Azərbaycan Avropa Birliyi ilə

elektron viza rejiminin tətbiqinə hazırdır

 

Prezident İlham Əliyev 2013-cü il noyabrın 29-da Vilnüsdə imzalanmış Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişi təsdiq edib. Bununla da Azərbaycanla Avropa Birliyi arasında yeni siyasi-hüquqi-iqtisadi-humanitar bir tarixi mərhələnin başlanması üçün yeni əsaslar qoyulmuş oldu.

 

Tərəflər arasında möhkəm təməllərə əsaslanan əməkdaşlıq formatı yeni mərhələyə qədəm qoymaqla dinamiklik baxımından ən pik həddə yol acır. Xadırladaq ki, ötən ilin noyabrında Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanıb və bununla da bir strateji hüquqi sənədin readmissiyamobil tərəfdaşlıq haqda sazişin imzalanmasına baza yaratdı.

Azərbaycanla Avropa Birliyini birləşdirən, sıx təmaslar üzərində uzunmüddətli əməkdaşlığını dərinləşdirən oxşar cəhətlər var. Hər iki tərəf etibaretimada görə, səmimi əməkdaşlığa və qarşılıqlı münasibətlərin dinamikasına görə, dünyada örnək sayılır. Tərəflərin hər ikisi dünyada şəffaflıq və yüksək reputasiya statusunu qazanıb. Bu mənada AB ilə Azərbaycanın əməkdaşlığı 10 ildən artıq bir dövrdə yüksələn xətlə inkişaf edib, yeni sahələri əhatə edir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi inkişaf platforması və aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi, qətiyyətidir

Avropa Komissiyasının ticarət üzrə bölmə müdiri Luk Devin hesab edir ki, Azərbaycan 2014-cü ildən Avropa ölkələri ilə sadələşdirilmiş viza rejiminin tətbiqinə başlamaqla özünün Qərbə nə qədər yaxın olduğunu, Avropa ailəsinin tamhüquqlu üzvü kimi bu regiona inteqrasiyaya açıqlığını nümayiş etdirdi. Bildirildiyinə görə, AB ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın gələcək perspektivləri sırasında qarşılıqlı investisiyaların həcminin artırılması, iqtisadiyyatın bir çox sahələrində yeni layihələrin icrasına başlanılması, ticarət, investisiyalar və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, yeni viza rejimi bu istiqamətdə əlavə imkanlar açacaq. Aİ bu fikirdədir ki, Azərbaycan bölgədə potensial sərmayədar ölkə kimi çıxış edir. Bütün bunlarla yanaşı, Azərbaycanın əlverişli sərmayə mühitini təmin etməsi xarici dövlətlərin investorlarının ölkəmizə axınını da sürətləndirib. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. İnvestisiya sahəsində həyata keçirilən tədbirlər və bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsi Azərbaycanın maliyyə sabitliyinin möhkəmlənməsinə təkan verib, xarici investorların ölkəyə marağının artmasına zəmin yaradıb. Dünyanın ən inkişaf etmiş dövlətləri Azərbaycanda dəyəri milyard dollarla ölçülən iri layihələr həyata keçirir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 90 faizini təşkil edir.

Bütün bu faktorlar Aİ ilə Azərbaycan arasında yeni dövrün reallıqları əsasında əməkdaşlığın konseptual məzmununa baxışların müasirləşməsini ehtiva edir. Bu mənada viza rejimi ilə bağlı qətiyyətli qərar Azərbaycanın Qərb ölkələri ilə təmaslarına dərin güc verən stimula çevrilir.

Qeyd etdiyimiz kimi, readmissiyamobil tərəfdaşlıq haqda sazişin imzalanmasından sonra sadələşdirilmiş viza rejimi tətbiq olunacaq. Azərbaycan hazırda AB-nin irəli sürdüyü şərtlərin demək olar ki, hamısını reallaşdırıb və sadələşdirilmiş elektron vizanın tətbiqi üçün güclü infrastruktur mövcuddur. Qeyd edək ki, həmin tələblər əsasən, viza rejiminin sadələşdirilməsi üçün sərhədlərin təhlükəsizliyi və idarə olunmasının təkmilləşdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsindən ibarətdir. Sərhədlərin təhlükəsizliyinin icrası üçün ilk növbədə vacib olan şərtlərdən biri maşınla oxunan biometrik pasportların tətbiqinə başlanmasını nəzərdə tutur. Artıq Azərbaycan ötən ilin dekabrından biometrik pasportların verilməsinə başlayıb və bu proses hazırda bütün ölkə hüdudlarını əhatə edir. Eyni zamanda, biometrik identifikasiyanı tənzimləyən yeni qanunlar qəbul edilib, dövlətin miqrasiya proseslərinə nəzarəti gücləndirilib, sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya resursları formalaşdırılıb.

Bütün bu faktorlar əsas və həlledici hüquqi aktın - readmissiya sazişinin imzalanması və qüvvəyə minməsinə dərin əsas yaradır. Qeyd edək ki, readmissiya dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olanorada qeyri-qanuni olan şəxslərin (öz vətəndaşları, onun ərazisi vasitəsilə təyinat ölkəsinə daxil olan üçüncü ölkə vətəndaşları və ya onun ərazisində daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslər) geri qəbul edilməsidir.

Readmissiya sazişi - hər hansı bir dövlətin ərazisində qeyri-qanuni vəziyyətdə olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması prosedurlarını müəyyənləşdirən razılaşmanın imzalanmasıdır. Beləliklə, mövcud siyasihüquqi vəziyyət yaxın günlərdə Azərbaycan və AB-nin bu sazişi də imzalayacağını şərtləndirir.

Yeni rejimə uyğun olaraq Azərbaycanla AB arasında viza məsələləri Avropanın Viza Məcəlləsi əsasında tənzimlənəcək. Bu isə onlar üçün əlavə imkanlar deməkdir. Belə ki, vətəndaşların xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrin səfirlikləri əlavə sənədlər tələb etməyəcəklər. Azərbaycan vətəndaşlarının Avropa ölkələrində qalma müddəti də artırılacaq. Xüsusilə də tələbələr, AB-yə üzv dövlətlərin vətəndaşları ilə nikaha daxil olmuş şəxslərdən əlavə sənədlər (məsələn, bank, sığorta sənədləri) tələb olunmayacaq. Eyni zamanda, uzunmüddətli vizalarda Şengen ölkəsində qalmaq müddəti 90 gündən 180 günədək artırılır. Həmin vizaların müddətİ 3 ildən 5 ilədək uzadılacaq. Viza haqqı isə 60 avrodan 35 avroya endiriləcək. Müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün isə Şengen vizaları pulsuz təklif olunacaq.

Yeni anlaşma sazişi, həmçinin Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan da vacibdir. Razılaşma Azərbaycan ilə birlik arasında başlamalı olan Asossiativ Müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir. Nəhayət, bu anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının birliyə vizasız səfəri üçün zəmin yaradacaq. Eyni zamanda, mövsümi xarakterli işlər, bisnes, turizm və digər sahələrə maraq göstərən xarici ölkə vətəndaşlarının bu müddətdə Azərbaycana böyük həcmdə pul sərf etməsinə səbəb olacaq. Onların fəaliyyətini leqallaşdıran miqrasiyasosial müdafiə xidməti orqanları Azərbaycan büdcəsinə vergi və rüsumların ödənilməsini təmin edəcəklər.

 

Rəşad Bağırov

 

İki sahil.- 2014.- 12 mart.- S.19.