon tona
çatdırılıb. Bu barədə məlumat verən
müşahidə şurasının sədri dedi ki, şirkət
yerli bazarı keyfiyyətli məhsulla tam təmin etməklə
yanaşı, xarici bazara Azərbaycan brendi ilə də məhsul
çıxarır. Son vaxtlar
500 tonluq ixrac müqavilələrinin imzalanması zavodun
bu sahədə artan potensialından xəbər verir. Həmçinin
MMC-yə məxsus Sumqayıt Boruyayma Zavodu Rusiya bazarına ildə
100 min ton boru ixrac edir. “Lakin boru pəstahlarının Rusiyadan
idxal olunması bizi qane edə bilməzdi. Bunu nəzərə
alaraq, ikinci poladəritmə sexinin fasiləsiz tökmə
maşınında boru pəstahlarını özümüz
istehsal etmək qərarına gəldik. Bu istiqamətdə
işlərə başlanılıb və ümidvarıq ki,
ilin sonunadək istehsal xəttini işə salmaq mümkün
olacaq”, - deyə R.Məmmədov vurğuladı.
“Baku Steel
Company”
xaricdə
də müəssisələr yaradır
Tikilməkdə olan oksigen və maye azot zavoduna
müasir avadanlıq alınması üçün
Fransanın “Air Liquide” şirkəti ilə 15 milyon avro məbləğində
müqavilə imzalanıb. Bu haqda danışan müşahidə
şurasının sədri bildirdi ki, zavod işə
salındıqdan sonra müəssisə özünün
oksigen və azot ehtiyaclarını tam ödəyəcək.
Yenidənqurma çərçivəsində, həmçinin
müasir qeyri-standart avadanlıqlar və mürəkkəb
metalkonstruksiya istehsal edən “Baku Steel Construction” sahəsi də
yaradılıb. Onlarca belə yenilik olduğunu bildirən R.Məmmədov
təkcə bir faktı qeyd etməklə kifayətləndi
ki, 2011-2014-cü illərdə yenidənqurma işlərinə
200 milyon manatadək sərmayə qoyulub.
Şirkətin xarici ölkələrdəki fəaliyyətinə
toxunan müşahidə şurasının sədri
vurğuladı ki, “Baku Steel Company” Birləşmiş Ərəb
Əmirliklərində illik istehsal gücü 1 milyon ton olan
Füceyra Metallurgiya Zavodunun tikinti-quraşdırma işlərini
başa çatdırıb, Qazaxıstanın Aktau şəhərində
“Caspian Steel” poladəritmə müəssisəsini yenidən
qurub. İran İslam Respublikasında Metallurgiya Kompleksinin
tikintisinə dair aparılan danışıqlar uğurla nəticələnib.
Bu kompleks filiz saflaşdırma işlərindən tutmuş pəstah
istehsalınadək böyük bir prosesi əhatə edəcək.
“Baku Steel
Company”nin “Polad təqaüdü”
Təbiidir ki, yeni texnologiya yüksək ixtisaslı,
işini dərindən bilən kadrlar tələb edir. Bu haqda
da danışan R.Məmmədov məlumat verdi ki, 2013-cü
ildə “Baku Steel Company”nin “Polad təqaüdü” təsis
olunub. Azərbaycan Texniki Universitetinin bu təqaüdə layiq
görülən 17 tələbəsi hazırda şirkətdə
çalışır.
Mərasimdə “Siemens” şirkətinin regional rəhbəri
Samir Axundov, Azərbaycan Texniki Universitetinin prorektoru, professor
Mustafa Babanlı, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya
İnstitutunun professoru, kimya elmləri doktoru İxtiyar Bəxtiyarlı,
Türkiyənin “CVS Makina” şirkətinin qurucusu Murat Karatəkin
çıxış edərək, zavodda müasir
texnologiyaların tətbiqini yüksək qiymətləndirdilər.
Qeyd olundu ki, müəssisədə aparılan əsaslı
yenidənqurma işləri “Sənaye ili”nə mühüm
töhfə olmaqla yanaşı, qeyri-neft sektorunun
inkişafında da əvəzsiz rol oynayacaq.
“Baku Steel Company”nin uğurlarını və yenidənqurma
işlərini əks etdirən videoçarx təqdim
olunduqdan sonra müşahidə şurasının sədri
R.Məmmədov idarəetmə pultu arxasına keçərək
poladəritmə sobasını işə saldı.
