Azərbaycan Avropa məkanında
söz sahibi olan
dövlətdir
Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri, Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasında nümayəndə
heyətinin rəhbəri Səməd Seyidovun www.yap.org.az
saytına müsahibəsi
- Səməd müəllim, Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti nədən ibarətdir?
- Hesab edirəm ki, bu
proses çox məntiqli, düşünülmüş və
ən əsası Azərbaycanın maraqlarına uyğun olaraq
həyata keçirilir. Azərbaycan-Avropa münasibətlərinin
inkişfaında Ümummilli liderimiz Heydər Əliyevin
müəyyənləşdirdiyi xarici siyasət kursu
mühüm rol oynayır. Heydər Əliyevin bu istiqamətdə
atdığı addımlar məqsədyönlü olmaqla
yanaşı, Azərbaycanın ümumi tarixinə, adət-ənələlərinə
və bu regionun geosiyasi xüsusiyyətlərinə əsaslanırdı.
Azərbaycan-Avropa münasibətləri bu gün xarici siyasətimizdə
prioritetdir və bu prioritet ölkəmizə həm
Avropanın içərisində özünəməxsus
yüksək yer tutmaq, həm Avropa dəyərlərini
ölkəmizə gətirmək, həm də
maraqlarımızı tam şəkildə əhatə etmək
məqsədini daşıyan siyasətdir.
- Bugünlərdə Avropa Komissiyanın sədri Joze Manuel Barrozu ölkəmizdə səfərdə oldu. Sizcə, bu səfər, aparılan danışıqlar Azərbaycanla Avropa İttifaqının münasibətlərinə nə dərəcədə təsir göstərəcək?
- Təbii ki, bu səfər
çox yüksək dəyərləndirilməlidir. Ona
görə ki, münasibətlərimiz artıq Avropada Azərbaycan
faktorunun nə dərəcədə əhəmiyyətli
olduğunu sübuta yetirir. Bilirsiniz ki, bu, cənab Barrozunun
ölkəmizə ilk səfəri deyildi. O, 2011-ci ildə də
ölkəmizdə səfərdə olub. Avropa
Komissiyasının sədri ötən 3 il ərzində Azərbaycandakı
dəyişiklikləri yüksək qiymətləndirərək
xüsusi qeyd etdi ki, 3 il ərzində heç bir ölkə
Azərbaycan kimi dəyişə bilməzdi. Cənab Barrozunun
fikirləri Azərbaycanın qazandığı nailiyyətlər
əsasında formalaşıb. Doğrudan da, Azərbaycan
dünyada, o cümlədən Avropada öz inkişaf tempi,
gördüyü işlərlə nümunəvi ölkəyə
çevrilib. Avropa İttifaqı ilə münasibətlər
nə qədər Azərbaycana lazımdırsa, Avropaya bundan
çox lazımdır. Bu gün Azərbaycan Avropanın təhlükəsizlik
sistemini təmin edən ölkələrdən birinə
çevrilib.
Azərbaycan Avropa
üçün Şərqi Avropa dəyərlərinə
uyğun formada birləşdirən ölkəyə
çevrilib. Ölkəmiz Avropa üçün elə
Avropanın cavab verə bilmədiyi suallara cavab verən
ölkəyə çevrilib. Avropa üçün Azərbaycan
region ölkələri ilə münasibətlərlə
hansı tərzdə qurmağın nümunəsinə
çevrilib. Ona görə də, Avropa Komissiyasının sədri
ölkəmizə səfəri zamanı xüsusi məsələləri
vurğuladı. O bildirdi ki, Azərbaycan-Avropa İttifaqı
münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinin
yüksəlməsi istiqamətində ekspert qrupları fəaliyyətə
başlayıblar. Bu o deməkdir ki, Avropanın bəzi məsələləri
düzgün təhlil etmək, vaxtında qərar
çıxarmaq, Azərbaycanla bağlı mühüm məsələləri
önə çəkmək prioritetə çevrilib. Təsadüfi
deyil ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların
tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu
gün ölkəmiz AŞPA-nın, ATƏT-in NATO-nun və
başqa beynəlxalq təşkilatların tədbirlərinə
ev sahibliyi edir, dövlət başçıları, mötəbər
qurumların rəhbərləri Azərbaycana səfər edərək
bir sıra mühüm məsələlərin müzakirəsini
aparırlar. Bütün bunlar ona görə baş verir ki, Azərbaycan
dünyaya öz mövqeyi ilə, apardığı siyasətlə
öz maraqlarını müdafiə etməklə
yanaşı həm qərblə, həm də şərqlə
əməkdaşlığa böyük töhfələr
verdiyini sübuta yetirir. Qazanılan bu uğurlar isə
Ümummilli liderimiz Heydər Əliyevin əsasını
qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən
həyata keçirilməsinin nəticəsidir. Bu mənada cənab
Barrozunun apardığı danışıqlarda, həm
mühazirəsində, həm də qeyri-formal söhbətlərində
Azərbaycanın əhəmiyyətini, rolunu dəfələrlə
vurğulaması təsadüfi deyil.
