Qurtuluşdan başlanan yol
Azərbaycana bugünkü uğurları bəxş
etdi
YAP
Siyasi Şurasının üzvü, Ağcabədi Rayon
İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun
www.yap.org.az saytına müsahibəsi
- Şahin müəllim, yaxın günlərdə 15 İyun- Milli Qurtuluş Gününü qeyd edəcəyik. Bu tarixi günün mahiyyətini və bu günümüz üçün əhəmiyyətini necə şərh edərdiniz?
- Hər bir ölkənin
tarixində onun gələcək taleyinə bilavasitə təsir
göstərən əhəmiyyətli dönüş
nöqtələri olur. Azərbaycan
xalqının müasir tarixinin çox əhəmiyyətli
dönüş nöqtəsi ulu öndər Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı oldu. 1993-cü
il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü
kimi daxil olması da səbəbsiz deyil. Həmin
dövrün qısa təhlilini aparsaq, Azərbaycan dövlətinin,
xalqının böyük fəlakətdən,
parçalanmadan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən
silinmək təhlükəsindən xilas olduğunu görərik.
Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm
sürməsi, torpaqlarımızın bir-birinin ardınca
işğalı xalqda sabaha ümidsizlik yaratmışdı.
Belə çətin məqamda dahi şəxsiyyət Heydər
Əliyevin xalqın cağırışına səs verməsi,
birlik, həmrəylik nümayiş etdirməsi bu
ümidsizliyi aradan qaldırdı.
Ulu öndərin qayıdışı ilə
başlanan Qurtuluş
Azərbaycanı
faciələrdən, parçalanmaqdan
xilas
etməklə yanaşı, ölkəmizin sonrakı sürətli,
dinamik
inkişafının etibarlı əsasını yaratdı
Daim rastlaşdığımız «Qurtuluş
Azərbaycana nə verdi» sualı bizi həmin dövrün
reallıqları fonunda bugünümüzlə bağlı
düzgün dəyərləndirmə aparmağı bir zərurətə
çevirir. Qurtuluşdan
başlanan yol Azərbaycana bugünkü uğurları bəxş
etdi. Qurtuluş təkcə Azərbaycanın 90-cı illərin
əvvəllərində düşdüyü ağır
durumdan, bəlalardan xilas olması ilə ifadə olunmur. Baxmayaraq ki, ulu öndər Heydər Əliyevin həmin
illərdə hakimiyyətə qayıdışını təkidlə
tələb edən Azərbaycan xalqının ondan gözləntisi
ölkəni düşdüyü ağır vəziyyətdən
xilas etməsi, sabitlik, əmin-amanlıq yaratması idi. Amma ümummilli lider Heydər Əliyev
özünün missiyasını təkcə Azərbaycan
xalqının düşdüyü bu bəlalardan xilas
olunmasında görmürdü. Onun qayıdışı ilə
başlanan Qurtuluş Azərbaycanı faciələrdən,
parçalanmaqdan xilas etməklə yanaşı, ölkəmizin
sonrakı sürətli, dinamik inkişafının da
çox etibarlı əsasını yaratdı. Bu mənada
Qurtuluş təkcə Azərbaycanın müasir tarixinin
keçmişi deyil, eyni zamanda bu günü və gələcəyidir.
Qurtuluş Azərbaycanın bugünkü
reallıqlarıdır. Azərbaycan xalqı gələcəyə
böyük inamla baxır. Bu, ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə
başlanan Qurtuluşun ölkəmizə
qazandırdığı ən böyük
uğurlardandır.
Qeyd etdiyimiz kimi, ulu
öndər Heydər Əliyevin qayıdışı ilə
Azərbaycan başının üstünü almış
real təhlükələrdən, hərc-mərclik və
xaosdan, iqtisadi tənəzzüldən xilas oldu. Ulu öndər Heydər Əliyevin gərgin səyləri
nəticəsində 1994-cü il mayın 12-də atəşkəs
sazişi imzalandı. Həmin ilin sentyabrın 20-də tarixə
«Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsinin
imzalanması ilə Azərbaycanın iqtisadi
inkişafının, dünya iqtisadi sisteminə
inteqrasiyanın əsası qoyuldu. Bu
gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkəmiz
ulu öndər Heydər Əliyevin müəllifi olduğu
neft strategiyasının uğurlarını yaşayır.
