Milli Qurtuluş Günü Azərbaycanın
inkişafının və yüksəlişinin
əsas istinad nöqtəsidir
Nə
qədər ki Azərbaycan var, mən də varam. Mən
isə Azərbaycanda əbədi olacağam!
Ümummilli lider Heydər Əliyev
Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 21 illik zaman ayırır. İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, 23 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın həyatında həmin zamanın əhəmiyyətini qısa təhlil əsasında bir daha nəzərdən keçirmək zərurəti duyuruq. Çünki keçmiş siyasətimiz tariximizdir, bugünkü siyasətimiz isə gələcəyimizdir. Ona görə də gələcəyə keçmişimizlə irəliləyir, çıxardığımız nəticələrlə yeni hədəflər və uğurlu perspektiv naminə mübarizə aparırıq.
1993-cü
il real müstəqilliyimizin ilk ilidir
Məlum olduğu kimi, 1991-ci il 18
oktyabrda Azərbaycan dövlət müstəqilliyini yenidən
bərpa etdi. Bununla Azərbaycan xalqı
çoxəsrlik dövlətçilik tarixinə söykənərək
milli azadlığına, dövlət müstəqilliyinə
tam mənada nail oldu. Amma müstəqilliyin
qorunmasının əldə edilməsinin nə qədər
çətin olduğunu isə sonrakı hadisələr bir
daha təsdiqlədi. Çünki cəmi 2 il ərzində
bir neçə dəfə hakimiyyət dəyişikliyi
yaşamış Azərbaycan dövləti daxili çəkişmələrdən,
vətəndaş müharibəsi təhlükəsindən,
total xaosdan, Ermənistanın işğalçılıq
siyasətindən, ən nəhayət, səriştəsiz,
dövlət idarəçiliyindən xəbərsiz
iqtidarın özbaşınalığından pessimizmə
qapılırdı. Müstəqilliyin elan olunmasından iki il keçməsinə baxmayaraq, hələ də
ölkəmizdə o zamankı iqtidarlar tərəfindən
siyasi-hüquqi və institusional islahatlar həyata
keçirilmirdi, planlı iqtisadiyyatdan, totalitar və avtoritar
siyasi sistemdən bazar münasibətlərinə, demokratik
idarəçiliyə keçid üçün heç bir
cəhdlər göstərilmirdi. Əksinə,
vətəndaşlarla siyasi-ictimai institutlar arasında
böhranlar yaradılırdı, dövlətlə xalq
arasında uçurum formalaşırdı. Belə bir halda isə ölkədə separatizmin
baş qaldırmasına, Azərbaycanın
parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin
yaranmasına gətirib çıxarırdı. Bu səbəbdən də, insanlar ölkənin
düşdüyü ağır vəziyyətdən xilas
edilməsini istəyirdi.
Əlbəttə ki, istər zor tətbiqi
ilə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı,
istərsə də geniş xalq kütləsi çox
yaxşı bilirdi ki, hadisələr bu cür davam edə bilməz. Ona görə də insanlar ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı tələbi
ilə ayağa qalxdı və Azərbaycanın o zamankı rəhbərləri
də dahi şəxsiyyəti Bakıya dəvət etməyə
məcbur oldular.
Ümummilli lider Heydər Əliyev həm
Azərbaycanın daxili destabilliyinin gücləndiyi, həm də
region ətrafında geosiyasi vəziyyətin mürəkkəbləşdiyi
bir zamanda xalqın təkidli tələbi ilə iyunun 9-da
Naxçıvandan Bakıya gəldi. Həmin
vaxt isə Azərbyacanda məlum Gəncə hadisələri
baş vermişdi və ayrı-ayrı siyasi
qruplaşmaların məqsədləri naminə qardaş
qanı axıdılırdı. Məhz ulu öndər
Heydər Əliyev xalqının xilası naminə həyatını
təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə
ətraflı tanış oldu, şəhər
sakinləri ilə və hərbi qulluqçularla
görüşdü. Beləliklə də,
çoxsaylı təhlükələrə baxmayaraq,
ümummilli lider Heydər Əliyevin Gəncə səfəri
Azərbaycanın Qurtuluşu yolunda həlledici addımı
oldu. Ulu öndər Heydər Əliyev iyunun 15-də
respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri
barədə qəti sözünü dedi və bununla da,
meydanlarda Vətən və xalq adından danışan, lakin buna mənəvi haqqı olmayan
AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyə
məcbur oldu. Bu, xalqın tələbi idi.
2014-cü il mayın 27-də 28 May - Respublika
Günü münasibətilə keçirilən rəsmi qəbulda
dövlət başçısı İlham Əliyev bir daha
diqqəti Azərbaycanın həmin dövrdə
yaşadığı ağır duruma yönəldərək
bildirdi ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi
ondan ibarət idi ki, xalqımız həlledici anlarda
düzgün seçim etdi, müdriklik göstərdi və
ulu öndərə üz tutub onu hakimiyyətə dəvət
etdi. Əgər Heydər Əliyev o illərdə
Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə
tamamilə dağıla bilərdi. Ona görə
1993-cü il əslində müstəqilliyimizin
ilk ili oldu. Məhz Heydər Əliyevin qətiyyəti,
cəsarəti, təcrübəsi,
dünyagörüşü və
düşünülmüş siyasəti nəticəsində
Azərbaycan o ağır vəziyyətdən çıxa
bildi, sabitlik yarandı və inkişaf dövrü
başlandı.
