Qaradağ gəncləri
narkomaniyaya yox deyir!
Azərbaycan
Respublikası XX əsrin sonlarında yenidən əldə etdiyi müstəqillik illərinin
başlanğıcında çox böyük çətinliklərlə
qarşılaşmış, vətəndaş müharibəsi
təhlükəsilə üzləşmiş, ölkədə
hərc-mərclik hökm sürməyə
başlamışdı. Cəmiyyət iqtisadi
və siyasi böhranlar astanasında, hakimiyyətsizlik
burulğanında boğulurdu. Bütün bunlar yenidən qazandığımız
müstəqilliyimizi itirmək təhlükəsi
yaradırdı. Azərbaycan xalqının təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı dövlətimizi məhv olmaq, dağılmaq məngənəsindən
xilas etdi və yeni inkişaf mərhələsinin
əsası qoyuldu.
Ölkədə
aparılan əsaslı demokratik islahatlar həyatımızın bütün sahələrində öz müsbət nəticələrini
göstərir. Bu illər ərzində respublikamızın beynəlxalq
aləmə inteqrasiyası və dünyada
gedən qloballaşma prosesləri fonunda xalqımızın milli-mənəvi dəyərlərinin
qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil dövlət
quruculuğu işində daha
çox diqqət yetirilən sahələrdən
biri olmuşdur. Bu baxımdan
cəmiyyətin inkişafına, insanların
sağlamlığına, mənəviyyatına,
xalqımızın genefonduna ağır
zərbə vuran narkomaniyanın gətirəcəyi
fəsadlar hər kəsi narahat etməyə
başlamış və onunla mübarizə
işi Azərbaycan dövlətinin ümummilli siyasətinin əsas tərkib
hissəsinə çevrilmişdir.
Azərbaycan
Respublikasının 1992-ci ildə BMT-nin “Narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə haqqında” 1988-ci il
Konvensiyasına, 1998-ci ildə isə “Narkotik
vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyasına və “Psixotrop
maddələr haqqında” 1971-ci il
Konvensiyasına qoşulması, eyni zamanda 18 iyun 1999-cu il tarixində “Narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların qanunsuz
dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununu qəbul etməsi
prinsipial əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyev öz nitqində “Biz
narkomaniyanı, narkotik maddələrdən
qanunsuz istifadə olunmasını,
onların ölkəmizdə yayılmasının, cəmiyyətimizin,
xalqımızın bu günü
və gələcəyi üçün
təhlükəli hal hesab
edirik. Ona görə
də bunlara qarşı mübarizə
aparmağı dövlət orqanlarının əsas vəzifələrindən
biri sayıram” deməklə bu məsələyə dövlətin xüsusi əhəmiyyət verdiyini
vurğulamışdır. Azərbaycan Respublikası Prezidentinin 26 avqust 1996-ci il 485 nömrəli Fərmanı ilə
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyası
yaradılmışdır. Həmin Fərman əsasında
“Azərbaycan Respublikasında 2000-ci ilədək” daha sonra isə “2000-2006-ci
ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop
maddələrin qeyri-qanuni dövriyyəsinə
qarşı mübarizə üzrə” qəbul edilmiş Ümummilli Proqramlar ölkəmizdə narkomanlığa
və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə işinin təşkilinə
xüsusi təkan vermişdir.
Müasir dünyamızın ən
ağrılı problemlərindən biri olan narkomaniyanın yayılması, xüsusilə
gənclərin buna aludəçiliyi bütün sivil ölkələrdə
olduğu kimi Azərbaycanda
da ciddi narahatlıq doğurur. Ona görə də heç təsadüfi
deyildir ki, ölkəmizdə
həyata keçirilən gənclər siyasətinin prioritet istiqamətlərindən biri - yeniyetmə və gənclər
arasında sağlam həyat tərzinin bərqarar
olması, idman və bədən tərbiyəsinin
geniş inkişafı, cinayətkarlığın,
xüsusilə onun narkomaniya
ilə bağlı növlərinin profilaktıkasıdır.
Məhz bu siyasət çərçivəsində
gənclərlə işin təşkilinin
qanunvericilik bazası yaradılmış
və təkmilləşdirilmiş, onların məşğulluğunun
təmini məqsədilə ölkəmizdə mövcud idman obyektləri
yenidən qurulmuş, təzələri tikilib istifadəyə verilmiş
və idmançılar üçün bütün şərait yaradılmışdır.