Çoxlarına əfsanə kimi görünən BTC və
BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi
ilə iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli iqtisadi
inkişafına zəmin yaradıldı. Azərbaycan neftinin
2006-cı il 28 May- Respublika Günündə Ceyhan
terminalına çatması münasibətilə təbrik məktubunda
dövlət başçısı İlham Əliyev
«Əsrin müqaviləsi»nin əhəmiyyətini önə
çəkərək bildirmişdir ki, əgər bu
saziş imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi
inkişafını, beynəlxalq münasibətlər
sistemində yeri və rolunu təsəvvür etmək çətin
deyildi. Azərbaycan neftinin məhz 28 May-Respublika
Günündə Ceyhan terminalına çatmasının rəmzi
mənası olduğunu önə çəkən cənab
İlham Əliyev dövlət müstəqilliyimizin
qorunmasında «Əsrin müqaviləsi»nin böyük rolu
olduğunu qeyd etmişdir.
- Nəzərə alaq ki, Qurtuluş eyni zamanda Azərbaycanı beynəlxalq təcriddən xilas etdi...
- Məlum olduğu
kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanın
informasiya blokadasında olmasının əsas səbəblərindən
biri ölkəmiz haqqında məlumatsızlıq idi. Bu durum
erməni yalanlarının ayaq tutub yeriməsinə geniş
imkanlar açırdı. Ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra fəaliyyətinin
əsas istiqamətlərindən biri məhz Azərbaycanın
ətrafında informasiya blokadasının yarılması
oldu. Dahi şəxsiyyətin xarici ölkələrə elə
bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyəti
faktlar əsasında beynəlxalq ictimaiyyətə
çatdırılmasın. Azərbaycan beynəlxalq təşkilatlara
üzv qəbul olunmaqla həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
üçün tribunalar əldə etdi. Ümummilli lider Heydər
Əliyev faktlar əsasında erməni yalanlarını
ifşa edir, onların əsil simasını dünyaya
nümayiş etdirirdi. Bir sözlə, ulu öndər
Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti,
müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və
məhəbbəti sayəsində ölkəmizin gələcək
inkişafı üçün elə etibarlı dayaq
yaradıldı ki, bu bünövrənin üzərində
respublikamız sürətlə inkişaf edir, biri-birindən
əhəmiyyətli uğurlara imza atır.
- Tarixi paralellik apardıqda keçilən yolu ümumiləşdirilmiş şəkildə necə ifadə edərdiniz?
- Azərbaycan
Qurtuluşdan bu günə 21 illik bir yol keçib. 21 il zaman
baxımından o qədər böyük olmasa da, əldə
olunan uğurların miqyasının böyüklüyü
bu dövrü daha da zənginləşdirir. Azərbaycan
düzgün təmələ əsaslanan siyasətin nəticəsində
yeni-yeni hədəflərə nail olmaq üçün səylər
göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə
inkişafın Azərbaycan modelinin mövcudluğunu önə
çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir.
2005-ci
ildə Milli Qurtuluş Günü münasibətilə Yeni
Azərbaycan Partiyasının keçirdiyi mitinqdə tarixi
paralellik fonunda Prezident İlham Əliyevin 1993-cü ilin iyunun
15-də müstəqil Azərbaycanın tarixinin yeni səhifəsi
açıldığını bildirərək
bugünkü Azərbaycanı həmin dövrün Azərbaycanı
ilə müqayisə edərək
söylədiyi fikirlər məhz əldə olunan
uğurların, keçilən yolun ümumiləşdirilmiş
ifadəsidir: «O vaxt Azərbaycanda xaos hökm
sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda
hərc-mərclik var idi. Bu gün Azərbaycanda
sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın
iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu
gün Azərbaycan dünyada ən dinamik inkişaf edən
ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş
müharibəsi ilə üz-üzə qalmışdı. Bu
gün Azərbaycanda milli birlik, milli həmrəylik
mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm
sürürdü. Bu gün dünyanın aparıcı dairələri
etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə
çevrilməkdədir. Bütün bunları edən,
bütün bunları yaradan xalqın dəstəyinə
arxalanan xalqımızın lideri Heydər Əliyev
olmuşdur. Onun zəhmətidir, onun əməyidir və
xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha
da sürətlə inkişaf etdiririk.»
Dövlət
başçısı İlham Əliyev Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş tədbirdə bu
reallığı da diqqətə
çatdırmışdır: «Bu gün Heydər
Əliyev siyasəti bütövlükdə bütün sahələrdə
davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə
böyük etimad göstərərək Prezident vəzifəsinə
seçdiyi gündən bu günə qədər bu siyasətə
sadiqəm. Mən 2003-cü ildə bu barədə
sözümü demişəm. Mən bu siyasətə sadiq
qalacağam və 2003-cü ildən bu günə qədər
Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev
siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın
təntənəsidir.»