Ümumiyyətlə,
hesab edirəm ki, bu, çox vacib səfər idi. Əminəm
ki, bu səfərdən sonra Azərbaycanı tənqid edən
bəzi qurumlar başa düşəcək ki, bu gün Azərbaycan
Avropa üçün Avropanın bu regiona etdiyindən daha
çox edir. Bilirsiniz ki, iyunun 27-də Gürcüstan, Moldova
və Ukrayna Aİ ilə assosiasiya sazişi imzalayacaq. Azərbaycan
isə Avropa İttifaqı ilə strateji əməkdaşlıq
məsələlərini əhatə edən bir sazişin
hazırlanması ilə bağlı öz müsbət
münasibətini bildirib. Amma gəlin baxaq, Gürcüstan
assosiasiya sazişini Azərbaycanın bu ölkəyə
köməyi, dəstəyi olmadan imzalaya bilərdimi? Heç
vaxt. Ona görə ki, Azərbaycanın apardığı
siyasət Gürcüstanın müstəqil siyasət
aparmasına böyük yardım göstərir. Məhz bu
siyasətin nəticəsi əsasında da assosiasiya sazişi
imzalanır. Amma bu dəstəyi Avropa edə bilmədi, Avropa
Gürcüstanın işğal altında olan torpaqları ilə
bağlı ciddi addımlar atmaq iqtidarında olmadı. Azərbaycan
isə birmənalı şəkildə həm
Gürcüstanın, həm Moldovanın, həm də
Ukraynanın torpaqlarının işğal edildiyini
bütün beynəlxalq qurumlarda birmənalı şəkildə
bəyan edib və bu məsələdə bir mövqedən
çıxış edib.
Yəni Azərbaycanın
siyasəti öz maraqlarına cavab verməklə
yanaşı qonşu ölkələrin, xüsusilə
Gürcüstanın, Moldovanın, Ukraynanın və başqa
ölkələrin Avropaya yaxınlaşmasına əsas
yaradır. Bu o deməkdir ki, biz assosiasiya sazişi
imzalamağa hazırlaşan həmin ölkələrdən
Avropaya daha yaxınıq. Bu sözləri sübut etmək
üçün Azərbaycan-Avropa iqtisadi əlaqələrinə
diqqət yetirmək kifayətdir. “Şərq tərəfdaşlığı”
ölkələri içərisində Avropa ilə ən
yüksək iqtisadi əlaqələr Azərbaycana məxsusdur.
Vilnüs sammitində Ukraynanın o vaxtkı rəhbərliyi
assosiasiya sazişi imzalamaqdan imtina etdi və bununla da ölkədə
böyük problemlər yarandı. Həmin sammitdə
Ukraynanın bu addımı xeyli tənqidə məruz
qaldı. Amma sammitdə bu sazişi imzalamadığı təqdirdə
Azərbaycanı alqışlayırdılar, dəstəkləyirdilər.
Çünki sammitdə Azərbaycanın Avropa ilə iqtisadi
əlaqələrinə dair məruzə dinlənildi və məlum
oldu ki, Azərbaycan adını çəkdiyim üç
ölkənin birlikdə əlaqələrindən daha
çox Avropa ilə iqtisadi əlaqələrə malikdir.
Bununla da, görünürdü ki, kim daha çox Avropaya
üz tutub.
Amma bizə təsir
edən odur ki, bu məsələni dərindən öyrənməyən,
başa düşməyən insanlar birləşib assosiasiya
sazişini oxumadan, dərk etmədən, Azərbaycanın
geosiyasi rolunu anlamadan ölkəmizi tənqid edirlər.
Bütün bunlara qarşı da biz öz müasibətimizi
bildiririk.
- Avropa İttifaqının rəsmiləri Azərbaycanın enerji siyasətini və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirirlər. Amma bununla yanaşı ölkəmiz insan hüquqları və demokratiyanin vəziyyəti ilə əlaqədar haqsız tənqidlərə də məruz qalır. Bu ziddiyyəti hansı amillərlə izah edərdiniz?
