Altay Həsənov: Azərbaycanın
gimnastika
yığmasının əsas uğurları hələ
irəlidədir
Trend Azərbaycan
Gimnastika Federasiyasının vitse-prezidenti Altay
Həsənovun
"International Gymnast" jurnalına müsahibəsini təqdim
edir
- Zəhmət olmasa, Azərbaycanda gimnastikanın tarixi barədə danışardınız. Əlbəttə ki, hamı dahi Valeri Belenkini tanıyır. Bəs SSRİ yığmasında çıxış etmiş digər azərbaycanlı gimnastlar olubmu?
- MDB
yığmasının tərkibində idman gimnastikası
üzrə Olimpiya çempionu olmuş Valeri Belenkini
xatırlamağınız xoşdur. V.Belenki 1992-ci ildə
Barselonada şəxsi birincilikdə bürünc medal qazanıb.
Bu Olimpiya Oyunları Azərbaycan idmanı tarixində
xüsusi yer tutur. Olimpiada başlayanda SSRİ
artıq mövcud deyildi, lakin keçmiş SSRİ
respublikalarında milli olimpiya təşkilati
strukturlarının formalaşdırılması prosesi həmin
vaxtadək hələ başa çatmamışdı. Buna
görə də yeni müstəqil dövlətlər
Barselona Olimpiadasına öz milli yığmalarını
göndərə bilmirdilər. MDB ölkələrindən
olan idmançılar MDB birləşmiş yığma
komandasının tərkibində çıxış etdilər.
Məhz Barselonada müstəqil Azərbaycanın
idman tarixinin ilk səhifələri yazılırdı.
V.Belenkinin adı, şərti desək, Azərbaycan
idmanının Sovet dövrünü və müstəqillik
qazandıqdan sonrakı inkişafını bir-birinə
bağlayan canlı əlaqədir. Ölkəmizdə
idmanın bir çox növləri Azərbaycan
SSRİ-nin tərkibində olduğu zaman inkişaf etməyə
başlamışdı. Bu, gimnastikaya - idman, bədii və
akrobatik gimnastikaya tam şəkildə aiddir. Yada salaq: gimnastik
tapşırıqlar hələ qədim Yunanıstanda Olimpiya
Oyunlarında iştirak etmək üçün atletlərin
hazırlığının tərkib hissəsi idi, lakin
müasir dövrdə idman gimnastikasının inkişafı
XIX əsrin sonlarına təsadüf edir.
Ölkəmizdə
hazırda daha geniş inkişafa nail olmuş bədii
gimnastika başlanğıcını XX əsrin 40-cı illərindən
götürüb. Əvvəllər batut və tamblinqi
özündə birləşdirən gimnastikanın qeyri-olimpiya
növü olan akrobatikanın yaranma tarixi 1920-30-cu illərə
gedib çıxır. Azərbaycan
həmin dövrdə Rusiya İmperiyasının, sonra isə
SSRİ-nin bir hissəsi idi və bizim gimnastika məktəbimiz
dünyada ən yaxşılardan biri olan Sovet məktəbinin
bir hissəsi kimi inkişaf edib. Artıq 1961-ci ildə Azərbaycan
idmançıları SSRİ yığmasının tərkibində
bədii gimnastika üzrə beynəlxalq yarışlarda
iştirak edirdilər. 1960-1990-cı illərdə
akrobatlarımız ümumittifaq və beynəlxalq
yarışlarda nəzərəçarpacaq nəticələrə
nail olublar. Bütün bunlara baxmayaraq, Azərbaycanın
özündə gimnastika, bədii və idman gimnastikası,
demək olar, inkişaf etmirdi. Yaxşı məşqçilər,
hazırlaşmaq üçün idman obyektləri, regionlarda
idman seksiyalarının inkişaf etmiş şəbəkəsi
yox idi. Bütün bunlara sıfırdan başlamaq və
inkişaf etdirmək məcburiyyətində qaldıq.
Hazırda Azərbaycanda gimnastika müasir və inkişaf
etmiş infrastrukturu olan ən sevimli idman növlərindən
biridir. Azərbaycanın gimnastika məktəbinin nailiyyətləri
dünya idman ictimaiyyəti tərəfindən tanınıb
və bütün bunlar ölkəmizin birinci xanımı
Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi
sayəsində mümkün oldu.
- Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu sahəyə gəlişi necə oldu?
- Mehriban
xanım Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika
Federasiyasının prezidenti seçilməsi ilə ölkəmizdə
həqiqətən də bu idman növünün yeni
inkişaf mərhələsi başladı. O zaman bizim
qarşımızda çox çətin tapşırıq
dururdu. Gimnastikanın
inkişafı üçün çox şey tələb olunurdu.
Məşqçilər, xoreoqraflar, həkimlər, menecerlər,
ən nəhayət, idman obyektləri və məşq
bazaları lazım idi. Bütün bunlar böyük təşkilati
işlər, kreativ düşüncə tələb edirdi.
Ən əsası isə incə zövqə və gözəllik
duyğusuna malik olmaq lazım idi. Axı gimnastika, xüsusilə
də bədii gimnastika təkcə idman texnikası demək
deyil, həm də musiqi və xoreoqrafiya, idmanın
baxımlı, gözəl və əsl estetik
növüdür. Məhz Mehriban xanım Əliyevanın sayəsində
gimnastika ölkəmizdə böyük inkişaf və
populyarlıq qazandı. Artıq 2003-cü ildə Bakıda bədii
gimnastika üzrə ilk Dünya Kuboku keçirildi. Bakı
2005-ci ildə gimnastika üzrə dünya çempionatına
ev sahibliyi etdi. 2007-2009-cu illərdə isə ölkəmizdə
iki dəfə Avropa çempionatı keçirildi. 2014-cü
ildə Azərbaycanda yeni Milli Gimnastika Arenasında yenidən
gimnastika üzrə qitə birinciliyi təşkil ediləcək.
İdmançılarımız
da böyük uğurlar qazanırlar. Azərbaycan gimnastı
Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli
lisenziyanı qazandı. Aliyə Qarayeva isə 2007-ci ildə bədii
gimnastika üzrə Avropa çempionu tituluna sahib
çıxdı, dünya çempionatında isə
qızlarımız komanda hesabında üçüncü
oldular. Gimnastlarımız növbəti illərdə ölkəni
Olimpiya Oyunlarında layiqincə təmsil ediblər, dünya və
Avropa çempionatlarında, komanda hesabında və fərdi
yarışlarda mükafatçılar sırasına daxil
olublar.
Lakin Azərbaycanda
yerli bədii gimnastika məktəbinin yaradılmasını əsas
uğur hesab edirik. Bizim gənc və istedadlı
qızlarımız artıq neçə ildir ki, Bakıda
milli komandamızın baş məşqçisi,
bolqarıstanlı mütəxəssis Mariana Vasilevanın rəhbərliyi
altında məşq edirlər. Hazırda gənc məşqçilərin
yeni nəsli yetişir. Bu nəsil yaxın keçmişdə
Azərbaycanı beynəlxalq idman yarışlarında təmsil
edən keçmiş gimnastlardır. Hazırda onlar işlərinin
öhdəsindən layiqincə gəlirlər. Təkcə
son 5 ildə yuniorlarımız Avropa çempionatlarında həmişə
mükafatçılar sırasına daxil olublar. Bu, Azərbaycanda
idman uğurlarının varislik sisteminin yaradılmasına
parlaq sübutdur. Bu isə gələcək uğurların əsas
açarıdır.
