İlham Əliyev: 1993-cü il əslində real

müstəqilliyimizin ilk ili olmuşdur

 

AXC-Müsavat iqtidarının yarıtmaz, xəyanətkar hakimiyyəti nəticəsində dağılmaqda, parçalanmaqda olan ölkəmizin xilas yolu 9 iyun, QURTULUŞA aparan tarixdən başlanır. Həmin gün Bakıya qayıdan Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı

 

Azərbaycanda müstəqilliyin təhlükədə olduğu məqamlar çox olsa da 4 iyun Gəncə hadisələri ilə bağlı ölkədə davam edən proseslər daha mürəkkəb xarakteri ilə seçilir. AXC-Müsavat iqtidarı dövründə səriştəsiz rəhbərlərlə danışıqlara əhəmiyyət verməyən xarici qonaqların, jurnalistlərin Azərbaycanda baş verən hadisələrin əsil mahiyyətini öyrənmək üçün Naxçıvana üz tutmaları, o zaman muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etmələri, insanların ulu öndərə böyük ümid bəsləmələri prezident Elçibəy başda olmaqla Əli Kərimli, İsa Qəmbər komandasında təmsil olunan səriştəsiz rəhbərləri qıcıqlandırır, daha doğrusu qısqandırırdı. Belə güclü, qətiyyətli, zəngin dövlətçilik təcrübəsinə malik bir xadimlə müqayisədə gücsüzlüklərini etiraf etməyə cəsarətləri çatmasa da, dolayı yollarla Naxçıvanda siyasi sabitliyi pozmağa çalışır, təxribatlar törədirdilər. 1992-ci ildə insanların ümid yeri olan Heydər Əliyevi devirmək üçün qiyam təşkil edən xalq cəbhəsinin silahlı adamları zorla muxtar respublikanın Daxili İşlər Nazirliyinin, Radio və Televiziya Verilişləri Komitəsinin binasını zəbt edərək ulu öndərin əyləşdiyi Ali Məclisin binasına hərəkət etdilər. Məqsəd isə Heydər Əliyevin həyatına sui-qəsd təşkil etmək idi. Lakin AXC-Müsavat cütlüyünün hakimiyyətdə təmsil olunan “başbilənləri” unudurdular ki, onlardan fərqli olaraq Heydər Əliyevin arxasında xilaskarlarını hər cür təhlükədən qorumağı bacaran xalq dayanırdı. Belə ki, Bakıdan Naxçıvana göndərilən, çevrilişə cəhd edən silahlıların köməyinə gələn xüsusi təyinatlıları gətirən təyyarələr də xalqın iradəsinə güc gələ bilmədi. Ulu öndərin getdikcə artan nüfuzundan qorxaraq əlacsız qalan iqtidarsız iqtidar bir daha dövləti idarəetmə işində səriştəsizliklərini bildirdilər. Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoyan Gəncə hadisələrinin baş verməsi də insanlarda əlavə xof yaratdı. İxtilafları yatırmaq üçün səriştəsi olmayan Elçibəy komandası istər-istəməz Heydər Əliyevə müraciət etməli oldu. Dövlətin idarəedilməsində naşılıqlarını hər sahədə bildirən, təcrübələrində, eksperimentlərində xalqdan istifadə edən cəbhəçilər daxildə baş verən, artıq məcrasından çıxan qarşıdurmaları yatırmağa iqtidarları çatmadı. Ermənistanın Azərbaycan torpaqlarını işğalının gücləndiyi bir zamanda -1993-cü ilin yazında bir neçə kəndi birləşdirməklə qondarma “Ləzgistan” yaratmaq barədəki təxribatlar, Lənkəranda qarajda adi bir işdə çalışan, AXCP-Müsavat iqtidarının yetirdiyi “polkovnik” Əlikram Hümbətovun “Talış-Muğan muxtar respublikası” təşkil etmək barədəki iddiası Azərbaycanın suverenliyi üçün təhlükələr idi. Gözlənilmədən Gəncədəki 709 saylı hərbi hissədə başlanan qiyam isə vəziyyəti daha da ağırlaşdırmaqla, müstəqilliyimizin növbəti dəfə itirilmək təhlükəsi yaratdı . Gəncədə ipək fabrikində adi mühəndis işləyən daha bir “polkovnik”, hətta Milli Qəhrəman adını almış Sürət Hüseynovun qiyamçıları mövcud iqtidarı devirmək üçün Bakıya üz tutdu. Yaranan vəziyyətdə çaşıb-qalan iqtidarsızlar təbii ki, çıxış yollarını aramağa başladılar. Bunları nəzərə alan Heydər Əliyevin iştirakı ilə 7 iyun 1993-cü ildə keçirilən Naxçıvan MR Ali Məclisinin və muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında hadisələr geniş təhlil olundu və hadisəyə münasibət bildirildi. Muxtar respublika ictimaiyyətinin narahatlığı həmin iclasda qəbul olunan və Heydər Əliyevin siyasi əhəmiyyətli sənəd hesab etdiyi bəyanatda da əksini tapırdı: “İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik.”