Sabitlik
inkişafın təməl daşıdır
Aydındır ki, hər bir dövlətin
inkişafı və tərəqqisi onun siyasi sabitliyindən,
bu faktorun üzərində qurulmuş güclü
iqtisadiyyatdan asılıdır. Elə
bu səbəbdən də ümummilli lider Heydər Əliyev
1993-cü ildə Azərbaycan xalqının yekdil səsi ilə
prezident seçildikdən sonra müstəqilliyimizin qorunub
saxlanılması və möhkəmləndirilməsi
üçün çox əhəmiyyətli addımlar
atdı. Ulu öndər Heydər Əliyev
bütövlükdə, Ermənistanın
işğalçılıq siyasətinin
qarşısını almaq məqsədilə bütün
resursları səfərbər etdi və 1994-cü il mayın 12-də erməniləri və
havadarlarını atəşkəs haqqında sazişi
imzalamağa məcbur etdi.
Azərbaycanın inkişafı naminə
Heydər Əliyevin ətrafında sıx birləşmiş
xalq isə dahi şəxsiyyəti müdafiə edən sipərə
çevrilirdi. Məhz formalaşmış
xalq-Heydər Əliyev birliyi xarici antiazərbaycan dairələrinin
dəstəyi ilə 1994 və 1995-ci illərdəki dövlət
çevrilişlərinə cəhdlərin, eləcə də
fiziki məhvetməni qarşısına məqsəd
qoymuş terrorların genişlənməsinin
qarşısını aldı. Nəhayət,
ümummilli lider Heydər Əliyevin sədrliyi ilə
yaradılmış komissiya tərəfindən
hazırlanmış və ümumxalq səsversməsi yolu ilə
1995-ci il noyabrın 12-də müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul
edildi. Bununla da, Azərbaycan demokratik dövlət
olaraq dünyaya açıldı və Heydər Əliyev
xalqımızın milli kimliyini beynəlxalq ictimaiyyətin
diqqətinə təqdim etdi.
YAP cəmiyyətin
ictimai-siyasi səfərbərliyini reallaşdırdı
Təkzibolunmaz faktdır ki, ölkəmizin
ictimai-siyasi sabitliyinin təmin edilməsində, müasir
siyasi sistemin formalaşdırılmasında və dövlət
idarəçiliyinin sivil metodologiyasının ortaya
qoyulmasında dahi şəxsiyyət Heydər Əliyevin Sədri
olduğu Yeni Azərbaycan Partiyasının rolu müstəsna
idi. Bu mənada, 1992-ci il noyabr ayının 21-də
xalqın istəyi və zamanın tələbi ilə yaranan
YAP-ın keçdiyi 22 illik dövr müstəqil Azərbaycanın
müasir tarixi kimi də dəyərləndirilir.
O zaman Yeni Azərbaycan Partiyasının
qarşısında ölkəni düşdüyü
ağır durumdan, dövlət müstəqilliyini itirmək
kimi təhlükədən xilas etmək, ictimai-siyasi gərginliyi,
iqtisadi böhranı aradan qaldırmaq, ən əsası
xalqda sabaha olan ümidini bərpa etmək missiyası dururdu.
Partiyanın yaradılması ilə bağlı xalqın istəyini
özündə ifadə edən 91 nəfər
ziyalının ulu öndər Heydər Əliyevə
ünvanladığı müraciətdə “indiki vəziyyətdə
bu çətin, məsuliyyətli işi respublikada öz
öhdəsinə götürməyə qadir yeganə şəxs
Sizsiniz!.. Əgər bu
partiyanın bünövrəsini Sizin kimi güclü dövlət
xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə
nəsli üçün də siyasi yetkinlik məktəbi
olar” kimi fikirlərin əks olunması cəmiyyətin
ictimai-siyasi baxımdan təşkilatlanmaya nə qədər
ehtiyac duyduğunu ortaya qoyurdu. Ulu öndər
Heydər Əliyevin ziyalıların müraciətinə
cavabında isə “əgər belə partiya yaradılarsa,
onun fəaliyyətində fəal iştirak etməyə
hazıram” – deyə bəyan etməsi xalqda sabaha inam
yaratdı, Azərbaycanın bugünkü reallıqları
üçün bünövrə rolunu oynadı. Məhz ulu öndər Heydər Əliyevin adı ilə
bağlı Yeni Azərbaycan Partiyası yarandığı
gündən dövlətə, xalqa xidməti fəaliyyətinin
əsas istiqaməti kimi qəbul etdi. Ona
görə də YAP müxalifət partiyası kimi yaransa da,
daim dövlətçiliyə, xalqa sadiq oldu. Eyni zamanda, ulu öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra iqtidar partiyasına çevrilən
YAP proqram və nizamnaməsinə uyğun olaraq,
qarşısına qoyduğu missiyanı uğurla yerinə
yetirdi. Bu səbəbdəndir ki, Azərbaycanın
uğurlarına ilbəil bələdçilik edən Yeni Azərbaycan
Partiyası milyonların sevgisini qazandı,
sıralarını isə kəmiyyət və keyfiyyət
baxımından günbəgün daha da möhkəmləndirdi.
Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, YAP bu gün nəinki ölkənin,
hətta bölgənin aparıcı siyasi təşkilatıdır.
Hazırda Yeni Azərbaycan Partiyası
sıralarında 630 mindən çox üzv birləşir. Məhz 1992-ci ildə təsis konfransını 550
nümayəndənin iştirakı ilə keçirən
partiyanın ötən dövr ərzində
sıralarında müşahidə olunan dinamik artım insanların
Heydər Əliyev ideyalarına sədaqətinin və ölkədə
həyata keçirilən siyasətin gələcəyinə
inamının təsdiqidir.
Bu günün reallıqları bir daha bizləri
müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan
Partiyasının yarandığı dövrə nəzər
salıb, bu faktı təsdiqləməyə sövq edir ki, əgər
o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı,
xalqımızın təkidli tələbi ilə ulu öndər
Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycan
adlı dövlətin varlığından danışmaq
qeyri-mümkün olardı. Elə buna görə
də bu gün əminliklə deyə bilərik ki, Azərbaycanı
inkişaf və tərəqqi yoluna çıxaran əsas
amil ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasətdir.
Möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan
Partiyasının V qurultayında bəyan etdiyi kimi, “bu gün
biz - ulu öndər Heydər Əliyevin siyasi varisləri,
davamçıları onun ölməz xatirəsi
qarşısında bir daha söz verir və and içirik ki,
bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan
xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!”.
Siyasi
sabitlik və etimad mühiti
Azərbaycanı
sərmayələr məkanına çevirdi
Bu fikir həqiqətdir ki, Azərbaycan
yerləşdiyi coğrafi məkana, malik olduğu təbii
resurslara görə daim dünyanın diqqət mərkəzində
olub. Müstəqilliyimizin ilk illərində
ölkədə müşahidə olunan ictimai-siyasi vəziyyətin
gərginliyi bu diqqət və marağa təsirsiz
ötüşməyib. Azərbaycanla
iqtisadi əlaqələrin qurulmasında maraqlı olan
dövlətlər, müasir beynəlxalq münasibətlər
sisteminin aktoruna çevrilmiş transmilli şirkətlər
ölkə iqtisadiyyatına qoyacaqları vəsaitlərin təhlükəsizliyinə
əmin olmadıqdarı üçün müəyyən tərəddüdlər
içərisində idilər. Ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
ölkədə siyasi sabitliyin yaranması, müharibənin
qarşısının alınması bu tərəddüdlərin
aradan qaldırılmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev “Azərbaycanın
qapıları bura xoş niyyətlə ayaq basan bütün
iş adamlarının üzünə açıqdır”
söyləməklə bir daha xarici investorları
qoyacaqları sərmayələrin təhlükəsizliyinə
tam əmin olmağa çağırdı. Məhz bu çağırış, eyni zamanda
ölkədə mövcud olan sabitlik xarici investorların Azərbaycana
olan marağına, əlaqələrin inkişafında
göstərdikləri səylərə müsbət təsir
etdi. Bu il 20 illiyini qeyd edəcəyimiz
«Əsrin müqaviləsi»nin 1994-cü il sentyabrın 20-də
imzalanması Azərbaycana olan inamı bir daha ortaya qoydu. Ölkəmizin beynəlxalq aləmdə sabitlik
diyarı kimi nüfuz qazanması qısa müddətdə
böyük investisiya axınına yol açdı, Azərbaycan
böyük sərmayələr məkanına çevrildi.
Təbii ki, bu uğur ölkə
iqtisadiyyatının sürətli inkişafına və digər
sahələrə öz müsbət təsirini göstərdi.
Azərbaycan
dünyaya günəş kimi
doğdu,
yaxud yeni neft strategiyası
Neft sənayesini iqtisadiyyatın onurğa
sütunu adlandıran ulu öndər Heydər Əliyevin neft
amilinə verdiyi dəyər bu günümüz
üçün hesablanmış addımlar
sırasındadır. Heç bir ölkənin
qarşılıqlı səylər, təcrübə
mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına
inkişaf etdirmək imkanında olmadığını bildirən
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
«Əsrin müqaviləsi»nin imzalanması
Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə,
dünya iqtisadi sisteminə inteqrasiyasına yol açdı,
ölkəmizin gələcəyinə olan inam daha da
artdı. 2014-cü il iyunun 3-də keçirilmiş XXI Beynəlxalq
Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası sərgi-konfransının
açılışında möhtərəm Prezident
İlham Əliyev bu reallığı diqqətə
çatdırdı ki, son 20 il ərzində Azərbaycan
neft-qaz sənayesinin inkişafı üçün və
dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə
görə diqqət mərkəzindədir: “1994-cü ildə
ilk sərgi keçirilmişdir və ondan bir neçə ay
sonra bizim bugünkü uğurlu inkişafımızı
böyük dərəcədə müəyyən edən
“Əsrin kontraktı” imzalanmışdır. Bu,
tarixi hadisə idi. Çünki bu gün
təsəvvür etmək çətindir ki, əgər
“Əsrin kontraktı” imzalanmasaydı, - Azərbaycanın pulu
yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə
idi, sənaye inkişafından söhbət gedə bilməzdi,
- bizim müstəqil dövlət kimi inkişaf yolumuz
yalnız xarici sərmayələrin cəlb edilməsindən
asılı olaraq qalacaqdı”.
Beləliklə, Azərbaycanın neft-qaz
sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli
investisiya iqlimi, xarici investorların sərmayələrinin
qorunması, güclü siyasi iradə və qurulan möhkəm
beynəlxalq əməkdaşlıq bugünkü
reallıqları mümkün etdi.
Neft təkcə
indiki nəslə deyil,
həm
də gələcək nəsillərə mənsubdur
Ulu öndər Heydər Əliyevin
böyük uzaqgörənliklə yaratdığı Dövlət
Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata
keçirilməsi ilə bağlı Azərbaycanın əldə
etdiyi gəlirlərin toplanmasını, səmərəli
idarə edilməsini və gələcək nəsillər
üçün saxlanılmasını təmin edir. Bu mənada, Fond ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş uğurlu neft stregiyasının
ayrılmaz hissəsidir.
Qurumun yaradılması fəlsəfəsinin
əsas qayəsini neft sərvətlərinin nəsillər
arasında ədalətli bölünməsinin təmin edilməsi
təşkil edir. Məhz bu prinsipin yüksək
səviyyədə qorunmasının nəticəsidir ki, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
biri-birindən əhəmiyyətli addımlar atılır.
