Bodrum zirvəsi: türkdilli
dövlətlərin birləşdirici strategiyası
Hazırkı mərhələdə dünya üzrə geosiyasi vəziyyətin gərgin olduğu məlumdur. Bunun fonunda səmərəli regional əməkdaşlığı təmin edə biləcək təşkilatların fəaliyyəti məsələsi aktuallıq kəsb edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildən yaradılıb. Keçən müddət ərzində başqalarından fərqli olaraq, bu təşkilat stabil fəaliyyət göstərib. İndi onun rolunun yeni səviyyəyə qaldırılmasına ehtiyac duyulur. Bu kontekstdə Şuranın IV zirvəsinə maraq böyük idi. Bizim üçün daha əhəmiyyətli olanı digər məsələlərlə yanaşı, Azərbaycanın tutduğu mövqe və təşəbbüslərinə olan münasibət idi.
Əməkdaşlığın effektiv formatı:
türkdilli dövlətlərin modeli
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) IV zirvə toplantısı baş tutdu. Türkiyənin
Bodrum şəhərində Azərbaycan,
Türkiyə, Qazaxıstan, Qırğızıstan və
Türkmənistan Prezidentləri səmərəli müzakirələr
apardılar. Bu tədbir bir neçə aspektdə
ciddi əhəmiyyət
daşıyırdı. Hər şeydən əvvəl, son zamanlar qlobal
miqyasda cərəyan edən mürəkkəb
geosiyasi proseslərin türk
dövlətlərinin əməkdaşlıq formatına necə
təsir edəcəyi maraq doğururdu.
Sirr deyil ki,
indi regional səviyyəli
təşkilatların heç də
hamısı səmərəli çalışa bilmir. Bununla yanaşı,
dünyada müşahidə edilən və
izahı hələlik tam olmayan
geosiyasi, geoiqtisadi və
hərbi trendlər özünü
göstərir ki, onun
fonunda TDƏŞ kimi
təşkilatların təsir dairəsi maraq
doğurur. Bodrumdakı görüş
sübut etdi ki, türkdilli dövlətlər
müasir çağırışlara cavab verən, rəqabətə davamlı dinamik təşkilat formalaşdırırlar.
Bu, mühüm bir nəticədir.
Başqa bir məqam
hazırda Avrasiya məkanında inteqrasiya proseslərinin qlobal
geosiyasətin maraq dairəsində
olması ilə əlaqədardır. TDƏŞ-in
Bodrum zirvəsindən cəmi bir neçə gün əvvəl
Astanada Avrasiya İqtisadi İttifaqının
yaradılması haqqında sənəd imzalandı. Rusiya, Belarus və
Qazaxıstanın əsasını qoyduğu
Gömrük İttifaqını
genişləndirmək və inkişaf
etdirmək planları mövcuddur. Bura türkdilli dövlətlərdən
olan Qırğızıstanın üzvlüyü məsələsi gündəmdədir.
Bu reallıqlar fonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV zirvə toplantısı necə görünürdü?
Məsələnin bu tərəfinə də Bodrumdakı tədbirin
gedişində aydınlıq gətirildi. Türkiyə
Prezidenti Abdullah Gül türk dövlətlərinin
əməkdaşlığının heç
bir təşkilata qarşı yönəlmədiyini
vurğuladı. Müasir tarixi
mərhələdə sürətlə gedən qloballaşma prosesində, təməlində ortaq köklər, ortaq mədəniyyət
və tarix dayanan
xalqların əlaqələrini gücləndirmək
istəyi tamamilə təbiidir. Azərbaycan Prezidenti
İlham Əliyevin bu
kontekstdə tədbirdə söylədiyi fikir
yerinə düşür.
Dövlət
başçısı zirvə toplantısındakı
çıxışı zamanı vurğulayıb: “...İqtisadi sahədə görülən
işlər də təqdirəlayiqdir. Biznes
forum keçirilmişdir...
Təhsil, nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Çox
şadam ki, Azərbaycanın
təşəbbüsü ilə Türk
Mədəniyyəti və İrsi Fondunun yaradılması da
artıq reallaşır... Mən bu gün xüsusilə TÜRKSOY-un
fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm.
Çünki TÜRKSOY bizi
mənəvi cəhətdən, mədəniyyət sahəsində
birləşdirən təşkilatdır. Bizim birliyimizin
təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət,
tarix dayanır və bu
gün biz bu möhkəm təməl üzərində
gözəl əməkdaşlıq yaradırıq” (bax: Bodrumda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının IV zirvə
toplantısı keçirilmişdir / AzərTAc,
5 iyun 2014).
Şübhəsiz ki, TDƏŞ siyasi və
təhlükəsizlik məsələlərinə də diqqət
yetirir. Lakin Prezident İlham
Əliyevin sözlərindən də aydın görünür
ki, burada heç kimsəyə qarşı nəsə
etmək yoxdur. Yeganə məqsəd türkdilli dövlətlərin əlaqələrini
müasir dövrün
tələblərinə uyğun inkişaf etdirməkdir. Bu
səbəbdən TDƏŞ digər inteqrasiya
modellərinə maneə törətmir. Məsələnin bu tərəfi türk
dövlətlərinin birliyinin perspektivini və səmərəliliyini ortaya qoyur.
