15 İyun Milli Qurtuluş Günü ölkəmizə

və xalqımıza dirçəliş, intibah gətirdi

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin www.yap.org.az saytına müsahibəsi

 

- Arif müəllim, 1993-cü ilin iyun hadisələrindən 21 il ötür. Həmin dövrdə baş verən proseslərin iştirakçısı kimi fikirlərinizi bilmək istərdik: bu hadisələrin baş verməsində hansı amillər rol oynadı?

- Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə milli faciə miqyaslı təhlükələrlə üzləşib. 1990-cı illərin əvvəli ölkəmiz və xalqımız üçün ən faciəli bir dövr olub. Söhbət bizim bir millət kimi varlığımızdan gedirdi. Azərbaycan dövlətçiliyinin dünyanın siyasi xəritəsindən silinməsi, parçalanaraq məhv olması təhlükəsi ilə üzləşmişdi.

Bu faciəyə aparan proseslər xeyli əvvəl – keçmiş Sovetlər İttifaqında dağıdıcı, əksmərkəzləşmə meylləri dövründə başlanmışdı. Yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, özlərinin “böyük Ermənistan” xülyasını həyata keçirməyə əlverişli şərait tapmışdılar. Belə bir şəraitin mövcudluğunu ittifaqda olan hərc-mərclikdən daha çox, respublikaya rəhbərlik edənlərin bacarıqsızlığı və fəaliyyətsizliyi müəyyən edirdi.

Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaq üçün Sumqayıt hadisələri törədildi, 200 mindən çox azərbaycanlı Ermənistandan didərgin salındı, Bakıda Qanlı Yanvar faciəsi baş verdi. Ölkəyə rəhbərlik edənlər isə hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görmək əvəzinə hər vəchlə öz hakimiyyətlərini qoruyub saxlamağa üstünlük verirdilər. Nəticədə ölkə müdafiəsiz qaldı, Qarabağda azərbaycanlıların təhlükəsizliyi təmin olunmadı, Xocalı faciəsi baş verdi. Sonralar Şuşa və Laçın işğal olundu. Xalqın belə ağır vəziyyətə düşməsinə baxmayaraq, hakimiyyət uğrunda mübarizə səngimək bilmirdi. Hər yerindən qalxan özünü dövlət başçısı kimi görürdü. Məqsədlərinə nail olmaq üçün heç nədən çəkinmirdilər. Azərbaycan Xalq Cəbhəsi dövlətdə tutduğu bir neçə mühüm vəzifələrlə kifayətlənmir, bütövlükdə hakimiyyəti ələ almaq istəyirdi. 1992-ci il mayın 14-də hakimiyyət bütövlükdə AXC-nin əlinə keçdi.

- AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəmiz üçün hansı problemlər yarandı?

- Bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin ən faciəli dövrü başlandı. 13 aya yaxın olan bu müddət ərzində respublika talan olundu, ölkənin sərvətləri xaricə çıxarılıb satıldı. Ən dəhşətlisi o idi ki, cəmiyyətdə mənəvi aşınma prosesi başladı. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirildi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Respublikada mənəm-mənəmlik baş alıb gedirdi. Daxili işlər naziri insanları qanunsuz həbs edir, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Ölkədə özəlləşdirilmə prosesi getmədiyi halda 300-400 dövlət maşınını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər.

1993-cü il may ayının 25-də Prezident Aparatında hüquq mühafizə orqanları işçilərinin müşavirəsində prezident Əbülfəz Elçibəy demişdi: “Xalq deyir kaş canımız bu Xalq Cəbhəsinin əlindən qurtaraydı. Prokurorluqdan, məhkəmədən xahiş edirəm buna cavab versinlər. Bu gün respublika niyə dağılır?” “İqtisadi cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adı hala çevrilib. Respublikada rəsmi özəlləşdirmə başlamamış, qeyri-qanuni yolla dövlət əmlakının özəlləşdirilməsi adı ilə mənimsənilməsi prosesi gedir. Respublikada xidməti maşınların özəlləşdirilməsi kütləvi hal alıb. 3 mindən çox xidməti maşın özəlləşdirilib”. Bu isə o zamankı dövlət katibinin sözləridir.

- Gəncə hadisələrinin baş verməsi də, həmin hakimiyyətin apardığı siyasətin «məntiqi nəticəsi» deyildimi?