- Əlbəttə
ki, haqlısınız. Azərbaycanın enerji siyasəti, bu
siyasətin əhəmiyyəti və bu yöndə həyata
keçirilən layihələrin önəmi Avropada qərar
sahibləri, düşünən beyinlər tərəfindən
çox yüksək qarşılanır. Avropa
Komissiyasının sədri cənab Barrozunun ölkəmizə
son səfəri də buna sübutdur. Kimsə həmin layihələrin
vacibliyinə, əhəmiyyətinə şübhə ilə
yanaşa bilməz. Bunu dost da, düşmən də başa
düşür ki, bu layihələr nəinki region,
bütövlükdə Avropa üçün yüksək dəyərə
malikdir.
Amma Azərbaycanın
siyasətinin inkişaf, sülh, dostluq məqsədlərinə
xidmət etdiyini yaxşı anlayanların fonunda bəziləri
bu siyasəti qəbul etmək istəmir. Çünki bu siyasət
Azərbaycanı qərar vermək sahibinə çevirir,
müstəqil düşünmək ixtiyarını verir,
öz mövqeyini ortaya qoymasına imkan yaradır. Təbii ki,
bu amillər bəzi qüvvələri narahat edir. Xüsusilə,
bu məsələdə erməni lobbisi daha çox
narahatdır. Region ölkələri içərisində
yüksək tribunalardan öz sözünü deyən
ölkə hansıdır? Əlbəttə ki, Azərbaycan.
Bu yerdə hörmətli Prezidentimizin «Bizim sözümüz
imzamız qədər möhkəmdir» fikrini xatırlatmaq
yerinə düşər. Həqiqətən, belədir. Bu
ona dəlalət edir ki, Azərbaycan öz sözünün
sahibidir, öz düşüncəsini həyata keçirir.
- Səməd müəllim, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın inkişafı bu təşkilatın yaxın gələcəkdə Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli və prinsipial mövqedən çıxış etməsinə səbəb ola bilərmi? Təəssüf ki, ölkəmizə səfəri zamanı cənab Barrozunun bəyanatında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair yenə də ümumi fikirləri eşitdik...
- Bəli, biz prosesi müşahidə
edirik. Amma cənab Barrozu bu münaqişə ilə
bağlı bir neçə dəfə fikirlərini bildirdi.
O, ADA Universitetində olarkən, tələbələrin
Avropa İttifaqının Dağlıq Qarabağ
münaqişəsinin həllində prinsipiallıq etməməsi
ilə bağlı suallarına cavab verdi. Avropa
Komissiyasının sədri bu reallığı etiraf etdi və
bəzi işarələr etdi. O dedi ki, bu münaqişəni
Avropa yaratmayıb. Və ikinci işarəni də qeyd edərək
Ermənistanın arxasında başqa qüvvələrin
olduğunu bildiklərini vurğuladı. Yəni bu işarələri
açıq şəkildə demək də, o qədər
asan deyil.
Təəssüf ki, dünyada, o cümlədən,
Avropada uzun müddətdir ki, Azərbaycana qarşı
düşünülmüş bir siyasət aparılıb.
Stolumun üstündə 2013-cü ildə Fransada nəşr
olunmuş beynəlxalq münasibətlərə dair kitab var.
Kitabda Cənubi Qaqfazın xəritəsi verilib və Azərbaycan
torpaqları xəritədə düzgün göstərilməyib.
Fikirləşmək olardı ki, məlumat
azlığından belə yanlışlıq ola bilər.
Amma reallıqda belə deyil. İndiyədək Azərbaycanla
bağlı xüsusi qurumlar işləyirlər, heç də
işlərini dayandırmırlar. Onlar müasir
dünyanın metodlarından istifadə edirlər.
Hansıdır bu metodlar? Birincisi, internet vasitəsilə
dezinformasiyaların yayılmasıdır. İkincisi, insan
haqları ilə məşğul olan təşkilatlardan
istifadə edərək Azərbaycanda bu sahədə vəziyyətin
guya pis olduğunu bildirirlər. Üçüncüsü, hər
bir beynəlxalq qurumun içərisində Azərbaycan haqda
elə bir məsələlər yayırlar ki, guya ölkəmiz
ermənilərin hüquqlarını hansısa formada pozur. Yəni
tamamilə yanlış olan məsələlərdir. Bu, məqsədyönlü
siyasətdir və onun yaradıcısı, kökü, maliyyələşməsini
təşkil edənlər də var. Biz bunların
hamısını bilirik. Ancaq Azərbaycanın inkişaf
etdiyi, gücləndiyi dövrdə bu qüvvələr
müqavimətini heç də azaltmırlar, əksinə
çoxaldırlar. Doğrudur, əksər hallarda onlar məqsədlərinə
nail ola bilmirlər. Amma arxayınlaşmaq olmaz. Çünki
proses davam edir.
