Azərbaycan-Rusiya: qonşuluq
siyasətindən strateji tərəfdaşlığa
doğru
Əli
Həsənov: “Bu gün Azərbaycan-Rusiya münasibətləri
yüksəliş mərhələsindədir. Biz
ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə
sıx əməkdaşlıq edirik”
Rusiya
ilə Azərbaycanı qədim tarixi köklər
bağlayır, xalqlarımız iki əsrə yaxın
müddətdə bir dövlətin tərkibində
yaşayıb. Mədəniyyətimiz, təhsilimiz,
iqtisadiyyatımız o qədər
qaynayıb-qarışıb ki, bu gün bu köklərin
möhkəmlənməsi, əlaqələrin inkişaf etməsi
artıq milli maraqlar səviyyəsində olan strateji məsələdir.
Rusiyada yaşayan iki milyona qədər azərbaycanlının,
eyni zamanda Azərbaycanda yaşayan rusların da maraqları bu əlaqələrin
möhkəmlənməsini tələb edir.
Ümummilli liderimiz
Heydər Əliyev də Azərbaycan xalqının
maraqlarının diqtəsi ilə hərəkət edirdi,
onun müdrik siyasəti Rusiya-Azərbaycan münasibətlərinin
möhkəmlənməsinə xidmət edirdi. Məhz,
1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın
tələbi ilə hakimiyyətə
qayıdışından sonra ölkə daxilində siyasi
böhranı aradan qaldırdı, mahir bir diplomat kimi xarici
siyasət sahəsində münasibətləri
balanslaşdırdı. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsilə əlaqədar
atəşkəs elan olundu. Dünyanın
transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi”
imzalandı. İqtisadiyyatı bərpa etmək və ordu
quruculuğu ilə məşğul olmaq üçün vaxt
və imkan yarandı. Xarici siyasətdə isə yaxın
qonşularla, birinci növbədə Rusiya ilə münasibətlərin
yenidən qurulması və qarşılıqlı faydalı
əməkdaşlıq əsasında daha da inkişaf
etdirilməsi ilə əlamətdar oldu.
Rusiya ilə Azərbaycan arasında hər
hansı məsələdə problem yoxdur
Rusiyada
Azərbaycana, ümumiyyətlə postsovet məkanına mənsub
qonşulara konstruktiv münasibət 2000-ci ildə hakimiyyət
dəyişikliyindən və hakimiyyətə müasir
düşüncəli yeni qüvvələr gəldikdən
sonra başladı. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin ulu
öndər Heydər
Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər
etdi. Səfər çərçivəsində
20-dən çox sənəd imzalanmaqla yanaşı, Xəzərin
dibinin milli sektorlara bölünməsi, su səthinin ticarət
və qarşılıqlı əməkdaşlıq
baxımından ümumi istifadədə qalması ilə əlaqədar
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında “Birgə Bəyannamə” imzalandı. Bu, Xəzərin hüquqi statusu problemində hər iki
dövlətin mövqe yaxınlığını rəsmi
şəkildə əks etdirən, prinsip etibarilə Azərbaycanın
ilk gündən dəstəklədiyi milli sektorlara
bölünmə ideyasının gerçəkləşməsinin
əsasını qoyan rəsmi sənəd idi.
Ulu
öndər Heydər Əliyevin 2002-ci ildə Rusiyaya rəsmi
səfəri isə Qəbələ RLS-in 10 illik icarəyə
verilməsi ilə əlaqədar iki dövlət arasında
sazişin imzalanması ilə yadda qaldı. Bu sazişin əhəmiyyəti
o qədər böyük idi ki, həmin dövrdə aparıcı Rusiya mətbuatı
yazırdı: “Rusiya ilə Azərbaycan arasında problem
qalmadı”.