- 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Səriştəsiz rəhbərlik nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. Ölkədəki xaosanarxiyadan cana doymuş xalqın səbr kasasını dolduran son damla Gəncə hadisələri oldu. Bu AXC – Müsavat hakimiyyətinin məntiqi süqutunu yaxınlaşdıran bir hadisə idi. Ölkə od-alov içərisində olduğu, vətəndaş müharibəsinin başladığı, qardaş qanının töküldüyü, ərazilərimizin dalbadal ermənilər tərəfindən işğal olunduğu bir şəraitdə ölkə rəhbərliyi iflic vəziyyətində idi. Gəncə hadisələrinin başlanmasında iki gün keçməsinə baxmayaraq, rəhbərlikdən heç kimin vəziyyət haqqında dəqiq məlumatı yox idi və təbii ki, prosesləri idarə edə bilmirdilər. Hətta telefon vasitəsi ilə əlaqə saxlamaqdan belə çəkinirdilər. Əməliyyatı keçirməkdən ötrü Gəncəyə göndərilmiş milli təhlükəsizlik nazirinindaxili işlər nazirinin müavinləri, respublikanın Baş prokuroru, kənd təsərrüfatı naziri orada saxlanılmışdılar. Baş prokuror qorxusundanadi insani keyfiyyətlərinin kasadlığından prezidentin həbsinə sanksiya vermişdi.

Belə bir zamanda, bir qrup YAP üzvü Elektrotexnika İnstitutunda toplaşıb vəziyyəti müzakirə etdik və qərara gəldik ki, vəziyyəti öyrənmək üçün partiyamızın üzvləri olan ziyalılar, eləcə də ağsaqqlar Gəncəyə getsin. Bu istəyimizi Prezident Aparatına çatdırdıq. Doğrusu bizə təəccüblü gəldi ki, Gəncəyə getmək, gərginliyi mümkün qədər aradan qaldırmaq və məsələlər barəsində həqiqəti araşdırmaq kimi təşəbbüsümüzü o zamankı prezident məmnuniyyətlə qəbul etdi. Ancaq bu qrup Gəncədən qayıdıb hadisələr barədə məlumat verdikdən sonra da respublika rəhbərliyi həqiqəti anlamaq, müvafiq tədbirlər görmək, hadisələrə obyektiv qiymət vermək iqtidarında olmadı. Belə ki, Gəncə hadisələrindən dörd gün sonra Milli Məclisdə keçirilən müzakirələrdə iqtidar nümayəndələri cılız düşüncə dairəsindən kənara çıxa bilmir və dövlətçilik təfəkküründən çox uzaq olduqlarını nümayiş etdirirdilər. Hətta bizim verdiyimiz məlumatları inkar etməyə çalışırdılar. Müzakirələrdə onlar faciənin mahiyyətini, məsələnin həlli yollarını araşdırmaq əvəzinə, hansı tərəfin birinci hücum etməsi, Gəncəyə gedənlərin məlumatını şübhə altına almağa, ölənlərin və yaralananların sayı ətrafında uzun - uzadı söhbətlərə üstünlük verirdilər. Guya 69 nəfər yox, 55 nəfər ölübsə, bu, faciənin miqyasını azalda bilər. Halbuki hər iki tərəfdən ölənlər və yaralananlar bizim ölkənin vətəndaşları idilər. Silahı düşmənlərə yönəltmək əvəzinə bir-birlərini qırırdılar. İqtidar nümayəndələri bir nəfər kimi sübut etməyə çalışırdılar ki, baş verənlərdən xəbərləri yoxdur. Parlamentin iclasında prezidentə sual verdilər ki, ali baş komandan kimi vəziyyət ilə bağlı məlumat versin. O da belə cavab verdi ki, hadisələrdən xəbəri yoxdur, müharibə şəraitində bütün silahlı hərbi birləşmələr müdafiə nazirinə tabedir. Bununla da, bütün işləri müdafiə nazirinin üstünə atmağa çalışırdı. Amma sonradan bizə məlum oldu ki, müdafiə naziri heç Gəncəyə gedib çıxmayıbmış.

Beləliklə, real təhlükə təkcə dövlətçiliyimizə deyil, hər bir vətəndaşa qarşı yönəlmişdi. Şər qarışandan sonra əhali evdən bayıra çıxmağa çəkinirdi. Dövlət tam iflic vəziyyətində idi. Cənubda “Talış-Muğan Respublikası” yaratmağa cəhd göstərilir, şimalda xarici havadarların köməyi ilə separatçılıq meylləri getdikcə güclənirdi. Ən böyük faciə isə ondan ibarət idi ki, cəmiyyətdə böyük bir ümidsizlik yaranmışdı.

- Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı prosesini necə xatırlayırsınız? Bu qayıdış xilaskarlıq missiyası daşıyırdı...

- Tarixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev təkcə 70-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər və 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalıları ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdilər. Bu müraciətin arxasında Azərbaycanın görkəmli alimləri, ziyalıları, mədəniyyət və incəsənət xadimlər, sadə əmək adamları dururdu. Müraciətdə bildirilirdi: “Əgər bu partiyanın əsası Sizin kimi təcrübəli dövlət xadimi tərəfindən qoyularsa, onda o, bizim xalqın bir neçə nəsli üçün siyasi kamillik məktəbinə çevrilə bilər”.