Əlbəttə, dünyada neftlə zəngin
çox ölkələr var. Amma bu resurslar onlara bəzən
heç də uğur gətirmir. Həmin
ölkələrdə bir qrup həddindən artıq
varlanır, digər sosial təbəqələrdə isə
rifah halı yüksəlmir. Beləliklə
də, uçurum və bərabərsizlik sosial
partlayışlara gətirib çıxarır. Elə ümummilli lider Heydər Əliyevin Azərbaycanın
neft strategiyasını və iqtisadi inkişaf
konsepsiyasını müəyyənləşdirərkən
dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən
istifadə etməsi Azərbaycanın bu kimi problemlərdən
yan keçməsinə səbəb oldu. Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu
düşünülmüş və məqsədyönlü
siyasətin əsas xəttini təşkil etdi. Daim xalqına güvənən, xalqına arxalanan
ümummilli lider Heydər Əliyev iqtisadi islahatların əsasında
vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan
qaldırdı və bu siyasət hazırda möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməkdədir.
Demokratiya
Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanda demokratik təsisatlar da məhz
ulu öndər Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə yaradıldı, möhkəmləndirildi. Dahi şəxsiyyət
Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas
mahiyyətini təşkil edir: “Azərbaycan demokratiya yolu ilə
gedir və gedəcək. Heç bir qüvvə
bizi bu yoldan döndərə bilməz”.
Demokratik cəmiyyətin
mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə
bərqərar olması istiqamətində atılan bir-birindən
əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin
gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə
söz, ifadə, mətbuat azadlığının təmin
olunması, insan hüquqlarının qorunması,
çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin
edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara
uyğun keçirilməsi təmin edilməklə bir daha təsdiqləndi
ki, demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməldədir.
Milli Konstitusiyamızın qəbulundan
sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin
möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar
olması, demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu prosesinin uğurla həyata keçirilməsi
prosesi geniş vüsət aldı. Konstitusiyamızın
bütün maddələrində insan amilinə diqqət,
dövlətçiliyin möhkəmləndirilməsi
üçün vətəndaşların üzərinə
düşən öhdəliklər tam
aydınlığı ilə müəyyənləşdirildi.
Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər
hər hansı ölkənin xalqları öz
hüquqlarını anlayır və onları qoruya bilirsə,
o zaman ən kiçik dövlət belə ən böyük
məmləkət qədər güclü olar.
İmzaladığı “İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında” fərmanında,
“İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı”nda insan hüquqlarının
qorunması, beynəlxalq standartlara tam
uyğunlaşdırılması üçün çox
mühüm icra mexanizmləri nəzərdə tutulurdu. Bu sahədə müəyyən təcrübə toplamış
beynəlxalq təşkilatlarla əməkdaşlıq,
ölkədə hüquqi bazanın təkmilləşdirilməsi,
kadr hazırlığına diqqətin artırılması,
müxtəlif konvensiyalara, sazişlərə qoşulma
müsbət nəticəsini göstərdi. İlk dəfə olaraq, Azərbaycanda ölüm
hökmünün ləğv olunması, amnistiya aktları və
əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş
minlərlə məhbusun cəzasının çəkilməmiş
hissəsindən azad olunması insan amilinə diqqətin
nümunəsi kimi dəstəkləndi. Atılan
addımlar bu reallığı təsdiqlədi ki, insan
hüquq və azadlıqlarının qorunması dövlət
siyasətinin prioritetidir.
Azad mətbuatın inkişafı istiqamətində
atılan addımlar da davamlılığı ilə diqqət
çəkdi. Ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə Azərbaycanda
Konstitusiyanın 50-ci maddəsindən irəli gələrək,
senzuranın ləğvi sözün həqiqi mənasında
azad, müstəqil mətbuatın formalaşmasında həlledici
rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan
Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” fərmanın imzalanması ilə
ölkə mətbuatının inkişafında yeni bir mərhələnin
başlanğıcı qoyuldu.
Ölkədə xeyli sayda müstəqil
mətbu orqanın və informasiya agentliklərinin, elektron
KİV-lərin, jurnalist təşkilatlarının fəaliyyət
göstərməsi azad mətbuatın mövcudluğunu təsdiq
edən amillərdir. Ulu öndər Heydər
Əliyevin azad mətbuatın inkişafına göstərdiyi
diqqət və qayğının
davamlılığının nəticəsi idi ki, O, 2002-ci
ildə «Jurnalistlərin dostu» mükafatına layiq
görüldü.
Ölkədə vətəndaşların
hüquq və azadlıqlarının təmin edilməsi
istiqamətində də mühüm addımlar atıldı. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst
seçim hüququnun verilməsi, şəffaf seçkilərin
təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə
sadiqlik kimi dəyərləndirilir. 2003-cü ilin
mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar
və İnsan Haqları Bürosu, eyni zamanda Avropa
Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı
nəticəsində qəbul olunan Seçki Məcəlləsi
ölkədə seçkilərin demokratik və beynəlxalq
standartlara uyğun keçirilməsini təmin etdi.
Qeyd edək ki, Azərbaycanın 2001-ci
ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından
olan Avropa Şurasının tamhüquqlu üzvlüyünə
qəbul olunması demokratik dəyərlərə sadiqliyinin
bariz nümünəsi oldu. Ötən
dövr ərzində qurumla Azərbaycan arasında əlaqələrin
yüksələn xətt üzrə inkişafı, qəbul
edilən qərar və qətnamələrdə demokratik təsisatların
inkişafına xidmət edən addımların təqdir
olunması bir daha onu təsdiqləyir ki, dövlətimiz
demokratik dəyərləri bu gününün,
sabahının əsası kimi dəyərləndirir. Çünki demokratiya Azərbaycan xalqının həyat
tərzidir.