Nə
qədər müstəqil Azərbaycan dövləti,
xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır
Təbii ki,
Qurtuluşdan başlanan yolun uğurlarını bir yazı,
bir sual çərçivəsində əhatə etmək
qeyri-mümkündür. Keçilən yolun, əldə
olunan uğurların ümumiləşdirilmiş ifadəsi
olaraq qeyd edə bilərəm ki, müstəqil, müasir Azərbaycanın
inkişafı, bir dövlət olaraq dünyada yeri və
rolunu möhkəmləndirməsi, beynəlxalq münasibətlər
sisteminin əsas aparıcı qüvvəsinə çevrilməsi,
vətəndaşların xoşbəxt, firavan həyatının
təmin edilməsi məhz 15 iyun Qurtuluş tarixi ilə
bağlıdır. Buna görə də Azərbaycan xalqı
Heydər Əliyev şəxsiyyətinə hörmətini,
ehtiramını hər zaman ifadə edir, nə qədər
müstəqil Azərbaycan dövləti, xalqı var, Heydər
Əliyev ürəklərdə yaşayacaqdır. Azərbaycan xalqını xoş günə
çıxaran, bugünkü uğurlarımızın təməlini
qoyan Qurtuluş Gününün respublikamızın şəhər
və rayonlarında, bütün idarə və müəssisələrdə
yüksək səviyyədə qeyd olunması eyni zamanda bu
reallığın təsdiqidir ki, xalqımız Heydər
Əliyev ideyalarına sadiqdir, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasəti dəstəkləyir. Xalqımız
bu siyasətin davamlılığına dəstək
olduğunu 2003, 2008 və 2013-cü il prezident seçkilərində
yüksək fəallıq nümayiş etdirib, cənab
İlham Əliyevə səs verməklə təsdiqləmişdir.
Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Azərbaycanı hər gün təkmilləşməyə,
yeniləşməyə hazır olan bir binaya bənzətsək,
fundamenti o qədər möhkəm və etibarlıdır ki,
onun üzərində inkişafın, tərəqqinin daha
çox mərtəbələrinin ucaldılması
imkanları var. Bu imkanlar Heydər Əliyevin şah əsəri
olan Azərbaycanı daha əzəmətli, möhtəşəm
edir.
- Son on ilin uğurları gələcək barədə hansı təsəvvürləri yaradır?
- Möhtərəm
Prezidentimiz İlham Əliyevin 2013-cü ildə keçirilən
andiçmə mərasimində söylədiyi bu fikir son on
ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi
olmaqla yanaşı, qarşıdakı illər
üçün Azərbaycanın aydın mənzərəsini
yaradır. Dövlət başçısı bildirmişdir:
«Gələcəyə nikbinliklə baxmaq üçün
kifayət qədər amil vardır. Son on ilin təcrübəsi
onu göstərir ki, «xalq», «millət» anlayışları
ön planda olanda istənilən problem öz həllini tapa bilər.
Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim
siyasətimiz müstəqilliyin möhkəmlənməsinə
istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil
dövlət kimi dünya miqyasında özünə layiq
yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə
olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti
qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə
çatmaq üçün bizim müstəqil siyasətimiz
davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu
siyasətə öz səsini vermişdir. Xalqın
inamı və mənə on ildən sonra yenidən
böyük etimad göstərməsi, əlbəttə ki, məni
həm ruhlandırır, həm məsuliyyətimi
artırır, həm də yeni təşəbbüslərin
irəli sürülməsi üçün mənə bir
siqnal verir.» Qarşıdakı on il üçün əsas
hədəf Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görməkdir. Ölkəmizin Qurtuluşdan
ötən 21 ildə əldə etdiyi uğurlar bu məqsədə
də yüksək səviyyədə nail
olacağımıza əsas verir.
- Azərbaycanın uğurlarında neft siyasətinin rolunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini vacib amil kimi diqqətə çatdırır. Bu məqsədin gerçəkləşməsində regional inkişaf proqramlarının rolunu necə qiymətləndirirsiniz?
