“Azlab” Kəşfiyyat
və Tədqiqat Mərkəzinin yeni inzibati binası açıldı
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayev,
BP şirkətinin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti Qordon Birrell mərasimdə iştirak
etdilər
Ötən gün “Azlab” Kəşfiyyat və Tədqiqat Mərkəzinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni inzibati binasının açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, ARDNŞ rəhbərliyinin digər nümayəndələri iştirak etdilər.
ARDNŞ-in prezidenti yeni inzibati binada yaradılmış şəraitlə tanış oldu, görülən işlərdən razılığını ifadə etdi. O, yeni binanın açılışı münasibətilə kollektivi təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. ARDNŞ-in prezidenti neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Mərasimdə qeyd olundu ki, ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmuş ikimərtəbəli binanın birinci mərtəbəsində geokimyəvi, analitik, PVT və kern analizi laboratoriyaları, ikinci mərtəbəsində isə iş otaqları, yeməkxana, akt zalı, server otağı mövcuddur. Binanın ətrafında abadlıq işləri aparılıb, həyətdə Kernsaxlama Kompleksi tikilib. Bildirildi ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyev Norveçdə rəsmi səfərdə olan zaman Norveç hökuməti tərəfindən laboratoriya kompleksi ona hədiyyə olunub, kompleksin Azərbaycana gətirilməsi və quraşdırılması “Statoil” şirkəti tərəfindən həyata keçirilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu kompleks hazırda genişləndirilərək əhatə miqyası etibarilə regionun ən böyük tədqiqat mərkəzlərindən birinə çevrilib.
Müəssisənin fəaliyyət sahəsinə axtarış-kəşfiyyat və istismar quyularından götürülmüş nümunələr üzərində geniş tədqiqat işləri aparmaq, litostratiqrafik və biostratiqrafik kəsilişi tərtib etmək, geokimyəvi tədqiqatlar və PVT eksperimentlər aparmaq və s. daxildir. Quyulardan nümunələrin götürülməsi, stasionar avadanlıqlarla quyularda tədqiqat işlərinin və ekspres analizlərin aparılması yüksək ixtisaslı və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Götürülmüş nümunələr bütün lazımi avadanlıqlarla təchiz olunmuş beynəlxalq standardlara uyğun Kernsaxlanma Kompleksində saxlanılır. “Azlab” ölkə ərazisində fəaliyyət göstərən digər xarici və yerli şirkətlərin axtarış-kəşfiyyat və istismar quyularından götürülən kern, neft, kondensat və qaz nümunələrinin geniş tədqiqatını həyata keçirməklə yanaşı, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi region ölkələrinin bir çox şirkətləri ilə də sıx əməkdaşlıq edir. 2005-ci ildən bu müəssisə Dübəndi terminalında “Günəşli” və “Neft Daşları” yataqlarından hasil edilən neftin, 2013-cü ildən isə ARDNŞ-in ölkə ərazisində mövcud olan bütün terminallarında benzinin və dizelin kəmiyyət və keyfiyyətinə beynəlxalq standartlar səviyyəsində nəzarəti həyata keçirir.
“Azlab” Kəşfiyyat və Tədqiqat Mərkəzi işçilərin sağlamlığı, təhlükəsizliyi, işin keyfiyyətlə idarə olunması, ətraf mühitin mühafizəsi məsələlərinə böyük önəm verir və bu sahədə beynəlxalq sertifikatlara malikdir.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell də mərasimdə iştirak etməkdəm məmnunluğunu ifadə etdi. Bildirdi ki, BP artıq 10 ildir ki, “Azlab” şirkəti ilə səmərəli şəkildə əməkdaşlıq edir.
Sonra media nümayəndələrinin suallarını cavablandıran ARDNŞ prezidenti bir sıra məsələlərə də aydınlıq gətirdi. Onun sözlərinə görə, ARDNŞ Rusiyadakı layihələrdə iştirakda maraqlıdır, hazırda bəzi perspektivli layihələr baxılma mərhələsindədir: “Rusiyanın “Rosneft” şirkəti dünyanın ən böyük neft şirkətlərindən biridir. Bu şirkət Sibirdə, Arktikada və Rusiyanın bir çox regionlarında layihələr həyata keçirir. Biz də bu layihələrin reallaşmasında yaxından iştirak etmək istəyərdik.”
Rusiyada çətin çıxarılabilən neft ehtiyatlarının olduğunu deyən ARDNŞ prezidenti qeyd etdi ki, hazırda bu yataqlar işlənilmir: “Bu yataqların ehtiyatları milyardlarla ton ola bilər. Rusiyada çoxlu imkanlar və perspektivlər var. “Rosneft” Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” yatağının işlənilməsi və kəşfiyyat işlərinin aparılmasına cəlb oluna bilər. Bundan başqa, ARDNŞ-in “Rosneft”lə birgə layihələri mövcuddur. Rusiya şirkəti Bakı-Novorossiysk kəməri ilə Rusiyadan Bakıya neftin nəql olunması və bu neftin neftayırma zavodlarında emal edilməsi məsələlərinin iqtisadi qiymətləndirilməsini aparır.”
ARDNŞ prezidenti əlavə etdi ki, Bakı-Novorossiysk neft kəmərinin illik ötürmə gücü 5 milyon tona bərabərdir. Azərbaycan isə bu imkanlardan tam olaraq istifadə etmək niyyətindədir.
Nail Rəhimzadə,
Vüsal Cahanov (foto), “İki sahil”
İki sahil.-2014.- 3 iyun.- S.12.