“Baku Steel
Company” dünyanın qabaqcıl
şirkətlərinin
ən son texnologiyaları əsasında qurulub
Mərasim iştirakçıları zavodda
quraşdırılan ən son texnologiyalarla tanış
oldular. Məlumat verildi ki, 2012-ci ildən başlanan yenidənqurma
işləri istehsal dayandırılmadan aparılıb. Zavodda
Almaniyanın “Siemens VAİ” şirkətində istehsal olunan
modern konstruksiyalı 50 tonluq qövslü elektrik sobası,
soba çalov qurğusu quraşdırılıb. Müəssisə
ABŞ, Fransa, İtaliya, Türkiyə, Hindistan və digər
ölkələrin aparıcı şirkətlərinin istehsalı
olan avadanlıqlarla da təchiz edilib. Habelə Kanadanın
STEL-TEK şirkətinin istehsalı olan müasir fasiləsiz
tökmə maşını rekonstruksiya edilərək
şırnaqlarının sayı artırılıb.
Hazırda ekoloji normalara uyğun, mükəmməl
konstruksiyalı qaztəmizləmə kompleksinə malik zavodda
poladəritmə prosesində əsas güc
aqreqatlarının işi də tam
avtomatlaşdırılıb. Həmçinin 4 əlavə
müasir soyutma qurğusu quraşdırılıb, yayma sexləri,
təkrarqızdırma sobaları yenidən qurularaq təkmilləşdirilib.
Bütün bunlar məhsulun keyfiyyətini ən son Avropa
standartlarına
uyğunlaşdırmağa imkan verir.
Yenidənqurma
işləri 20-dən çox yerli
və
xarici şirkətin iştirakı ilə aparılıb
Zavodun mütəxəssisləri metal
qırıntılarından əlavə, yeni texnologiya ilə
filizdən alınmış məsaməli dəmirin əridilməsi
prosesini də mənimsəyiblər. Bu məqsədlə
hazırda Almaniyanın “Siemens VAI” və “SMS Siemag”,
İtaliyanın “Danieli” şirkətlərinin birgə təklifləri
əsasında məsaməli dəmir, yanmış əhəng
və digər legirlənmə materiallarının sobaya və
soba çalova verilməsi qurğusu tikilir.
Müasir avadanlıqlarla təchiz olunmuş qaraj təsərrüfatı,
mexanikləşdirilmiş anbar kompleksi tikilib, həmçinin
mexaniki sex genişləndirilib və burada yeni metal emalı dəzgahları
quraşdırılıb. Almaniya istehsalı olan FKU qurğusu
sayəsində sobanın ümumi enerji sisteminə mənfi təsirinin
qarşısını tam almaq mümkün olub.
Yenidənqurma işlərinin tərkib hissəsi olaraq
dünya standartlarına cavab verən, dəqiq təhlillər
aparmaq imkanı yaradan mərkəzi laboratoriya qurulub. Bu
laboratoriya Yaponiya, Almaniya və İsveçrənin yüksək
keyfiyyətli avadanlıqları ilə təchiz edilib. Həmçinin
müəssisədə böyük abadlaşdırma işləri
həyata keçirilib, təmiz mikroiqlim yaradılıb.
Bütün bu işlər 20-dən çox yerli və
xarici şirkətin, eləcə də zavodun 500-dən
çox mühəndis-texniki heyətinin iştirakı ilə
görülüb.
Yeni hədəflərə
doğru
“Baku Steel Company”də aparılan yenidənqurma işləri
məhsulun həcmini və keyfiyyətini yüksəltməklə
yanaşı, çeşidini genişləndirmək
imkanı yaradıb ki, bu da ixraca müsbət təsir edən
amillərdəndir.
“Sənaye ili”ndə qarşıya qoyulan ən
mühüm vəzifələrdən biri də müəssisələrin
xarici bazara çıxış imkanlarının genişləndirilməsidir.
“Baku Steel Company” bu baxımdan
da öncüllər sırasındadır. Belə ki, onun məhsulları
İran, Rusiya, Gürcüstan və digər ölkələrə
ixrac olunur. Şirkət, eyni zamanda, ölkənin qeyri-neft
sektorunda ən böyük vergi ödəyicilərindən
biridir.
Azərbaycanın
poladəritmə sənayesinin flaqmanı olan, aparılan yenidənqurma
sayəsində müasir və modern müəssisəyə
çevrilən “Baku Steel
Company” Prezident İlham Əliyevin sənayenin inkişafı
ilə bağlı qarşıya qoyduğu yeni hədəflərə
doğru inamla irəliləməkdə davam edir.
İki
sahil.- 2014.- 23 iyul.- S.16.