- Cənab İlham
Əliyev Prezident kimi fəaliyyətə
başladığı ilk gündən regionların malik
olduğu potensialdan səmərəli istifadəni vacib amil
kimi önə çəkdi. Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının icrasına həsr olunmuş
konfransda da cənab İlham Əliyev bu məqamı xüsusi
vurğulamışdır: «2004-cü ildə birinci
proqramın qəbul edilməsi Azərbaycan regionlarının
inkişafında xüsusi rol oynamışdır. Mən
birinci proqramın qəbul edilməsi haqqında hələ
2003-cü ildə prezident seçkiləri ərəfəsində
fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə
etimad göstərilərsə, ilk növbədə Azərbaycanın
regionlarının inkişafı ilə məşğul
olacağam, xüsusi proqram qəbul ediləcəkdir. Belə
də oldu, proqram qəbul edildi. Birinci beşillik proqram demək
olar ki, regionlarda böyük dönüş yarada
bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü
illəri əhatə edən proqram başa çatdı. Deyə
bilərəm ki, regionların inkişafında, ümumiyyətlə,
Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində
bu proqramların çox böyük rolu olmuşdur.»
Regional inkişaf
proqramının qəbul olunması, ölkə
iqtisadiyyatına qoyulan sərmayə, xarici sərmayə
üçün yaradılan şərait dinamik
inkişafı təmin edir. Azərbaycanın uğurlu
inkişafının bundan sonra da təmin olunacağına əminliyini
ifadə edən dövlət başçısı İlham
Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
atılan addımların uğurlu nəticələrindən
bəhs edir. Cari ilin ötən dövründə iqtisadiyyat
2,5 faiz, qeyri-neft sektoru isə 8,8 faiz artıb.
Düşünülmüş iqtisadi və sosial siyasət
uğurların davamlılığının təmin edilməsində
əsas amildir.
Regionlarının sosial-iqtisadi inkişafı
Dövlət
proqramları Azərbaycanın
dinamik
inkişafında mühüm rol oynayır
Dövlət
başçısı İlham Əliyev qeyri-neft sektorunun
inkişafını neft siyasətinin məntiqi davamı kimi
qeyd edərək bildirir ki, əgər fikir vermisinizsə, son
vaxtlar neft-qaz sektorunun inkişafı ilə bağlı o qədər
də geniş müşavirələr keçirilmir.
Çünki bu sahədə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə
nail olunub. Belə ki, ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının
uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan
regional iqtisadi inkişafın aparıcı qüvvəsinə,
dünyanın enerji təhlükəsizliyinin təminatçısına
çevrilib. Ötən ilin sonunda «Şahdəniz-2» layihəsi
üzrə yekun investisiya qərarının
imzalanması Azərbaycanın beynəlxalq nüfuzunun
artmasının göstəricilərindən biridir. Bu layihə
dayanıqlı çoxtərəfli əməkdaşlıq əlaqələrinin
başlanğıcı kimi dəyərləndirilir.
Neft
siyasəti böyük maliyyə resurslarının
yaradılmasına geniş imkanlar açır ki, bundan da səmərəli
istifadə nəticəsində həm insanların rifah
halının yaxşılaşdırılması, həm də
ölkəmizin inkişafının uğurlu və
uzunmüddətliliyi təmin edilir. Hər bir ölkənin
inkişafında iqtisadi amil mühüm rol oynayır.
İqtisadiyyatın inkişafı isə uğurlu sosial-iqtisadi
islahatlardan asılıdır. Bu islahatlar zamanın tələbinə
uyğunlaşdırıldıqda uğurların
davamlılığı üçün zəmin yaranır.
