Azərbaycan dilinin zənginləşməsi
prosesi uğurla davam edir
Milli Məclisin
Mədəniyyət komitəsinin sədri, filologiya elmləri
doktoru
Nizami Cəfərovun www.yap.org.az saytına müsahibəsi
- Nizami
müəllim, 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə
Azərbaycan Əlifbası və Azərbaycan dili Günü
kimi qeyd olunur. Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən belə bir qərarın verilməsinin
əhəmiyyəti nədən ibarətdir?
- Bu günün təsis olunması müstəqil
dövlətimizin dil məsələsinə nə qədər
ciddi yanaşdığını göstərən amildir. Hələ 1990-cı illərin ortalarında ilk milli
Konstitusiya hazırlanarkən dil məsələsi xüsusi
olaraq müzakirə olundu. Bu müzakirələr
şəraitində müxtəlif mülahizələr ortaya
çıxırdı. Fikrimcə, bu
Ümummilli liderimiz Heydər Əliyev bununla dünyaya göstərdi
ki, müstəqil, demokratik milli dövlət dil məsələsinə
nə qədr ciddi yanaşır və onun milli
mövcudluğunun böyük göstərici hesab edilir.
Həmin müzakirələrdə böyük
mütəxəssislər iştirak edirdi. Və sonra da dil məsələsi həmişə
diqqət mərkəzində oldu. Həmin
illərdə çox ciddi proseslər baş verirdi. Latın qrafikasına keçid də mürəkkəb
hadisə idi. Bu proses üç mərhələdə
həyata keçirldi. Belə ki, bu əlifbaya keçid ən
mobil sahə olan məktəbdən başladı, sonra
dövlət idarələri, sonda isə mətbuat tam olaraq latın qrafikalı əlifbaya keçdi.
Dil məsələsinə gəlincə,
bu sahədə çox ciddi sənədlər qəbul olundu. Onlardan ən mühümü 2001-ci ilin iyul
ayında Ulu öndər Heydər Əliyev tərəfindən
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə
sənəd qəbul olunmayıb. Çünki
sənəddə çox ciddi, strateji münasibət ortaya
qoyulub. Sənəddə dilin tarixindən
başlamış, müasir dövrümüzə qədər
olan məsələlər geniş şəkildə öz əksini
tapır. Konstitusiyada dövlət dili kimi
Azərbaycan dili yazılanda, bəzi dairələr bundan
sui-istifadə etməyə çalışdılar. Yəni bununla da ictimai rəyə belə fikir yeritməyə
çalışırdılar ki, guya biz türk deyilik.
Amma Ümummilli lider Heydər Əliyev onlara açıq
şəkildə cavab verdi ki, Azərbaycan
xalqı türk xalqlarından biridir, dilimiz türk dillərindən
biridir, biz hər mənada türk mənşəliyik. Hətta
Ulu öndər bu sözü də dedi ki,
antitürkçülükdən söhbət gedə bilməz.
Ümumiyyətlə, Heydər Əliyev dil məsələsinə
böyük həssaslıq göstərirdi. O, həmişə
vətəndaşlara, xüsusilə gənclərə
müxtəlif dilləri öyrənməyi tövsiyə
edirdi. Amma onu da vurğulayırdı ki, ilk
növbədə dövlət dili öyrənilməlidir.
Ümumiyyətlə, Ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət
quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər sovetlər hakimiyyəti
dövründə də Azərbaycan dilinin inkişafı
üçün əvəzolunmaz xidmətlər göstərib.
Ali məktəblər üçün yazılmış
“Müasir Azərbaycan dili” dərsliklərinin Respublika
Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın
inkişafı üçün hər cür şəraitin
yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin
təbliği məhz bunun nəticəsi idi.
O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin
mərkəzi şəhərlərində demək olar ki, ana
dilində məktəb yox idi. Amma Azərbaycanda
rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb
çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə
Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti
birləşdirəcək bütün dəyərləri
qoruyub mühafizə edirdi və onların inkişafı
üçün proqramlar müəyyənləşdirirdi.
Bunların ən mühümlərindən biri
də dil məsələsi idi.
Ümumiyyətlə, dilin müxtəlif
prolbleməri həmişə var. Qloballaşan dünyada belə
vəziyyət təbiidir. Bu gün
dilimiz ən çox publisistikada, kütləvi informasiya vasitələrində
inkişaf edir. Hazırda dilimizdə zənginləşmə
prosesi gedir.
- Dilimizin
tarixi hüquqlarından biri də latın
qrafikalı əlifbaya keçiddir. Bu keçidin
üstünlükləri barədə fikirlərinizi bilmək
maraqlıdır...
- Əlifba quruculuğu məsələsində
biz kifayət qədər normal hərəkət etdik. Yəni nə tələsdik, nə də gecikdik.