Heydər Əliyev
siyasətinin davam etdirilməsi isə Azərbaycan Prezidenti
İlham Əliyevin prinsiplərindən biri idi. Təsadüfi
deyildi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət
başçısı kimi ilk səfərlərindən birini
2004-cü ilin fevralında Rusiyaya etmişdi və Rusiya
Prezidenti Vladimir Putin bu məqamı çox yüksək qiymətləndirmişdi:
“Mən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər
oğlu Əliyevi Moskvada salamlamağıma ürəkdən
şadam. Bu, onun yeni vəzifədə - Prezident vəzifəsində
xaricə ilk səfərlərindən biridir. Biz bunu Rusiya-Azərbaycan
münasibətlərinə diqqət əlaməti kimi qiymətləndiririk”.
Azərbaycan-Rusiya münasibətləri
yüksəliş mərhələsindədir
Məhz, Prezident
İlham Əliyevin sayəsində Azərbaycanla Rusiya
münasibətlərinin daha da genişlənməsi sonda iki
ölkə arasında bütün problemlərin aradan
qaldırılmasına səbəb oldu. Artıq
müəyyən zamanlarda Azərbaycan-Rusiya münasibətlərinə
xələl gətirməyə cəhd edən qüvvələrin
istifadə etdiyi Qəbələ RLS məsələsi tamamilə
aradan qaldırıldı. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun
AzərTAc və “Novosti-Azerbaydjan” agentliklərinə
müsahibəsində bildirdiyi kimi, bu gün Azərbaycan-Rusiya
münasibətləri yüksəliş mərhələsindədir.
Əli Həsənov bildirib ki, Azərbaycan dövlət
müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın
qorunub saxlanması və möhkəmlənməsi
ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən
biri olub: “Şübhəsiz, bu işdə ümummilli lider
Heydər Əliyevin xidmətləri çox
böyükdür. Məhz Ulu Öndər siyasi
hakimiyyətə qayıdandan sonra 1990-cı illərin əvvəlində
aralarında müəyyən soyuqluq müşahidə edilən
Azərbaycan-Rusiya münasibətlərini
normallaşdırmağa nail oldu. İki ölkənin
qarşılıqlı münasibətləri tarixində yeni
səhifə isə cənab Vladimir Putin Rusiyanın Prezidenti
seçiləndən sonra açılmışdır. Fərəhli
haldır ki, müasir mərhələdə dövlətlərimizin
başçıları - cənab İlham Əliyev və cənab
Vladimir Putin bu əlaqələri strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldə bilmişlər.
Qeyd etmək yerinə
düşər ki, Rusiya Prezidentinin keçən il Azərbaycana
işgüzar səfəri bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlığın
daha da genişlənməsinə güclü təkan
vermişdir. Bu səfər çərçivəsində
ikitərəfli əlaqələrin perspektivləri müzakirə
edilmiş, əsas beynəlxalq və regional məsələlərə
dair fikir mübadiləsi aparılmışdır.
Görüşün yekunlarına əsasən iqtisadiyyat,
energetika və humanitar sahələr üzrə altı
saziş imzalanmışdır. Azərbaycan Prezidenti İlham
Əliyev Vladimir Putinin respublikamıza səfəri barədə
danışarkən qeyd etmişdir ki, bu səfər
münasibətlərimizin strateji və dostluq xarakterini, bizim
dost və tərəfdaş olduğumuzu bir daha təsdiqləmişdir.
Zənnimcə, burada şərhə ehtiyac yoxdur.
Mübaliğəsiz
demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri
yüksəliş mərhələsindədir. Biz
ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə
sıx əməkdaşlıq edirik. Rusiya
Federasiyasının subyektləri ilə Azərbaycanın
regionlararası əlaqələri səmərəli və
dinamik inkişaf edir”.