Azərbaycanda
gimnastikanın digər növləri də inkişaf edir. Belə
ki, Şakir Şıxəliyev London Olimpiya Oyunlarında idman
gimnastikası üzrə yarışlarda ölkəmizi təmsil
edib. Doğrudur, o, V.Belenkinin nailiyyətlərini təkrar edə
bilmədi, lakin necə deyərlər, ən uzun yol ilk
addımdan başlayır və bizim gimnastika məktəbimiz
artıq bu addımı atıb. Müasir gimnastikanın
tarixinə akrobatlarımız Ayla Əhmədova və Dilarə
Sultanovanın da adları yazılıb. Qadınlardan ibarət
bu cütlüyümüz 2009-cu ildə akrobatik gimnastika
üzrə Avropa çempionatında qızıl medal
qazanıb. Fəaliyyətini populyar "Günəş
sirki"ndə (Cirque du Soleil) də qadınlardan ibarət
üçlükdə davam etdirən A.Əhmədova
2013-cü ildə Beynəlxalq Gimnastika Federasiyasının
(BGF) Atletlər Komissiyasında akrobatların nümayəndəsi
seçilib. Ölkəmiz BGF-in İntizam Komissiyası və
Şurasında təmsil olunub, Azərbaycan Gimnastika Federasiyasının
baş katibi isə bu yaxınlarda Avropa Gimnastika
İttifaqının vitse-prezidenti seçilib. İdman
dünyasında tanınmaq böyük şeydir. Mehriban
Əliyevanın rəhbərlik etdiyi federasiyamızın nəticələri
hazırda bunlardan ibarətdir.
- Məlumdur ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət ayrılır. Bu istiqamətdə böyük işlər görülür və bu, artıq nəzərəçarpacaq nəticələrə gətirib çıxarır. Bu gün Azərbaycan idmançıları bir çox nüfuzlu beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Gimnastikanın inkişafı da prioritet istiqamətlərdən biridir. Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sözlərinə görə, "şəhər və rayonlarda gimnastikanın inkişafı çox önəmli vəzifədir, lakin etiraf olunmalıdır ki, bu, uzunmüddətli strategiyadır. Yaxın dövr üçün məqsədlər Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarıdır". Azərbaycan bu məqsədlərə çatmaq üçün digər ölkələrdən perspektivli idmançılar dəvət edəcəkmi?
- Azərbaycan
Prezidenti cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə
başçılıq edir. O, mütəmadi olaraq
idmançılarla və federasiya rəhbərləri ilə
görüşür, onların problemləri ilə
maraqlanır. Ölkəmizdə idmanın inkişafına
böyük diqqət ayrılır. Bakıda və
Azərbaycanın digər bölgələrində ən
yüksək dünya standartlarına cavab verən yeni idman
kompleksləri tikilir. Ölkəmizdə idman strukturunun
inkişafı elə templə gedir ki, artıq 2015-ci ildə
Azərbaycan ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək.
2011-ci ildə ölkəmizdə həvəskar boks
üzrə dünya çempionatı, FIFA U-17 qadınlar
arasında futbol üzrə dünya çempionatı
keçirilib.
Ən əsası
odur ki, biz cəmiyyətin idmana münasibətini dəyişməyi
bacardıq. Hazırda Azərbaycanda idmançı olmaq
sözün əsl mənasında nüfuzludur. Bu, hər şeydən əvvəl bədii
gimnastikada nəzərə çarpır. Əgər Azərbaycan
məşqçiləri və idmançıları
yaxın keçmişdə xaricdə iş axtarmağa
üstünlük verirdilərsə, hazırda digər
ölkələrin atletləri və məşqçiləri
Azərbaycana işləməyə gəlirlər. Biz
sizinlə XXI əsrdə, qloballaşma dövründə
yaşayırıq və öz ölkənin idman
komandasına "legioner" adlandırılanların cəlb
edilməsi artıq çoxdandır adi hal alıb. Məsələn, hazırda futbol üzrə Rusiya
millisinin baş məşqçisinin Fabio Kapello olması
heç kəsi təəccübləndirmir. 2010-cu ildə
fiqurlu konkisürmə üzrə Avropa çempionatında
Yaponiyada anadan olmuş Yoko Kavaquti və Aleksandr Smirnov
cütlüyü Rusiya üçün qızıl medal
qazanmışdı. Adlı-sanlı legionerlərin cəlb
edilməsi nüfuzlu yarışlarda əhəmiyyətli
uğurlar qazanmağa, yəni bayrağı yüksəltməyə
imkan verməklə yanaşı, hər şeydən əvvəl
idman texnologiyalarının, fərdi və komanda təcrübələrinin
mübadiləsi imkanıdır. Gənc idmançılar eyni
zalda ustadlarla bir yerdə məşq edərək,
sözün həqiqi və məcazi mənasında onlardan
çox şey öyrənirlər, onların təcrübəsini
əxz edirlər.
