Bəşəriyyətin
bəlası - QİÇS
QİÇS-in bəşəriyyətin ən
qorxulu xəstəliyi olduğunu nəzərə alanda məsələnin
nə qədər ciddi olduğu məlum olur.
Sözügedən virusun yayılma
üsulları, orqanizmə uzun müddət məlum
olmaması QİÇS-ə yoluxmuş insanı ölümə
məhkum edir. QİÇS-in virus mənşəli olması
onu istənilən yaşda olan insan üçün, hətta
yenidoğulmuş körpə üçün də aktual
edir.
Bəs
QİÇS nədir?
31 saylı şəhər
poliklinikasının həkim-infeksionisti Dilarə Yusifova
“İki sahil” qəzetinə bildirdi ki, QİÇS -
İnsanın İmmunçatışmazlıq
Virusu(İİV) tərəfindən törədilən
infeksion xəstəlikdir. Belə ki, İİV digər
viruslardan fərqli olaraq, məhz immun kompitent hüceyrələrə
hücum edir. Digər hallarda orqanizmə daxil olan virusu
müdafiə hüceyrələri qabaqlayıb immun sistemi
işə salırsa, İİV onun”yaddaşını pozur”,
bununla da normal immun hüceyrələrin sayı getdikcə
azalır, immun çatışmazlıq yaranır.
D.Yusifovanın sözlərinə görə,
İİV-ə yoluxmadan sonra ilk illər ərzində
insanın immun sistemi virusa qarşı müqavimət göstərə
bilir. Yoluxma anından, spesifik kliniki əlamətlarin birüzə
verilməsinə qədər olan dövr bir neçə il
davam edə bilər. İİV-lə yaşayan bəzi
insanlarda, klinik əlamətlər hətta 20 və daha
çox il aşkar olunmur. Bu, orqanizmin ümumi vəziyyətindən,
müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat
tərzindən, zərərli vərdişlərin
olub-olmamasından asılıdır.
D.Yusifova qeyd etdi ki, QİÇS xəstəliyinə
yoluxma əsasən 3 yolla baş verə bilir. Cinsi yolla -
xüsusilə də, qeyri-təbii əlaqələrlə, virus olan qan
qalıqları ilə təmasda olan tibbi və digər alətlərdən istifadə
ilə, transplasentar yolla
(xəstəliyin xəstə anadan bətndaxili
dövrdə cift vasitəsilə dölə
keçməsi) sağlam insan
QİÇS-ə yoluxa bilər. Qeyd edək ki, xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçə bilər.
Əslində virusun insan
orqanizmindəki digər maye formalarında
da aşkar olunsa da, yoluxdura
bilmə qabiliyyəti daha çox
qan, sperma və ana südündə aşkar
olunub.
D.Yusifova bildirdi ki, virus əksər hallarda çəkinin izahı olunmayan
itirilməsi, boyunda və ya
qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və
ağrı verməsi, uzunmüddətli subfebril
(37) qızdırma əlamətləri ilə özünü
biruzə versə də, orqanizmdə “gizli”
şəkildə də qala bilir. Bu zaman virusa
yoluxmuş insan heç nə hiss etməsə
də, digərlərini yoluxdura bilir. Virusu vaxtında aşkar etmək üçün
sadalanan əlamətləri özündə
hiss edən şəxs qısa zamanda tibb müəssisələrinə
müraciət etməlidir.
Ümumiyyətlə,
adıçəkilən xəstəliyin adı əslində
İİVinfeksiyasıdır. QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir.
Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun
adına QİÇS deyildiyi üçün bu günə
qədər də xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir.
Belə güman edilir
ki, xəstəlik 20-ci əsrin 50-ci illərində
Mərkəzi Afrikada başlanmış və
yeni mutant virus yerli əhaliyə meymunlardan keçib. Afirkadan isə xəstəlik Haiti
adalarına, sonra isə Amerika
və Qərbi Avropaya yayılıb. Xəstəlik
ilk dəfə 1981-ci ildə ABŞ-da aşkar olunub.
Azərbaycanda
QİÇS infeksiyası ilk dəfə
1987 ci ildə aşkar
edilib. Hazırda bu infeksiyaya yoluxmuş şəxslər
Səhiyyə Nazirliyi tərəfindən
pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə mərkəzində
antiretrovirus preparatları ilə müalicəyə
cəlb olunur.
Ceyhun Piriyev
İki
sahil.- 2014.- 13 mart.- S.12.