Malik olduğu zəngin təbii resurslardan səmərəli
istifadə etməklə iqtisadi qüdrətini və maliyyə
imkanlarını artıran Azərbaycan hazırda qeyri-neft
sektorunun inkişafı baxımından xüsusi diqqət
çəkir. Son on ildə iqtisadiyyat üç dəfədən
çox, büdcə xərcləri 20 dəfə
artmış, yoxsulluq, işsizlik xeyli dərəcədə
azalmışdır. Ölkəmizin valyuta ehtiyatları 53
milyard dollara çatıb. Təbii ki, bu uğurların əldə
olunmasında mühüm amillərdən biri hər bir sahə
üzrə konkret proqramların qəbulu və uğurlu
icrasıdır. Bakı və Bakıətrafı
qəsəbələrin, regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramlarında nəzərdə
tutulan tədbirlər planına uyğun olaraq görülən
işlərin nəticəsidir ki, bu gün paytaxtla bölgələr
arasında fərq müəyyən dərəcədə
aradan qaldırılıb. Bütün bölgələr bu
gün inkişaf dövrünü yaşayır. Quruculuq,
abadlıq işləri geniş vüsət alıb. Rayonlarda, qəsəbələrdə infrastruktur təminatı
daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə,
mədəniyyət və idmanın inkişaf etdirilməsini
təmin edən tədbirlər həyata keçirilmiş,
yeni məktəblər, xəstəxana, poliklinika tikilmiş,
mövcud binalar əsaslı təmir edilmiş, müasir
tipli idman kompleksləri istifadəyə verilmişdir. Prezident
İlham Əliyev mütəmadi olaraq bölgələrdə
olur, görülən tədbirlərlə, həyata
keçirilən quruculuq və abadlıq işləri ilə
yaxından tanış olaraq aidiyyəti qurumlara müvafiq
tapşırıqlarını verir. Möhtərəm
Prezidentimiz İlham Əliyevin hər bir bölgəyə səfərindən
sonra həmin rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
tədbirləri barədə sərəncam imzalaması da
ölkənin hərtərəfli inkişafına diqqətdən
irəli gəlir. Dövlət başçısı
İlham Əliyev bildiririr ki, həyata keçirilən
islahatların, görülən işlərin əsasında
vətəndaş amili dayanır.
Artıq
üçüncü Dövlət Proqramın icrasına
başlanılıb. Möhtərəm Prezidentimiz İlham
Əliyev bu inamı ifadə edir ki, bu proqramın icrası nəticəsində
bu günə qədər həll olunmayan məsələlər,
bütün infrastruktur, nəqliyyat, sosial problemlər öz həllini
tapacaq. Təbii ki, qəbul olunan Proqramların
uğurlu icrasında əsas məqsəd Azərbaycanın
iqtisadi qüdrətini daha da artırmaq, hərtərəfli
inkişafını sürətləndirmək, əhalinin
sosial müdafiəsini yüksək səviyyədə təmin
etməkdir.
- Şahin müəllim, regional inkişaf proqramları çərçivəsində rəhbərlik etdiyiniz Ağcabədi rayonunda hansı işlər görülüb? Üçüncü Dövlət Proqramının icrası Ağcabədi rayonuna nə vəd edir?
- Ölkəmizdə
aparılan abadlıq-quruculuq işlərində Qarabağ
bölgəsi həmişə dövlət
başçısı İlham Əliyevin diqqət mərkəzində
olub. Möhtərəm Prezidentimizin 2011-ci il
dekabr ayının 23-də Ağcabədiyə səfər
etməsini, 24 dekabr doğum gününü rayonda məskunlaşmış
köçkünlərlə görüşə həsr etməsini,
«Mən heç vaxt ad günümü keçirməmişəm.
Mənim üçün çox sevindiricidir ki, mən bu
günkü ad günümü ailəmlə, yəni sizinlə
bir yerdəyəm”» söyləməsini qədirbilən
Qarabağ əhalisi heç vaxt unutmayacaq, həmişə fəxarət
və qürur hissi ilə xatırlayacaq.
Son 10 ildə Prezident
İlham Əliyev Ağcabədiyə 4 dəfə səfər
edib, rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə 7 sərəncam imzalayıb. Son 10 ildə şəhərin 2 prospekt, 38
küçəsində abadlıq və quruculuq işləri
aparılmış, rayon mədəniyyət evi əsaslı
təmir edilmiş, Qaradolaq, Yeni Qaradolaq, Aran, Mehrablı və
Kəbirli kəndlərinin içməli su problemi həll
edilmiş, Heydər Əliyev Mərkəzi tikilib istifadəyə
verilmişdir. Rayon İcra Hakimiyyəti
inzibati binası qarşısında ulu öndərin abidəsi
qoyulmuş, ərazisi 4 ha olan Heydər parkı yenidən
qurularaq, ulu öndər Heydər Əliyevin büstü
qoyulmuş, Bayraq meydanı tikilmiş, Heydər Əliyev
prospektində 15 iyun parkı, ərazisi 2 ha olan Hindarx qəsəbə
parkı salınmış, Üzeyir Hacıbəyli adına park yenidən qurularaq həmin parkda dahi bəstəkarın
büstü qoyulmuş, Üzeyir Hacıbəyli adına
Qarabağ Muğam Mərkəzi, Şahmat məktəbi, Yeni
Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının
yeni inzibati binası, Gənclər Mərkəzi, 150 yerlik
körpələr evi uşaq bağçası və
Qonaq evi tikilib istifadəyə verilmişdir. Bundan
əlavə rayon ərazisində Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün 2008-ci ildə
16 mənzilli, 2010-cu ildə 24 mənzilli, 2011-ci ildə 36 mənzilli
yaşayış binaları, 82 saylı Dairə Seçki
Komissiyasının, Maliyyə İdarəsinin, Su kanal idarəsinin
inzibati binaları tikilib istifadəyə verilmişdir. Məcburi
köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün
bütün infrastrukturu olan 556 mənzilli 10 ədəd
beşmərtəbəli yaşayış binası tikilib
istifadəyə verilmişdir.