Rusiya Azərbaycanın əsas
ticari-iqtisadi tərəfdaşlarındandır
Qeyd edək ki, Rusiya həm
də Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından
biridir. Müstəqillik illərində ölkələrimiz
arasında ticari-iqtisadi məsələlərə dair 40-dan
çox müqavilə imzalanıb. 2013-cü ildə Azərbaycan
ilə Rusiya arasında əmtəə dövriyyəsi əvvəlki
dövrlə müqayisədə 10 faiz artıb. 2013-cü ildə
Rusiya Azərbaycanın ticarət tərəfdaşları
arasında üçüncü yeri tutub. Azərbaycan ərazisində
Rusiya kapitalı ilə 570 müəssisə fəaliyyət
göstərir. Bu il iyunun əvvəlində Azərbaycan
Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi ilə
Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi
arasında qarşılıqlı anlaşma haqqında
Memorandum da imzalanıb. Nəzərə alsaq ki,
müştərək investisiya fondu yaradılması
haqqında razılaşma var, o zaman, əminliklə demək
olar ki, bu sənəd ölkələrimiz arasında
uzunmüddətli iqtisadi əlaqələrin daha da
inkişafına və dərinləşməsinə kömək
edəcək.
İctimai-siyasi və humanitar
əlaqələr daha da möhkəmlənir
Azərbaycan Prezidenti
İlham Əliyev dəfələrlə vurğulayıb ki,
ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan
arasında münasibətlər nümunə ola bilər. Məhz, 2010-cu ildə Azərbaycan Prezidenti İlham
Əliyevin və Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedevin
təşəbbüsü ilə Bakıda humanitar əməkdaşlıq
üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilib, sonradan
bu forum beynəlxalq status alıb. Əlamətdar haldır ki,
Bakı Beynəlxalq Humanitar Forumu hər il keçirilir, onun işində
dünyanın elmi-mədəni və siyasi elitasının
görkəmli nümayəndələri, nüfuzlu beynəlxalq
təşkilatların rəhbərləri və KİV əməkdaşları
iştirak edirlər. Bu görüşlərdə müasir
dövrün aktual problemləri müzakirə olunur. Elə
2013-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun məzunlarının I Ümumdünya Forumu məhz
Bakıda keçirilib, foruma dünyanın 30 ölkəsindən
400-dən çox qonaq gəlmişdi. Həmin tədbir
Rusiyanın bu nüfuzlu ali məktəbinin məzunu olan Azərbaycan
Prezidenti İlham Əliyevin dəstəyi ilə təşkil
edilmişdi.
Bununla yanaşı,
Azərbaycanda Rusiya ili çərçivəsində
keçirilən I Beynəlxalq Rus Kitabı Festivalı da
Bakıda təşkil edilib. Postsovet məkanında
ilk Rus Kitabı Evi məhz, Bakıda açılıb, burada
bakılılar və şəhərimizin qonaqları
Rusiyanın aparıcı nəşriyyatlarının
geniş çeşiddə kitab məhsulları ilə
tanış olmaq üçün gözəl imkana malikdirlər.
2007-ci ildə Azərbaycan paytaxtı Birinci Beynəlxalq
Mstislav Rostropoviç Festivalına uğurla ev sahibliyi
edib, görkəmli musiqiçiləri və məşhur
kollektivləri bir səhnəyə toplayıb.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənovun
sözlərilə desək, bu cür mühüm tədbirlərin
ilk dəfə məhz Bakıda keçirilməsi heç də
təsadüfi deyil: “Axı bizim respublikamız polietnik və
polikonfessional ölkə olmaqla, multikulturalizm sahəsində
çox böyük təcrübəsi və zəngin mədəni-mənəvi
irsi ilə həmişə başqa xalqlara və dinlərə,
bütün dünyanın müxtəlif mədəniyyətlərinə
münasibətdə tolerantlıq nümayiş etdirmişdir.
Buna görə də tamamilə qanunauyğun haldır ki, Cənubi
Qafqazda etnik rusların ən çoxu Azərbaycanda
yaşayır. Onlar öz identikliyini və mədəniyyətini,
özünəməxsus dil və dini xüsusiyyətlərini
qoruyub saxlamışlar. Yeri gəlmişkən, mühüm
bir məqamı qeyd etmək istərdim: Azərbaycanda rus kəndlərinin
adları dəyişdirilməmişdir. Məsələn,
İsmayıllı rayonunda məşhur İvanovka kəndi, Gədəbəy
rayonunda Slavyanka, Masallı rayonunda Kalinovka, Quba rayonunda
Alekseyevka, Vladimirovka və bir sıra başqa kəndlər
vardır. Bu faktlar, şübhəsiz ki, yerli rus əhalinin
tarixi yaddaşına hörmətlə
yanaşıldığına dəlalət edir”.
