Abşeron rayonu

inkişafın yeni mərhələsində

 

Bu gün Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu xarici və daxili siyasət kursu bu inkişafı təmin edən əsas amillərdən biridir. Daxili siyasətdən söz düşmüşkən xüsusi olaraq vurğulamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafi ilə bağlı qəbul olunan və uğurla icra edilən dövlət proqramları öz müsbət təsirini göstərir. Bölgələrdə yeni iş yerləri açılır, infrastruktur layihələri həyata keçirilir, insanların rifah halı daha da yaxşılaşdırılır. Qeyd etdiyimiz inkişaf özünü statistik rəqəmlərdə də açıq şəkildə büruzə verir.

 

2014-cü ilin birinci rübünün göstəricilərinə nəzər yetirdikdə bunu bir daha müşahidə etmək mümkündür. Belə ki, cari ilin yanvar-mart aylarında ölkədə ümumi daxili məhsul 2.5 faiz, kənd təsərrüfatında artım 3 faiz, qeyri neft-sektorunda isə 8.8 faiz təşkil edib. Hesabat dövründə ölkəmizin valyuta ehtiyatları 53 milyard dollara çatıb ki, əhalinin sayı nəzərə alınmaqla bu göstərici üzrə ölkəmiz dünyada qabaqcıl ölkələr sırasındadır.

Qeyd edək ki, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq. 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Prezident İlham Əliyev sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması ilə bağlı tapşırıqlarını verib. Dövlət başçısı paytaxtın və eləcədə regionların gözəlləşdirilməsi, şəhər nəqliyyatının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib.

Bu gün respublikanın bütün şəhər və rayonları kimi, Abşeron rayonu da inkişafın yeni mərhələsini yaşayır. Rayonda yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə Hökməli, Fatmayı, Görədil, Novxanı, Masazır və digər yaşayış məntəqələrində daxili və kəndarası yollara 36142 kubmetr qırmadaş tökülərək yayılıb, 25512 kv.metr sahə asfaltlanıb, eləcədə Masazır-Saray-Novxanı yolunun yenidən qurulması işinə başlanılıb.

Yaşıllıqların qorunub saxlanılması və artırılması bütövlükdə yaşayış məntəqələrinin ekologiyasının saflaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Ötən rüb ərzində rayonun yaşayış məntəqələrində 11800 ağac, 11100 gül və dekorativ kol əkilib.

Əhalinin təbii qaz təminatını yaxşılaşdırmaq məqsədilə Qobu, Aşağı Güzdək və Masazır yaşayış məntəqələrində 9749 metr uzunluqda yeni qaz xəttləri çəkilib, 1650 qaz sayğacı quraşdırılıb.

Əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilib. Bu dövr ərzində 1135 metr uzunluqda korroziyaya uğramış su xətti dəyişdirilib, “Azərsu” ASC-nin sifarişi ilə podratçı təşkilatlar tərəfindən 1345 metr uzunluqda kanalizasiya xəttləri çəkilib və şəbəkədə baş vermiş qəzalarla əlaqədar təmir işləri görülüb.

2014-cü ilin ilk rübündə rayonun təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin fəaliyyətində müəyyən müsbət dəyişikliklər baş verib. Bu dövrdə Xırdalan şəhərindəki mədəniyyət və istirahət parkında Heydər Əliyev Mərkəzinin, musiqi və şahmat məktəblərinin tikintisi, eləcədə parkın yenidən qurulması işi davam etdirilib, şəhərdə 6 qrupluq uşaq bağçası istismara verilib. Abşeron Gənclər Şəhərciyində 600 şagird-yerlik tam orta məktəbin, şəhər 1 nömrəli tam orta məktəbin həyətində 840 şagird-yerlik, şəhər 4 nömrəli tam orta məktəbin həyətində isə 400 şagird-yerlik əlavə korpuslar, 120 yerlik uşaq bağçası-körpələr evləri tikilir. Mehdiabad qəsəbəsində 400 şagird-yerlik tam orta məktəbin, Aşağı Güzdək qəsəbəsində 11 əlavə sinif otağının tikintisinə, Fatmayı kənd tam orta məktəbinin isə əsaslı təmirinə başlanılıb. Bununla yanaşı, rayonun daxili imkanları hesabına Məmmədli kəndində iki mərtəbəli 6 qrupluq uşaq bağçasının tikintisi tamamlanmaq üzrədir. Masazır kəndində iki mərtəbəli 8 qrupluq, Görədil kəndində isə birmərtəbəli dörd qrupluq uşaq bağçası-körpələr evlərinin tikintisi aparılır.