Əslində, bir tərəfdən bütün bunlara
normal yanaşmaq lazımdır. Azərbaycanın gücü
çoxaldıqca, təsiri artdıqca, Avropada rolu genişləndikcə,
həmin qüvvələr ölkəmizə qarşı
heç də sakitləşməyəcəklər, əksinə
işlərini daha da gücləndirəcəklər. Bu, o
günə kimi davam edəcək ki, Azərbaycanın rolu, əhəmiyyəti
və təsiri artıq Avropanın özünə
güclü təsir göstərməyə başlayacaq. Bu
prosesi indi hiss etməyə başlayırıq. ATƏT-in
Minsk qrupu neçə illərdir fəaliyyət göstərir.
Biz deyirik ki, onlardan bəyanatlardan başqa heç nə
eşitmirik. Ukrayna hadisələri baş verdikdən sonra
Avropa hiss etdi ki, separatçılığın təhlükəsi
var. Bu təhlükə təkcə Ukrayna üçün
deyil, o cümlədən Avropanın özü
üçün təhlükədir. Amma Dağlıq
Qarabağda separatçılıq Gürcüstandan və
Ukraynadan da əvvəl başlayıb. Bu ərəfədə
ABŞ-ın həmsədri dərhal bəyanat verdi ki, Minsk
qrupunda Dağlıq Qarabağ məsələsinin həllini
mütləq aktivləşdirməliyik. Eyni zamanda, avropalı
məmurlar, o cümlədən AŞPA-nın sədri Ann
Brasör ölkəmizdə keçirilən tədbir çərçivəsində
Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini
birmənalı şəkildə bəyan etdi.
Beləliklə, Azərbaycanın apardığı
siyasətə qarşı nə qədər müqavimət
olsa da, bu siyasət Avropanın da maraqlarına uyğundur. Bu mənada
Avropada qərar qəbul etmək səlahiyyətində olan
şəxslərin Azərbaycanın mövqeyi ilə
üst-üstə düşən fikirlər səsləndirməsi
təsadüfi deyil. Doğrudur, bu proses hələ yüksək
səviyyədə deyil, hələ yeni başlayıb. Bu
siyasəti məntiqi sonuna qədər apara bilsək, Avropa,
dünya ictimaiyyəti Azərbaycanın haqq sözünü
eşidəcək. Çünki bizim sözümüz beynəlxalq
qanunlara söykənən haqq sözüdür. Buna baxmayaraq,
bu sözü eşitmək bəzilərinə sərf etmir.
Çünki dünyanın özü də çətin
durumdadır.
-
İşğalçı Ermənistan Avropa İttifaqı ilə
Avrasiya İttifaqı arasında manevrlər edir. Sizcə,
Avropa İttifaqının Ermənistanın bu
davranışına münasibəti adekvatdırmı?
- Hesab edirəm ki, Ermənistanın siyasətini
təhlil etmək o qədər düzgün deyil.
Çünki hansısa müstəqil dövlətin
yürütdüyü siyasətlə bağlı fikir
yürütmək doğru olardı. Ermənistanın
apardığı işlər ona gətirib
çıxarıb ki, bütün beynəlxalq təşkilatlarda
gözəl bilirlər ki, Ermənistan müstəqil dövlət
deyil, ümumiyyətlə dövlət deyil. Yəni öz
müqəddaratını müəyyən edə bilməyən
bir «dövlət»lə hansı münasibətlərdən
söhbət gedə bilər? Ermənistanda Avropa
İttifaqından, yaxud Gömrük İttifaqına
qoşlumaqdan nə qədər istəyirlər danışsınlar,
amma onların fikirlərinə əhəmiyyət verən
beynəlxalq təşkilat yoxdur. Bu yaxınlarda Rusiyanın
radiokanalarının birində bir verilişi dinləyirdim.
