Naxçıvan:
işğal təhlükəsindən
strateji inkişaf hədəflərinə doğru
Naxçıvan
Muxtar Respublikası - 90
Birinci Dünya müharibəsinin yaratdığı qlobal proseslər nəticəsində Qafqaz regionunun siyasi xəritəsində də dəyişikliklərin əsası qoyulmuş və çar Rusiyasının regiondakı mövqeyi xeyli zəifləmişdi. Lakin böyük Rusiya imperiyası bu məğlubiyyətlə barışmaq istəmirdi. 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin iki il sonra hərbi işğala məruz qalması imperiya siyasətini davam etdirən sovet Rusiyasının təcavüzkar niyyətlərinin nəticəsi idi.
Çar
Rusiyası kimi, sovet Rusiyası da erməni millətçilərindən
istifadə etməklə Azərbaycana qarşı hərbi-siyasi
təzyiqləri artırırdı. Ermənilər gah əzilən
irq adı altında silahlandırılır, gah da rusların
müttəfiqi kimi təqdim olunurdu. Bütün bu proseslər
Naxçıvan bölgəsində də ictimai-siyasi sabitliyi
pozurdu. Belə olan şəraitdə
Naxçıvanın ziyalıları, siyasi və dövlət
xadimləri yaranmış təhlükələri dəf etmək
üçün çıxış yolları
axtarırdılar. 1918-ci ildə paytaxtı Naxçıvan
şəhəri olmaqla Araz-Türk Respublikasının
yaradılması da məhz bu istiqamətdə
atılmış mühüm tarixi addımlardan idi. Tarixi araşdırmalar təsdiq edir ki, Azərbaycan
Xalq Cümhuriyyətinin hökuməti ilə Araz-Türk
Respublikası rəhbərliyi arasında Azərbaycan
torpaqlarının birləşdirilməsi və təhlükələrin
qarşısının alınması məsələlərinə
dair heç bir fikir ayrılığı
olmamışdı. Bu respublikanın yaradılmasında
yeganə məqsəd Naxçıvanın üzləşdiyi
təhlükələri aradan qaldırmaq məqsədi
daşıyırdı.
Tanınmamış
Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin
tərkibinə daxil edilməsi ilə regiondakı təhlükələr
tədricən aradan qaldırılırdı. Lakin 1920-ci il
aprelin 28-də sovet Rusiyasının hərbi təcavüzü
nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin
süqut etməsi
Naxçıvan üçün yeni işğal təhlükələri
yaratdı. Bundan dörd il sonra isə Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası təsis edildi.
SSRİ-nin yaranmasından sonra erməni
millətçiləri və təcavüzkar Ermənistan
dövlətinin rəhbərləri sovetlər birliyində
daim dəyişən ictimai-siyasi proseslərdən yararlanaraq
Naxçıvana qarşı əsasız ərazi
iddialarını gerçəkləşdirməyə cəhdlər
etmişlər. Ötən əsrin
60-cı illərində SSRİ-yə rəhbərlik etmiş
N.S.Xuruşovun siyasi hakimiyyəti dövründə bu təhlükələr
daha da şiddətlənmişdi. Lakin
1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan
KP MK-nın birinci katibi seçilməsi ermənilərin
Naxçıvanla bağlı mənfur planlarını pozdu.
SSRİ-nin süqutu ərəfəsində
ermənilərin Naxçıvana qarşı əsassız
iddiaları yenidən siyasi gündəmə gətirildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
sovet qoşunlarının Bakıda törətdiyi qanlı
cinayətdən daha təhlükəlisi
Naxçıvanın işğalına hesablanmış
planlar idi. Həmin gecə erməni
basqınçıları Ermənistandakı sovet ordusunun hərbi
hissələrinin birbaşa köməyi ilə bütün
imkanlardan istifadə edərək Naxçıvanın ən
strateji yüksəkliklərindən sayılan Sədərək
məntəqəsinə hücum etdilər.
Silahlı basqınlar əsasən
Türkiyə ilə Naxçıvan arasındakı sərhəd
istiqamətində aparılırdı. Məqsəd, ilk növbədə, Türkiyə ilə
Azərbaycan arasında yeganə quru əlaqəsi olan həmin
ərazini ələ keçirmək idi. Bunun
üçün Sədərəkin müdafiəsinə səfərbər
edilmiş muxtar respublikanın qüvvələrini
yayındırmaq üçün düşmənin Şada,
Buzqov, Axura, Havuş, Günnüt və digər kəndlər
istiqamətində hücumları daha da intensivləşdi.
Sədərək kəndinin yüksəklikləri
isə bir neçə saatlığa erməni
daşnaklarının əlinə keçsə də,
sonradan düşmən geri oturduldu. Belə
bir vaxtda Naxçıvan MSSR Ali Soveti SSRİ-nin tərkibindən
çıxmaq barədə qərar qəbul etdi.
Naxçıvanın muxtar statusu ilə bağlı 1921-ci ildə
imzalanmış “Qars müqaviləsi”nin
şərtləri Naxçıvanın SSRİ-nin tərkibindən
çıxması barədə Naxçıvan MSSR Ali
Sovetinin bu qərarına hüquqi əsaslar verirdi.