Həmrəylik üçün isə qətiyyətli, xalqa bələdçilik edən, düzgün istiqamətə yönəldən liderə ehtiyac var idi. Yeganə ümid yolu isə Heydər Əliyevin Bakıya gəlib, ölkədə sabitlik yaratmaqla Azərbaycanın müstəqilliyini qoruması idi. Belə də oldu. Xalqın təkidli tələbindən və Elçibəyin dəfələrlə edilən xahişlərindən sonra paytaxta gələn ulu öndər həqiqi mənada xilaskarlıq missiyasını yerinə yetirdi. Onun Bakıya gəlişi- 9 iyun 1993-cü il QAYIDIŞIN ilk addımları kimi tarixə yazıldı. Əsil vəziyyəti Gəncədə, Bakıda apardığı danışıqlar, yerli əhali ilə keçirdiyi görüşlər zamanı öyrənən ümummilli lider Heydər Əliyev illərdən bəri arzusunda olduğu müstəqil Azərbaycan naminə bütün məsuliyyəti üzərinə götürdü. Parlamentin 15 iyun 1993-cü ildə keçirilən sessiyasında Ali Sovetin sədri seçilməyə razılıq verdi. Həmin gün isə Azərbaycanın ən yeni tarixində QURTULUŞ günü oldu.

Bu hadisədən üç gün sonra-18 iyunda Azərbaycan xalqı eşitdikləri xəbərdən şoka düşdülər: Azərbaycan prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə Bakını tərk edərək doğma kəndi Kələkiyə gedib.

“Qəzaya uğrayan gəmini sonuncu kapitan tərk etməlidir” deyimi nəzərə alınsa o zaman təlatüm içərisində çalxalanan Azərbaycanı başsız qoyub qaçmaq xəyanət idi. Bu barədə yayılan informasiyalarda haqlı olaraq bildirilirdi ki, prezidentin vəzifəsi təkcə təntənəli mərasimlərdə deyil, ən ağır dəqiqələrdə də- qiyamların, çevrilişlərin, sui- qəsdlərin ölkəni sarsıtdığı vaxtlarda da öz xalqı ilə birgə olmalı, ona dövlət başçısı səlahiyyətlərini etibar edən insanları, dövlətin mənafelərini sonadak qorumalıdır. Məsələn Çilinin lideri, əlində silah prezident sarayını qoruyan Salvador Alyende kimi.

Onsuz da çətin vəziyyətdə olan, Ermənistanın torpaqlarımızı işğal etdiyi bir zamanda vəzifə səlahiyyətlərini yerinə yetirməkdən imtina qorxaqlıq, məsuliyyətdən yayınma idi. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə olunmalı idi. Beləliklə cəmi üç gün əvvəl Ali Sovetin sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.