Latın qrafikasına keçid tam başa
çatmayanda müxalifət qəzetləri yazırdı ki,
guya hakimiyyət bu əlifbaya keçmək istəmir. Amma keçəndə də müxalifət
yazdı ki, bu əlifbaya ona görə keçildi ki, camaat
müxalifət mətbuatını oxumasın. Amma bu iddiaların heç bir əsası yox idi.
Əlifbaya keçid
düşünülmüş şəkildə, problemsiz həyata
keçirildi.
Əlifbaya keçid həmişə
çox mürəkkəb məsələ olub. Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib,
amma bu dəyişiklik millətin mədəniyyətinə,
dilinə ziyan vuran məsələdir. Amma latın qrafikasına keçidin isə
müsbət cəhətləri var. Bu baxımdan, əlifba məsələsi
üzərində möhkəm dayanmaq, əlifba stabilliyi və
normativliyi çox mühüm məsələdir. Ona görə də, eyni zamanda, Əlifba
Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir.
Bilirsiniz ki, Azərbaycanda yeni əlifbaya keçid 10 il davam etdi. Bu proses 1990-cı illərin əvvəlindən
başladı və 2001-ci ildə yekunlaşdı.
Ümummilli lider Heydər Əliyev siyasi uzaqgörənliyinin
nəticəsi idi ki, latın əlifbasına
ilk olaraq məktəblər, ikinci dövlət müəssisələri,
sonuncu olaraq isə mətbuat keçdi. Mətbuatın
sonuncu keçməsinin də ciddi səbəbləri var idi.
Çünki cəmiyyətin müəyyən
hissələri var idi ki, bu əlifbaya tədricən keçməli
idi və belə də oldu.
Yeri gəlmişkən, qeyd edim ki, latın
əlifbasına keçid məsələsində bizim təcrübəmiz
aşqa türk respublikalarında öyrənilir. Məsələn,
bir neçə il öncə
Qazaxıstandan böyük nümayəndə heyəti gəldi,
müxtəlif mütəxəssislərlə
görüşüb suallar verdilər. Latın
əlifbasında keçəndə hansı çətinliklərin
olduğunu da maraqlandılar. Hətta din xadimlərinin bu
məsələyə necə yanaşdığını, gənc
və yaşlı nəsillərin reaksiyalarını
soruşdular. Onlar da tədricən bu əlifbaya
keçməyə qərar verdilər.
Qeyd edim ki, Ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan
Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin
meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının
Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin -
ümumxalq dilinin tərəqqisi üçün elə bir
tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər
uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin
ideyalarını layiqincə yerinə yetirən Azərbaycan
Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə,
qədim mədəniyyətimizə böyük həssaslıqla
yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı
düşüncəsini əks etdirən sanballı əsərlərin
latın qrafikasında yenidən nəşr
edilməsi məhz dövlət başçısının
təşəbbüsü ilə baş tutdu. Prezidentin
2004-cü il yanvarın 12-də
imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” Sərəncamı, həm də
əlifba ilə bağlı problemləri tamamilə həll
etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin
latın qrafikasına keçirilməsi təmin
olundu. Dövlət başçısının sonrakı sərəncamları
əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı
kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı
kitabxanası” seriyasından olan yeni nəşrlər respublika
kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat
fondunu zənginləşdirdi.
- Dil sahəsində
qanunvericilik bazası da zaman-zaman təkmilləşdirilir. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək
mümkündür?
- Bilirsiniz ki, Milli Məclis “Dövlət
dili haqqında” qanunu zaman-zaman təkmilləşdirir. Bu sənəd mövcud olan müəyyən
çatışmazlıqları aradan qaldırır. Təbii ki, bizim ən uğurlu sənədimiz “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı”dır. Prezident İlham
Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm
milli xüsusiyyətləri, həm də qloballaşmanın
təsirini çox aydın izah edir. Ən
mühüm məsələlərdən biri budur ki, dövlət
və cəmiyyət arasında dilin qorunması ilə
bağlı əlaqə gücləndirilir. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür
yüksəliş həddindədir. Bununla
əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi
xüsusi əhəmiyyət kəsb etməyə
başlayır. Daha doğrusu, dil məsələsi
milli, ictimai təfəkkürün və düşüncənin
inkişafı fonunda diqqətdən kənarda qala bilməz.
Dünyada müşahidə edilməkdə olan
qloballaşma prosesi şəraitində dilin qorunması və
inkişaf etdirilməsi probleminə iki cür yanaşma
mövcuddur. Bu yanaşmalardan biri milli
xüsusiyyətlərin, o cümlədən dilin qorunub
saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin
və onun dilinin dünyaya açıq olması məsələsidir.
- Nizami
müəllim, sizcə, qloballaşma prosesləri dilin təkmilləşdirilməsi
prosesinə nə dərəcədə təsir göstərəcək?