Federasiyamız xarici
mütəxəssisləri cəlb etməklə
yanaşı, digər istiqamətlər üzrə də
böyük iş aparıb və aparır. Yeni idman obyektləri
tikilir, regionlarda gimnastika seksiyaları açılır,
seminarlar, təlimlər, toplanışlar və s. keçirilir...
Və artıq hazırda digər ölkələrin
gimnastları toplanış üçün Azərbaycana gəlirlər.
- Siz, əsasən, Azərbaycan vətəndaşı olmuş rusiyalı idmançılarla bədii gimnastikada xeyli uğurlar qazanmısınız. Hazırda Azərbaycanın dünya arenasında bədii gimnastika yarışlarında medallar qazanan güclü komandası var. Lakin deyəsən, komanda uzun müddətdir Rusiyada məşq edir. Misal üçün, Şıxəliyev Anatoli Yarmovski ilə işləyir, lakin Almaniyada. Pavlova, İnşina və Plujnikov Rusiyada məşq etməyə davam edəcəklərmi? Onlar Bakıya tez-tez gələcəklərmi?
- Azərbaycan
gimnastika məktəbi hələ Sovet illərində Rusiya məktəbinin
bir hissəsi kimi inkişaf edirdi. Ölkəmizin müstəqilliyinin
bərpasından sonra rusiyalı mütəxəssislərlə
sıx əməkdaşlığı davam etdirdik. İlk illərdə
bizim əsas "ulduzlarımız" - Aliyə Qarayeva,
Dinara Gimatova və Anna Qurbanova həqiqətən də vaxtlarının çox hissəsini
Moskvada İrina Vinerin rəhbərliyi altında məşq
etməyə sərf edirdilər. Bu əməkdaşlıq hər
şeydən əvvəl bədii gimnastika sahəsində bu
gün də davam edir. Belə ki, biz bu yaxınlarda kişi
idman gimnastikası üzrə yığmaya rusiyalı
idmançı, 2011-ci ilin Avropa çempionu Konstantin Plujnikovu
cəlb etdik. Lakin ümumilikdə Azərbaycan gimnastika məktəbi
artıq inkişafının bütövlükdə və
tamamilə legionerlərdən asılı olduğu mərhələni
tamamilə arxada qoyub. Bədii gimnastika
yığmamızın böyük hissəsi yerli klubların
yetirmələridir.
Tamamilə gənc
"ulduzlar" yetişir. Onlar artıq beynəlxalq turnirlərdə
öz yaş qruplarında mükafatlar qazanırlar. Nəhayət,
gimnastika yığmamızın üzvləri artıq
çoxdandır Bakıda məşq edirlər və öz məktəblərimizin
yetirmələridirlər. Bəli, Marina Durunda Ukraynada,
Aleksandra Platonova isə Rusiyada gimnastika ilə məşğul
olmağa başlayıblar, lakin yarışlarda onlar nə
Rusiyanı, nə də Ukraynanı təmsil edirlər və
beynəlxalq səviyyəli idmançılar kimi artıq
Bakıda olurlar. Gimnast Siyana Vasileva anası Mariana
Vasilevanın bizim baş məşqçimiz təyin
olunduğu vaxtdan - artıq beş ildir ki, Bakıda məşq
edir. Və digər qızlar da - onları əvəz
edəcək klublarımızın yetirmələri olan
qızlar kimi və onları gələcəkdə əvəz
edəcək bütün qalan qızlar kimi. İdman gimnastikasında
da eyni mənzərədir - Şakir Şıxəliyev də
2012-ci il Olimpiya Oyunlarından sonra Bakıda məşq
edir. Bəli, İnşina, Pavlova və Nekrasova Rusiyada məşq
etməkdə davam edirlər. Amma birincisi,
bu gün bu, qayda olmaqdan daha çox istisnadır. İkincisi isə burada gimnastikanın idmanın
çox "şəxsi" növü olduğunu nəzərə
almaq lazımdır. Məşqçilərlə
idmançılar arasında psixoloji əlaqə burada
böyük əhəmiyyət kəsb edir. Və hesab
etmirəm ki, idmançılara öz potensiallarını
maksimum şəkildə açmağa imkan verən adət
etdikləri mühiti dağıdaraq qurulan əlaqələri
"kəsmək", "sındırmaq" məqsədəuyğun
olardı.