Səhiyyə xidmətinin yaxşılaşdırılması da xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən bütün bölgələrdə olduğu kimi, Abşeron rayonunda da 17 fevral 2014-cü il tarixdən vətəndaşların profilaktik tibbi müayinəsinə başlanılıb. 31 mart 2014-cü il tarixə 149 idarə və təşkilat əməkdaşları, 141777 nəfər rayon sakini tibbi müayinədən keçib, 1989 nəfər xəstəyə ambulator müalicə təyin edilib, 939 nəfər stasionar müayinə və müalicəyə götürülüb. Respublika Prezidentinin 17 aprel 2012-ci il tarixli Sərəncamına əsasən Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlanılıb, hazırda iş davam etdirilir.

Rayonun mədəni-maarif müəssisələrinin fəaliyyəti də xeyli canlanıb, əlamətdar günlərdə, bayramlarda özfəaliyyət kollektivlərinin əhali qarşısında rəngarəng çıxışları təşkil olunub. Xüsusilə məktəblilərin qış tətili günlərində Yeni İl şənliklərinin, Gənclər və Beynəlxalq Qadınlar günlərinin, Novruz bayramının yaddaqalan tədbirlərlə qeyd olunması, “20 Yanvar”, “Xocalı” soyqırımı, 31 Mart “Azərbaycanlıların soyqırımı” hüzn günlərinə həsr olunmuş ədəbi-bədii kompazisiyalar və digər tədbirlər bu qəbildəndir.

Rayonun qəsəbə və kəndlərində əhalinin başlıca məşğuliyyəti olan heyvandarlıq məhsulları istehsalının həcmi 2014-cü ilin birinci rübündə xeyli artıb. Qaramalın sayı 298 baş artırılaraq 19387 başa, davarın sayı 903 baş artırılaraq 105484 başa, quşların sayı 82852 ədəd artırılaraq 685094 başa çatdırılıb. Cari ilin birinci rübündə 6880 ton süd istehsal olunub ki, bu da əvvəlki ilin üç ayı ilə müqayisədə 30 ton artıq deməkdir. Yumurta istehsalı isə 91 faiz artırılaraq 16 milyon 396 min ədədə çatdırılıb. Cari ilin birinci rübü ərzində təsərrüfatlarda 286 ton müxtəlif növ tərəvəz toplanıb, 50,4 hektar sahədə tərəvəz əkini aparılıb, 7 hektar sahədə kartof əkilib, 11 hektar sahədə çoxillik yonca toxumu səpilib. 2014-2018-ci illərin Dövlət Proqramında rayon üzrə heyvandarlıq, zeytunçuluq, zəfərançılığın, üzümçülük və istixana şəraitində tərəvəzçilik sahələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, eləcədə rayonda yerləşən kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulub.

2014-cü ilin birinci rübündə əsas kapitala yönəldilmiş investisiya 138 milyon 530 min manat təşkil edir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz artım deməkdir. Yanvar- mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 810 min ton yük daşınıb və yükdaşımanın həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxalıb. Həmin dövrdə 5 milyon 275 min nəfər sərnişin daşınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artıq deməkdir. Sərnişin və yükdaşımalardan əldə olunan gəlir ötən ilin müvafiq dövrünə nisbətən 38,5 faiz artaraq 2 milyon 985 min manata çatıb.

Abşeron Telekommunikasiya Qovşağı tərəfindən 2014-cü ilin birinci rübü ərzində həyata keçirilmiş tədbirlər nəticəsində istifadədə olan əsas telefon aparatlarının sayı 957 ədəd artırılıb. Həmçinin əhaliyə rayonun pərakəndə ticarət və iaşə şəbəkələrindən 61 milyon 655 min manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5 faiz çox istehlak malı satılıb və xidmətlər göstərilib. Birinci rüb ərzində rayon əhalisinə 14 milyon 667 min manatlıq, keçən illə müqayisədə 9 faiz çox pullu xidmət göstərilib. Qeyri-dövlət mülkiyyətində olan xidmət müəssisələrinin fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənib. Rayon iqtisadiyyatının bütün sahələrini əhatə etməklə, işləyənlərin orta sayı 23315 nəfər olub. Onlardan 11448 nəfəri dövlət, 11867 nəfəri isə qeyri-dövlət sektorunda işləyənlərdir. Hər bir işçiyə düşən orta aylıq əmək haqqı 348,5 manat təşkil edib ki, bu da ötən ilin orta göstəricisindən 23,6 manat və ya 7,3 faiz artıqdır.