Bunlardan türkdilli dövlətlərin əməkdaşlığının
strategiyası aydın olur. Əsasən mədəniyyət,
elm, tarix, incəsənət
və iqtisadiyyat sahəsində əlaqələri
dərinləşdirməklə dünyanın demokratik kəsimi ilə inteqrasiyaya
nail olmaq məqsədi
qarşıda durur. Bu zaman
başqa əməkdaşlıq
formatları əleyhinə hər hansı niyyət və ya plandan söhbət gedə
bilməz. Onu deyək ki,
bu məqam olduqca böyük əhəmiyyət kəsb edir. Çünki indiki mərhələdə
başqalarının hesabına öz
inkişafını və təhlükəsizliyini təmin
etməyə çalışan təşkilatlar az deyil. Bu
isə geosiyasətdə müxtəlif ziddiyyətlər,
münaqişələr və ölkələrarası ixtilaflar yaradır. TDƏŞ bütün
bunlardan uzaq olduğuna görə, Azərbaycan Prezidenti İlham
Əliyevin söylədiyi kimi, “Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası artıq güclü beynəlxalq
təşkilata çevrilib”.
Azərbaycanın təşəbbüsləri:
səmərəli nəticələr
Bunların fonunda Bodrum toplantısında
Azərbaycanın dövlət başçısının
ifadə etdiyi bir tezis olduqca ciddi
əhəmiyyət daşıyır. İlham
Əliyev nitqinin bir
hissəsində vurğulayıb: “Biz enerji sahəsində əməkdaşlığı
daha da dərinləşdirmək
əzmindəyik. Buna nail
olmaq üçün
bütün imkanlar vardır.
Bizi birləşdirən coğrafiya
geniş coğrafiyadır. Bizim ölkələrimizin bir
neçəsi təbii resurslarla zəngindir.
Bu resurslar artıq
müxtəlif yollarla dünya
bazarlarına çıxarılır. Yəni, həm
Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın
müstəqil və çoxşaxəli ixrac
yolları vardır. Yəni, heç bir ölkə ixracla
bağlı heç bir
problem yaşamır. Ancaq
maraqlarımızı daha da
dolğun şəkildə təmin etmək,
birliyimizi möhkəmləndirmək üçün biz bu sahədə birgə tədbirləri
görməliyik və əminəm ki,
görəcəyik” (bax: əvvəlki mənbəyə).
Hesab edirik ki, burada strateji
əhəmiyyəti yüksək olan pozitiv bir niyyətdən
söhbət gedir. Təbii enerji daşıyıcıları ilə zəngin
türk dövlətləri müasir dünyada bir çox ziddiyyətlərə
səbəb olan bir geosiyasi problemi həll edə
bilərlər. Biz Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji ehtiyatlarının nəqli məsələsində
Qərblə Rusiya və Çin
arasında yaranmış gərginliyin azaldılmasını
nəzərdə tuturuq.
Birincisi, Azərbaycan, Qazaxıstan və
Türkmənistan böyük enerji ehtiyatlarına malikdirlər. Onlar həmin aspektdə dünyanın böyük dövlətləri üçün geosiyasi
müstəvidə strateji əhəmiyyət
daşıyırlar.
İkincisi, hazırda bu ölkələrin
hər biri çoxşaxəli ixrac marşrutlarına malikdirlər. Burada Qərb, Rusiya və Uzaq Şərq (əsasən Çin)
istiqamətləri vardır. Lakin
bunların hər birinin öz
geosiyasi maraqları mövcuddur.
Hətta dünya liderliyi
uğrunda gərgin mübarizə
aparırlar. Həmin səbəbdən türk
dövlətlərinin fərqli geosiyasi xətlərə
düşməsi ehtimalı az deyil. Bunun baş
verməməsi lazımdır. Çünki
həm qlobal geosiyasət üçün
ciddi səviyyədə xeyli
ziddiyyətləri aradan qaldırmaq olar, həm də böyük
bir məkanda real inteqrasiya modeli
formalaşdırmaq şansı yaranar.
Bütün bu gerçəkliklər
Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji ixracatı məsələsində
koordinasiyalı hərəkət etməsinin meydana
yeni geosiyasi məqamlar
çıxara biləcəyini göstərir. O cümlədən,
türk dövlətləri Qərb-Rusiya-Çin
xəttində birləşdirici körpü
rolunu oynaya bilərlər.
Həmin kontekstdə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının geniş
imkanlara malik olduğunu demək olar.
Burada mədəniyyət, elm,
təhsil və iqtisadiyyat sahələrindəki
əməkdaşlıq potensialının geniş
olduğunu ayrıca vurğulamaq
gərəkdir. Azərbaycan Respublikası Prezidenti
Administrasiyası rəhbərinin müavini,
Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovun
bununla bağlı fikirləri
maraqlıdır. N.Məmmədov AzərTAc-ın xüsusi müxbirinə verdiyi
müsahibədə deyib: “Bodrumda
keçirilən IV zirvə toplantısında türkdilli
ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi
və digər sahələri əhatə edən əlaqələrin
qurulması üçün imkanların
araşdırılmasına dair qərarlar
qəbul edilmişdir. Prezident
İlham Əliyevin Bodrumdakı
çıxışı Azərbaycanın geniş
imkanlarını bir daha
ortaya qoymuşdur. Tərəflər Azərbaycanın sədrliyi ilə
təşkilatın ötən dövrdəki fəaliyyətini
yüksək dəyərləndirmişlər” (bax: Novruz Məmmədov:
Prezident İlham Əliyevin Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısındakı
çıxışı Azərbaycanın geniş
imkanlarını bir daha
ortaya qoymuşdur / AzərTAc,
5 iyun 2014).
Göründüyü kimi, TDƏŞ-in inkişaf etdirilməsi təşəbbüslərində
Bakının xüsusi yeri
vardır. Bu, ölkənin xarici siyasətdə sözün
həqiqi mənasında geniş imkanlara malik olduğunun təsdiqidir. Həmin kontekstdə Bodrum zirvəsinin həm də Azərbaycanın
türk dünyasında geosiyasi
rolunun əhəmiyyətli dərəcədə
artdığını nümayiş etdirdiyini demək olar.
İki
sahil.- 2014.- 11 iyun.- S.2.