Qeyd etmək yerinə düşər ki,
Naxçıvanın erməni yaraqlılarından təmizlənməsində
Osmanlı ordusunun sərkərdəsi Kazım Qarabəkir
paşanın, “Qars müqaviləsi”nin
hazırlanmasında isə dövrünün nüfuzlu siyasi
və dövlət xadimi Behbud Ağa Şahtaxtinskinin misilsiz
tarixi xidmətləri olmuşdur. Naxçıvana muxtar status
alınmasının “Qars müqaviləsi”nə daxil edilməsi
istiqamətində B.Şahtaxtinskinin apardığı
bütün danışıqlarda bölgənin qədim Azərbaycan
torpağı olması, əhalinin mütləq əksəriyyətini
müsəlman azərbaycanlıların təşkil etməsi
və onların heç bir halda Azərbaycan dövlətindən
ayrı yaşamağa razılaşmayacağı kimi ciddi həqiqətləri
önə çəkilmiş və bütün bunlar öz
bəhrəsini vermişdi.
Məlumat üçün bildirək ki, 1990-cı il yanvarın 15-də Şərur rayonunun Kərki
kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi
ilə ermənilər tərəfindən işğal
olunmuşdur.
1988-1993-cü illərdə Azərbaycanda
yaranmış hərbi-siyasi gərginlik, hərtərəfli
böhran Naxçıvanda da normal həyat tərzini
pozmuşdu. Ermənistan tərəfi muxtar
respublikanı işğal etmək üçün
bütün imkanlarını işə salmışdı.
Ulu öndər Heydər Əliyev məhz belə
bir ağır vəziyyətdə özünü
Naxçıvanın harayına çatdırdı.
Prezident İlham Əliyev bu barədə danışarkən
demişdir: "...O vaxt naxçıvanlılar Heydər
Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq
və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən
bütün hücumlara çox layiqli cavab verilmişdi və
düşmən yerinə oturdulmuşdu. O anlarda, o
aylarda, o illərdə Naxçıvanın taleyi həll
olunurdu və bir daha o tarixə nəzər salaraq
görürük ki, əgər Heydər Əliyev o vaxt
Naxçıvanda olmasaydı, yəqin ki,
Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi”.
1991-ci il sentyabrın 3-də Heydər
Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri seçilməsi dünyanın nəzərini
Naxçıvana yönəltdi. Ulu Öndərimizin
siyasi fəaliyyətinin çoxşaxəliyi və dəqiq
strategiyası Naxçıvanın gələcək
işıqlı həyatını təmin etdi, işğal
təhlükəsi arxada qaldı. Heydər Əliyev 1992-ci
il yanvarın 19-da qardaş Türkiyənin, aprelin 1-də
ATƏM-in (hazırda ATƏT), mayın 27-də Birləşmiş
Millətlər Təşkilatının Naxçıvana
göndərdiyi xüsusi nümayəndə heyətlərini,
iyunun 17-də ABŞ-ın Azərbaycandakı müvəqqəti
işlər vəkili R.Maylsı, iyulun 23-də Rusiya
Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri,
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan
qaldırılması üzrə rusiyalı vasitəçi
nümayəndəliyinin rəhbəri Vladimir Kazimirovu,
1993-cü il martın 5-də Böyük Britaniyanın Azərbaycandakı
daimi nümayəndəsi Harold Fomstoku və Fransanın Azərbaycandakı
səfiri Jan Perreni qəbul etdi. Bu
görüşlərin hər birində
Naxçıvanın təcavüzkar Ermənistan tərəfindən
tam blokadaya alınması, işğalçı dövlətin
hərbi hücumlarının yaratdığı təhlükələr
Heydər Əliyev tərəfindən qabardılır və
beynəlxalq KİV vasitəsi ilə dünya birliyinin diqqətinə
çatdırılırdı.
Heydər Əliyev Naxçıvana rəhbərlik
etdiyi dövrdə özünün uzaqgörən siyasəti
ilə muxtar respublikanın başı üstünü
almış işğal təhlükəsini əzmlə
aradan qaldırır, əhalinin minimum tələbatını
təmin edirdi. O dövrdə müdafiə resursları son dərəcə
zəif olan Naxçıvan Ulu Öndərin parlaq zəkasının,
dəqiq hədəflərə hesablanmış siyasi
gedişlərinin və polad iradəsinin gücü ilə
qorunurdu. Ermənistan silahlı qüvvələrinin
Naxçıvana basqınlarının ciddiliyini, hətta kimyəvi
tərkibli mərmilərdən istifadə olunmasının
yaratdığı təhlükələri nəzərə
alaraq 1992-ci il mayın 22 və 23-də
Heydər Əliyev yaranmış vəziyyətlə
bağlı yerli televiziya ilə muxtar respublika əhalisinə
müraciət etdi. Məlum oldu ki, görülən
diplomatik tədbirlər nəticəsində 57 dövlət
Ermənistanın Naxçıvana qarşı təcavüz
cəhdlərini rəsmi şəkildə pisləmişdir.
