Aydın Hüseynov: Ulu öndər Heydər Əliyev dünyanın

ən böyük və ən fədakar azərbaycanlısı idi

 

Bugünkü qüdrətli Azərbaycan xalqın sərkərdəsinə

çağırış tarixinin, Milli Qurtuluş Gününün bəhrəsidir

 

Aydın Hüseynov: Heydər Əliyev dünyanın nəinki ən böyük, həm də ən fədakar azərbaycanlısı idi, onda xalqı və dövləti hətta ən çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarığı mövcud idi

 

Müsahibim YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur. Onunla 15 iyun Milli Qurtuluş bayramı ilə bağlı söhbət edirik. Müsahibim deyir:- Hər millətin bir qurtuluş tarixi var və həmin tarixi elə o xalqın sırasından fədakarcasına çıxmış lideri yaradır. Əslində böyük qələbələri güclü dövlətlər yaradır tendensiyasına güvənərək demək olar ki, indi iqtisadi-siyasi inkişafını, eyni zamanda, sosial-mədəni tərəqqiyə çevirərək özünün Avropaya inteqrasiyasını sürətləndirən Azərbaycan dövləti mövcuddur. Təbii ki, bütün bunların təməli məhz 15 iyun Milli Qurtuluşdan, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikaya rəhbərliyə qayıdışından başlayır.

 

-Aydın müəllim, Qurtuluş tarixi xalqımız və dövlətmiz üçün hansı dəyərləri, özündə əks etdirir?

-Qurtuluş məfhumu təkcə Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü ağır durumdan, bəlalardan xilas olması ilə ifadə olunmur. Baxmayaraq ki, ulu öndər Heydər Əliyevin həmin illərdə hakimiyyətə qayıdışını təkidlə tələb edən Azərbaycan xalqının ondan gözləntisi ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməsi, sabitlik, əmin-amanlıq yaratması idi. Amma ümummilli lider Heydər Əliyev özünün missiyasını təkcə Azərbaycan xalqının düşdüyü bu bəlalardan xilas olunmasında görmədi. Eyni zamanda onun qayıdışı ilə başlanan Qurtuluş tarixi Azərbaycanı faciələrdən, parçalanmaqdan xilas etməklə yanaşı, ölkəmizin sonrakı sürətli, dinamik inkişafının da çox etibarlı əsasını yaratdı. Bu mənada Qurtuluş yalnız Azərbaycanın müasir tarixinin keçmişi deyil, eyni zamanda bu günü və gələcəyidir. Qurtuluş Azərbaycanın bugünkü reallıqlarıdır. Xalqımızın müdrikliyi ondadır ki, ən çətin günlərində xilaskar seçimində yanılmayıb. 1993-cü ildə də məhz belə oldu və böyük dövlət adamı, dünyanın nüfuzlu siyasi xadimi Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycanda mövcud olan hərc-mərcliyə son qoyuldu. Ulu öndərin zəngin dövlətçilik təcrübəsi, uzaqgörən daxili və xarici siyasəti vətəndaş müharibəsini, ağır siyasi, iqtisadi, hərbi və mənəvi böhranı aradan qaldırdı. Ulu öndər həmin vaxt parçalanmaqda olan Azərbaycan xalqına üz tutaraq deyirdi:” Biz nazik sapın üzəri ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyü təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxsın.”

Hər bir xalq yalnız o zaman öz intellektual qabiliyyətini, arzu, istək və milli ideyalarını həyata keçirə bilir ki, onun suverenliyinə, ərazi bütövlüyünə, maddi və mənəvi sərvətləri üzərində sahibliyinə, insan hüquqları və azadlıqlarına təminat verən müstəqil, hüquqi, dünyəvi dövləti olsun. Bu bir həqəqətdir ki, indiki müstəqil, inkişaf edən, qüdrətli Azərbaycan ümummilli lider Heydər Əliyevin millətə ən böyük əmanətidir. Qurtuluş tariximizin başlanğıcını qoyan ümummilli liderimiz Azərbaycanı xilas etdi, vətəndaş həmrəyliyinin əsaslarını yaratdı, insanlarda gələcəyə inam, əzm və iradə, qurub-yaratmaq eşqini bərpa etdi. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanın informasiya blokadasında olmasının əsas səbəblərindən biri ölkəmiz haqqında məlumatsızlıq idi. Bu durum erməni yalanlarının ayaq tutub yeriməsinə geniş imkanlar açırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycanın ətrafında informasiya blokadasının yarılması oldu. Dahi şəxsiyyətin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyəti faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılmasın. Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribunalar əldə etdi. Ümummilli lider Heydər Əliyev faktlar əsasında erməni yalanlarını ifşa edir, onların əsil simasını dünyaya nümayiş etdirirdi.