Həmin ilin noyabr ayında respublikanın müxtəlif bölgələrindən olan təşəbbüs qruplarının 550 nümayəndəsinin iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Konfransda Heydər Əliyev partiyanın sədri seçildi. Tezliklə bu siyasi qurum öz ətrafına sağlam düşüncəli insanları toplaya bildi. Onu da qeyd edim ki, iyun hadisələrinə qədər partiyamızın təşkilatlanma prosesi sürətlə həyata keçirilirdi. İnsanlar Heydər Əliyevin partiyasına böyük ruh yüksəkliyi ilə qoşulurdular. Yəni həmin dövrdə qısa müddət ərzində yaranmasına baxmayaraq partiyamızın böyük nüfuzu var idi. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin intellektual ordusu idi.

İyun hadisələri zamanı xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Amma iqtidar təmsilçiləri istəyirdilər ki, Heydər Əliyevə heç bir səlahiyyət verilmədən Onun köməyi ilə bu problemlər aradan qaldırılsın. Heydər Əliyev isə böyük siyasətçi kimi səlahiyyətsiz şəkildə heç bir tədbir görülə bilməyəcəyini bilirdi. Vəziyyət o zamankı prezidentə izah olundu və qərar gəlindi ki, Heydər Əliyevin parlamentin sədri vəzifəsinə namizədliyi irəli sürülsün. Təsəvvür edin ki, hamı, o cümlədən də vaxtilə Ulu öndərimizə qarşı çıxış edənlər də Heydər Əliyevin namizədliyinə səs verməyə hazır idilər. Çünki anlayırdılar ki, Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil. Amma bəzi adamlar öz məqsədləri üçün vəziyyətdən sui-istifadə etməyə çalışırdılar. Məsələn, 1993-cü il iyunun 13-də parlamentdə Heydər Əliyevin namizədliyi məsələsinə baxılacaqdı, yəni sədr seçkisi keçiriləcəkdi. Bu zaman Rəhim Qazıyev yerindən durub dedi ki, Gəncədəki qüvvələrin rəyini nəzərə almadan bu seçkinin əhəmiyyəti olmayacaq. Yəni R.Qazıyev bu şantaj xarakterli çıxışı ilə gərgin vəziyyəti daha da uzatmağa çalışırdı. Həmin gün parlamentdə sədr seçkisi keçirilmədi. Ulu öndər Heydər Əliyev vəziyyəti öyrənmək üçün Gəncə şəhərinə səfər etdi. İyunun 15-də isə Heydər Əliyev Ali Sovetə sədr seçildibu gün Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu.

- Arif müəllim, qurtuluş Azərbaycan dövlətinə və xalqına nə verdi?

- Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ilk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyllərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayişqayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı.

1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Ölkədə siyasiiqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı.

2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Artan iqtisadi potensial və büdcə imkanları, dövlət bölmələrinin dəqiq fəaliyyəti, işçilərin ixtisas səviyyəsinin yüksəlməsi idarəçilikdə yeni ideya və yanaşmaların tətbiqinə, iqtisadiyyatın üstün istiqamətlərində dövlət təsirini gücləndirməyə imkan verdi.

Müstəqillik əldə edilənədək iqtisadiyyatın və sosial sahənin inkişafını müəyyənləşdirən əsas sənəd dövlət planları idi. Dövlət planlarının həddindən artıq təfsilatlı və iri həcmli olması onların bazar iqtisadiyyatı şəraitində perspektivsiz olması fikrini doğurmuşdu. Amma istənilən böyük layihə uzun müddət ərzində reallaşdırılır, nəhəng kapital qoyuluşu, problemin kompleks halda nəzərdən keçirilməsini tələb edir. 2004-cü ildən etibarən belə bir qayda qoyuldu ki, dövlət büdcəsi ilə birlikdə respublikanın qarşıdakı üç ildə iqtisadisosial inkişafı konsepsiyası da təsdiq edilir. Bir neçə il ərzində həyata keçirilən, iqtisadiyyatsosial həyat sahələrinin inkişaf parametrlərini müəyyənləşdirən, dövlətin resurslarını və özəl kapitalı üstün istiqamətlərdə cəmləşdirməyə imkan verən dövlət proqramları hökumətin və bütövlükdə icra orqanlarının fəaliyyətində mühüm yer tutur.

Regionların sosial-iqtisadi inkişafına, elektroenergetikanın, yol şəbəkəsinin, digər nəqliyyat kommunikasiyalarının, informasiya-kommunikasiya texnologiyaları sahəsinin, neft-kimya kompleksinin, metallurgiya sahəsinin, kiçik biznesin inkişafına dair dövlət proqramları qəbul edilmişdiruğurla yerinə yetirilir. Orta təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, orta pillə kadrlarının hazırlanması proqramları reallaşdırılır. Beləliklə, Ulu öndər Heydər Əliyevin 21 il bundan əvvəl hakimiyyətə ikinci gəlişi - yeni tariximizə Milli Qurtuluş Günü kimi həkk olunan gün - ölkəmizə və xalqımıza dirçəliş, intibah gətirdi.

 

İki sahil.- 2014.- 14 iyun.- S.8.