Xəzər hövzəsi:
geosiyasi
qüvvələr nisbətinin dörd səviyyəsi
Dünyanın diqqəti Yaxın Şərq və
Ukraynaya yönəldiyi bir vaxtda Xəzər hövzəsindəki
geosiyasi vəziyyət arxa plana keçmiş kimi
görünür. Lakin bu region hələ də qlobal geosiyasət
üçün aktual olaraq qalır. Hətta son zamanlar həmin
məkanla əlaqədar maraqlı hadisələr baş
verir. Müxtəlif səviyyələrdə özünü
göstərən geosiyasi mübarizə meydana yeni məqamlar
çıxarır. Bu proseslərin bütövlükdə Xəzər
hövzəsini hansı vəziyyətə doğru
apardığını proqnozlaşdırmaq çətindir.
Enerji
və status: Xəzər
iki
faktorun məngənəsində
Xəzər hövzəsinin geosiyasi
aktuallığı son 20 ildə heç zaman azalmayıb.
Dünyanın böyük dövlətlərinin bu məkan
uğrunda mübarizəsi müvəqqəti olaraq hansısa
dönəmdə zəifləsə də, ümumilikdə gərginliyini
saxlayıb. O cümlədən, “Ərəb baharı” Xəzər
məsələsini müəyyən dərəcədə
kölgəyə atsa da, qlobal geosiyasət üçün
onun əhəmiyyəti zərrə qədər də
azalmayıb. Region ilə bağlı güclü dövlətlər
öz siyasətlərini bütün intensivliyi ilə davam
etdirirlər.
Bu problem özünü daha çox
SSRİ-nin dağılmasından sonra müstəqil dövlətlərin
meydana gəlməsi və Xəzər hövzəsindəki
enerji daşıyıcılarının istismarı ilə əlaqədar
göstərməyə başladı. Qərb buradakı neft
və qaz ehtiyatlarını Rusiya və İrandan yan keçməklə nəql etmək planları
üzərində işlədi. Moskva və Tehran isə öz maraqlarını təmin etməyə
çalışdılar (bax: Serqey Jilğüov. Kaspiyskiy reqion kak qeopolitiçeskaə problema
sovremennıx mejdunarodnıx otnoşeniy:
90-e qodı XX veka. Moskva, 2004). Son illər Çin bu mübarizəyə aktiv
surətdə qoşulub və bir neçə aspektdə uğurlar
əldə edib. Bununla
da Xəzər məsələsi faktiki olaraq bir neçə böyük
geosiyasi gücün
mübarizə meydanına çevrilib.
Onları aşağıdakı kimi
qruplaşdırmaq olar.
Birinci, Qərb və Rusiyanın regionun enerji ehtiyatları uğurunda
geosiyasi rəqabəti. İkinci,
qlobal geosiyasi güclərlə
regionun böyük
dövlətlərinin nüfuz uğrunda apardıqları mübarizə. Üçüncü, Çinin
Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji ehtiyatları uğrunda
mübarizəyə başlaması. Dördüncü, bu hövzədə yerləşən
ölkələrin öz geosiyasi
və energetik maraqlarını qorumağa çalışması. Region faktiki olaraq bir-biri ilə kəsişən
bu qruplar
arasındakı siyasi, diplomatik
və bəzən hərbi rəng alan rəqabətin
meydanına çevrilib (bax:
Serqey Jilğüov. Nefteqazovaə sxvatka v Üentralğnoy Azii / “Nezavisimaə qazeta”,
11 iyun 2013).
XX əsrin 90-cı
illərindən bu yana
keçən müddətdə baş
verən hadisələr göstərdi ki,
Xəzərin hüququ statusunun
müəyyənləşdirilməsi həmin məkanda əsas
mövzulardan biri olub. Bunun fonunda
böyük dövlətlər hövzədə
hərbi varlığını gücləndirmək istiqamətində
konkret addımlar atıblar. Başqa bir məsələ
enerji marşrutlarının istiqamətləri
ilə əlaqədar olub. Bu
aspektdə də kifayət qədər gərgin anlar meydana gəlib. Nəticədə,
hər iki məsələ üzrə tərəflərin
mübarizəsi hələ də davam edir və öz gərginliyini
saxlayır. Deyək ki, “Nabukko” layihəsinin iflasa
uğramasını rusiyalı ekspertlər “Xəzərdə
Avropa İttifaqının siyasətinin
iflası” kimi qiymətləndiriblər (bax: İqorğ Zonn, Serqey Jilğüov.
Tri “Transa” v transe
/ “Nezavisimaə qazeta”, 10 sentyabr
2013).