Ölkədə siyasi vəziyyət isə həddindən artıq acınacaqlı idi. Qanunlar işləmir, özbaşına elan olunmuş “respublikalar”ın Əlikram Hümbətov kimi “liderləri” mənfur niyyətlərindən əl çəkmir, ölkəni parçalanmaq təhlükəsinə aparan vətəndaş müharibəsinin qığılcımları hiss olunurdu. Belə bir zamanda vəziyyəti sabitləşdirmək naminə deputatlar Əbülfəz Elçibəyə vəzifəsini davam etdirmək üçün müraciət qəbul etdilər. Eyni zamanda Sürət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənin ali maraqları naminə hərbi qarşıdurmaya son versin. Hətta ölkənin tanınmış şəxsiyyətlərinin, ziyalıların təmsil olunduğı bir qrup Kələkiyə göndərildi. Elçibəy isə “Azərbaycanı Kələkidən idarə edəcəyəm” cavabı ilə Bakıya dönməkdən imtina etdi.

İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvalə olundu.

Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyin qarantı olan Heydər Əliyevə tapşırıldı. Bu xəbər Heydər Əliyev müdrikliyinə, dövlətçilik təcrübəsinə bələd olanları sevindirdi. Bu dahi şəxsiyyətin siyasətə qayıdışını özlərinin məhvi kimi başa düşən, ondan çəkinən, eyni zamanda Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələri isə sarsıtdı. Tamah məqsədilə ölkəni uçuruma aparan, insanları qardaş qırğınına sürükləyən səbatsızlar isə günəşin ziyasından qorxan yarasalar kimi bir-bir yox oldular.

Ulu öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etdi: “Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, - o , artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm. Təkrar edirəm, mən buna can atmırdım, mən bunu istəmirəm. Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa , o, öz prezident vəzifələrini yerinə yetirə bilər.”

Elçibəy isə gəlmədi. Beləcə 29 avqust 1993-cü ildə Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdilər.

Prezident kimi andiçmə mərasimində də xalqın dəstəyi ilə demokratik, müstəqil cəmiyyət quruculuğunda önəmli nailiyyətlər əldə olunacağına dövlət başçısı kimi əminlik ifadə edən Heydər Əliyev Azərbaycanı dünya birliyində qüdrətli bir ölkə kimi tanıdacağına söz verdi. Vədinə də əməl etdi. Reallıq isə bu idi ki, o günlərdə Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasa idi dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.

Uzun illərin dövlətçilik təcrübəsinə əsaslanan xalq-iqtidar birliyi 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu müəyyənləşdirdi. Bu seçim sabaha böyük ümidlərlə dolu Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da ümummilli lider Heydər Əliyev zəkası bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu subut etdi. ONUN fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Tükənməz əmzi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar açdı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu. “Əsrin müqaviləsi” kimi kontraktın imzalanmasını gerçəkləşdirməklə xalqlar arasında əməkdaşlıq əlaqələri yaratdı, neft strategiyasını müəyyənləşdirdi, Azərbaycanın inkişaf parametrlərini düzgün istiqamətləndirdi.

Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, fərqləndirdi, nüfuzunu artırdı. Hazırda Azərbaycan dünya birliyində vədinə sədaqəti ilə seçilən etibarlı tərəfdaş, ölkələrin enerji təchizatının təminatında rolu artan qüdrətli bir ölkədir. “Əsrin müqaviləsi”ni nəzərdə tutaraq “Hesab edirəm ki, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq. Müasir Azərbaycanın hamını heyrətləndirən inkişaf tarixi demək olar ki, bizim sözümüz, imzamız qədər dəyərlidir və biz həmişə verdiyimiz sözə sadiq qalmışıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan imkanlarını genişləndirəcəkdir.

Bu inkişaf isə QURTULUŞA aparan 9 iyun 1993-cü ildən başlanır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2014.- 11 iyun.- S.3.