Afinada keçirilən
konsertdə Azərbaycan
musiqisi
yunannıları valeh edib
Milli mədəniyyətimizin inkişaf etdirilməsi
və dünyaya tanıdılmasında Heydər Əliyev
Fondu misilsiz xidmətlər göstərir. Beynəlxalq aləmdə
geniş nüfuza malik Fond mütəmadi olaraq fəaliyyət
dairəsini genişləndirir və dünyanın müxtəlif
ölkələrində Azərbaycan mədəniyyətini təbliği
ilə bağlı tədbirlər keçirir.
Bu qəbildən növbəti layihə Avropa
mədəniyyətinin və ümumiyyətlə, Qərb
sivilizasiyasının beşiyi hesab olunan Yunanıstanda
reallaşdırılmışdır.
Azərbaycanın Yunanıstandakı səfirliyinin
dəstəyi ilə iyunun 6-da Afinanın “Meqaro Muzikis” Mədəniyyət
Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət
kamera orkestri geniş konsert proqramı ilə
çıxış etmişdir.
Konsertdən öncə afinalıların
haqlı olaraq “mədəniyyət məbədi”
adlandırdıqları və şəhərin ən
böyük musiqi kompleksi olan “Meqaro Muzikis”də əsl bayram
ab-havası hökm sürürdü.
Konsertdə Yunanıstanın dövlət və
hökumət nümayəndələri, Afinada akkreditə
olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin
nümayəndələri və musiqisevərlər iştirak
etmişlər.
Azərbaycanın Yunanıstandakı səfiri
Rəhman Mustafayev konsertdən əvvəl
çıxış edərək, iki ölkə arasında
dostluq və əməkdaşlıq əlaqələrinin
müxtəlif sahələrdə getdikcə gücləndiyini
qeyd etmişdir.
Diplomat vurğulamışdır ki, tarix, mədəniyyət
və adət-ənənələrə olan
qarşılıqlı hörmət və marağı nəzərə
alaraq Yunanıstanda Azərbaycan mədəniyyətini təbliğ
edən tədbirlərə geniş yer verilir.
Qeyd edilmişdir ki,
bu konsert son dörd ildə sayca doqquzuncu mədəniyyət
tədbiridir və yunanların Azərbaycan incəsənətinə
getdikcə artan marağı nəzərə
alınaraq, bu silsilədən olan layihələr gələcəkdə də
daha geniş formatda davam etdiriləcəkdir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən
söz açan səfir
Fondun Afinadakı tədbirin
reallaşdırılması üçün
göstərdiyi dəstəyi məmnunluqla qeyd
etmişdir.
“Azərbaycan musiqisi mövsümü”nün ilk tədbirinin geniş informasiya dəstəyi
ilə gerçəkləşdiyini diqqətə
çatdıran diplomat bildirmişdir ki,
xüsusi informasiya
bazasında yaradılmış www.azerbaijani-culture.gr
saytı Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın fəaliyyətini, eləcə də
Yunanıstanda nəzərdə tutulan
silsilə tədbirləri geniş
işıqlandırmaq məqsədi daşıyır.
Sonra Xalq Artisti
Teymur Göyçəyevin dirijorluğu ilə Azərbaycan musiqiçiləri
konsert proqramı ilə
çıxış etmişlər.
Klassik musiqi axşamında Azərbaycanın
böyük bəstəkarları -Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir
Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə
yanaşı, Astor Piatsolla,
Pablo de Sarasate, Ernesto de Kurtis kimi
dünya şöhrətli musiqiçilərin
əsərləri də səsləndirilmişdir. Tarzən Şəhriyar İmanovun
Azərbaycan muğamları və yunan
xalqının ən sevimli “Sertaki” rəqsinin sintezindən ibarət
kompozisiyası tamaşaçılar tərəfindən
sürəkli alqışlarla qarşılanmışdır.
Konsertdə xanəndələr
Arzu Əliyeva, Məftun Səfərli
muğamlarımızı, Azər Rzayev (tenor) Azərbaycan və Avropa
bəstəkarlarının əsərlərini ifa etmişlər. Orkestrin müşayiəti
ilə Murad Adıgözəlzadə (fortepiano), Elvin Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov (fortepiano) və
Şəhriyar İmanov (tar)
tərəfindən həm milli, həm də
xarici musiqi əsərləri
yüksək texnika və məharətlə
səsləndirilmişdir.
Konsertdən sonra qonaqlar Heydər Əliyev
Fondu tərəfindən son
illərdə çap olunmuş
müxtəlif nəşrlərlə tanış olmuşlar. Qədim və zəngin
Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər
sırasında Azərbaycan Milli İncəsənət
Muzeyinə, musiqi alətlərinə, əlyazmalara,
xalq tətbiqi sənətinin müxtəlif
növlərinə həsr olunmuş kitablar, pop, caz, muğam və klassik musiqilərdən ibarət disklər,
eləcə də böyük mütəfəkkirlərimiz
Nizami Gəncəvi və Məhsəti Gəncəvinin
əsərləri tədbir iştirakçılarına təqdim
olunmuşdur.
Sonda qonaqlara ziyafət verilmişdir.
İki
sahil.- 2014.- 10 iyun.- S.14.