Rayon ərazisində
sutkalıq istehsal gücü 250 ton olan ATENA süd məhsulları
emalı zavodu, sutkalıq istehsal gücü 20 ton olan Ağcabədi
Süd emalı zavodu, 5000 tonluq taxıl anbarı, 1000 tonluq
soyuducu anbar, Xocavənd kəndi ərazisində illik istehsal
gücü 15000 ton olan ət kəsimi kombinatı və
istehsal gücü saatda
50 ton olan Asfalt zavodu tikilib istifadəyə verilmişdir.
Hazırda rayonda
Olimpiya İdman Kompleksinin, Dövlət Sərhəd Xidmətinin
yeni hərbi hissə kompleksinin, Fövqəladə Hallar
Nazirliyinin Ağcabədi rayon Yanğından Mühafizə
hissəsi üçün yeni binanın tikintisi
aparılır. Bundan əlavə Ağcabədi şəhərində
istehsal gücü saatda 1050 kq olan müasir çörək
zavodunun və Rəncbərlər kəndi ərazisində
5000 tonluq soyuducu anbarın tikintisində tamamlama işləri
aparılır.
Son 10
ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
648 sahibkara 30,5 milyon manat güzəştli kredit verilmiş və
bunun da nəticəsində 2118 yeni iş yerləri
açılmışdır. Ümumilikdə 2003-2013-cü
illərdə rayon üzrə 24161 yeni iş yerləri
açılmışdır ki, bunun da 11265-i daimi iş yeridir. Kənd təsərrüfatı
məhsulları istehsalçılarına 2007-ci ildən
2014-cü ilin aprel ayınadək dövlət tərəfindən
18,6 milyon manat məbləğində yardım edilmişdir.
Rayonda Torpaq və su analizi labarotoriyası tikilmiş, kənd
təsərrüfatı məhsulları istehsalçılarına
xidmət göstərmək üçün «Aqrolizinq»
ASC”-nin Ağcabədi filialı yaradılmışdır.
Prezident
İlham Əliyevin Ağcabədi rayonuna 2011-ci ildə səfəri
zamanı Rayon Mərkəzi Xəstəxanası
üçün yeni binanın təməli qoyulmuş,
2013-cü ildə 205 çarpayılıq, 5 korpusdan ibarət,
bütün növ invertar və avadanlıqla təmin
edilmiş yeni binanın açılışı
olmuşdur. Dövlət
Proqramları və digər mənbələr hesabına son
10 ildə 12220 şagird yerlik 42 yeni məktəb binası
tikilmiş və əsaslı təmir edilmiş, 500 şagird
yerlik 25 əlavə sinif otağı tikilmişdir.
Hal-hazırda Heydər Əliyev Fondunun xətti ilə 100
yerlik körpələr evi- uşaq bağçasının
tikintisinə başlanılıb.
Qeyd
etdiklərimiz son on ildə icra olunan Dövlət
Proqramları çərçivəsində görülən
işlərin müəyyən hissəsidir.
Üçüncü Dövlət Proqramında da rayon
üzrə görüləcək tədbirlər öz əksini
tapıb. Əminik ki, bu proqram da yüksək səviyyədə
icra ediləcək,
rayonumuzun inkişafında yeni bir dövr başlanacaq.
İnkişaf üçün yeni-yeni vəzifələrin
müəyyənləşdirilməsi əsasdır. Azərbaycan dövlətinin həyata keçirdiyi
siyasətin ana xəttini təşkil edən müasirləşmə,
yeniləşmə nəinki paytaxtımızda, eyni zamanda
böləgələrimizdə özünü qabarıq
şəkildə büruzə verir, ölkə ictimaiyyəti
bu inkişafdan böyük qürur hissi keçirir.
İki
sahil.- 2014.- 10 iyun.- S.6.