-Ümummilli lider hakimiyyətə gəldiyi qısa müddətdə problemlər içərisində boğulan Azərbaycanı qısa müddətdə ayağa qaldırması və ona inkişaf tempi verməsi daha çox nədən qaynaqlanırdı?

- Geniş siyasi təcrübəsi, həmçinin böyük dövlətçilik vərdişləri olan ulu öndər qısa müddətdə ölkədə siyasi sabitlik yaratmaq, əhalinin sosial-rifahını yüksəltmək, beynəlxalq əlaqələri bərpa etmək, peşəkar ordu quruculuğu ilə məşğul olmaq kimi ciddi vəzifələrin öhdəsindən ağlı, zəkası və zəngin siyasi təcrübəsi sayəsində gəldi. Xüsusən, milli sərvətimiz olan dövlət müstəqilliyimizin qorunub saxlanması onun yenilməz iradəsi və qətiyyəti ilə reallaşdı. O, Azərbaycanı dünyaya müstəqil, demokratik, hüquqi dövlət kimi tanıtdı, burada müstəqil dövlətçiliyin əsaslarını, xalqın iradəsini ifadə edən qanunverici, icra və idarəçilik orqanlarını formalaşdırdı. Məhz güclü dövlətçilik bacarığı, siyasətdə qətiyyətlilik nümayişi onu böyük siyasətçilərin nümunə göstərdiyi və qibtə etdiyi qədər nufuzlu etmişdi. Məsələn ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan ümummilli liderimiz haqqında deyirdi: “Heydər Əliyev iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan bir şəxsiyyətdir.”

Onun misilsiz dövlət xadimi kimi ölkəni və xalqı hətta ümidsiz hesab olunan və heç kəsin gözləmədiyi ən çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarığı var idi. Bu is onda bir Allah vergisi hesab olunurdu. Filosoflardan birinin dediyi kimi, “bir dəyərlər sistemindən digər dəyərlər sisteminə keçmək üçün üç nəsil dəyişməlidir.” Bu mənada, ümummilli liderin qarşısında həmin böyük zamanı qısaltmaq kimi çox ağır və məsuliyyətli bir vəzifə dururdu. Xalq isə ona inanırdı. İnanırdı ki, o bu dövrü qısa müddətdə, həm də uğurla keçəcəkdir. Onun dərin düşüncəsi, əqli və zəkası, uzaqgörən siyasəti nəticəsində ölkəmiz qısa müddətdə beynəlxalq təşkilatlara üzv seçildi, Avropaya inteqrasiyası sürətləndi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilərək Xəzər neftinin dünya bazarına çıxarılması böyük dövlət adamı Heydər Əliyevin neft strategiyasının təntənəsidir. Eyni zamanda, 35 ölkəni birləşdirən Böyük İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin reallaşması ulu öndərin xalq və millət qarşısında digər böyük xidmətlərindəndir. Ümummilli lider Heydər Əliyev ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün dərhal ordu quruculuğunu həyata keçirməyə başladı. Onun milli ordumuzu qısa müddətdə formalaşdırması, daxildə yaratdığı ictimai-siyasi sabitlik 1994-cü ildə Ermənistanı atəşkəsə məcbur etdi. Xalqın dəstəyinə arxalanan, böyük siyasətçi Heydər Əliyev 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin qarşısını qətiyyətlə aldı. Bir çağırışı ilə yüz minlərlə insanın meydanlara çıxması, onu dəstəkləməsi Heydər Əliyev siyasi kursunun yenilməz olduğunun sübutu, xalqın öz rəhbərinə inam və etibarının təntənəsi idi. O insanlara üz tutaraq tam səmimiyyətlə deyirdi: “Biz düz yolla-haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutuduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır.”