Müstəqil
xarici siyasət başlıca şərtdir
Bu bir tarixi həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin
ilk illərində hakimiyyətdə olmuş iqtidarlar
reallığı nəzərə alan
müvafiq xarici siyasət kursu işləyə bilmədilər.
1991-1992-ci illərdə Azərbaycanın o
vaxtkı rəhbərliyi nəinki prioritet vəzifələri
müəyyənləşdirib həyata keçirmədi, əksinə,
həm daxildə, həm də xaricdə çox ziyanlı
siyasət yeridərək ölkəni çətin duruma
saldı. Müxtəlif məsuliyyətsiz
bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları
arasında, həm regionda, həm də xarici aləmdə
çox böyük problemlərlə üzbəüz qoydu.
Xarici siyasət sahəsində yaşanan problemlərin daxildə
baş alıb gedən özbaşınalıq, siyasi
böhran, vətəndaş qarşıdurması ilə
müşahidə olunması, erməni
işğalçılarının bir-birinin ardınca Azərbaycan
torpaqlarını işğal etməsi və bunun
qarşısını almaq üçün mövcud hakimiyyətin
ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər
dövlətçiliyimiz üçün faciəli anlar
yaşatdı. Məhz ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin
və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin
strateji və cari vəzifələri, beynəlxalq aləmlə
əlaqələrin konturları, prioritetləri müəyyən
edildi. Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Azərbaycanın beynəlxalq
münasibətlər sistemində iştirakı və
özünəməxsus mövqelər qazanması
üçün lazımi tədbirlər görüldü,
ölkənin xarici aləm üçün kəsb etdiyi maraq
dairəsi, geosiyasi və geoiqtisadi əhəmiyyəti
düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi
Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil
olunan, üst-üstə düşən, kəsişən
maraq dairələri müəyyənləşdirildi. Beləliklə də, bütün prioritetlər nəzərə
alınaraq, banisi ümummilli lider Heydər Əliyev olan
balanslaşdırılmış xarici siyasət strategiyası
reallaşdırılmağa başlandı.
Ümummilli liderin hər bir xarici ölkəyə
səfəri zamanı daim diqqəti Azərbaycan həqiqətlərinə,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin əsl mahiyyətinə yönəltdi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan
reallıqlarının təbliğində diasporun rolunu da
önə çəkərək, diaspor quruculuğu istiqamətində
mühüm addımlar atdı. Ayrı-ayrı
ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin
yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən
idarə edilməsinin gərəkliyi önə çəkildi.
Ulu öndər Heydər Əliyevin sərəncamı ilə
2001-ci il noyabr ayının 9-10-da Bakıda
Dünya Azərbaycanlılarının I qurultayı
keçirildi. Bu addım diaspor hərəkatının
inkişafında yeni mərhələnin
başlanğıcını qoydu. Dünya azərbaycanlılarının
vahid mərkəzdən idarə olunmasının yüksək
səviyyədə həyata keçirilməsi
üçün ulu öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradıldı. Qeyd edək ki, möhtərəm
Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il
tarixli sərəncamı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin əsasında Diasporla İş üzrə
Dövlət Komitəsi yaradıldı.
Ulu öndər Heydər Əliyevin siyasi
kursunu uğurla davam etdirən möhtərəm cənab
İlham Əliyevin təşəbbüsü ilə
2006-cı ilin martında Dünya Azərbaycanlılarının
II qurultayı, 2011-ci ilin iyulunda isə Dünya Azərbaycanlılarının
III qurultayı keçirildi. Qurultayda
da bu məqam xüsusi vurğulandı ki, bu gün Azərbaycan
iqtisadi cəhətdən qüdrətli dövlətə
çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir,
dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı
tərəfdaş və müttəfiq kimi görür.
Azərbaycanın etibarlı tərəfdaş
kimi özünü təsdiq etməsi dövlətimizin
yeritdiyi müstəqil xarici siyasətlə sıx
bağlıdır. Azərbaycan dövləti
bu imkanlardan istifadə edərək, dünyanın
ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara
daha böyük qayğı ilə yanaşır, onların
birliyinin möhkəmləndirilməsi istiqamətində ciddi
səylər göstərir. Bunun nəticəsidir
ki, bu gün artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığı,
azərbaycanlıların yaşadıqları ölkələrin
ictimai-siyasi proseslərinə təsir göstərə bilmək
imkanlarının əhəmiyyətli dərəcədə
artması sayəsində onların Azərbaycanın milli
maraqlarını müdafiə etmək iqtidarında
olduqları inamla söylənilir.
Ən böyük problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
diplomatik mübarizədə qələbənin rolu inkaredilməzdir. Dövlət başçısı bildirir ki, bizim
diplomatiyamız özünümüdafiə xarakteri
daşımamalı, hücum diplomatiyası olmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti
ilə yanaşı bütün həmvətənlərimizin
də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi
ilə döyünən dünya azərbaycanlıları bu
istiqamətdə öz səylərini gücləndirməli,
problemin mahiyyətini xarici ölkələrin hökumət və
ictimaiyyətinə, beynəlxalq təşkilatlara
çatdırmaq üçün daha məqsədyönlü
fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı
proseslərin nəbzini tutaraq öz çevikliyini
artırmalı, digər xalqların diaspor mərkəzləri
ilə səmərəli əməkdaşlığın
yeni formalarını tapmalı, ölkəmiz əleyhinə
yönəlmiş təxribatlara qarşı operativ və
adekvat addımlar atmalıdırlar.