- Qərbin
bir çox ölkələri, xüsusən ABŞ, Kanada,
Braziliya, Böyük Britaniya, Avstraliya xaricdən (Rusiya,
Ukrayna, Çin, Rumıniya, Yaponiya, Bolqarıstan və s.)
mütəxəssisləri məşq prosesinə cəlb
etdikdən sonra olduqca yüksək nəticələr əldə
ediblər. Və təkcə məşqçilər qismində
deyil, həmçinin milli proqram tədrisinin yaradılması
yolu ilə bütün yerli məşqçilərin Olimpiya
səviyyəsinədək hazırlığı
üçün. Belə təcrübəni, yəni
uzunmüddətli perspektivdə uğurlar qazanmaq
üçün bir çox nailiyyətlər əldə
etmiş məşqçinin (məsələn, SSRİ-nin
keçmiş əməkdar idman ustası və ya əməkdar
məşqçisi) milli komandanın əlaqələndiricisi
qismində cəlb edilməsini nəzərdən
keçirmisinizmi?
- Həqiqətən, bu gün bizim federasiyamız
dünyanın həm bədii, həm idman, həm də
akrobatik gimnastika üzrə tanınmış məktəblərini
təmsil edən bir çox məşqçilərlə fəal
əməkdaşlıq edir. Qeyd olunduğu kimi,
Azərbaycan yığma komandasına bolqarıstanlı məşqçi
Mariana Vasileva rəhbərlik edir. İdman
gimnastikası üzrə yığmanın baş məşqçisi
Natalya Pavlovadır. Məşhur ukraynalı mütəxəssis,
əvvəllər Belçika, Qətər və Ukraynada
çalışmış Yevgeni Moskvin kişi
idman gimnastikası üzrə baş məşqçidir. Federasiyamız ildə bir neçə dəfə
gimnastikanın müxtəlif növləri üzrə yerli məşqçi
kursları keçirir. 2013-cü il aprel ayının əvvəlində
17 məşqçinin iştirakı ilə Beynəlxalq
Gimnastika Federasiyası Akademiyasının bədii gimnastika
üzrə 1-ci səviyyəli məşqçi kursları
keçirildi, artıq gələn ilin əvvəlində isə
bizdə 2-ci səviyyəli məşqçi kursları
keçiriləcək. Nəhayət, gələn il bədən tərbiyəsi üzrə
dünyanın qocaman təhsil müəssisəsi olan
Sankt-Peterburqdakı P.F.Lesqaft adına Bədən Tərbiyəsi,
İdman və Sağlamlıq Milli Dövlət Universitetinin
Gimnastika kafedrasının mütəxəssisləri məşqçilərimizə
gimnastikaya aid ən müxtəlif mövzularda bir neçə
seminar keçəcəklər.
-
Hazırda Azərbaycanın Beynəlxalq Gimnastika
Federasiyası Akademiyasında (FIG) idman gimnastikası üzrə
yalnız iki hakimi var və onlar kişi
gimnastları təmsil edirlər. Azərbaycanın beynəlxalq
yarışları idarə edə biləcək, FIG-də
imtahanlardan keçmək üçün təlim keçən
qadın hakimləri varmı?
- Azərbaycanda gimnastika üzrə
tanınmış hakimlərin olması gimnastika məktəbimizin
uğurlu inkişafına daha bir sübutdur. Həmyerlimiz
Rza Əliyev Beynəlxalq Gimnastika Federasiyasının dəvəti
ilə London Olimpiya Oyunlarında idmançıların
çıxışlarını qiymətləndirib. Bu, ciddi etibardır. Əlbəttə,
biz əldə olunan uğurlarla kifayətlənmək niyyətində
deyilik. Artıq yanvar ayında
federasiyamız Bakıda qadın idman gimnastikası və batut
üzrə beynəlxalq hakim kurslarını keçirməyi
planlaşdırır. Ümid edirəm ki,
bu kursların nəticəsi olaraq bizdə gimnastikanın bu
növü üzrə də hakimlər olacaq.