Azərbaycanda
rus dili
qorunur və
inkişaf etdirilir
Əlbəttə ki, Azərbaycan ilə
Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin
mühüm amillərindən biri respublikada rus dilinin qorunub
saxlanması və inkişafıdır. Əlamətdar haldır ki, böyük Puşkinin
dili bu günə qədər Azərbaycanda öz mövqeyini
itirməyib, milli təhsil sistemindən
sıxışdırılıb çıxarılmayıb.
Tədrisin rus dilində aparıldığı
təhsil müəssisələrinin və bu məktəblərdə
təhsil alanların sayı buna əyani sübutdur. Belə ki, 327 orta təhsil müəssisəsində
tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə
isə yalnız rus dilində aparılır. Ölkəmizin 27 universitetində tədris prosesi iki
dildə aparılır. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin
sayı 100 min nəfərdən çoxdur. Qeyd etmək yerinə
düşər ki, son illərdə həm orta, həm də ali məktəblərdə rus bölməsinə
qəbulun artması müşahidə olunur.
Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən
biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı
açılıb, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi
fəaliyyət göstərir, Səməd Vurğun adına
Rus Dram Teatrı çox populyardır. Rusiyanın
bir sıra informasiya agentliklərinin Azərbaycanda müxbir məntəqələri
var. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr
edilir, külli miqdarda Rusiya dövri nəşrləri
yayılır. Eyni zamanda, “Bakinski
raboçi” qəzetinə əlavə kimi Rusiya mətbuatının
“Vesti iz Rossii” daycesti buraxılır.
Rus Pravoslav Kilsəsi rus icmasının mədəni
və mənəvi irsinin, adət və ənənələrinin
qorunub saxlanılmasında mühüm rol oynayır. Respublikada bu kilsəyə dərin hörmətlə
yanaşırlar. Keçən il
Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsinin
ərazisində Azərbaycan hökumətinin köməyi ilə
tikilmiş Pravoslav Dini-Mədəni Mərkəzinin
açılması buna əyani sübutdur.
Azərbaycanla
RF-nin subyektləri
arasında əlaqələr də inkişaf edir
Qeyd edək ki, Rusiya ayrı-ayrı
regionlardan ibarət çox böyük ölkədir. Federasiyanın hər bir subyektinin böyük
sosial-iqtisadi potensialı var və o, xarici ölkələrlə,
o cümlədən Azərbaycan ilə də birbaşa əlaqələr
yaradılmasına ehtiyac duyur. Azərbaycan
da bu reallıqlardan çıxış edərək Rusiyanın
müxtəlif regionları ilə birbaşa əlaqələrin
qurulmasına böyük əhəmiyyət veri. Məhz, bunun nəticəsidir ki, son illərdə bu
sahədə çox ciddi dəyişikliklər baş verib.
Belə ki, regionların rəhbərlərinin
ölkəmizə qarşılıqlı səfərləri
çoxalıb, ikitərəfli münasibətlər kifayət
qədər səmərəli inkişaf edir, mədəni
mübadilə və s. fəallaşıb. Azərbaycan
Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan
respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan,
Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və
başqa regionlarla sıx əməkdaşlıq edir.
Əlamətdar haldır ki, iki ölkənin
regionlararası əməkdaşlığı sürətlə
inkişaf edir və coğrafiyası genişlənir. Hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycan
ilə xarici iqtisadi əlaqələrə cəlb edilib, 30 subyektlə
hökumətlərarası sazişlər imzalanıb.