Bütün bunlara baxmayaraq narkomaniya ilə
mübarizə hər zaman aktual
olmuşdur. Bəs narkomaniya
nədir? Narkomaniya psixi
və fiziki asılılıq yaradan xəstəlikdir. Narkotik
vasitələrdən istifadə edən şəxslər
gücdən düşür, zəifləyir,
öz iradəsini, insani
hisslərini itirir, ailə üzvlərindən
və getdikcə cəmiyyətdən uzaqlaşır. Müasir dünyamız inkişaf
etdikcə narkotik vasitələrdən
istifadə edənlərin də yaşı cavanlaşır,
xüsusilə məktəb yaşlı uşaqlar
arasında geniş yayılır. Gənclərin
narkomaniyaya qurşanması onların təhsildən
kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının
aşılanmasına və ən əsası
sağlamlıqlarının zərbə altında
qalmasına səbəb olur. Bütün bunun fonunda demək olar ki, narkomaniyaya qarşı
mübarizə yalnız dövlətin işi
deyil eləcə də cəmiyyətimizin
və dövlətimizin təməlini formalaşdıran hər
bir ailənin - valideynin
işidir. Məktəb
yaşlı uşaqlara daim
valideyn nəzarəti olmalı, onların
asudə vaxtlarını səmərəli və faydalı
keçirmələri üçün onlara istiqamət verilməlidir. Çox acınacaqlı hal
odur ki, bu gün narkomaniya
qadınlar arasında da geniş
yayılmaqdadır. Bu isə öz növbəsində,
bugünün qadını sabahınsa
anası olacaq, prinsipilə baxsaq cəmiyyətimizə çox
ciddi və narahatlıq doğuran
bir işarədir. Çünki
sağlam cəmiyyətin və dövlətin
təməlini sağlam ailələr təşkil
edir.
Bu gün Qaradağ rayonunda da narkomaniyaya qarşı geniş, səmərəli və maarifləndirici
işlər görülməkdədir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun
2007-ci il tarixli 2271
saylı Sərəncamı ilə “Narkotik
vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi
və narkomanlığın yayılmasına qarşı
mübarizə üzrə” Dövlət Proqramı təsdiq olunmuşdur. Həmin
Proqramın icrası ilə bağlı Qaradağ
Rayon İcra Hakimiyyəti
başçısının sərəncamı ilə
“Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı
mübarizə üzrə rayon
komissiyası” yaradılmış və təsdiq olunmuş tədbirlər planı komissiya tərəfindən yerinə yetirilməkdədir.
Bu
günə kimi komissiya
tərəfindən Qaradağ rayonunun bütün qəsəbələrində
“İİV-İnsanın
immunçatışmamazlığının virusudur”,
“Azərbaycan gəncləri narkotik əleyhinə”,
“Narkomanlıq və onun fəsadları”,
“Zərərli vərdişlərdən qorun”
kimi mövzularda elmi-praktik konfranslar, dəyirmi
masalar təşkil edilmişdir. Hər il məktəblilər,
yeniyetmə və gənclər arasında “Biz
narkotiklərə yox deyirik”,
“Gənclər narkomanlığa qarşı”,
“Uşaqlarımızın hüquqlarını qoruyaq” və bu kimi mövzularda rəsm, inşa yazı müsabiqələri və ədəbi-bədii
kompozisiya keçirilir.
Hər tədbirin əvvəlində narkomaniyanın
yaratdığı ağır fəsadları göstərən
video-çarx nümayiş
olunur və broşürlər
paylanır. Təşkil olunan tədbirlərdə
yeniyetmə və gənclərin narkomaniya
kimi zərərli vərdişlərdən
çəkindirilməsinə, onlar
arasında sağlam həyat tərzinin
formalaşmasına diqqət yetirilmiş
və onların da bu
barədə fikirləri öyrənilmişdir. Bundan əlavə Ə.Əmirov adına mədəniyyət
sarayında “Narkomanlıq XXI əsrin bəlasıdır” mövzusunda tədbir keçirildi
və “Bəla” tamaşası səhnədə nümayiş olundu.
Əlbəttə,
bu gün müstəqil
dövlətimizin gələcəyi olan gənc
nəslin hərtərəfli inkişaf
etdirilməsi, onların sağlam
düşüncəli, vətənpərvər gənclər
kimi yetişməsi üçün
hər bir dövlət orqanı, hər bir Azərbaycan vətəndaşı əlindən gələni əsirgəməməlidir.
Azərbaycan xalqının qədim tarixi
və mədəni irsinə, əxlaqi keyfiyyətlərinə
sadiq qalaraq narkomaniyaya qarşı birlikdə mübarizə
aparmalıyıq. Hər birimiz
çalışmalıyıq ki, narkotikaya qurşanan vətəndaşımızı
itirməyək, əksinə onu sağlam şəkildə cəmiyyətimizə
yenidən qaytaraq.
Eldar Sadıqov,
Qaradağ Rayon
İcra Hakimiyyəti
başçısı
aparatının
İnformasiya təminatı
və
təhlil sektorunun müdiri
İki
sahil.- 2014.- 15 mart.- S.14.