“Bu gün güclənən Azərbaycan
bizim qürur mənbəyimizdir” – deyərək bildirən
Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki,
Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcək, işğal altındakı bütün bölgələri
azad olunacaq və soydaşlarımız öz doğma
yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın
diplomatik mübarizədə qələbəsi, artan iqtisadi
imkanları, beynəlxalq standartlara cavab verən güclü
ordusu, xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının
həmrəyliyi bu əminliyi şərtləndirən əsas
amillərdir.
1993-2003-cü
illər sabitlik, inkişaf
və tərəqqi
dövrü kimi yadda qaldı
Bir sözlə, aparılmış qısa təhlil
tariximizin 1993-2003-cü illərinin aydın mənzərəsini
yaratdı və 2014-cü ilin may ayının 27-də 28 May -
Respublika Günü münasibətilə keçirilən rəsmi
qəbulda Prezident İlham Əliyevin böyük inamla və
qətiyyətlə söylədiyi bu fikirlər dahi şəxsiyyət
Heydər Əliyevin Azərbaycan dövləti, xalqı
qarşısındakı xidmətlərinə, Qurtuluş məfkurəsinin
ölkəmizə qazandırdığı uğurlara bir daha
işıq saldı: “1993-2003-cü illər tarixdə sabitlik,
inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın
müstəqil ölkə kimi yaşamasını təmin edən
bir dövr kimi tarixdə qalacaqdır. Biz
bu gün öz fəaliyyətimizi o illərdə müəyyən
edilmiş strategiya çərçivəsində
aparırıq, Azərbaycanı inkişaf etdiririk”.
Yola davam…
“Son on ilin təcrübəsi sürətli
inkişaf tarixidir. Bu da tarixdə
qalacaqdır. Çünki on il ərzində
iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci
ölkə olmamışdır. Bütün
statistik göstəricilər bunu təsdiqləyir. Bizim
gündəlik həyatımız da bunun əyani sübutudur”
– deyərək bildirən möhtərəm Prezident İlham
Əliyev qətiyyətlə söyləyir ki, son on ildə
çalışmışam ki, ulu öndərin siyasətinə
layiq olum: “Çalışmışam ki, onun siyasi xəttini
sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi
ilə yaşadım. Qürur hissi ilə deyə
bilərəm ki, bugünkü Azərbaycan ulu öndərin
görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla
gedir, güclənir, möhkəmlənir və çox
güclü regional amilə çevrilibdir”.
Ölkənin hərtərəfli
inkişafında iqtisadi amilin rolu son on ildə də həyata
keçirilən siyasətin ana xəttini təşkil edib. Enerji sahəsində qazanılan davamlı uğurlar
bir daha bu reallığın təsdiqidir ki, uğurlu
başlanğıc növbəti uğurlar üçün
möhkəm bazadır. 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanması ilə əsası
qoyulan enerji strategiyasının uğurları davam edir. Enerji bazarında önəmli rolu, təşəbbüskarlığı
ilə fərqlənən Azərbaycanda neft
strategiyasının icrası sahəsində görülən
işlər, yaranan bu imkanlardan səmərəli istifadə nəticəsində
respublikamızın adı dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələr sırasında çəkilir.
“Biz haqlı olaraq neft strategiyamızla fəxr
edirik” - deyərək söyləyən Prezident İlham
Əliyev energetika sahəsində əməkdaşlığı
regionda sabitlik üçün başlıca amil hesab etməklə
enerji təhlükəsizliyində ölkəmizin əsas fiqurlardan
biri olduğunu davam etdirdiyi siyasəti ilə bir daha təsdiqlədi.
Avropanın enerji təhlükəsizliyinin təminatında
qədim odlar yurdunun xüsusi əhəmiyyəti barədə
dövlət başçılarının, siyasətçilərin,
xarici mütəxəssislərin söylədikləri xoş
sözlər də bu qənaət üçün əsas
yaradır. Bu bir həqiqətdir ki,
dünyanın enerji və yanacaq satışı bazarında
böyük nüfuza malik, qitə dövlətləri
üçün sabit və mühüm enerji mənbəyi
olan Azərbaycanın maliyyə imkanları artmaqdadır.
“Hədəfimiz bundan sonra da irəli getməkdir” – deyərək
bildirən Prezident İlham Əliyev TANAP, TAP kimi layihələri
xalqlar arasında əməkdaşlığın möhkəmlənməsi,
bölgədə sabitliyin təminatı baxımından daha əhəmiyyətli
hesab edir: “Bu gün gözəl bir əməkdaşlıq
mühiti vardır və bu əməkdaşlıq
mühitinin coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla
uzunmüddətli əməkdaşlığa
başlayacağıq”.
Qeyd edək ki, ötən ilin
dekabrında imzalanan “Şahdəniz-2” layihəsi üzrə
yekun investisiya qərarının imzalanması dayanıqlı
çoxtərəfli əməkdaşlığın
başlanğıcı kimi dəyərləndirilir. Dövlət
başçısı İlham Əliyev bildirir: “Şahdəniz-2”
layihəsi bundan sonra uzunmüddətli dayanıqlı
inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə
yeni Azərbaycan şirkəti podratçı kimi
çalışacaqdır. Bu, öz növbəsində
on minlərlə yeni iş yerinin açılmasına gətirib
çıxaracaq və ölkəmizin qeyri-neft sektoru
inkişaf edəcəkdir”.
Azərbaycanın enerji sahəsində
qazandığı uğurlardan bəhs edərkən
ARDNŞ-in bütün tərəfdaşlarla çox gözəl
əməkdaşlığının mövcudluğu
xüsusi vurğulanır. Dövlət
başçısı İlham Əliyev bildirir: “Bu əməkdaşlığın
yaranması da məhz “Əsrin kontraktı”ndan
başlamışdır. Bu kontraktın
imzalanması ilə Azərbaycan Dövlət Neft Şirkəti
də beynəlxalq şirkətə çevrilmişdir.