-Aydın müəllim, Bu gün Ulu öndərin böyük dövlətçilik, azərbaycançılıq ideyaları ardıcıllıqla və tam olaraq reallaşır. Bu, ölkəmizə hansı yeni inkişaf imkanları yaradır?

-Ümummilli liderin ölkəyə və insanlara ən böyük töhfələrindən biri də onun siyasi məktəbində böyük dövlət adamı kimi yetişmiş Prezident İlham Əliyevdir. Cənab Prezident bu gün ölkəmizin inkişafı üçün çox əhəmiyyətli işlər görür. Azərbaycan dövlətinin müsəqilliyini qoruyub saxlayaraq möhkəmləndirməsi, eyni zamanda, iqtisadi tənəzzüldən, iqtisadi dirçəlişə qədər yol keçməsi ümummilli liderin adı ilə bağlıdırsa, Azərbaycanın bu gün dünyada lider ölkəyə çevrilməsi isə Prezident İlham Əliyevin qlobal siyasətə, modern dövlət quruculuğuna üstünlük verməsinin nəticəsidir. Bu bir qürurverici gerçəklikdir ki, Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətinə hörmətini, ehtiramını hər zaman ifadə edir və nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Azərbaycan xalqını xoş günə çıxaran, bugünkü uğurlarımızın təməlini qoyan Qurtuluş Gününün respublikamızın şəhər və rayonlarında, bütün idarə və müəssisələrdə yüksək səviyyədə qeyd olunması eyni zamanda bu reallığın təsdiqidir ki, xalqımız Heydər Əliyev ideyalarına sadiqdir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Azərbaycan xalqı bu siyasətin davamlılığına dəstək olduğunu 2003, 2008 və 2013-cü il prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək cənab İlham Əliyevə səs verməklə təsdiqləmişdir. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.

-Prezident İlham Əliyevin Azərbaycanı daha böyük uğurlara çatdırmaq kimi siyasi fəaliyyətinin təməlində hansı amillər dayanır?

- Bu suala cənab Prezidentin öz fikirləri ilə cavab vermək istəyirəm. O deyir: “Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.” Məhz bu dəyərli fikirlərə əsaslanaraq qətiyyətlə deyə bilərik ki, ölkəmizin bundan sonrakı inkişafı da davamlıdır, qarşısıalınmazdır.

Xüsusən, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan əsas hədəf də ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gəlirli ölkəyə çevirməkdir. Dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında, sorğu mərkəzlərinin apardıqları sorğuların nəticələrində Azərbaycanın hər zaman yüksək göstərici əldə etməsi onu deməyə əsas verir ki, inkişaf, tərəqqi dövlətimizin siyasətində əsas yer tutmaqla yanaşı, bu istiqamətdə əhəmiyyətli addımlar atılmış və bunun nəticəsi olaraq ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir. Prezident İlham Əliyevin məhz fədakar zəhməti sayəsində artıq bölgədə lider dövlətə çevrilmiş Azərbaycan dünya iqtisadi sisteminə inamla inteqrasiya etməkdədir. Son 10 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 50 milyard dolları ötüb. 2003-2013-cü illərdə iqtisadiyyatımıza 140 milyard dollar investisiya yönəldilib ki, bunun da yarıdan çoxu daxili investisiyadır. İnamla demək olar ki, Azərbaycan son 10 ildə bəzi ölkələrin heç 100 ildə belə keçə bilmədiyi şərəfli bir yol keçib.

Bu gün Azərbaycan əgər inkişaf etmiş böyük dövlətlərin zirvə görüşlərinə dəvət olunursa, dövlətimizin rəhbəri cənab İlham Əliyev dünya liderləri ilə dünyanın qlobal problemlərinin həlli müzakirələrində nəinki iştirak edir, hətta dəyərli tövsiyələrini veririsə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilirsə bunlar, insanlarımızda azərbaycanlı olmaq qüruru yaradır.

Fərəhlidir ki, vaxtilə öz iqtisadiyyatını dirçəltmək üçün xarici investisiyalara möhtac olan Azərbaycanın özü bu gün digər ölkələrin iqtisadiyyatına investisiya qoyan bir ölkəyə çevrilib. Bu gün regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Düşünürəm ki, gələcək 10 illər ərzindədə Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara nail olacaqdır.

 

Elçin Zaman

 

İki sahil.-2014.- 11 iyun.- S.9.