- SSRİ
dövründə 5-6 yaşlı uşaqların xüsusi idman
məktəblərinə seçimi təcrübəsi var
idi. Azərbaycanda bənzər proqram varmı və ya
seçim Qərb sistemi üzrə, yəni xeyli sayda
uşağın gimnastika ilə məşğul olduğu,
daha istedadlılarının isə növbəti mərhələyə
keçdiyi özəl klublarla aparılmağa
başlayıb? Azərbaycanda hazırda belə
klubların sayı nə qədərdir?
- İdmançıların
hazırlanmasının hər iki - həm "Qərb", həm
də "Sovet" sisteminin üstünlükləri, eləcə
də çatışmazlıqları var. Azərbaycanda
SSRİ-dən miras qalmış və müxtəlif müəssisələrin
nəzdində fəaliyyət göstərən, indiyədək
onlar tərəfindən maliyyələşdirilən idman
klubları var. Həmin köhnə klublar bu gün son bir
neçə ildə yaranmış özəl klublarla getdikcə
daha çox nəzərəçarpan rəqabət
aparır. Lakin onların hamısı köhnə sistemlə
çalışır və əlbəttə ki, bu gün onlarda
beynəlxalq təcrübə əsasında islahatların
aparılmasına ehtiyac var. Ölkəmizdə artıq bu
iş gedir. Eləcə də biz
uşaqların gimnastika növlərinə seçimi
prosesinin səmərəliliyini artırmaq niyyətindəyik.
5-6 yaşlı uşaqlar üçün
ümumi gimnastika qrupları yaratmağı, iki ildən sonra
isə onları bacarıqlarına uyğun gimnastika növləri
üzrə bölməyi planlaşdırırıq.
- Əksər keçmiş Sovet respublikalarının və
sosialist ölkələrinin (həmçinin Rumıniya və
Bolqarıstan kimi ölkələr) bir çox klubları daha
çox köhnə idman qurğuları ilə təchiz
olunub, çox vaxt onların kifayət qədər məşqçiləri
olmur. Azərbaycanda bu sahədə vəziyyət necədir?
- Həqiqətən də ilk illərdə idman
zallarının və lazımi avadanlıqların
çatışmazlığı federasiyamız
üçün ən böyük problemlərdən biri idi.
Lakin bu gün vəziyyət prinsipial olaraq
başqa cürdür. Federasiyamızın
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
Bakıda, eləcə də Azərbaycanın regionlarında ən
yüksək dünya standartlarına cavab verən çoxlu
idman zalları tikildi, təmir edildi və avadanlıqlarla təchiz
olundu. Məlum səbəblərdən
idmançıların lazımi ləvazimatlarla təchiz
olunması həlli birdəfəlik mümkün olmayan
tapşırıqdır. Burada daimi diqqət
tələb olunur. Lakin bu gün ölkəmizdə
ləvazimatların çatışmazlığı milli
idmanın inkişafına mane olmur və bu, sevindirici
haldır.
-
Bakıda bədii gimnastika üzrə bir çox
çempionat keçirilib və 2015-ci ildə burada Avropa
Oyunları keçiriləcək. Bakı idman
gimnastikası üzrə Dünya Kuboku, Avropa və ya
dünya çempionatları kimi beynəlxalq yarışlar
keçirmək üçün sifariş ərizəsini təqdim
etməyə hazırdırmı?
- Bizim ölkəmiz bir neçə dəfə
nüfuzlu beynəlxalq yarışları qəbul edib. Azərbaycan lazımi infrastruktura, iqtisadi potensiala
malikdir. Buna görə də dünya idman
federasiyaları əhəmiyyətli yarışları
keçirmək üçün daim Bakını seçirlər.