Heydər
Əliyev Fondu iki ölkə arasındakı
münasibətlərin inkişafına əlavə töhfələr
verir
Həmçinin, Azərbaycan Rusiya
Federasiyasının müxtəlif subyektlərində
ayrı-ayrı layihələr reallaşdırır. Buna misal olaraq, Heydər Əliyev Fondunun fəaliyyətini
göstərə bilərik. Məhz, Heydər
Əliyev Fondu tərəfindən Rusiyanın müxtəlif
regionlarında bir sıra layihələr uğurla həyata
keçirilib. Belə ki, Həştərxanda 11 nömrəli
orta məktəbin yenidən qurulması işləri
aparılıb, Heydər Əliyevə abidə
ucaldılıb, onun adını daşıyan park
açılıb, “Meçta” uşaq əyləncə şəhərciyi
yaradılıb, Azərbaycan-Rusiya dostluğunun rəmzi olan
piyada körpüsü istifadəyə verilib, eyni zamanda,
müqəddəs mələksima Knyaz Vladimirə abidə
ucaldılıb. Hazırda Heydər Əliyev adına
məktəbin yaxınlığında uşaq
bağçası inşa edilir. Əlbəttə
ki, həştərxanlılar da bakılılara öz hədiyyələrini
veriblər - Həştərxan vilayətinin qubernatoru Aleksandr
Jilkinin Azərbaycana səfəri zamanı “Bakı-Həştərxan”
parkının açılışı olub.
Keçən il Heydər Əliyev
Fondunun təşəbbüsü ilə qəhrəman şəhər
Volqoqradda daha bir layihə həyata keçirilmiş -
“Volqoqrad-Bakı” dostluq parkı salınıb, bu park qısa
müddətdə şəhər sakinlərinin sevimli istirahət
yerlərindən birinə çevrilib. Parkda ümummilli lider
Heydər Əliyevin barelyefi, habelə xatirə abidələri
qoyulub, bu abidələrin üzərində Stalinqrad
döyüşünün qəhrəmanlarının, o
cümlədən Azərbaycanın görkəmli
oğulları - iki dəfə Sovet İttifaqı Qəhrəmanı,
general-mayor Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı
mayor Xıdır Mustafayevin adları əbədiləşdirilib.
Bununla yanaşı, Azərbaycan Ulyanovsk
şəhərindəki Nəriman Nərimanov meydanını
yenidən qurmağı planlaşdırır. Ulyanovsk sakinləri isə “Milli kənd” layihəsi
çərçivəsində Azərbaycan həyəti
qurmağa hazırlaşırlar. Yeri gəlmişkən,
Rusiyanın bu şəhərində də Heydər Əliyevə
abidə qoyulub. Tezliklə Ulyanovsk məktəblərindən
birinə Azərbaycanın Ümummilli Liderinin adı veriləcək.
Xüsusi olaraq, qeyd etmək
lazımdır ki, yuxarıda adları çəkilən layihələrdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
çox böyük rol oynayıb. O, Rusiyanın Azərbaycan
diasporunun nümayəndələrini cəlb etməklə
xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin
möhkəmlənməsi üzrə böyük iş
aparır, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan-Rusiya
münasibətlərinə həmişə çox
böyük əhəmiyyət verən Heydər Əliyevin
işini layiqincə davam etdirir.
Bir sözlə, bu gün Azərbaycanla
Rusiya arasında münasibətlər bütün sahələr
üzrə uğurla inkişaf edir. Hər
iki ölkənin rəsmilərinin verdiyi bəyanatlardan da
anlaşılır ki, qarşıdakı illər
üçün çox maraqlı ideyalar və layihələr
mövcuddur. Bu mənada, Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun sözlərilə
desək, Azərbaycan və Rusiya müxtəlif sahələrdə
imkanlarından və potensialından istifadə etməklə
regional səviyyədə əməkdaşlığı
bundan sonra da fəal inkişaf etdirəcək.
Rəşad
Bağırov
İki
sahil.- 2014.- 25
iyun.- S.4-5.