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin
həm ölkə daxilində, həm dünyada çox
güclü mövqeləri vardır. Bu
gün SOCAR-ın nəinki Azərbaycanda, müxtəlif yerlərdə
böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda,
İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş
Ərəb Əmirliklərində uğurla icra edilir və
SOCAR öz investisiya layihələrini həyata keçirir”.
Dövlət başçısı
İlham Əliyev Şirkətin qarşısında dünya
miqyasında beynəlxalq və aparıcı şirkətlərin
birinə çevrilmək vəzifəsini qoyub. Bu gün ARDNŞ-in adının nüfuzlu beynəlxalq
şirkətlər sırasında çəkilməsi bu
istiqamətdə atılan biri-birindən əhəmiyyətli
addımların nəticəsidir.
Neft sektorunda xarici sərmayələr
üçün mühüm məkana çevrilən Azərbaycanın
iqtisadi mühiti hazırda qeyri-neft sektoruna da marağı
artırır. Ulu öndər Heydər
Əliyevin yeni neft strategiyası Azərbaycana əhəmiyyətli
maliyyə imkanları qazandırmaqla yanaşı, sabitlik amili
kimi də ciddi təsir imkanını ortaya qoydu. Bu strategiya eyni zamanda nəhəng layihələrdə
Azərbaycanın söz sahibi olması, neftdən gələn
gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməsi
istiqamətində ciddi addımlar atmaqla bərabər, ölkənin
etibarlı tərəfdaş imicinin formalaşmasına da
böyük təsir göstərir. Bunu nəzərə
alan möhtərəm cənab İlham
Əliyevin Prezident kimi fəaliyyətə
başladığı gündən regionların
inkişafını prioritet məsələ kimi önə
çəkməsi uğurlu iqtisadi və sosial siyasətin nəticəsi
kimi ictimaiyyətdə xüsusi rəğbət doğurur.
Son on ildə ümumi daxili məhsul 3,4
dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı
1,5 dəfə artıb. Ölkədə bir milyondan artıq
yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 49
faizdən 5,3 faizə enib, işsizlik 5 faiz
təşkil edir. Ölkəmizə 160 milyard dollar investisiya cəlb
olunub ki, ötən il bu rəqəm rekord
həddə çataraq 28 milyard dollar təşkil edib.
Bölgələrdə sahibkarlığın sürətli
inkişafı, mövcud infrastrukturun yenidən qurulması,
yolların və kommunikasiyaların əsaslı şəkildə
bərpası, elektrik enerjisi, qaz təminatlı problemin həlli
yerlərdə istehsal potensialını gücləndirməklə
bərabər, bölgə sakinlərinin Bakıya
axınının qarşısını alaraq, daxili miqrasiya
prosesini xeyli dərəcədə azaldıb. ÜDM-də
özəl bölmənin payı 85,5 faiz
təşkil edir. Sahibkarlığın
inkişafı istiqamətində atılmış addımlar
sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır.
Son on ildə Sahibkarlığa Kömək Milli
Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuş,
sahibkarlara güzəştli şərtlərlə kreditlər
verilib. İnkişaf etmiş dövlətlərin
mütərəqqi təcrübəsi belə bir həqiqəti
çoxdan sübuta yetirib ki, bazar iqtisadiyyatına keçid
dövründə özəl sektorun fəaliyyətinə
normal şərait yaratmadan cəmiyyət qarşısında
dayanmış bir sıra strateji vəzifələri həyata
keçirmək, iqtisadi yüksəlişi təmin etmək,
işsizliyin səviyyəsini aşağı salmaq,
infrastrukturu yeniləşdirmək, eləcə də sosial
xarakterli digər problemlərin həllinə nail olmaq çətindir.
2004-2008, 2009-2013-cü illər üçün
nəzərdə tutulan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramlarının uğurlu
icrası növbəti proqramın təsdiqinə zəmin yaratdı.
Artıq Dövlət Proqramının
üçüncü mərhələsinə start verilib və
2014-2018-ci illər üçün Dövlət Proqramında
yeni vəzifələr müəyyənləşdirilib.
Bu gün Azərbaycanın ən yüksək
inkişaf göstəricilərinə malik ölkələrdən
birinə çevrilməsi, sənaye potensialının
artımına, iqtisadi inkişaf tempinə görə
bütün dünyada ön yeri tutması beynəlxalq maliyyə
təşkilatlarının hesabatlarında da öz əksini
tapır. Dünya Bankı Azərbaycanı
bir nömərəli islahatçı ölkə elan edib.
Beynəlxalq Valyuta Fondunun qənaətinə
görə Azərbaycanda mövcud inkişaf tempi
saxlanılarsa, yoxsulluq səviyyəsi yaxın zamanlarda tamamilə
aradan qaldırılacaq. Ümumdünya
İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi
2013-2014” hesabatında isə Azərbaycan 7 pillə irəliləyərək
39-cu yerə layiq görülüb.
Heydər Əliyev siyasətini hər sahədə
uğurla davam etdirən dövlət başçısı
möhtərəm İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən demokratik islahatların uğurlu nəticələri
göz qabağındadır. İnsan hüquq və
azadlıqlarının qorunmasının yeni müdafiə
mexanizmlərinin yaradılması, seçkilərin
demokratikliyini təmin etmək üçün yeni təcrübələrin
tətbiqi, “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi,
siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini tənzimləyən
qanunvericilik bazasında həyata keçirilən yeniləşmə,
təkmilləşmə, ölkə reallıqlarının bələdçisi,
eyni zamanda demokratik, hüquqi dövlətin əsas atributu kimi
azad mətbuatın inkişafına yönələn
addımlar bu günümüzün gerçəklikləri
sırasındadır. Dövlətimizin azad mətbuatın
inkişafına diqqətinin bariz nümunəsi möhtərəm
Prezidentimizin iki dəfə “Jurnalistlərin dostu”
mükafatına layiq görülməsidir. Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılması, Milli Mətbuatımızın 138
illik yubileyində 17 mərtəbəli, iki bloklu, 156 mənzilli
binanın tikilərək jurnalistlərin istifadəsinə
verilməsi, eyni zamanda “Azərbaycan mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə
tədbirlər haqqında” Prezident sərəncamı da bu
diqqət və qayğının göstəricilərindəndir.