- Qloballaşan müasir dünyada Azərbaycan dilinin
taleyi, tamamilə təbiidir ki, hər bir azərbaycanlını
milli təəssübkeşlik baxımından dərindən
düşündürən məsələdir. Azərbaycan
Respublikasının mərkəzdən (Bakıdan,
Naxçıvandan, Gəncədən və s.) uzaq bir kəndində
müasir tipli böyük bir mağaza açılıb
üzərinə "supermarket" yazılırsa, buna
tamamilə təbii baxmaq lazım gələcəkdir. Çünki qloballaşma milli dillərə və
ümumən mədəniyyətlərə, birinci növbədə,
paradokslarla daxil olur, ziddiyyətlər, görünən və
ya görünməyən qarşıdurmalar yaradır.
Bizim fikrimizcə, təbii-tarixi bir proses olun
qloballaşmadan çəkinmək, yaxud onu dərhal lənətləmək
çıxış yolu deyil. Biz hər hansı milli
mövqedən, o cümlədən də milli dil mövqeyindən
qloballaşmanı təqdir etməsək, hətta ona
müharibə elan eləməyə qalxsaq belə, bu təbii-tarixi
proses-hərəkat qarşısına çıxan
bütün maneələri vurub dağıdacaq və bəşəriyyətin
çoxdan arzusunda olduğu və artıq kifayət qədər
populyar ifadə ilə desək, "sərhədsiz
dünya"nı reallaşdıracaq.
Qeyd edim ki, "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nın
hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel
tarixli Sərəncamı ilə təsdiq edilməsi çox
mühüm tarixi hadisədir. Müasir dövrün tələblərini,
konkret olaraq, qloballaşma prosesinin fəlsəfəsini nəzərə
alan Dövlət Proqramının məqsədi "Azərbaycan
dilinin istifadəsi və tədqiqinə dövlət
qayğısının artırılmasını, Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsini, ölkədə dilçilik
araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasını, dilçiliyin
aparıcı istiqamətlərində fundamental və tətbiqi
tədqiqatların inkişafına yönəldilmiş
yaradıcılıq səylərinin birləşdirilməsini
və dilçiliyin müasir cəmiyyətin aktual problemləri
ilə əlaqələndirilməsini təmin etməkdir".
Dövlət Proqramında "qloballaşma"
anlayışının, tamamilə doğru olaraq, geniş
izahı, bu barədəki biri digərinə çox zaman zidd
olan mülahizələrin icmalı verilməyib, lakin bu
mühüm dövlət əhəmiyyətli sənədin
meydana çıxmasının tarixi səbəbinin məhz
qloballaşma (onun qaçılmazlığı) olması
Proqramın, demək olar ki, hər bir müddəasında
öz əksini tapmış, nəticə etibarilə,
ümumdünya miqyaslı – bütün bəşəriyyəti
düşündürən proses-hadisəyə kifayət qədər
dərindən münasibət bildirib: Bu gün Azərbaycan
dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən
olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə
dilçilik elmi sahəsində vəziyyətin
yaxşılaşdırılması üçün əlverişli
zəmin yaradılıb. Eyni zamanda, elm və
texnikanın sürətlə inkişaf etdiyi hazırki
qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi
və tətbiqi imkanlarının genişləndirilməsi
istiqamətində aparılan işlərin yeni səviyyəyə
yüksəldilməsini tələb edir. Çıxış
yolu hər bir millətin, sözün geniş mənasında,
dünya birliyinə tarixin müəyyənləşdirdiyi
imkan, şərəf və ləyaqətlə
qovuşmasından ibarətdir. Bu elə
bir universal-tarixi prosesdir ki, ondan qaçmaq yox, qorxmadan, çəkinmədən
ona doğru getmək lazımdır.
Azərbaycan xalqı (ümumən
türk xalqları) heç zaman dünyaya qovuşmaqdan, yaxud
beynəlxalq inteqrasiyadan imtina etməmişlər. Və dilimizdə
olan minlərlə ərəb, fars, Avropa
sözləri də bunu təsdiq edir. Həmin
sözlər o sözlərdir ki, bütün xalqlar
üçün səciyyəvi olan məişət-etnoqrafiya
həyatına aid olan anlayışları deyil, intellektual-elmi
idrak sahələrini əhatə – ifadə edir ki, bu da Azərbaycan
türklərinin ümumbəşəri dəyərlərə
heç vaxt biganə qalmadıqlarını və bundan sonra
da biganə olmayacaqlarını göstərir.
Əslində, biri digəri ilə sıx bağlı
olan səviyyələrin hər birində Azərbaycan dilinin
müvafiq şəkildə mövqeyinin möhkəmləndirilməsi
üçün zəruri şərtlər də mövcuddur
ki, buraya, birinci növbədə, əhali potensialı,
xalqın intellektual-mədəni imkanları və müstəqil
Azərbaycan dövlətinin kifayət qədər mükəmməl
dil siyasəti daxildir. Biz şübhə etmirik
ki, qloballaşan dünya Azərbaycan dilinin
qarşısına yalnız məlum maneələr, yaxud
problemlər çıxaracaq, eyni zamanda təkmilləşmə
və inkişaf istiqamətində geniş imkanlar da
açacaq.
İki sahil.- 2014.- 31 iyul.- S.6.