Türk dünyasının rəssamları

Şəkidə bir araya gəlmişlər

 

TÜRKSOY-un, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə XVII “TÜRKSOY - rəssamlar görüşü” layihəsi çərçivəsində tədbirlər başlanmışdır.

İyulun 5-dək davam edəcək tədbirlərdə Azərbaycandan və türk dünyasının digər ölkələrindən 17 rəssam iştirak edir. Ölkəmiz bu tədbirdə Şəkidən 3 rəssam ilə təmsil olunur.

AzərTAc xəbər verir ki, iyunun 19-da “Yuxarı Karvansaraymehmanxana kompleksində layihədə iştirak edən rəssamların şəhər rəhbərliyi ilə görüşü olmuşdur.

Qonaqlara qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, 2700 ildən çox yaşı olan Şəki şəhəri Azərbaycan tarixini, mədəni irsini qoruyub saxlayan nadir bir yerdir. Burada ölkəmizin nadir memarlıq incisi olan Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaralar, həmçinin Kiş kəndində eramızın I əsrinə aid qədim alban məbədi yerləşir. Zəngin tarixi-mədəni irsin qorunub saxlanması nəticəsində Şəki həm də Azərbaycanın mühüm turizm mərkəzinə keçirilmişdir.

Qeyd olunmuşdur ki, bu il iyulun 1-dən 5-dək Şəkidə “İpək Yolu” V Beynəlxalq musiqi festivalı keçiriləcəkdir. Festivalda dünyanın 12 ölkəsindən musiqi, rəqs və folklor kollektivlərinin iştirakı gözlənilir. Festival çərçivəsində bugünkü tədbirdə iştirak edən türk dünyası rəssamlarının əsərlərinin sərgisinin açılması da nəzərdə tutulur.

Nümayəndə heyətinin rəhbəri, TÜRKSOY-un təmsilçisi Sancar Mülazimoğlu tarixi İpək Yolunun üzərində yerləşən qədim Şəki şəhəri ilə tanışlıqlarından məmnun qaldıqlarını söyləmiş, səmimi qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Diqqətə çatdırmışdır ki, tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan Respublikası, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya və digər ölkələri təmsil edən rəssamlar iştirak edirlər.

Onlar iyulun əvvəlinədək Şəkidə qalacaq, bu şəhərin təbiətinin gözəlliklərini, tarixi abidələrini tablolarında əks etdirəcəklər. Bu tabloların bir qismi “İpək Yolu” V Şəki Beynəlxalq Musiqi festivalında nümayiş etdirildikdən sonra şəhər icra hakimiyyətinə hədiyyə olunacaq, digər qismi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcəkdir.

Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.

 

İki sahil.- 2014.- 20 iyun.- S.16.