Ulu Öndərimizin 1993-cü ilin iyunun 15-də
Azərbaycanda siyasi hakimiyyətə qayıdışı isə
ölkəmizin hər yerində olduğu kimi,
Naxçıvanda da yeni inkişaf mərhələsinin əsasını
qoydu.
Dövlət müstəqilliyimizin bərpası
ərəfəsində Naxçıvan Muxtar Respublikasında
mövcud vəziyyət və Heydər Əliyevin müəyyən
etdiyi uzaqgörən strategiya nəticəsində sonrakı
illərdə muxtar respublikada baş vermiş inkişaf
dinamikası haqqında aydın təsəvvür yaratmaq məqsədi
ilə 20 ilin (1991-2011) statistikasından bəzi məqamlara nəzər
yetirək. Naxçıvanın iqtisadi
inkişafının xarakterik xüsusiyyətlərindən
biri ondan ibarətdir ki, iqtisadiyyata investisiya
qoyuluşlarının davamlılığı və
proporsional bölgüsü təmin olunmuşdur. Əgər
1989-cu ildə muxtar respublikanın tikinti sektorunda bir ay ərzində
2535 ton beton istifadə olunurdusa, hazırda bu göstərici
bir gün ərzində inşaat işlərinə sərf
olunan betonun ümumi həcminə bərabərdir.
Təhsilə göstərilən yüksək
qayğı hazırda Azərbaycanın dövlət siyasətinin
başlıca prioritetlərindəndir. Bu
qayğı Naxçıvan Muxtar Respublikasında da
açıq-aydın hiss olunur. Belə ki,
ötən 20 ildə muxtar respublikada 189 məktəb tikilərək
və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Sovetlər Birliyi dövründə bu qədər məktəbi
inşa etmək üçün 44 il vaxt
lazım gəlmişdi. Naxçıvanın qızıl
dövrü kimi xarakterizə olunan son 20 il
ərzində muxtar respublikada 188 səhiyyə ocağı
tikilərək və ya yenidən qurularaq istifadəyə
verilmişdir. Qeyd edək ki, muxtar respublika ərazisində bu
sayda tikilini təhvil vermək üçün keçmiş
sovetlər birliyində 50 il vaxt sərf
olunmuşdu.
Artıq muxtar respublikada il ərzində
istehsal olunan sənaye məhsulu kənd təsərrüfatı
məhsulunun həcmini orta hesabla 2 dəfə üstələyir.
Əgər 20 il əvvəl muxtar
respublikada istehsal olunan ümumi daxili məhsulda aparıcı
yeri kənd təsərrüfatı və ticarət tuturdusa,
hazırda üstünlük sənaye və tikinti sahələrinə
məxsusdur. Bu da muxtar respublika
iqtisadiyyatının sənaye təmayüllü baza üzərində
inkişafını təsdiqləməkdədir.
Ötən 20 ildə muxtar respublika ərazisində
təkcə dövlət strukturlarının dəstəyi ilə
10462 hektar sahədə yaşıllıqlar - meşə
massivləri, meyvə bağları, yaşıllıq
zolaqları salınmışdır. Hazırda
muxtar respublikanın ümumi ərazisinin 8 faizini
yaşıllıqlar əhatə edir. Halbuki 1990-cı
ilin əvvəllərində bu göstərici 0,6 faiz həddində olmuşdur.
Naxçıvanda 2993 kilometr uzunluğunda
yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal
kompleksi inşa olunmuş, 125 körpü tikilərək və
ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı
işinin yaxşılaşdırılması istiqamətində
tədbirlərə uyğun olaraq 142 ədəd yeni müasir
tipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və
istismara buraxılmışdır.
Türkdilli ölkələrin dövlət
başçılarının zirvə
görüşünün 2009-cu ilin oktyabrında
Naxçıvan şəhərində keçirilməsi,
Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun
Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlunun dəvəti ilə 2010-cu il aprelin 26-dan 29-dək
qardaş ölkəyə səfərinə Çankaya
köşkündə xüsusi diqqət göstərilməsi,
İran tərəfi ilə ali rəhbərlik səviyyəsində
qarşılıqlı səfərlərin təşkili və
birgə iqtisadi layihələrin davam etdirilməsi, beynəlxalq
missiyalı müşahidəçilərin və səfirlərin
Naxçıvana ardıcıl səfərləri, İqtisadi
Əməkdaşlıq Təşkilatının “İpək
Yolu yük avtomobilləri karvanı” layihəsi əsasında
2010-cu il sentyabrın 22-də Tehran şəhərindən
yola salınan maşın karvanının oktyabrın 20-də
Sədərək sərhəd-buraxılış məntəqəsindən
Türkiyə ərazisinə daxil olması kimi mühüm məqamlar
Naxçıvan Muxtar Respublikasının hərtərəfli
inkişafına, müasir həyatına güzgü tutan
xarakterik faktlardır.
İki
sahil.- 2014.- 18 mart.- S.10.