Bu məqam yuxarıda qeyd
etdiyimiz bütün qruplarda özünü
göstərib. Qərblə Rusiyanın regionun
enerji ehtiyatları uğrunda
mübarizələri daha çox
neft və qazın nəqli
marşrutları ilə bağlı özünü
büruzə verib. Xəzər hövzəsi
ölkələri daima bu
savaşın gərginliyini hiss ediblər.
Qərbin irəli sürdüyü
müxtəlif enerji marşrutları layihəsini
Moskva tənqid edib və
onların reallaşacağı təqdirdə regionun
arzuolunmaz siyasi, iqtisadi, hərbi və ekoloji
problemlərlə qarşılaşacağı xəbərdarlığını
edib (bax: Fatih Özbay. Hazar’da Güvenlik İkilemi ve Silahlanma
Yarışı / Hazar Strateji
Enstitüsü, “Hazar
raporu”, 24 oktyabr 2013).
Maraqlıdır ki, həmin layihələrdən Azərbaycanın
aktiv dəstək verdikləri reallaşa bilib. Məsələn, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Trans-Anadolu (TANAP), Trans-Adriatik
(TAP) neft-qaz kəməri layihələrinin
həyata keçməsi bunu təsdiq edir. Şübhəsiz ki,
bu sırada Qazaxıstan və Türkmənistanın
da maraqlarının nəzərə
alındığını unutmaq olmaz.
Həmin kontekstdə
Tehranın daim bu layihələrə
qarşı çıxdığını demək
lazımdır. Müəyyən dövrlər İran bəzi region
dövlətlərini hətta hərbi güc
ilə hədələdi. Moskva ilə bərabər Tehran da Xəzərdə dəniz donanmasını
gücləndirdi (bax: Aleksandr Knəzev.
İran usilivaet
merı bezopasnosti na Kaspii / “Nezavisimaə qazeta”,
30 sentyabr 2013). Buna
uyğun olaraq regionun digər dövlətləri,
Qazaxıstan, Azərbaycan və Türkmənistan həmin
istiqamətdə müəyyən addımlar atmalı oldular. Nəticədə, Xəzər hövzəsinin
təhlükəli şəkildə silahlanması problemi də yarandı.
Geosiyasi rəqabətin
dinamikası:
qeyri-müəyyənlik
və risklər çoxalır
Bu kimi proseslər qlobal geosiyasi güclərlə
regionun böyük
dövlətlərinin Xəzər uğrunda
mübarizəsini xeyli intensivləşdirdi.
ABŞ, Rusiya, İran
və Türkiyə müxtəlif yollarla
regionda nüfuzlarını yüksəltməyə
çalışdılar. ABŞ və Rusiya
bütün sahələr üzrə diqtə
etmək məqsədi güdürlərsə, İran Xəzərin su və
enerji ehtiyatlarından daha
çox pay almağa, Türkiyə isə regionla
müxtəlif istiqamətdə inteqrasiyaya
üstünlük verir.
Bütün hallarda bu
ölkələr arasında Xəzər hövzəsi ilə
əlaqədar rəqabət səngimək bilmir
(bax: Andrey Kazanüev.Üentralğnoaziatsko-Kaspiyskiy reqion: konflikt
raznonapravlennıx tendenüiy / Rusiya Federasiyası Xarici
İşlər Nazirliyinin MDBMİ(U)-nin internet portalı, 6 yanvar 2014).
Onların
apardıqları mübarizəyə Pekinin
aktiv surətdə müdaxilə etməsi
geosiyasi mənzərəyə yeni rəng verdi. Çin əsas olaraq sərmayə
yatırımı və mədəniyyətlə bölgəyə
nüfuz etməyə başladı. Etiraf etmək lazımdır ki,
qısa müddətdə o, ciddi nəticələr
əldə etdi. Hazırda Pekin
Mərkəzi Asiyada Moskva
və Vaşinqtonun əsas geosiyasi rəqibidir. Bu əsasda
onun Xəzərin enerji
ehtiyatlarına olan iddiasının da artdığına şübhə yoxdur.
Nəhayət, sonuncu qrupda hövzə ətrafında
yerləşən dövlətlərin mübarizəsi yer alır. Burada Azərbaycan
və Qazaxıstanın mövqeyi ilə
Türkmənistan və İranın iddialarının uyğun gəlməməsi diqqət mərkəzində
olub. Rusiya Xəzərin
statusu ilə bağlı Qazaxıstan və
Azərbaycanla sazişlər imzalasa da, problemin
bütövlükdə həllinə nail
olmaq istiqamətində konkret
addımlar atmayıb. Belə görünür
ki, Moskva
ayrı-ayrı müstəvilərdə hövzə ölkələrinin
hər biri ilə həm ortaq
fikirdə olub, həm də onlardan fərqlənən mövqeyini
saxlayıb. Regionun ən böyük
və güclü dövlətinin bu qeyri-müəyyən davranışı
bütövlükdə hövzədə geosiyasi
gərginliyə yol açan
faktorlardan olub.
