Səmənili, yeddi ləvinli axır çərşənbə

 

Xonçalı, toy-büsatlı Novruz şənlikləri tonqal ətrafında keçirilən çərşənbələrdən başlanır

 

Bu gün çərşənbələrin sonuncusu - axır çərşənbədir. Od, su, yel həftələrini arxada qoyaraq torpaq çərşənbəsini qarşılayan xalqımız Novruz bayramının astanasındadır. Torpağın oyanışını xəbər verən səməni göyərtməklə, təmizlik işləri aparmaqla bayram hazırlıqlarına başlayan xalqımız digər inancları da əsasən ilaxır çərşənbədə yerinə yetirir.

 

Özünəməxsus atributları olsa da, bolluq, bərəkət rəmzi olan səmənisi ilə fərqlənən axır çərşənbəni Novruzun müjdəçisi adlandırırlar. İnanclara uyğun olaraq hər bir evdə göyərdilən, bayram süfrəsinin bəzəyi olan səməni haqqında nənələrdən qalma deyimlər hər kəsin dilində səslənir:

 

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

 

Təmtərağı ilə seçilən həmin axşam həyətlərdə yandırılan, birlik, həmrəylik, səmimiyyət rəmzi olan tonqalların ətrafına toplaşanlar bayramın əsas simalarından olan Kosa ilə Keçəlin oyunlarına tamaşa edir, şənlənir. “Ağırlığım- uğurluğum tonqalda yansın” deyərək odun üstündən tullananlar sıraya düzülür. Evlərdə dəmə qoyulan zəfəranlı bayram aşının xoş ətri ətrafa yayılır.

Bayram günlərində körpələri alınan yeni geyimlərlə sevindirmək adəti də el şənliyinə xas milli xüsusiyyətlərdəndir. Tonqal ətrafına toplaşan uşaqlar əvvəlcədən boyanmış qırmızı yumurtaları “sınaqdan çıxarırlar”.

Axır çərşənbənin illərdən bəri qorunub saxlanılan xüsusiyyətlərindən biri də həmin axşam nişanlı qızlara, təzə ailə qurmuş gəlinlərə mahnılarda deyildiyi kimi “püstə, nabat, noğul, qoğal, ləbləbi” xonçasının aparılmasıdır. Bu günlərdə küsülülər barışır, qonşular biri-birinə bayram aşından, şəkərbura və paxlavadan pay göndərir. Gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edən , baharın gəlişindən xəbər verən Novruzunbir addımlığında” olan ilaxır həm də niyyətlərin sınağa çəkildiyi gündür. Məhz axır çərşənbədə yeniyetmə qız və oğlanlar sevib- seçdikləri yarısına qovuşacağına əminlik nümunəsi kimi bağlı qapı arxasında “açar salma”, üzük, qulaq falı kimi el adətinə inamlarını nümayiş etdirər, gələcək həyatlarını eşitdikləri sözlərə uyğun müəyyənləşdirərlər. İllərin təcrübəsindən çıxmış həmin inanc bu günə qədər də etibarını qoruyub saxlaya bilir. Nənələr, el ağsaqqalları da təsdiqləyir ki, həmin gün eşidilən sözlərin yozumu ürəklərdə tutulan niyyətlərə işıq salır, güzgü kimi əks olunur.

El məclisi, mağarlar qurulur, aşıqlarımız Azərbaycan xalqına məxsus dastanlardan söz açır, Dədə Qorquddan ərməğan qalmış sazın, sözün qüdrətini öz məharətləri ilə bir daha göstərirlər.

İlaxır axşamının səhəri, gün doğmamış, elliklə axar suda əl-üzü yumaq, içmək, qarşıdan gələn ilin bolluq, bərəkət gətirməsinin simvolu olan bulaqlardan daş gətirmək, götürülən suyu evlərə, həyətlərə səpmək kimi adətləri yerinə yetirmək də insanları birliyə, həmrəyliyə səsləyən inanclardandır.

...Bu gün el adəti ilə yola saldığımız, ötən ilin son, Novruzun müjdəçisi axır çərşənbədir. Təbiət oyanır. Hər tərəf təbii səmənilərə, yaşıllığa, çəmənliklərə boyanır. Çiçəklərin ən zərifi bənövşələr torpaqdan baş qaldırır, torpağa, təbiətə can, həyat verən Günəşi salamlayır. İnsanlar da təbiətin oyanışına, yeni həyatın başlanmasına sevinir, şənliklər keçirir.

Yurdumuza qədəm qoyacaq bu ilimizin də ən xoş xatirələrlə yaddaşlarımızda yaşaması hər bir azərbaycanlının arzusudur. Qoy çərşənbə tonqallarımız gur alovlansın, ocağımız isti, yeddi ləvinli süfrələrimiz dolu olsun. Elimizə, obamıza qədəm qoyan Novruz- yeni ilimiz yurdumuza bolluq, bərəkət, əmin-amanlıq, sülh gətirsin. Subaylığın daşını atanlar kimi ailələrə sevinc, xoşbəxtlik gətirən körpələrin də sayı artsın, hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin. Amin.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2014.- 18 mart.- S.19.