Orada müxtəlif ölkələrin siyasətindən fikirlər
gedirdi. Söhbət əsnasında Ermənistanın
Gömrük İttfaqına qoşulmasından və s. məsələlərdən
də danışanlar oldu. Bu zaman verilişin
aparıcısı dedi ki, danışanda diqqətli olmaq
lazımdır, Ermənistan müstəqil deyil, ona görə
də, başqa ölkələrin siyasətindən
danışmaq lazımdır. Təsəvvür edin, Ermənistan
hakimiyyəti öz ölkəsini elə vəziyyətə
salıb ki, onun haqda radionun bir verilişində belə
danışmaga lüzum görmürlər. Hətta Ermənistanın
özündə də rusiyapərəst qüvvələrin
özləri də hansı vəziyyətə
düşdüklərini etiraf edirlər.
Ermənistan heç bir ölkə ilə normal
münasibət qura bilmir. Belə ölkənin gələcəyi
ola bilməz. Təsəvvür edin, onun 4 sərhəd
qonşusu var və bu qonşulardan üçünə
qarşı ərazi iddiaları ilə çıxış
edir. Belə ölkə regionda öz gələcəyinə
ümidlə baxa bilərmi? Əlbəttə, yox. Bu ərazinin
aqibəti böyük sual altındadır. Ona görə də,
hesab edirəm ki, Ermənistan öz yolunu seçə bilməyəcək.
Çünki seçim etmək üçün güc
olmalıdır, dövlət kimi mövqeyi və cürəti
olmalıdır. Ermənilərdə bunların heç biri
yoxdur. Ermənistan yalnız terror, yalan və şantaj ixrac
edir və bundan istifadə edərək pul qazanır. Belə
yaşamaq isə mümkün deyil.
- Səməd
müəllim, bildiyimiz kimi Azərbaycan Avropa Şurasına sədrliyə
başlayıb. Yaxın vaxtlarda AŞPA-nın yay sessiyası
keçiriləcək. Sessiyanın Azərbaycan
üçün əhəmiyyəti nədən ibarət
olacaq?
- Avropa Şurasına sədrlik rotasiya prinsipi əsasında
həyata keçirilsə də, belə bir təşkilata sədrlik
etmək şərəfli məsələdir. Bildiyiniz kimi
hazırda Azərbaycan 6 ay müddətində təşkilata
sədrlik edəcək. AŞPA-nın iki sessiyası- yay və
payız sessiyaları Azərbaycanın sədrliyi
dövründə olacaq. Qarşıdan gələn yay
sessiyasında Azərbaycan Prezidenti və xarici işlər
naziri iştirak edəcək. Sessiyanın birinci günü
xarici işlər naziri Elmar Məmmədyarov Avropa
Şurası Nazirlər Komitəsinin sədri kimi
çıxış edəcək. Sessiyanın ikinci
günündə isə Prezident İlham Əliyevin
çıxış edəcəyi gözlənilir.
Ümumilikdə, təşkilatın yay sessiyasında bir
sıra məsələlər də müzakirə olunacaq.
Əminik ki, bizim sədrliyimiz dövründə həm
Avropa dəyərlərini, həm də Azərbaycanın
maraqlarını yüksək səviyyədə təmsil edəcəyik.
6 ay ərzində Avropaya Azərbaycanla bağlı məlumatları
daha geniş şəkildə çatdıracayıq və bu
yöndə müxtəlif tədbirlər keçiriləcək.
Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü
məsələsi gündəmdə olacaq. Bilirsiniz ki,
fransalı deputat, AŞPA-nın büro üzvü Azərbaycanın
işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi
üçün Bakıya gəlməsinə icazə verilmədi.
Bu, tamamilə düzgün qərar idi. Amma AŞPA təəssüflə
Azərbaycanda iki il ərzində təşkilatın tədbirlərinin
keçirilməməsi qərarını verməyə məcbur
oldu. Amma bu qərarı verən kimi dərhal həmin qərarını
öz komitəsinə göndərdi ki, bu qərar 1949-cu ildə
qəbul olunmuş qanuna əsaslanır. 1949-cu ildə qəbul
olunmuş qanun isə heç cür normal işləyə
bilmir. Ona görə də, həmin qərara yenidən
baxılması nəzərdə tutulur. Yəni özləri
özlərini pis vəziyyətə saldılar. Buna baxmayraq,
bu qərar bizim ikitərəfli münasibətlərimizə
təsir göstərməyəcək. Əksinə, bu məsələ
Dağlıq Qarabağ problemini bundan sonra daha fəal şəkildə
gündəmə gətirməyə imkan yaradır. Təşkilatda
bu yöndə xüsusi müzakirələrin təşkil
olunmasına əsas yaranıb. Əminəm ki, belə də
olacaq. Təşkilata sədrliyimiz dövründə məsələ
diqqət mərkəzində olacaq.
İki sahil.- 2014.- 20 iyun.- S.7.