Bu, tamamilə gimnastikaya da aiddir. Qeyd edildiyi kimi, 2014-cü ildə biz bədii
gimnastika üzrə Avropa çempionatının, 2019-cu ildə
isə dünya çempionatının
iştirakçılarını və qonaqlarını
gözləyirik. Növbəti ilin əvvəlində -
2015-ci ilin fevralında keçirilməsi nəzərdə
tutulan kişi və qadın idman
gimnastikası üzrə Dünya Kubokunun təşkilinə
namizədliyimizi irəli sürməyi
planlaşdırırıq. Və ən başlıcası,
2015-ci il Avropa Oyunları çərçivəsində
gimnastika üzrə yarışlar keçiriləcək. Əminəm ki, qonaqpərvər Bakı daha bir
neçə dəfə dünyanın müxtəlif ölkələrindən
idmançıları və azarkeşləri qəbul edəcək.
-
Hazırda ən tanınmış azərbaycanlı gimnast
Moskvadan Emin Qəribovdur. Necə
düşünürsünüz, onun nə vaxtsa Azərbaycanın
heyətində çıxış etmək şansı
varmı?
- Əlbəttə, ölkəmizdə
Rusiya komandasının tərkibində Emin Qəribovun
uğurlarını diqqətlə izləyirlər. O, həm də
komandanın kapitanıdır. Onun qələbələri
bizi sevindirməyə bilməz. Biz səmimi
olaraq ona azarkeşlik edirik. Lakin Eminin
özündən, həm də Rusiya komandasından onun Azərbaycan
tərəfdən çıxış etməsini tələb
etməyə haqqımız yoxdur. Rusiyanın,
yaxud doğulduğu, böyüdüyü, idmançı
kimi formalaşdığı, ulu babalarının
yaşadığı Azərbaycanın tərəfində
çıxış etməklə bağlı qərarı
ilk növbədə Emin özü verməlidir. Yalnız
bundan sonra idman dünyasında "transfer" adlanan və
öz qayda və prosedurlarının olduğu mexanizm işə
düşə bilər. Amma bir daha təkrar
edirəm ki, Azərbaycanda biz hər şeydən əvvəl
həmyerlimiz hesab etdiyimiz Eminin uğurlarına ürəkdən
sevinirik.
- Təbii
ki, futbol və güləş Azərbaycanda çox
populyardır. Bəs idman gimnastikası ölkədə
nə dərəcədə populyardır?
- Bir dəfə idman gimnastikası
yarışlarından birində üzərində "Əgər
gimnastika asan olsaydı, onu futbol adlandırardılar"
sözləri yazılmış köynək satılırdı.
Bu, əlbəttə,
zarafatdır: əminəm ki, böyük idmanda prinsipcə
asan növ ola bilməz. Bəli,
ölkəmizdə də Avropa, Asiya, Afrika və Cənubi
Amerikanın bir çox yerlərində olduğu kimi futbolu
sevirlər. Bizdə güləşi də sevirlər. Ölkəmizdə
klassik güləş, sərbəst güləş, dərin
tarixi təmələ əsaslanan taekvondo, cüdo və ya
karate kimi müxtəlif Şərq təkbətək
döyüş növləri populyarlıq qazanıb.
Azərbaycanın
özünün milli güləşi mövcuddur. Onun
kökləri əsrlərin dərinliyinə gedib
çıxır, ənənələr isə nəsildən-nəslə
qorunaraq ötürülür. Və güləşçilərimiz
nüfuzlu beynəlxalq yarışlarda medallar qazananda, bu, həmin
idman növünün populyarlığına təsir etməyə
bilməz. Lakin xoşbəxtlikdən, idmanda, belə demək
mümkünsə, "yalnız birini sevmək" məcburi
deyil. İndi artıq təsdiq etmək olar ki, Azərbaycanda bədii
gimnastika həqiqətən də sevilən idman növü
oldu. Bəli, hələlik bizdə Korbut, Nemov və
ya Belenki kimi belə parlaq adlar yoxdur, amma Bakı, Gəncə,
Sumqayıt və başqa şəhərlərdə
idmançılarımızı yaxşı tanıyır,
onların çıxışlarını diqqətlə izləyir,
onların uğurlarına səmimi qəlbdən sevinirlər.
Əminəm ki, yığmamızın əsas
uğurları hələ irəlidədir. Bizdə potensial
var və biz hamımız ölkəmizin idman ictimaiyyətinin
dəstəyini hiss edirik.
İki
sahil.- 2014.- 6 mart.- S.9.