Bu gün böyük qətiyyətlə
bildirilir ki, ölkəmizdə beynəlxalq standartlar səviyyəsində
kütləvi informasiya vasitələrinin mövcudluğu ulu
öndər Heydər Əliyevin və Prezident İlham
Əliyevin demokratik dəyərlərə önəm verməsi
sayəsində mümkün olub. Məhz
bu istiqamətdə göstərilən səylərin, eləcə
də KİV-lərə dövlət qayğısının
artırılmasının nəticəsidir ki, mətbuatımız
böyük inkişaf yolu keçərək, hər
dövrün tələblərini yüksək səviyyədə
yerinə yetirir, dövlətçiliyimizin inkişafına
öz töhfələrini verir.
Azərbaycanın uğurlu daxili siyasətinin
davamı kimi dəyərləndirilən xarici siyasətdə
də əldə olunan nəticələrin miqyası
genişdir. Ölkəmizlə əməkdaşlıqda
maraqlı olan dövlətlərin sayı artır, Azərbaycan
dünyada öz prinsipial mövqeyi ilə seçilir.
“Bizim sözümüz imzamız qədər
dəyərlidir və əhəmiyyətlidir” – deyərək
söyləyən dövlət başçısı
İlham Əliyev bildirir ki, nəzərə alsaq ki,
dünyada ölkəmizə qarşı əks təbliğat
kampaniyası aparan ermənilər və erməni diasporu fəaliyyət
göstərir, inam qazanmağın heç də asan məsələ
olmadığını görərik. Azərbaycanın
2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi,
Azərbaycanın bütün sahələrdə
qazandığı uğurların göstəricisidir. Bu uğur eyni zamanda Azərbaycanın ədalətli
mövqeyinin təntənəsidir.
Xarici siyasətimizdə əsas məsələ
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində də
mühüm addımlar atılır. “Ölkələrin ərazi
bütövlüyü mübahisə mövzusu deyil, o
cümlədən Azərbaycanın ərazi
bütövlüyü mübahisə mövzusu deyildir...
Münaqişə BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi əsasında
öz həllini tapmalıdır” söyləyən Prezident
İlham Əliyev bu fikri böyük inam və qətiyyətlə
bildirir ki, tezliklə münaqişə ədalətli həllini
tapacaq, qaçqın və məcburi köçkün
düşmüş soydaşlarımız öz doğma
yurd-yuvalarına qayıdacaq…
Dövlət başçısı
İlham Əliyev hər zaman bəyan edir ki, əldə olunan
uğurlarla kifayətlənməməli, daim irəliyə
baxmalıyıq. Bu baxışı
formalaşdıran, yeni-yeni hədəflərə yol
açan əsas amil isə təbii ki, inkişaf
strategiyasına yeni prioritetlərin əlavə
olunmasıdır. Təkmilləşmə, müasirləşmə,
modernləşmə dövrün əsas tələbi
olduğundan qarşıdakı illər üçün nəzərdə
tutulan “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası gələcək uğurlarımızın
aydın mənzərəsini yaradır. Məqsəd
Azərbaycanı yüksək gəlirli ölkəyə
çevirmək, inkişaf etmiş dövlətlər
sırasında görmək, ümumi daxili məhsulu daha iki dəfə
artırmaqdır. Sözsüz ki, yeni hədəf
qarşıya qoyulursa, onun həyata keçirilməsinə
böyük inam mövcuddur. Bu inamı
şərtləndirən başlıca amil isə
düşünülmüş və gələcəyə
hesablanmış siyasətdir. Prezident İlham Əliyev
28 May – Respublika Günü münasibətilə
keçirilmiş rəsmi qəbulda bir daha bildirdi ki, “Azərbaycan
seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik
yoludur. Biz müstəqillik illərində
sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya
bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə
bilərik. Ən böyük sərvətimiz
olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və
qoruyacağıq”.
Bir sözlə, son on ilin uğurları
da çoxşaxəlidir və ölkəmizin perspektiv
inkişafı baxımından əhəmiyyətlidir.
Çünki 10 ildə əsrə bərabər inkişaf
dövrü keçən, uğurlarının miqyası ilə
dünyanın diqqətində olan Azərbaycan beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirilməsi üçün əsas məkan
seçilirsə, inkişafın Azərbaycan modelinin
mövcudluğu yüksək səviyyələrdə
bildirilirsə, deməli, ulu öndər Heydər Əliyevin
böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana
bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində
ölkəmizin gələcək inkişafı
üçün elə etibarlı dayaq yaradılıb ki, bu
bünövrənin üzərində respublikamız
davamlı inkişaf edir, inamla irəliləyir. Bu
mənada, hər bir Azərbaycan vətəndaşının
həyatında əhəmiyyətli dönüş
yaratmış Qurtuluş Günü Azərbaycanın
inkişafının və yüksəlişinin əsas
istinad nöqtəsidir.
Vüqar
Rəhimzadə,
YAP Siyasi
Şurasının üzvü,
«İki
sahil» qəzetinin Baş redaktoru,
Əməkdar
jurnalist
İki
sahil.- 2014.- 14 iyun.- S.14-17.