Bu cür faktorlar sırasına indi
bir tərəfdən Rusiya
ilə İranın, digər tərəfdən isə Çinin Xəzərdə öz
geosiyasi maraqlarını daha
qabarıq müdafiə etməyə başlaması əlavə
olunub. Tehran son dövrlərdə Moskvanın enerji və mədəniyyətlə
bağlı siyasətinə müqavimətini artırıb.
Məsələn, Ermənistanla Kremlin
imzaladığı qaz müqaviləsinə
İran etirazını bildirmişdi.
Öz növbəsində, Rusiya Şimali
Qafqazdakı dini qruplara
İranın təsirini artırmaq istiqamətində
atdığı addımları müsbət
qarşılamır. Ayrıca, İranın Mərkəzi Asiyaya təsirini çoxaltması diqqətdən
yayınmır.
Çin faktoru isə daha geniş mənada Rusiya və İranın rəqibinə çevrilib. Pekin artıq
Mərkəzi Asiyada iri
energetik, iqtisadi və
mədəni (xüsusilə, dil sahəsində)
layihələri həyata keçirir. Son
bir ildə Çin rəsmi şəxslərinin bu regiona səfərləri xeyli intensivləşib. İndi bu dövlətin Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatı
və enerji daşıyıcıları sahələrinə
50 milyard ABŞ dolları
miqdarında sərmayə
qoymağa hazırlaşdığından
danışılır. Şübhə yoxdur ki, bu məqam Xəzər
hövzəsində yeni
ciddi geosiyasi oyunçunun mövcudluğu
nəticəsini çıxarmağa
əsas verir.
Xəzər
hövzəsi uğrunda
geosiyasi mübarizəyə
ABŞ-ın Əfqanıstandan
hərbi qüvvəsini
çəkməsinin xeyli
dərəcədə təsir
edəcəyi haqqında
ekspertlər fikir söyləyirlər. Bu zaman diqqət əsas olaraq terror, dini radikalizm və narkotik maddələrin qanunsuz dövriyyəsi məsələsinə
yönəlir. Həmin təhlükələrin
ilk olaraq Mərkəzi
Asiya regionuna yönələcəyini proqnozlaşdırılır.
Bu, bütövlükdə Xəzər hövzəsində
vəziyyətin ağırlaşması
anlamına gəlir.
Belə bir şəraitdə bu məkanda müsbət geosiyasi proseslərin gedəcəyinə
ümid etmək xeyli risklidir.
Son olaraq Ukrayna hadisələrinin Xəzər hövzəsindəki
geosiyasi vəziyyətə
təsirini vurğulamağa
ehtiyac görürük. İlk baxışdan coğrafi baxımdan uzaqda olan bu
ölkədə cərəyan
edən hadisələrin
Xəzərə hansı
təsiri ola
biləcəyini düşünmək
mümkündür. Lakin nəzərə
alaq ki, Ukrayna hadisələri prinsipcə Avropa İttifaqı ilə Avrasiya inteqrasiya modelinin ümumi səviyyədə rəqabətindən
yaranıb. Xəzər hövzəsində
yerləşən dövlətlərin
demək olar ki, hamısı (İran da birbaşa
olmasa da, dolayısı ilə bu prosesə qoşulub) Rusiyanın Avrasiya inteqrasiya planına daxildir. Bu səbəbdən, Kiyevdə hansı geosiyasi gücün üstün gəlməsindən
asılı olaraq Xəzər hövzəsində
də vəziyyət bu və ya
digər istiqamətdə
dəyişə bilər.
Yuxarıdakı fikirlərdən
belə görünür
ki, Xəzəryanı
hövzədə geosiyasi
proseslər hələlik
müsbət nəticələrin
ola biləcəyi
haqqında düşünməyə
əsas vermir. Bütün səviyyələrdə gedən
kəskin rəqabət
və gərgin mübarizə xeyli sayda problemlər meydana çıxarır.
O cümlədən, böyük
geosiyasi güclərin
nüfuz uğrunda güzəştsiz və amansız savaşı vəziyyəti mürəkkəbləşdirir.
Bu cür
gedişatın sonu görünmür.
İki
sahil.- 2014.- 15 mart.- S.13.