İşləyənlərin sayı rüb ərzində 2959 nəfər artıb. Hesabat rübü ərzində işə düzəlmək üçün 243 nəfər rayon məşğulluq mərkəzinə müraciət edib, onlardan 139 nəfəri işlə təmin olunub. 79 nəfərə işsizlik müavinəti, 19 nəfərə isə işsizlik statusu verilmiş və onlara müavinət təyin edilib. İlin birinci rübü ərzində 924 yeni iş yeri açılıb.

2014-cü ilin birinci rübündə Abşeronlu gənclər rayonda və respublikada keçirilən yaradıcılıq olimpiadalarında, müsabiqələrdə, idman yarışlarında fəal iştirak ediblər. Belə ki, idmançı gənclər beynəlxalq və respublika yarışlarında 12 qızıl, 10 gümüş və 27 bürünc medal qazanıblar.

Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar sosial yardıma ehtiyacı olan vətəndaşların müəyyənləşdirilməsi, ünvanlı sosial yardımların tətbiqi işi üzrə 2014-cü ilin 3 ayı ərzində əhalinin aztəminatlı təbəqəsi ilə gördüyü işləri davam etdirib. Ötən müddət ərzində ünvanlı sosial yardım təyin edilmiş 501 ailənin 2091 üzvünə 64659 manat yardım verilib. Rayon üzrə hər ailəyə orta hesabla 129,05 manat sosial yardım təyin edilib, adambaşına düşən məbləğ 30,92 manat olub.

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısı yanındakı büdcədənkənar inkişaf və bərpa fondundan şəhid ailələrinə, əlil və imkansızlara 24 min manat yardım göstərilib. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində cari ilin birinci rübü ərzində 257 nəfər vətəndaşa pensiya təyinatı aparılıb, pensiyaçıların sayı 18495 nəfərə çatıb. Şöbə pensiyaların vaxtında çatdırılmasını təmin edib. “Dövlət büdcəsi haqqında” Qanunda nəzərdə tutulmuş müddəaların təmin edilməsi istiqamətində müəyyən iş görülüb, cari ilin birinci rübündə büdcənin yerli gəlirlər proqnozu 6 milyon 869 min 520 manata qarşı, 8 milyon 391 min 563 manat və ya 122,1 faiz icra edilib. Şəhər, qəsəbə və kəndlərdə aparılan abadlıq və quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr cari ilin ötən üç ayı ərzində də fəal iştirak ediblər.

Rayonun hüquq mühafizə orqanları kriminogen vəziyyətin sağlamlaşdırılması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində fəaliyyətlərini artırıblar. Rüb ərzində qeydiyyata alınmış 160 cinayət hadisəsinin 80,5 faizinin üstünün açılması təmin edilib. Rayon ərazisində məskunlaşmış məcburi köçkünlər də diqqət mərkəzində saxlanılıb. Xocalı faciəsi və Kəlbəcərin işğalı ilə əlaqədar həmin rayonlardan olan şəhid ailələri ilə RİH-də görüşlər keçirilib və onlara maddi yardımlar göstərilib.

2014-cü ilin birinci rübü ərzində RİH-ə 1070 ərizə, təklif və şikayət daxil olub. Bunların 328-i Prezident Adminstrasiyasından, 12-i Milli Məclisindən, 40-ı Nazirlər Kabinetindən, 690-ı isə bilavasitə vətəndaşlar tərəfindən daxil olub. Həmin müraciətləri doğuran səbəblər RİH-də ətraflı təhlil olunub, müvafiq tədbirlər görülüb, vətəndaşlara vaxtında və konkret cavablar verilib. Yerli icra strukturlarında da vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb. Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən rüb ərzində keçirilən qəbullarda 162 nəfər vətəndaşın müraciəti dinlənilib, haqlı tələblərin təmin olunması üçün lazımi tədbirlər görülüb.

Ötən dövrdə rayonun sosial-iqtisadi göstəriciləri, keçirilən tədbirlər barədə məlumatların Regionların İqtisadi Analitik İnformasiya Sisteminə ötürülməsi təmin edilib. Təbii ki, görüləcək işlər bununla yekunlaşmır. Qarşıda daha mühüm quruculuq vəzifələri durur. Bu vəzifələrin, qarşıya qoyulan dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi istiqamətində isə rayon rəhbərliyi səylə çalışır.

 

Nail Rəhimzadə,

Vüsal Cahanov (foto)

 

İki sahil.- 2014.- 24 iyun.- S.12-13.